ƏDƏBİYYAT ÜZRƏ 1980-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Çeslav MİLOŞ - İssa vadisi...Romandan parça - Əyyub QİYAS

Polyak yazıçısı, şairi, tərcüməçisi Çeslav Miloş 1911-ci ildə Rusiya İmperiyasının Koven quberniyasında dünyaya gəlib. Ən yaxşı romanlarını doğma polyak dilində qələmə alsa da, uzun illər kitablarının Polşada çapına qadağa qoyulub. Bu səbəbdən əsərləri Fransada nəşr olunub. Onun dünya şöhrətli "İssa vadisi" romanı xeyirlə-şərdən, günahla-xeyirxahlıqdan bəhs edir. Əsər itirilmiş uşaqlığı İssa çayının sahillərində keçən Tomaşın taleyindən söz açır. Təhsilini əvvəlcə Sigizmund adına kollecdə, daha sonra isə Stefan Batoriya Universitetində alan gələcək yazıçı humanitar, sosial elmlər və hüquq ixtisasına yiyələnib. Ədəbiyyata şeirlə gələn Çeslav Miloşun imzası mətbuatda 1930-cu illərdən etibarən görünməyə başlayıb. Bir neçə dəfə Parisdə uzaq qohumu, fransız şairi Oskar Miloşla görüşüb. 1937-ci ildə, İtaliyadan qayıdandan sonra Varşava radiosunda çalışıb. 1939-cu ildə radio əməkdaşı kimi cəbhəyə gedib. Bir müddət ABŞ-da, Litvada yaşayıb. 1993-ci ildə birdəfəlik Varşavaya qayıdıb. SSRİ dağılandan, Litva müstəqillik qazanandan sonra Litva Yazıçılar Birliyinə fəxri üzv seçilib. 1980-ci ildə "baş verən iğtişaşlarda bəşər övladının müdafiəsiz olduğunu böyük uzaqgörənlik və cəsarətlə təsvir etdiyinə görə" ədəbiyyat üzrə növbəti "Nobel mükafatı"na layiq görülüb. Yazıçı 2004-cü ilin 14 avqust tarixində vəfat edib. "Ədəbiyyat qəzeti"nin oxucularına yazıçının "İssa vadisi" romanından bir parçanı təqdim edirik.

Əyyub QİYAS

İssa vadisi

Romandan parça

IX

Dünyada böyük bir müharibə gedirdi, başlanğıcda Göllər vilayəti ordusu darmadağın edilən Rusiya imperatorunun əlindən çıxdı. Tomaş almanları bircə dəfə görmüşdü. Gözəl atlara minmiş üç nəfər idilər. Onlar həyətə girəndə Tomaş qoca Qjeqojinin yanında oturub, səbət toxuyurdu. Qadın kimi qırmızısifət, arıq bədənli cavan zabit atdan yerə atıldı, onun çiyninə vurub, bir parç süd içdi. Arvadlar almanların başına yığışdılar, bircə Qjeqoji bıçağı əlindəki budaqdan ayırmayıb, oturduğu yerdən tərpənmədi. Zabitin əynindəki paltar - ot rəngində idi - onu heyrətə gətirdi. Belindəki dəri kəmərdən iri bir tapança asılmışdı, lüləsi qoburadan sallanıb çıxırdı. Tomaş almanın qeyri-adi hərəkətlərinə valeh olmuşdu. Zabit parçı qaytardı, sıçrayıb ata mindi və başının əsgərlərini də götürüb, inək tövləsinin yanından, cökə xiyabanından keçib, geri qayıtdı.

Kim deyə bilərdi ki, bu görüş taleyin işidir və bir ömür onun yaddaşından silinməyəcək. Ginyadakı kilsənin yanından keçdi, kürəyini divara dayayıb, dəftərçəsində həvəslə rəsm çəkdi. Bəlkə də müharibəyə qədər Norveçdə gördüyü Kirçen kəndi yadına düşmüşdü. Belini dikəldib, yəhərdən yapışanda İssa sahilindəki talaların təmiz havasını ciyərlərinə çəkdi, lap bu yaxınlarda vuruşduğu Fransanın qərb cəbhəsindəki səs-küylü torpaqları xatırladı. O torpaqlar Tomaşı nə indi, nə də (amma nə üçün?) 20 il sonra, az əvvəl Fürerin işğal etdiyi Şərqi Avropadakı şəhərdən birində, general maşını ilə gedəndə belə hiss etmədi. Tomaş (tutaq ki) yumruqlarını cibində düyünləyib, qəsbkara duyduğu ani xoş duyğuların səbəbini anlamağa çalışdı.

Müharibə Ginyaya qədər getməyə ehtiyac duymamışdı, çünki oralarda alınacaq bir yer yox idi. O yerlər Tomaşın yaddaşında bir çox xüsusiyyətləri ilə qalmışdı. Məsələn, sabun bişirmək. Bağçada ocaq qalayırdılar, üçayaq üstə qazan qoyurdular, burunlarını çəkə-çəkə qəhvəyi rəngli mayeni ağac parçası ilə qarışdırırdılar. İy iyə qarışırdı, həyəcan, səs-küy baş alıb gedirdi, görəsən, sabun necə çıxacaq. Sonra mayeni soyudub bərkidir, lap axırda da hissələrə bölürdülər. Ya da şam hazırlayırdılar. Buna görə içini piylə doldurmaq üçün başı kəsilmiş butulka şüşələrindən istifadə edirdilər, ortasına fitil qoyurdular. Butulka şüşəsini kerosin hopdurulmuş qaytanla kəsmək olurdu: qaytanı butulkaya dolayıb odlasan, şüşə elə ordan da kəsilər. İki dənə karbid lampası almışdılar, onların görünüşü də, qoxusu da Tomaşı narahat edirdi. Çay əvəzinə Surkontovun nənəsi çiyələk yarpağı dəmləyirdi, bal da qəndi əvəz edirdi. Ümumiyyətlə, saxarin peyda olandan sonra arvad daha heç vaxt qənddən istifadə etmədi: o da şirin idi, həm də ucuz.

Tomaş oxumalıydı, amma evdə heç kəs bu işi boynuna götürmədi, odur ki, oğlanı kəndə, Yozefin (Tomaşın müəlliminin adıydı) yanına göndərdilər. Balaca bir mülkü də vardı. Adam özü Litva kəndlisi idi, litvalı - Yuzapas deyirdilər, litvaca ona Qara ləqəbi vermişdilər. Adam doğrudan da qaraydı - qaşları bir cüt qalın, qara xətt idi, üzü arıq, saçları yanlardan azacıq ağarmışdı. Qardaşının evində qalır, ona təsərrüfat işlərində kömək edirdi, üstəlik, hər işin qulpundan yapışırdı: haradansa kitablar alırdı, qəzet parçalarını yandırıb, taxta lövhə üzərinə sərdiyi otları qurudurdu, lazım olanda adamlara məktub yazır, siyasətdən danışırdı. Nə vaxtsa elə bu siyasət üzündən həbsxanaya da düşmüşdü, müxtəlif şəhərlərdə işləmişdi, ancaq şəhərlilər kimi geyinmirdi, köynəyindəki tikmələrlə hər kəsə kəndli balası olduğunu göstərməyə çalışırdı. O, indiki salnaməçilərin millətçi adlandırdıqları zümrədən idi. Bu məsələdə onun narazılığına səbəb vardı. Təbii ki, o, litvalı müəllim idi, Tomaş isə hər şeydən əvvəl polyak dilində yazıb-oxumaq öyrənməliydi. Yozef Surkontovların özlərinə polyak deməyini satqınlıq kimi qəbul edirdi - bu yerlərdə o cür soyadla qarşılaşmaq müşkül iş idi. Bir də panlara nifrəti vardı - çünki bu panlar dillərini dəyişməklə xalqdan uzaqlaşmaq istəyirdilər. Hə, bir də Surkontovlara nifrət hissini boğmağa çalışırdılar. Amma uşağı məhz ona etibar eləmişdilər, inanırdılar ki, bu adam oğlanın gözlərini açacaq. Və Tomaş müntəxəbatı vərəqlədikcə bu qarışıq hisslər daha da çoxalırdı. Nənə bu dərslərdən çox narazı idi, hansısa litvalının varlığını qəbul edə bilmirdi, amma arvadın fotosu əsrlər boyu Litvada yaşayan adamları təsvir etmək üçün istənilən kitaba illüstrasiya kimi yarayardı. Buna baxmayaraq evə hansısa müəllimənin ayaq açmağına da arvad boş xülya kimi baxırdı, fikirləşəndə ki, gədə oxuyub adam olacaq, naəlac qalıb Yozeflə barışırdı. Tomaş bu çətinlikləri, bu qara-qorxunu anlamırdı, elə ki, anladı, hər şey onun üçün dəyişdi. Əgər təsadüfən İrlandiyada böyümüş balaca bir ingilislə, ya da Finlandiyada boya-başa çatmış balaca isveçli ilə rastlaşsaydı, onlarla öz arasında ortaq çox şey tapa bilərdi, amma İssa vadisindən o yana bütün torpaqların üzərinə qaranlıq çökmüşdü. Bildiyi nə vardısa, nənəsindən eşitdikləri idi: ingilislər səhər yeməyində kompot içirlər (bircə buna görə onlara hörmət etməyə dəyərdi), ruslar Artur kişini Sibirə sürgün eləyiblər. O isə Krakovdakı polyak krallarını sevməlidir. Krakov nənə üçün dünyanın ən gözəl şəhəri idi, arvad əmin etmişdi ki, Tomaş da böyüyən kimi gedib o gözəl şəhəri görəcək. Arvadın bu patriotluğu, babanın milli təəssübkeşlikdən uzaq həyat tərzi, bir də Jozefin söylədikləri - "biz", "ölkəmiz", gerblərdən, bayraqlardan gedən uzun-uzadı söhbətlər - oğlanın gələcəyə inamını azaltmışdı. İçində ikili bağlılıq, bir növ haça-paçalıq yaranmışdı. Bilmirdi bu ölkənin nəyini və necə sevsin.

Yozefin yanındakı dərs illəri yeniyetməliyin xaosu ilə yadda qaldı və o illərin içindən balaca bir Litva respublikası çıxdı. Yozefin israrlı cəhdlərinin sonunda Ginyada ilk məktəbin tikintisinə başladılar və o, həmin məktəbdə müəllim oldu.    

Müharibənin səsi təzə-təzə kəsilirdi, amma, görünür, onun qoyduğu nişanələr hələ uzun müddət bu yerlərdə qalacaqdı. Məsələn, aşağı, yola baxanda park kənarındakı skamyanın köhnəliyi adamın gözünə girirdi. Ordan tez-tez müxtəlif şəhərlərə üz tutan səfil-sərgərdanlar keçirdi. Onlar aclıqdan qurtulmaq üçün qaçırdılar, bellərinə düyünçə alıb dolaşırdılar, arabir taxta arabalarında körpə uşaqlar da olurdu. Ana və iki oğlan uşağından ibarət belə ailələrdən biri Antoninanın köməyilə mülkə sığınmışdı. Oğlanlardan yaşda böyüyü, adı Stasyok olanı ağız qarmonunda çaldığı havalar onlara ləzzət edirdi, şəhər mahnıları oxuyurdu, amma polyak dilində ləhcəsiz danışırdı.

"Buna bax da, şvapettdiyr" (polyak dialektində şvapetləmək yerli ləhcədən uzaq, yəni təmiz danışmaq deməkdir) -  Antonina sevincək dilləndi. Oğlan ona qundağı əsl tüfəngə oxşayan arbalet düzəltsə də, Tomaşın sallaqqulaqlı, nazik boyunlu Stasyokdan xoşu gəlmirdi. Axşamlar Stasyok Antonina ilə bir yerdə cökələrin altında oturub söhbət edəndə, ətrafdakı qızların hırıltısı baş alıb gedirdi. Belədə Tomaş da bacardığı qədər onlara yaxın oturmağa çalışırdı. Bir müddət sonra bu da onu bezdirdi və daha onlara yaxınlaşmadı. Özü də baş açmırdı nədən, amma nəsə onu narahat edirdi. Adətən günün günorta çağı günəş buludların arxasında gizlənəndə belə olur. Bir də deyəsən, sevəndə...

Tərcümə edən: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!