Muza - Minimalist üslubda kədərli söhbət - Pərviz Seyidli

 

O qadına...

Natura. axşam vaxtı. Hava qaranlıqdı. Yolda maşınlar şütüyür. Səkidə qızla oğlan gedirlər. Heç biri danışmır. Bir müddət səssizcə yanaşı addımlayırlar.

Qız: - Həyacanlısan?

Oğlan (bir qədər susur): - Belə də. Heç özüm də bilmirəm.

Qız: - Sən onsuz da əhəmiyyətli qərarları özün də bilməyəndə verirsən.

Oğlan (xəfif təbəssümlə): -Hə.

Yenə sükut. Gedirlər. 

Oğlan: - Arada fikirləşirəm ki, məni sənin qədər yaxşı tanıyan var görəsən?!

Qız (gülümsünür): - Elə məni də sənin qədər.

Yenə sükut.

Oğlan: - Hara gedirik?

Qız: - Bilmirəm ki.

Sükut. Gedirlər.

Qız: - Sabahdı toyun?

Ani sükut.

Oğlan: - Hə.

Qız (ürəkdən gülərək): - Sabah toyundu, sən axşam vaxtı yad qadınla görüşmüsən, bax, ayıb deyil?

Oğlan: - Sən yad deyilsən axı.

Qız (sanki ani yaranan ciddiliklə): - Bəs, mən kiməm?

Oğlan dayanır. Qız da dayanır. Baxışırlar. Oğlan fikirləşir. Sanki nə cavab verəcəyini bilmir. Qız ona baxır, bu dəfə üzündə xoş və laqeyd təbəssüm yaranır.

Qız: - Yaxşı-yaxşı çox fikirləşmə. Mən heç özüm də bunun cavabını bilmirəm.

Qız sözünü deyib addımlayır, oğlan da onun ardınca gedir.  Onlar yenə addımlayırlar. Elə bir yerə gəlirlər ki, uzun magisrtal yolun sol tərəfi hündür, süni qazon otlarla örtülmüş təpəlikdir, sağ tərəfindəsə dəniz var. Dənizdən o tayda, uzaqda işıqları bərq vuran Bakının mənzərəsi görünür. 

Oğlan: - Çox uzaqlaşmışığe.

Qız: - Hə (şəhərin mənzərəsini göstərir) - Gözəldi hə?

Oğlan: - Gözəldi. 

Qız ətrafa baxır, nəsə fikirləşir

Qız (hündür təpəliyi göstərir): - Bəlkə çıxaq ora? Ordan panaram açılır. Şəhər ayağının altında kimi olur.

Oğlan: - Olmusan orda?

Qız: - Yox. Amma baxan kimi bilmək olur da. Qalxaq?

Oğlan: - Qalxaq.

Onlar hündür təpəyə doğru gedirlər.

Oğlan (gedə-gedə): - Şəhər ayağımın altında yox əliminin içində görünür desən, daha poetik olar.

Qız (ona baxmadan): - Uf, yazıçı başladı yenə. Ayağın altı, ya əlin içi. Bunun elə də fərqi yoxdu.  Əsas odu gözün görsün, ruhun hiss eləsin.

Onlar təpəliyə qalxırlar. Burdan şəhərin çox gözəl mənzərəsi görünür. Aşağıda yolda şütüyən maşınlar, dənizin o tərəfində şəhərin sayrışan işıqları insanda qəribə bir ovqat yaradır.

Qız: - Yaxşıdı bura? Oturaq, yoxsa bir az da qalxaq yuxarı?

Oğlan: - Yaxşıdı. Oturaq.

Onlar otluqda oturub şəhərə baxırlar.

Qız: - Çox gözəldi.

Oğlan: - Bakı adama tamam başqa görünür burdan.

Qız: - Necə?

Oğlan: - Demirəm.

Qız: - Niyə?

Oğlan: - Başlayacaqsan, yazıçı belə dedi, elə dedi.

Qız (gülümsəyir): - Deməyəcəm.

Sükut.

Oğlan: - Bakı burdan elə sənə oxşayır. Həmişə işıqlı, həmişə uzaq.

Qız: - Pah... (ciddiləşir)  Onda bu yol da sənə oxşayır.

Oğlan gözlərini mənzərədən çəkib yola baxır.

Oğlan: - Yol? Niyə?

Qız: - Ona görə ki, sən heç vaxt gözəl mənzərə kimi sakit, rahat ola bilmirsən. Beynin bu yol kimidi. Gündə yüzlərlə hekayə, süjet, fikir bu maşınlar kimi beynindən o tərəfə-bu tərəfə şütüyür.

Oğlan: - Düzdü. Nə yalan deyim.

Qız: - Həkimə getmişdin axırıncı dəfə, nə oldu?

Oğlan: - Heç nə. Bir torba iynə-dərman yazdı, alıb atdım xaladelnikə.

Qız: - Xaladelniki doldurmaq üçün aldın onları?

Oğlan: - Neyləyime?! Bir film götürdüm işləməyə, yarımçıq qoya bilməzdim axı. Həkim də deyir bir az istirahət elə. Dərmanları iç. Məndə hövsələ var onları vaxtı-vaxtında atmağa?

Qız: - İşə amma yaxşı vaxt ayırırsan.

Oğlan: - İşsiz qalmaq olmur axı. İkinci kitabı bitirirəm. Filmi də keçən ay qurtardım.  Sən də danış da. Neynirsən? Nə əcəb zəng elədin mənə?

Qız: - Deyirəm, gərək pivə alardıq. Bilsəydim bura gələcəyik, götürərdik.

Qız qutudan siqaret çıxarır. Yandırır. Oğlana da  uzadır. Oğlan da birini götürüb çəkir.

Qız: - Mənəm də. Eyni şeylər. Keçən dəfə işdə külqabını müdirin başına atmağım kənarında elə bir dəyişiklik yoxdu.

Oğlan: - Niyə atdın ki?

Qız: - Çoxdan yığmışdım əlindən. Mənə bax, evlənmək hardan çıxdı?

Oğlan: - Sən hardan öyrəndin e?

Qız: - Mənim kəşfiyyatım həmişə işləyir. Danış görüm necə oldu?

Oğlan: - Nə bilime. İş yoldaşımdı. Yaxşı qızdı. Evdə o qədər dedilər evlən-evlən mən də baxdım ki, ən uyğun namizəd elə bu qızdı. Dedim evlənim.

Qız: - Düz eləyirsən, vallah. Bəsdi avaraçılıq elədin.

Oğlan: - Birinci romandan sonra mən də dərk elədim. Bundan sonra sistemli yaşamağa başlamışam. İnanmazsan, yuxum düzəlib, axşam on bir oldu, başımı atıb yatıram. Bircə şeyi düzəldə bilmirəm - yazmağı. Sistemli alınmır. Yazmağa başladımsa, dayana bilmirəm. Amma bu yaxşıdı. Məhsuldarlıq, peşəkarlıq artır.

Qız siqaretdən dərin bir qullab vurur, oğlana baxır.

Qız: - Sevinirəm sənin adına.

Oğlan: - Toya dəvət eləmək istədim səni. Amma səni tapmaq olur ki. Zəng çatmadı. Feysdən, instaqramdan da çıxmısan.

Qız: - Əşi, onsuz da gələ bilməyəcəkdim. Sabah gedirəm.

Oğlan: - Hara?

Qız: - Londona uçuram.

Oğlan: - Nə vaxt qayıdacaqsan?

Qız: - Heç vaxt.

Oğlan: - Məzələnmə də.

Qız: - Ciddi deyirəm.

Oğlan: - Sən uzağı üç aya qayıdıb gələcəksən.

Qız: - Yox. Bu dəfə birdəfəlikdi. Həm də niyə qayıdım e. Burda qalmağın mənası yoxdu (susur, xəfif təbəssümlə). Yenə alsaydın məni, qala bilərdim.

İkisi də gülüşür.

Qız: - Doğrudan, mənimlə evlənərdin?

Oğlan düşünür.

Oğlan: - Yox.

Qız: - Niyə?

Oğlan: - Səninlə evlənmək əsərimdəki personajlarla sevişməyim kimi bir şeydi. Absurd görünür mənə.

Qız (ciddiləşir): - Açıqla.

Oğlan mənzərəyə baxır, daha sonra baxışlarını yola çevirir. Əliylə maşınlardan birini göstərir.

Oğlan: - Bax, bu maşını görürsən?

Qız: - Hə.

Maşın uzaqlaşır, oğlan digər maşını da göstərir.

Oğlan: - Bu ağ maşına da bax...

Qız baxır, maşın gedir.

Oğlan: - İndi bu qara maşına bax.

Qız baxır, maşın gedir.

Oğlan: - Bu yolda gedib-gələn maşınların hamısına bir fikir ver.

Qız maşınlara baxır. Bir neçə saniyə sükut yaranır. Susurlar.

Oğlan: - Sən bu maşınların heç biri deyilsən. Sən o maşınların üstündə şütüdüyü yolsan. Mənə deyirsən, amma əsl yol sənsən.  Beynimin içində bir sən var. Arada fikirləşirəm ki, bütün əsərlərimin süjetini həmin beynimdəki sən diktə eləyir mənə. Beynimdə onsuz da bir sən varsan. Evimdə olma barı...

Yenə sükut. Qız siqaret yandırır. Yenə birini oğlana verir.

Qız: - Mənimçün darıxacaqsan?

Oğlan (əliylə başını göstərir): - Sən həmişə burdasan. 

Qız: - Yadındadı, birinci dəfə tanış olmağımız? Şeirlərini bəyənmişdim. Sonra özünü. Daha sonra sən məni. Necə oldu ki, biz sonra dost olduq? (susur) dost? Biz dostuq? Dost da deyilik.

Oğlan: - Mən də hərdən fikirləşirəm ki, biz səninlə kim olmuşuq bu illər ərzində.  İnanırsan, cavab tapa bilmirəm. Elə bilirəm sən ruhsan. Hər dəfə sənlə görüşəndə mənə elə bir yaradıcı enerji gəlir ki, dayanmadan, nəfəs almadan yazmaq istəyirəm. Sən mənim bütün əsərlərimin fabulasısan. Alt mətni sənsən. Ya da həmişə dediyim kimi muzasan sən...

Qızın gözləri dolur, oğlana baxır.

Qız: - Səndən iki şey istəyəcəm.

Oğlan: - Eşidirəm.

Qız: - Bir xoşbəxt ol. İki məni unutma.

Oğlan: - Getmə...

Qız: - Getmək lazım olanda gərək gedəsən.

Oğlan: - Nə məcbur eləyire səni getməyə?

Qız: - Hər şey...

Oğlan: - Onda sən də məni unutma. (xəfif təbəssümlə) Özün də möhkəm şəkildə xoşbəxt ol.

Qız gülümsəməyə çalışır. Amma gözləri dolur. oğlanın əlindən tutur

Qız: - Qorxuram, yazıçı, çox qorxuram.

Qızın gözlərindən yaş axır. Oğlan da tutulur. Qızın gözünün yaşını silir.

Oğlan: - Nədən?

Qız: - Qorxuram. Mən xoşbəxt olmağı gözləyərəm. Onu arzulayaram. Və birdən xoşbəxtlik düz yanımdan gəlib-keçəndə nəsə olar, nə bilim, başım qarışar onu görmərəm.

Qız bunu deyib hönkürür. Oğlan onu qucaqlayır. Bir müddət belə qalırlar. Oğlan qızın gözlərinə baxır.

Oğlan: - Sabah mənim toyumdu. Sabah sən gedirsən. Amma biz burda, təpəlikdən dənizə, Bakıya, şəhərin işıqlarına baxırıq. Bax, bu yola, gəlib-gedən maşınlara. Bu bizim həyatımızdı. Nə qədər adamlar gəlib keçir ömrümüzdən. Amma biz yeddi ildi görüşürük. Ola bilər, gec-gec olur bu görüşlər. Amma heç kimə demədiyimiz məhrəmimizi bölüşürük. Bu xoşbəxtlik deyil? Elə beləcə xoşbəxt olurlar...

Qız gözlərində yaş oğlana baxır.

Qız: - Düzdü. Biz çox xoşbəxtik.

Baxışırlar. Qızın üzündə qəribə ifadə yaranır.

Qız: - Bütün bunları yazacaqsan, əsərə çevirəcəksən hə?

Oğlan: - Bilmirəm.

Qız: - Mən bilirəm. Sənin beyninin içindəki mən rahatlıq verməyəcəm sənə. Axırda yazacaqsan bunları. Yaz, nə deyirəm. Amma unutma səndən xahiş elədiklərimi...

Oğlan: - Yaxşı...

Qız: - Gedək?

Oğlan: - Gedək...

Onlar ayağa qalxıb təpəlikdən düşürlər. Maşınlar gəlib-gedir.                                                         

***

İnteryer. Ev. Gecə.

Oğlan otaqda oturub. Notbukda əsər yazır. Ekranda yazdıqları görünür.

"Mən bilirəm.

Sənin beyninin içindəki mən rahatlıq verməyəcəm sənə. Axırda yazacaqsan bunları. Amma istəməzdim son görüşümüzü başqaları oxusunlar. Bunu saxlayaq.  Bircə unutma səndən xahiş elədiyim o iki şeyi..."

Oğlan yazını oxuyur, gözləri dolur. Bu vaxt  hamilə bir qadın içəri daxil olur.

Qadın: - Çay istəyirsən?

Oğlan: - Hə, zəhmət olmasa.

Qadın çıxır. Oğlan yazdığını oxuyur. Gözləri dolur, ağlayır. Yazdığı faylı "delete" düyməsini basıb silir. Nəsə düşünür, bu vaxt telefonuna zəng gəlir. Oğlan telefonun ekranına baxır. Ekranda "Muza" yazılıb. Oğlan gülümsəyir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!