Şirməmməd Nəzərli - "Qonaq" Hekayə

Fuad restorandan körpüyə gedən cığıra çıxdı. Hava soyumuşdu, ətraf seyrək dumana bürünmüşdü. Payızın təslim olmaq istəməməsini, qışın isə inadla gəlişini xatırladan bu cür hava ona həmişə nisgillik gətirirdi. Bu cür qışqabağı havalar vətəndə bir ay sonra olacaqdı...

 

Taksi sürücüsü sorğu-sual edib onun məşğuliyyətini, Moskvaya gəlməkdə məqsədini artıq öyrənmişdi. Biləndə ki, Fuad elmi iş hazırlayır, burada arxivlərdə işləyəcək, indi də bir tanış akademiklə görüşə gedir, söhbətin yönünü dəyişdi:

- Bizim bu ilimiz, yəni 1977-ci il, yaddaşlardan silinən deyil...

Bayaqdan onu səbirlə dinləyən Fuad düşündü ki, sürücünün araya körpü salmaq cəhdinə ürəklə ayaq verməməsi nəzakətdən deyil. Ona görə də dedi:

- Yəqin bir həftə əvvəl yeni - dördüncü konstitusiya qəbulunu, ondan əvvəlki aylarda möhtəşəm idman yarışlarını nəzərdə tutursuz?

- O da var. Amma ermənilərin metroda törətdikləri partlayışlar...yeddi günahsız insanın ölümü... otuz yeddi nəfərin yaralanması... yəni deyirsiz bunlar unudulandır?

- Əlbəttə, yox. Dinc sakinlərə qarşı terror ən iyrənc xəyanətdir. Bəs onda niyə akademik Saxarov terrorçuların müdafiəsinə qalxır?

- Andrey Saxarov arvadağızdır. İkinci xanımı Bonner-Əlixanyan ögey atası Gevork Əlixanyanın tərbiyəsini götürmüş xəbis qadındır, Andreyin də başını xarab eləyib... Həə, belə... İndi vağzallarda Moskvaya gələnlərin üst-başını az qala mikroskopla yoxlayırlar. Yəqin sizi də əməlli silkələyiblər...

- Elədir. Hətta ayaqqabımın dabanına da baxdılar, - deyə Fuad üzünü "Volqa"nın şüşəsinə çevirib şəhərin payız mənzərəsini, yarpaqları hələ tamam saralmamış ağacları, maşın karvanlarını seyr etməyə başladı və sanki bununla siyasi söhbətlərə marağı olmadığını bildirdi.

Taksi Moskva çayının üzərindəki körpünü keçib ikimərtəbəli "Motivlər" restoranının qarşısında dayandı. Dil-boğaza qoymayan sürücü çıxıb maşının arxa qapısını açdı. Mer-meyvə ilə dolu yastı səbətin altından ikiəlli yapışıb ehtiyatla kənara çəkildi, maşının qapısını diziylə tez örtdü. Səbətdəki alma, heyva, armud, nar, feyxoa, sapsarı limon və portağalları bir də süzüb gülümsədi, sonra əmanəti sahibinə verdi:

- Qapını tez örtdüm ki, meyvələrin ətri maşından çıxmasın.

Fuad taksinin qapısını yenidən açdı, hər meyvədən götürüb arxa oturacağa qoydu və pul çıxarıb sürücüyə uzatdı. O isə pula baxıb ciblərini eşələdi, qalıq verməyə hazırlaşarkən Fuad əli ilə "yox" - deyib sağollaşdı və restoranın girişinə doğru getdi. Qapıda onu ortaboylu, uzun, sarışınsaçlı, mavigözlü, təxminən qırx yaşında, gülərüz bir kişi qarşıladı.

- Siz Fuad Bəşirlisiz? Mən Sergey Pavloviçin oğluyam. Adım Nikitadır. Buyurun içəri, - deyə o, qonağı xudmani bir otağa gətirdi. Bura ortarütbəli rəisin kabinetini xatırladırdı.

Pəncərədən Moskva çayının üzərindəki körpü və şəhərin boz mənzərəsi aydın görünürdü. Bir qədər aralıda daha bir qapı vardı. Nikita həmin qapıya işarə ilə:

- Bura atamın kabinetidir, - dedi. - Daha doğrusu, onun qonaq otağı, görüş yeri, şəxsi muzeyidir. Özü yaradıb.

Nikita otağın qapısını açdı, içəri keçdilər.

- Anam öləndən sonra atam gəlib mənim ailəmlə qalmaq istəmədi. Öz evinə də yalnız yatmağa gedir, səhər qulluqçu qadının hazırladığı yeməyi yeyir, onun səliqəyə saldığı paltarı geyinir və düzəllənir universitetə, işdən sonra yenə bura...

Nikita sonra Fuadın əlindəki səbəti alıb kiçik jurnal stolunun üstünə qoydu və yaşıl yarpaqları saplağının üstündə olan meyvələrə heyranlıqla baxdı:  

- Bəh-bəh, nə gözəl nemətlərdir, əsl natürmortdur elə bil, çox sağ olun, - dedi və heyvalardan birini götürüb iyini ciyərlərinə çəkdi.    

Uzunsov otaq muzeyi xatırladırdı. Qədimi divar saatı, bəzəkli neft lampaları, milli Şərq geyimləri, saxsı və mis qablar, kəlağayılar, cildi saralmış kitablar, vallar, patefon... Qapı ilə üzbəüz divarda əlvan naxışlı "Zili" xalçası, üzərində də xəncər asılmışdı. Yanda nimdaş namazlıq diqqəti çəkirdi. Fuad baxdıqca heyrətə gəlirdi: "Xalça, üzərindəki xəncər, namazlıq eynilə bizim qonaq otağımızdakı kimidir. İşə bax e!"

Xalçanın sağ tərəfində üzərində xeyli orden və medal olan polkovnik mundiri, yanında rəssam Vasili Vereşşaginin 1865-ci ildə Şuşada Məhərrəmlik mərasimində çəkdiyi "Şəbihçilər" və "Əzadarlar" rəsmləri asılmışdı. Bu əsərlər yəqin ki, orijinalın surətləri idi.

"Zili"nin sol tərəfində isə çox yaraşıqlı çərçivəyə salınmış bir rəsm asılmışdı. Çadralı qadın "Yusif-Züleyxa" xalçasının ucundan tutub qarşısında durmuş milli geyimdə olan kişiyə qəzəblə nəsə deyirdi. Kişinin arxasında Avropa geyimində bir nəfər bərəlmiş gözlərini qadına zilləmişdi.

Nikita Fuadın rəsmə maraqla baxdığını görüb izah elədi:

- Atam Şərq ölkələrinə, İrana, Azərbaycana elmi ekspedisiyadan qayıtdıqdan sonra rəssam dostuna bir əhvalat danışıb. Daha doğrusu, sizin bir yazıçınız var... Mir... Paşayev...

- Mir Cəlal Paşayev.

- Hə, dəqiq, Mir Cəlal Paşayev! Bax, heç otuz yaşı tamam olmamış o şəxsin yazdığı bir əsəri mən dünyaya gələn il - 1939-da "Revolyusiya i kultura" jurnalında oxuyub və əsərdən bir parçanı rəssam dostuna danışıb. Sonralar atamın o müəlliflə görüşləri də olub. Yazıçıların qurultayında. Yox, deyəsən, sizin respublikanızın burada keçirilən Ədəbiyyat günlərində. Hə, sonra atamın rəssam dostu onun sözləri əsasında gördüyünüz bu rəsmi çəkib. Təəssüf ki, rəsmin altındakı yazını oxuya bilmirəm.

- Ərəb əlifbası ilə, amma Azərbaycan dilində yazılıb: "İtə ataram, yada satmaram", - Fuad dedi və mənasını tərcümə elədi.

- Əllərinin şəkərdən əsməsi elə bil az imiş, atam indi də bu rəsmin üstündə elə əsir ki... - deyə Nikita gülümsəyərək əlavə etdi.

- Mənim əllərim hələ ki əsmir, amma şəkərin necə məkrli xəstəlik olduğunu özümdən bilirəm.

Nikita yaşıdından bunu eşitcək ciddiləşdi və qonağının qoluna girib öz kabinetinə apardı:

- Bax e, necə diqqətsizəm, yol gəlmisiz, yorğunsuz. Şəkər xəstələri tez acıyırlar axı, atamdan bilirəm. Çay, kofe? Bəlkə əvvəlcə bir yüngülvari qəlyanaltı edəsiz, atam indilərdə gələr, onda əməlli bir süfrə açarıq. Bilirsiz, atam piyada gəzməyi xoşlayır. Sürücüsünü evə üç-dörd kilometr qalmış buraxır, qalan yolu piyada gedir.

Nikita qalınüzlüklü menyunu Fuada uzatdı, o da gözucu baxıb, asta səslə "yalnız "Paytaxt" salatı, vəssalam" - dedi.

Nikita telefon dəstəyini götürüb kiməsə göstəriş verdi. Tezliklə sinini bir ovucu üzərində saxlamış, o biri əlini belinə qoymuş ofisiant oğlan peyda oldu. Salamlaşdı, salatı, iki tikə qara çörəyi, duzu, üyüdülmüş qara istiotu, bir stəkan şirəni, çəngəli ehmalca qonağın, bir fincan yaşıl çayı, limon dilimlərini isə Nikitanın qarşısına qoydu, sonra dikəlib gözlərini restoran sahibinə zillədi. Tünd-qəhvəyi rəngli önlüyünün ətəyi dizlərindən də aşağı düşmüş, dümağ köynəyinin yaxasını qara "kəpənək" bəzəyən ofisiant Nikitadan "get" işarəsi alan kimi qapıya yönəldi.

Fuad çörəkdən bir tikə qopartdı, duza batırıb yeməyə başlayanda Nikita da çayından bir qurtum içdi, qonağının üzünə təbəssümlə baxıb soruşdu:

- Hazırda nə üzərində işləyirsiz?

- Qısası, azərbaycanlılar başqa ölkə alimlərinin, yaradıcı şəxslərinin nəzərində...

- Hə, maraqlıdır. Mən atamın yolu ilə getməsəm də, öz sahəmdə mükəmməl təhsil almışam, iaşə işindən yaxşı baş açıram. Amma akademik atamın qonaqları, tələbələri, dissertantları ilə söhbətlərini o qədər eşitmişəm ki, yeri gələndə məni də öz adamınız hesab edə bilərsiz, - Nikita zarafatından qalmadı. Sonra çayından içə-içə danışmağa başladı:

- Atam olduğu üçün demirəm, Sergey Çkalin nadir insanlardandır. Əqidəsini heç nəyə dəyişən deyil. Bronu olsa da, müharibəyə könüllü gedib, bir neçə dəfə yaralanıb, orden-medallarını da gördünüz - o, əlini muzeyin açıq qapısına uzatdı.

- Amma o, müharibədən söz açmağı xoşlamır. Həmsöhbətlərilə gəzib-dolaşdığı, görüb-götürdüyü müsəlman Şərqindən, İrandan, Azərbaycandan danışmaqdan isə yorulmur.

Fuadı maraq götürdü, səbrini basa bilməyib soruşdu:

- Məsələn, nə danışır?

- Əsasən, milli-mənəvi dəyərlərdən, yüksək sənətkarlıqdan. Dəfələrlə eşitmişəm deyib: "Bu insanların verdikləri söz möhürü, iltizamı əvəz edir. Namusa, qeyrətə görə başlarından keçərlər, heç uf da deməzlər. Hələ sənətkarlıqları"...

Fuadın qulağı Nikitada olsa da, baxışları açıq qapıdan görünən əşyalara zillənmişdi.

- Deyir, Təbriz şəhərində Qərbdə, Avropa ölkələrində olmayan rəssamlıq ənənəsi var. Miniatür məktəbi. İşıq-kölgəsiz, hər şeyin yastı təsvir edildiyi bu miniatürlərdə qəribə, al-əlvan, əfsanəvi rənglərə mat qalırsan. Rəssamlar boyaları da, nazik fırçaları da, hər ölçüdə qamış qələmləri də özləri hazırlayırlar. Fırçanı pişiyin üçgünlük, inəyin isə yeni doğulmuş balasının qulaq tüklərindən düzəldirlər.

Nikita qonağın maraqla qulaq asdığını görüb bir az da həvəsləndi:

- Deyir, kağızın, təbii otlardan, meyvələrdən hazırlanmış boyaların sirri yalnız özlərinə məlumdur. Deyir, miniatürü və ya digər rəsmi hansı müsəlman ayının neçəsində çəkmək də şərtdir. Həə... Belə vaxtlarda həmsöhbətlərindən kimsə bu sənətkarlığa yuxarıdan-aşağı baxıb dodaq büzəndə atam tez sözlərini kəsib deyir: "Sən bu işlərə məntiq, indiki texnika gözü ilə yox, ruh baxımından nəzər sal". Eh, atamın ürəyində lay-lay elə mətləblər yatır ki... Görüşəndə özünüz də şahidi olarsız.

Nikita bunu deyəndə çəngəli havada saxlayıb donmuş Fuada diqqətlə baxdı. Bir ucu çəngələ ilişmiş sarımtıl uzun tükün digər ucundan salatdan kiçik bir hissəcik sallanmışdı. Nikitanın pərtliyini görməzliyə vuran Fuad çəngəli tez boşqaba qoydu və:

- Çox maraqlıdır, bəs sonra? - deyə soruşdu.

Nikitanın telefon dəstəyini qamarlayıb qulağına tutmağı ilə əlində boş sini olan bayaqkı ofisiantın içəri girməyi bir oldu. Rəhbərin qızaran sifətini görüb anladı ki, nəsə xoşagəlməz hadisə baş verib.

- Salatı kim hazırlayıb?

Ofisiantın rəngi ağardı, dili topuq vurdu:

- Deyəsən, Sa... Saşa.

- Bunları yığışdır, get ona de ki, elə bu dəqiqə mühasibin yanına getsin!

Oğlan tez çıxdı, Nikita isə dəstəkdə kiməsə yenə göstəriş verdi: "Saşa gələcək, onu birdəfəlik yola salın".

Bir anda dəyişən vəziyyəti götür-qoy edən Fuad gülümsəyib üzünü Nikitaya tutdu, qohumuna, tanışına görə hansısa rəisdən xahiş edirmiş kimi:

- O oğlan yəqin cavandır, təcrübəsizdır, - dedi. - İndi harada, neçə günə, neçə aya iş tapacaq?

Nikita dərhal:

- Heç darıxmayın, Saşa dediyimiz o adam qızdır, özünə tezliklə çox yerdə iş tapa biləcək birisidir, - dedi.

Fuad yenə də gərginliyi aradan qaldırmağa çalışdı:

- Çox hadisələrin ağır-yüngüllüyünü insanın onlara fərdi münasibəti müəyyən edir...

- Sizinlə razıyam. Amma Saşa artıq bizdə işləmir, biz onun haqqında yalnız keçmiş zamanda danışa bilərik, - Nikita pərtliyini gizlətmək üçün gülümsədi.

Akademik oğlu sonra da yeməkdən tükçıxma ilə bağlı inanclardan danışmağa başladı və əmin etdi ki, indi deyəcəkləri qonağına elmi işində nə vaxtsa lazım ola bilər.

- Biz rusların inancına görə, yemək zamanı boşqabında tük görmüş adamı şad xəbər, yaxşılıq gözləyir. Hətta deyirlər ki, tük nə qədər uzundursa, hadisə də bir o qədər ürəkaçan olar. Digər bir yozuma görə, yemək zamanı ağızda tük tapılması çox nüfuzlu adamla görüşə işarədir. Əlbəttə, çoxları bunu estetik baxımdan qəbul etmir və dediyiniz kimi, baş vermiş hadisənin ağır-yüngüllüyünü insanın ona münasibətilə ölçür. Daha bir yozuma görə isə yeməkdən tükçıxma hadisəsi adamın yuxusunda baş versə, onda qanqaraldıcı işlər gözlənilir...

Fuadın gözü Nikitada olsa da, düşüncələriylə indi tamam başqa aləmdə qərar tutmuşdu. Açıq qapıdan görünən "Zili" xalçasının üzərindəki xəncər vücudunu titrətməyə başlamışdı. Tük və tüklə bağlı rus inancları da bu tərəfdən.

"Babam qonağını oğluna etibar edib yas yerinə getdiyi kimi, akademik Sergey Çkalin də görüş təyin etdiyi qonağını oğluna tapşırıb. Qırx ildən sonra eyni vəziyyət... Bu qədər təsadüf olar"? - deyə Fuad ürəyindən keçirtdi.

- Nikita, Sergey Pavloviç gələnə kimi mən bir az gəzişim, gedim körpüyə. Atanız piyada gəzməklə bilir neyləyir.

Nikita gülümsəyib başı ilə "bəli" işarəsi verdi, sonra da nə fikirləşdisə soruşdu:

- İşçilərimizdən bir nəfər də gəlsin sizinlə?

- Ehtiyac yoxdur, Nikita.

Fuad restorandan körpüyə gedən cığıra çıxdı. Hava soyumuşdu, ətraf seyrək dumana bürünmüşdü. Payızın təslim olmaq istəməməsini, qışın isə inadla gəlişini xatırladan bu cür hava ona həmişə nisgillik gətirirdi. Bu cür qışqabağı havalar vətəndə bir ay sonra olacaqdı. Vaxtsız qocalmış anası belə günlərdə həmişə ağır bir faciəni kədərlə xatırlayırdı.

Rayonun tanınmış ziyalılarından olan babası moskvalı qonağını evdə oğluna tapşırıb demişdi ki, bölgənin nüfuzlu şairinin dəfninə gedir. Qonağı yedizdirsin, darıxmağa qoymasın, qulluğunda yaxşı dursun...

Atası da süfrə salıb, yan otaqda hazırlanmış ləzzətli xörəkləri gətirib süfrəyə düzüb. Onun rusca sərbəst danışığı qonağa çox xoş gəlib. İllah da ona "Sergey Pavloviç" deyəndə cavan kişinin çiçəyi çırtlayırmış. Süfrəyə zəfəranlı plov, şabalıd, ərik, soğanla qovrulmuş ət, sonra qatıq, göy-göyərti, şərbət də gəlir. Qonaq yeməyi qaşıqla, atası isə əllə yeyir. Atası bir az keçmiş qonağına gözucu baxanda görür ki, onun qaşığından tük sallanıb, ucunda da düyü yellənir. Donub qalmış atası pərt olur, nə edəcəyini bilmir, sonra qonağın qaşığını götürüb cəld qalxır. "Zili" xalçasının üzərindəki xəncəri dəlisov tərzdə qamarlayıb "ubyu!" deyib nərə çəkir. Yan otaqda "hanı gəlinin?" - deyə qışqırıb, az qala hədəqəsindən çıxan gözlərini anasına dikir. Anası oğlunun halına, əlindəki qaşığa baxan kimi məsələnin nə yerdə olduğunu başa düşür. Hamilə gəlinin müdafiəsində durur: "Yadından çıxıb ki, arvadın hamilədir, bu gün-sabahdadır, xörək iyi ürəyini bulandırır? Biş-düşü ancaq özüm edirəm, o yazığın nə günahı, hə?" 

Atam bəlkə də bu sözlərdən sakitləşib xəncəri yerə qoyacaqdı. Amma qonağın yanında şir kimi durub tələsik, hirsli başla "ubyu" nidasının əsirinə çevrilib. Kişi də tüpürdüyünü heç yalayar? Geri yol görməyən, amma anasını da canından çox sevən atası iti xəncəri zərblə, ikiəlli qarnına soxub, özünü qanına qəltan edib... Yəqin belə yerdə deyiblər ki, insanın taleyi bir tükdən asılıdır.

Həmin gün özgə dəfnindən qayıdan babam öz doğmaca oğlunun dəfninə hazırlaşıb. Mən də bir aydan sonra belə bir nisgilli havada doğulmuşam. Çox keçməyib ki, nənəm, ardınca babam dünyalarını dəyişiblər. Mən isə atamın qonağını heç vaxt görməmişəm. İndi o kişinin baxışlarında atama aid bir şey tapa bilərəm, görəsən?

Bu düşüncələrlə körpünün məhəccərinə söykənib gözlərini Moskva çayının lal axan, civə kimi ağır, tutqun sularına zilləmiş Fuad Bəşirli hənirtiyə geri boylandı, restoran səmtindən ona tərəf ortaboylu, arıq, çalsaqqal bir kişi gəlirdi, dalınca da Nikita. Qoca Fuada on-on beş addım qalmış qollarını geniş açaraq titrək səslə "Xoş gəlmisən, oğlum!" deyib kövrəldi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!