Niyə Bodler həmişə heyran edir? - Görkəmli fransız alimi, Sorbonn Universitetinin professoru Andre Giyo (Andry Guyaux) ilə müsahibə

...biz qarşımıza sual qoyduq ki, əgər biz şairin əsərlərində fikir əlaqəsi görürüksə, onun arxasında filosof dayandığını deyə bilərikmi? Bu, əlbəttə, debat doğurdu. Bəziləri üçün şair rəngarənglik, xəyal, müşahidə adamıdır, ancaq o, filosof deyil. Başqaları üçün o, mütəfəkkirdir...

 

Andre Giyo 1951-ci ildə anadan olub, 1994-cü ildən Paris-Sorbonn universitetində XIX əsr fransız ədəbiyyatı professorudur. 2014-cü ildən Belçikanın kral fransız dili və ədəbiyyatı akademiyasının üzvüdür. Rembonun yaradıcılığı üzrə mütəxəssisdir və şairin tam külliyyatının Pleyad Kitabxanasında nəşrini hazırlamışdır. Eyni zamanda Bodler yaradıcılığı ilə də məşğul olur. Bodlerşünaslığa alimin ən böyük töhfəsi onun "Şər çiçəkləri"nin əsr yarım oxusu"  əsəridir (2007). 2017-ci ildə o, "Bodlerin Parisi" kitabını nəşr etdirib.

- Şarl Bodleri bir sözlə necə xarakterizə etmək olar?

- Bir sözlə xarakterizə etmək olmaz, ancaq  xatırlatmaq olar ki, o, ikinci Romantizmin böyük fiqurudur. O, 1821-ci ildə, Viktor Hüqodan iyirmi il sonra  anadan olub və bütün yaradıcılığında  romantizmin tədqiq etmədiyi sahələrdə öz yolunu tapmağa çalışıb. Hələlik poeziya deyil, incəsənətə aid məqalələr olan ilk əsərlərindən romantizmi dəqiq təyin etmək axtarışında olub.  Onun təyini belədir: " Məhrəmlik, rəng, ruhanilik, sonsuzluğa canatma". O, romantizmə  "gözəlliyin ən cari ifadəsi" kimi baxır və onunla müasir sənət arasında fərq görmür.

- O, həmçinin, şərin fəzasını tədqiq edirdi ki, bu da o qədər də xoş qarşılanmadı...

- Onun mühümlüyü çox tez tanındı, ancaq onun əsərləri çox polemik idi və şeirləri çox hücumlara məruz qalırdı. "Şər çiçəkləri"nin nəşri ilə bağlı məhkəmə prosesi bəzi magistratların qəfil qeyzinin yox, əsəri "əxlaqsız" adlandıran mətbuatın düşünülmüş kampaniyasının nəticəsi idi. Bodler çox tez məşhurlaşsa da, onun dühasını tanımaqdan imtina edənlər onu təhlükəli sayırdılar. Və onlar az deyildilər: Bodler nə  xoşniyyətli burjuanın, nə də  proqressistlərin tərəfində idi.

- Miszantrop, dendi, toksikoman, əyyaşlıq müğənnisi... Onun dövrü onu qalmaqallı adam kimi görürdü. Bu gün də belədirmi?

- Qalmaqal və prosesə səbəb olan əsasən onun libertin və lesbian əsərləridir. Onun şəxsiyyətinin qalmaqallı aspektləri ya da süni behiştləri daha az narahatlıq doğururdu. Ancaq biz həmişə olduğundan qətiyyətlə  ondakı qalmaqal ölçüsünü (dimension - X.X.) təsdiq etməliyik: Bodler mütləq dissidentdir. O, anlanılması çətin olan lənətlənmiş şair olaraq qalır.  Bu məsələ onun əsərlərinin tədqiqi ilə məşğul olanları birləşdirir: onlar onun nə yazdığının başa düşməyə çalışırlar.

O, ziddiyyətlər yaradırdı, onda paradoks duyğusu var idi, qırışıqlı xətləri sevirdi, biz isə düz xətlər axtarırıq. Ancaq biz hamımız onun dərinliyinə heyranıq.

- Parisdə sentyabrda keçirilən və Bodlerin ölümünün 150 illiyinə həsr olunmuş kollokvium niyə "Bodler fikri" adlanır?

- Bəli, biz  qarşımıza sual qoyduq ki, əgər biz şairin əsərlərində fikir əlaqəsi görürüksə, onun arxasında filosof dayandığını deyə bilərikmi? Bu, əlbəttə, debat doğurdu. Bəziləri üçün şair rəngarənglik, xəyal, müşahidə adamıdır, ancaq o, filosof deyil. Başqaları üçün o, mütəfəkkirdir. O özü heç vaxt sözün ciddi mənasında  fəlsəfi mətnlər yazmayıb,  ancaq o, bir neçə nəzəri essenin müəllifidir ki, bunlardan biri komediyaya həsr olunub. O, XVII və XVIII əsrin moralistlərini qiymətləndirirdi və özü də həvəslə aforizmlər işlədirdi. İstənilən halda aşkar görünən bir şey var ki, o da XVIII əsr ideologiyasından və Jozef de Meysterdən gələn fikirdir, lakin  bu fikir məzmunca dəyişilib, mahiyyətcə dissidentdir.

- Jozef de Meystr, 1790-cı illərdə əksinqilabçı cərəyanıın təcəssümü?

- Bəli, Bodler onu "görücü" adllandırırdı və deyirdi ki, o, Edqar Po ilə birlikdə "düşünməyi öyrənmişdi". Lakin Jozef de Meystrin ona təsir etmiş bütün cazibəsiylə yanaşı, Bodler əsas tənqidini tərəqqiyə qarşı yönəldir.  O, əsasən antriproqressistdir (antitərəqqiçidir). O, "tərəqqi dini" adlandırdığı proqressist xülyasının törətdiyi ziyanı göstərməkdən yorulmur, Bu, həqiqətdir ki, bir neçə onillik ərzində, lokomotivlərin və qazla işıqlanmanın şahidi olmuşdu, o, böyük bulvarların yaradıldığı vaxtlar Parisin necə dağıdıldığını görmüşdü. Bütün bunlar onu qeyzləndirir və narahat edirdi. 1855-ci ildə Birinci Ümumdünya sərgisi üçün III Napoleon hər yerdə maşınlar görmək istəyirdi. Ancaq Bodlerin tamamilə əleyhinə olduğu şey proqressizmin bədii yaradıcılığa tətbiq olunmağı idi. Onun fikrincə, gözəllik heç bir xronologiyaya cavab vermir. Sənətkar təkdir, fərdidir, onun nə sələfi, nə də xələfi var.

- Bodler öz dövrünün adamı olsa da, ona çoxlu tədqiqatlar həsr olunur. İndi onun təsirini nədə görmək olar?

- XX əsr alman filosofu və incəsənət tarixçisi Valter Benjamin deyib ki, onun əsərlərində "heç nə köhnəlmir". Əslində də onun əsərləri köhnəlmir. Ona görə də biz həmişə ona müraciət edə bilərik ki, dünyanı başa düşə bilək. Bir neçə yazıçı nəsli özünü onun ardıcılı sayıb: Verlen və Mallarme, sonra Valeri, Klodel, sürrealistlər, İv Bonnefoya qədər. Bizə daha yaxın zamanda Mişel Uelbek Bodlerin böyük oxucusudur. Bizim kollokviumda  bütün nəsillərdən olan tədqiqatçılar, həmçinin İtaliyadan, Almaniyadan, Böyük Britaniyadan olan alimlər iştirak ediblər. Və onu Çində, Yaponiyada, Braziliyada öyrənirlər, mövzu etibarı ilə Paris şairi olan Bodlerin ümumdünya auditoriyası var. Yalnız Paris şəhəri və onun mədəniyyət xidmətləri bu sahədə heç bir ölçü götürmür.

- Onun təsirinin öz ədəbiyyat çərçivəsindən çıxdığını demək olarmı?

- Bodler daim müasirlik ideyası ətrafında vurnuxub. Bu sözə onun daşıdığı mənanı verən məhz Bodler olub. Çox erkən öldüyündən o, impressionist məktəbinin doğulduğunu görməyib, ancaq Konstantin Ginin akvarellərinə münasibətdə onun belə bir düsturu var: "Müasirlik müvəqqəti, ötəri, təsadüfi olandır ki, sənətin yarısını təşkil edir, sənətin qalan yarısı isə əbədi və dəyişilməz olandır".  Bu konsepti izah etmək çətindir. Bodler üçüm müasirlik tərəqqinin pozitiv kontrapunktudur, əgər sənət əbədidirsə, o həmçinin bütün yeni olanla qidalanır, məsələn, yarandığını Bodlerin gördüyü fotoqrafiya kimi. Müasirlik, sənətin tuta bildiyi bütün ötəri, keçici elementlərdir.

- Ancaq o, elə mürəkkəbdir ki, anlamaq çətindir?

- Bodler gələcək oxucularına  bütün, bəzən ədəbiyyat dünyasından çox uzaq üfüqlərdən müraciət edir. On dörd yaşında "Albatros"u oxumaq  və "onu getməyə qoymayan" "nəhəng qanadlarla" çırpınmaq olar. Eyni şeyi onun kütlə və böyük meqapolislərin transpormasiyası haqqında yazdığı şeirlər haqqında da demək olar, dövrünün bu fenomenləri ona konkret olaraq toxunmuşdur. O, sosiologiya ilə maraqlanan hər kəsə düşüncə qidası verir. Bu mətnlər, onların ambivalentliyinə baxmayaraq, parlaq sosial tablo təklif edir. Məsələn, mən "Petites Viellies" ("Xırda qarılar")  düşünürəm: Bodler rəhmdillik və qəddarlıq arasında dolaşır və həmişə  qərarsızlıqdadır.

- Hər halda  əsəsən həmişə qaraya meyilli insan surəti qalır ki, bu da indiki vaxtın ovqatına uyğun gəlmir?

- "Səyahət"də ("Voyage") səyyahlar dünyanı iqlimi dəyişmək üçün dolaşırlar. Ancaq onlar hər mərhələdə yalnız  "ölməz günahın qüssəli nümayişi"ni görürlər. Bodler optimizmə nifrət edirdi və bu özü onu hərəkətə sövq edirdi. O, bizə təhlükə olan sadəlövhlük nəfsinə qarşı keşikçidir. Atüstü qeyd etmək lazımdir ki, bu, teoloji debatların mövzusu da ola bilər. O, ilkin günaha inanırdı. O, əmin idi ki, şərin kökü var və insana əbədi olaraq nişan qoyulub. "Şər çiçəkəri" də bu inamdan gəlir və Bodler istəyirdi ki, kitabının frontispisindəki şəkil Adəmlə Həvvanın günaha batmaları ilə bağlı olsun.

 

Sentyabr 2017,   "CNRS" jurnalında

Orijinal mətn burada:

https://lejournal.cnrs.fr/articles/pourquoi-baudelaire-fascine-toujours

 

CNRS - ildə dörd dəfə çıxan və 50 min nüsxə ilə yayılan, müasir elmi tədqiqatlara, proqramlara həsr olunan jurnaldır.

 

Fransız dilindən tərcümə etdi:   Xeyrulla Xəyal

Samara


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!