Kuper: barıt partlayışından məşhur nasirliyə - Azər Qismət yazır - Azər QİSMƏT

Azər QİSMƏT

İndiki uşaqların oxuduğu macəra kitabları tamam başqadır. Ən çox oxunan ya fantaziya olur, ya da müasir supermenlərin qəhrəmanlıqları. Bu sırada Harri Potterin macəraları xüsusi yer tutur. Amma vaxtilə dünya uşaqlarının maraq dairəsini hindular və dəniz macəraları barədəki kitablar tutardı. Yazıçıların liderliyi sırasında isə Fenimor Kuper irəlidə gedərdi. Onun kitablarını alıb oxumaq üçün mağazalar, kitabxanalar aşıb-daşar, növbələr yaranardı. O illərdə məktəblilər arasında quşların lələyini saçları arasına keçirib Çinqaçquk olanlar artırdı. Necə deyərlər, hər bir məktəbin, məhəllənin öz Çinqaçquku vardı. İstənilən uşaq oyunlarının içində "Sonuncu mogikan"larsız keçinmək mümkün deyildi. Belə macəra əsərlərinin müəllifini niyə də tanımayaq.

Ceyms Fenimor Kuper 1789-cu ilin sentyabrın 15-də Nyu-Cersi ştatının Burlinqton şəhərində doğulub. Ailədə 11-ci uşağın doğulmasından sonra imkanlı ailə başçısı Vilyam Kuperə çətinlik yaranmadı. Çünki Vilyam oğlan uşaqlarına daha çox üstünlük verərdi. Bir müddətdən sonra ailə Nyu-Yorka köçür. Köçdükləri yerdə torpaq sahəsi almaq hər amerikalının arzusu olub. Vilyam Kuper Nyu-Cersidə satdığı bəzi ərazilərin puluna Kuperstaun qəsəbəsindəki Otseqo gölünün yaxınlığında torpaq sahəsi alır. Ata hesab edirdi ki, uşaqlarına təhsil verməlidir. Çünki Amerikanın gələcəyinin təhsilli adamların çiyninə düşəcəyini getdikcə müşahidə edirdi. Torpağın idarə edilməsi ilə özü də məşğul olardı. Əsas məsələ uşaqlarını oxutdurmaq idi. Ceyms Kuper ilk təhsilini yerli məktəbin təkcə bir müəllimi Oliver Koridən aldı. Daha iki ili isə Burlinqton məktəbində oxudu. Qeyd edək ki, Vilyam Kuper Nyu-Yorka köçəndə heç də hər şeyini satmamış, Burlinqtondakı imarətini saxlamışdı. Uşaq həmin imarətdə qalırdı. 1801-ci ildə 12 yaşlı Ceymsi ştatın mərkəzindəki Olbani şəhərinə göndərdilər. Uşaq orda Oksford Universitetinin məzunu Tomas Ellisonun yanında qalırdı. Onlar latın dilini öyrənir, dini kitablardan surələr əzbərləyirdilər. Orada gələcəkdə elm xadimləri olacaq şəxslər də vardı. Məsələn, ABŞ Məhkəməsinin sədri Con Ceyin oğlu Vilyam Cey xatirələrində yazır ki, Ceyms Kuper gecələr özünün düzüb-qoşduğu əhvalatları onlara danışmaqla darıxmağa qoymurmuş. Böyüməyinə baxmayaraq, atasının gənc Ceyms üzərində nəzarəti azalmamış, əksinə, daha da artmışdı. 1803-cü ildə atasının təkidi ilə o, Nyu-Heyven şəhərindəki Polşa kollecinə daxil olur. O, tələbələr arasında ən gənci idi. Ancaq bilik cəhətdən, xüsusilə, latın dilini bilməsi ilə ətrafdakıları yaxşı mənada təəccübləndirərmiş. Gənc Kuperə dərsdə oturub mühazirələrə qulaq asmaq maraqsız gəlib. Heç bir dava-dalaş, heç bir macəra yox. Bir müddətdən sonra məktəbdə dava-dalaş salmağa və siniflərarası haqq-hesablarda adı çıxmağa başladı. Aldığı biliyə yox, elə həmin dava-dalaşlara görə şöhrət qazandı. 1805-ci ildə bütün bunlara son qoyuldu. Bir dəfə məktəbə gətirdiyi barıtı partlatdı. Bu partlayışla da təhsilinə əlvida deyildi. Bundan sonra evə dəvət edilmiş müəllimdən dərs aldı. Ceyms Fenimor Kuperin özündən əhvalatlar qoşması müəllimin xoşuna gələrdi. O, cəngavər romanlarını oxuyar və dostlarına deyərmiş ki, özü də beləsini yaza bilər. Ancaq bəla burasında idi ki, süjet xəttini ardıcıllıqla qurmağı bacarmazdı: əvvəlini kənara qoyub axırdan başlayar, yaxud əksinə. Atasının dostlarından biri yerli qəzet dərc edərdi. Vilyam Kuper xahiş etdi ki, oğlunun  yaradıcılığına nəzər salsın. Baş redaktor razılaşdı ki, gənc Kuper növbəti dəfə quraşdırdığı əsərini əzbərdən makinaçı qıza danışsın, o da elə yerindəcə yazsın. Bir neçə hissə yazılandan sonra Kuperin təxəyyülü tükəndi və ardını gətirə bilmədi.

16 yaşlı oğlunun özünü qəribə aparması, bir yerdə sakit dayanmaması atasını hirsləndirərdi. Qərara alır ki, oğlunu ticarət gəmisi "Stirlinq"lə Avropaya göndərsin. Gənc Kuper orada adi matros kimi çalışır. 1806-ci ildə "Stirlinq" Nyu-York limanından Klondona yola düşür. Həmişə anasının qayğısı ilə böyüyən Kuper çətinliklə üz-üzə qaldı, həyatın gerçəkliklərini gördü. Bəlkə də bu səbəbdən atası onu sərt həyatın ağuşuna atmışdı. Bu səfər həm də gələcəyin yazıçısında şok effekti doğurdu. O, Londonun timsalında Böyük Britaniya cəmiyyətinə, yüksək təbəqəli adamlara aşağıdan-yuxarı baxdı və başa düşdü ki, həyatının yeni mərhələsinə qədəm qoyur. Birillik matros həyatı Ceymsin xeyrinə oldu. O, böyüdü, həyatda sabitlik anlayışını qavradı. Belə çılğın oğlan getdikcə ağırlaşdı, fikirlərini sərbəst şəkildə ifadə etməyə başladı. 1808-ci ildə Kuperin dənizçilik həyatında andiçmə mərasimi kimi yadda qaldı. Onun zabitlik rütbəsi qanuni qüvvəsinə mindi. Osveqo dəniz donanmasına göndərdilər. Kuper burada tikilən qayıqlara nəzarət edən briqadada fəaliyyət göstərirdi. Hərbi dənizçilərin əsas vəzifəsi qaçaqmalçılara qarşı mübarizədən ibarət idi. 1809-cu ildə yenidən gəmiyə qayıtmaq istəsə də, belə istəyi təmin edilmədi. Elə həmin il Kuper məzuniyyətə çıxaraq ticarət gəmisi ilə Avropaya səfər etmək adı ilə Hərbi Dəniz Nazirliyinə müraciət edir. Ancaq belə istəyin yerinə yetirilməsi heç də asan məsələ deyildi. Bütün gəmilər dolmuşdu. Kuper dostlarının köməyi ilə köhnə gəmi tapdı, qəlyanaltı məkanlarından matrosları yığaraq özünə komanda yaratdı. 1809-cu ildə gəncin atası Vilyam Kuper vəfat etdi. Dəfnetmə mərasimindən sonra Hərbi Dəniz Nazirliyinə yeni məktub yazaraq məzuniyyət müddətinin bir il də uzadılmasına razılıq aldı. Məktubda şəxsi işlərini yoluna qoymaq üçün həmin məzuniyyətin vacibliyi xüsusilə qabardılmışdı. Atasından qalma vərəsəliyə hüquqi akt alandan sonra evlənmək istəyirdi. Ceyms özünün təbirincə desək, "18 yaşlı gözəl" Syuzan Delansi ilə tanış oldu. Qız varlı ailədən olmasa da, qədim və tanınmış sülalənin nümayəndəsi idi. Kuperin sevgisinin qarşısında Syuzan Delansi şərt qoydu: "Mən sənə o şərtlə ərə gələrəm ki, istefaya çıxasan və dəniz donanmasına qayıtmayasan". Onların toyu təmtəraqlı keçmədi. Ceyms Kuper təmtəraqı xoşlamırdı. Üstündən illər keçdi. Ailə iki balaca qızları ilə Kuperstauna köçdülər. Ceyms Kuper burada qoyunçuluq təsərrüfatı qurdu. O, qoyunçuluqda "Merinos" cinsinin bəslənməsi ilə məşğul oldu. O illərdə "Merinos" cinsli qoyunları tapmaq hər fermerə nəsib olmurdu. Belə qoyunların yunu baha qiymətə satılarmış. Kuper təkcə qoyunçuluqla məşğul olmur, cəmiyyətdə baş verən hadisələrə öz münasibətini də bildirirdi. Məsələn, Amerika "Bibliya" Cəmiyyətinin yaradılmasının əsas təşkilatçılarından biri Ceyms Fenimor Kuper olub. Ancaq həyat yoldaşı Syuzan buralarda darıxırdı. Nəhayət, ərini valideynlərinin yanına köçməyə razı sala bilir. Kuperin fermerlik uğuru arxada qalır. Bəlkə də bu işi davam etdirsəydi, dünya daha belə bir yazıçını yox, böyük fermeri tanıyacaqdı. O, siyasətlə məşğul olmağa qərar verir. Tezliklə, ştatın qubernatorunun yavəri vəzifəsinə yüksəlir, özü də polkovnik rütbəsində. Elə bu vaxt Kuperin dörd böyük qardaşı bir-birinin ardınca vəfat edir. Ceyms Kuper ailə sülaləsinin rəhbəri seçilir. O, təsərrüfatı yoluna qoyur, alınan borcları qaytarır, qonşularla dava-dalaşa çıxır. Belə gərginlik Kuperi arzusuna çatmadan dünyadan köçürərdi, əgər bir təsadüf olmasaydı. Bir dəfə həyat yoldaşı xəstələnəndə ona avropalı yazıçılardan birinin romanını ucadan oxuyur. Oxuduqca düşünür ki, roman yazmaq elə də çətin deyil. Düşündüyünü arvadına deyəndə, o da dəstək verir: "Ceyms, sən heç bir yazıçıdan əskik deyilsən. Əksinə, maraqlı əhvalatlarına görə onlardan üstünsən". Həyat yoldaşının belə dəstəyi Kuperə böyük təsir göstərib. Onun öz kabinetinə çəkilərək yazmasına Syuzan maneçilik törətməyib. Bununla da bir neçə həftəlik əziyyət öz bəhrəsini verib. 1820-ci ildə Ceyms Fenimor Kuper özünün ilk romanını - "Ehtiyat"ı yazıb başa çatdırır. Həmin illərdə Amerika və İngiltərə nasirləri arasında söz müharibəsi gedirdi. Amerikanlar ingilis yazıçıları, onlar da amerikanları bəyənmirdilər. Bunu nəzərə alan Kuper əsərini başqa adla dərc etdirir. İndiki ədəbiyyat tədqiqatçıları hesab edir ki, Kuper düz addım atmışdı. Çünki amerikalı adı ilə dərc etdirsəydi, bəlkə də dünya arenasına çıxmaqda çətinlik yaranacaqdı. Elə ingilis tənqidçilərinin obtektiv olmayan iradları onu yarı yolda dayandıracaqdı, ya da əsərinə verilən mənfi rəylər dünya oxucularının gözündən salacaqdı. Yeri gəlmişkən, hələ "Ehtiyat" romanını yazarkən, o "Casus. Yaxud, neytral ərazi barədə povest" romanının ilk qeydlərini aparmışdı. 1821-ci ildə adıçəkilən roman dərc edildi. Bununla da ABŞ-ın tarixi romançılığının əsası qoyuldu. Əsərin süjetini ona təhlükəsizlik komitəsində çalışmış köhnə tanışı vermişdi. Tanışı ABŞ müstəqilliyi uğrunda müharibədə gizli casusları çox görübmüş. Yeni roman Amerikanın satış nöqtələrində ildırım sürətilə satılmağa başladı. Hətta tarixi faktlara əsasən kitab tapmayan oxucular satıcılara hücum edərmişlər. Amerika ədəbiyyatını bəyənməyən ingilis tənqidçiləri Kuperin yeni romanı barədə susdular. İngiltərə nəşriyyatları tezliklə kitabı dərc etməklə, dünyaya yeni yazıçını tanıtdı. Bu, böyük gərginliklər içində ədəbiyyata gələn Ceyms Fenimor Kuper idi. İngiltərədəki dərc yazıçının istedadının dünyaya yayılması üçün qapı rolunu oynadı. Əsər əvvəlcə fransız, ispan və rus dilinə tərcümə edildi. Belə tərcümələr yeni qapılar açdı. Fenimor Kuperi tezliklə bütün dünyanın insanları tanıdı, kitab rəfləri bəzəndi, yeni əsərlər gözləndi. Kuper oxucuların etimadını doğrultdu. Gecə-gündüz yaradıcılıqla məşğul olmasına isə sevdiyi həyat yoldaşı Syuzan dəstək olmuşdu. Necə deyərlər, hər bir uğurlu kişinin arxasında bir qadın dayanır. O da belə taleyin belə nəsibindən caiz deyildi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!