Telman Vəlixanlı - Yaşa və unutma - Valentin Rasputinin xatirəsinə

 

Bəzən yazıçı əsərlərinə elə ad seçir ki, sonradan bu adlar aforizmləşir, əsərin öz mövzu və ideya yükündən də dərin məna kəsb edir, hansısa  zaman kəsiyi üçün bütöv bir xalqın çağırışına çevrilir. Adı müasir Rusiya tarixinə qovuşan, həyat və yaradıcılığı ilə çağdaş rus təfəkkür tərzinin ifadəçisinə, rus insanının, rus mədəniyyət və mənəviyyət irsinin qoruyucusuna çevrilən daha bir nəhəng yazıçı əbədiyyətə qovuşub. Əbədiyyətə qovuşan həm də onun çoxdan klassikləşmiş əsərləri və çağırışları, ədəbi mövqeyi və üslubu idi. 

Bəzən bizə elə gəlirdi ki, müasirlərimiz Yevtuşenko, Rasputin, Voynoviç, Bitov və s. elə Puşkinin zamanından bu yana (daha dərinə, Peresvetov və Avvakumadək, getmək istəmirəm) rus sözünü və həqiqətlərini, rus ədəbiyyatı ənənələrini, rus ədəbiyyatının böyük missiyasını elə Puşkin, Turgenyev, Tolstoy, Dostoyevski, Çexov, Qorki, Bunin, Bulqakov və daha neçə ədibin adından yaşadan və davam etdirənlərdir. Biz onların sözündə və ictimai-siyasi mövqeyində bunu görürük. Rus dilinin, mentallığının, təbiətinin, fəlsəfi fikrinin, dövlətçilik ənənələrinin, Avrasiya mədəni-tarixi arealının formalaşmasına gətirib çıxaran tarixi həqiqətləri onların dilindən eşidirdik və yenə də eşidirik. Mövcud olduğumuz vahid humanitar məkanda mədəni dominantanın bütün reallıqların və maraqların fövqündə dayandığını da daha çox onlar səsləndirirdi.

Rus ədəbi və elmi-filoloji mühiti, rus ziyalısı hər zaman mövcud rejimlərə, siyasətə, dövlətçilik təcrübəsinə, ictimai fikrə müsbət təsirini göstərib, bütün qovğalara rəğmən, öz sözünü və fikrini ortaya qoyub. Ötən əsrin 80-ci illərində akademik Dmitri Lixaçovun rus mədəniyyətinin ekologiyası uğrunda çağırışları, yazıçı Valentin Rasputinin Qorbaçovun səbatsız və plansız yenidənqurma axtarışlarını ifşa edən “Siz böyük sarsıntılar arzusundasınız, bizəsə Böyük Rusiya gərəkdir” açıqlaması, rus tarixi, coğrafiyasının və landşaftının, rus superetnosunun tarixi və etnomədəni cəhətdən formalaşma və evolyusiya proseslərinin gözəl bilicisi   Lev Qumilyovun “Sirr olaraq sizə deyim ki, Rusiya yalnız Avrasiya dövləti olmaqla xilas edilə bilər” etirafı kimi çıxışlar müəyyən mənada öz işini gördü.

Onlarla əsərləri bir yana, dünyanın ən böyük şirin su hövzəsi sayılan Baykal uğrunda mübarizə, gölün yaxınlığından keçən neft kəmərinin su hövzəsindən 14 kilometr kənara çəkdirilməsi, Sibir ədəbi-mədəni mühitinin qorunması və mərkəzə çevrilməsi böyük yazıçı Rasputinin ölməzliyinə və sözünün əbədiliyinə şahidlik edən saysız-hesabsız faktların bir neçəsidir. Dahi filosof və yazıçı Fyodor Dostoyevskinin “xalqa gərəkdir ki, təkcə onun iztirablarını deyil, özünü sevsinlər. Onun özünü sevmək nə deməkdir? “Sən mənim sevdiyim şeyləri sev, mənim hörmət etdiyim şeylərə sən də hörmət et” - ...deyə xalq sənə cavab verər.  Puşkin xalqı məhz bu cür, xalqın tələb etdiyi kimi sevirdi və o, xalqı necə sevməyin yollarını axtarmırdı, buna hazırlaşmırdı, bunu öyrənmirdi: o, özü birdən-birə xalq olmuşdu. O, xalq həqiqətinin qarşısında səcdə etmişdi, xalq həqiqətini öz həqiqəti kimi qəbul etmişdi...” sözlərini eyni dərəcədə yazıçı Valentin Pasputin  barəsində təkrarlamaqdan çəkinmirik.   

Bu böyük ədibin qüdrəti həm də onun mövzu seçimi, xalq həyatından, tarixi yaddaşdan yoğrulan ideya və xarakterlər yaratma ustalığı ilə bağlıdır. “Vasili və Vasilisa”, “Matyora ilə vidalaşma”, “Yaşa və unutma”, “Sonuncu müddət”, “Yanğın” və s. əsərləri ilə sadə rus insanının, kəndlisinin, əsgərinin və qadınının obrazlarını məhəbbət və ehtiramla yaradan, ana torpağı, təbiəti, zəhmətkeş və vicdanlı insanı, kənd qadınını sakrallaşdırmaq iddiasında olan yazıçı elə öz müasirləri L.Leonov, V.Şukşin, V.Bıkov, V.Astafyev, V.Belov və digərləri ilə birgə böyük bir missiyanı öz üzərinə götürmüşdü. Ədəbiyyatdansonrakı ədəbiyyatdan, realizmdən sonrakı realizmdən, modernizmdən sonrakı postmodernizmdən  fərqli olaraq bu ədəbiyyatın həm obyekti, həm predmeti, həm də ideyası gün kimi aydındır. 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!