Kamuran - Çingənə Boqdan - Hekayə

..."Sənin özünü niyə ölümlə hədələdiyini anlamağım mənim də labüd olan məsələlərlə maraqlanmağıma səbəb oldu” - deyə alçaqdan danışırdı, çünki musiqi dayandırılmışdı. “Biz həqiqətən də bataqlığa yıxılmışdıq və sən gəlib bu bataqlıqdan çıxa bilməyəcəyimizi deyəndə, bir dənə də çözüm gətirmişdin, demişdin ki, uçma qabiliyyətini itirən quşun tək çarəsi yuvasından özünü atmaqdır və iki ehtimal var, ya uçacaq, ya da yerə çaxılacaqdır...

“Hə, bir adın varmı?” - qətiyyətlə soruşdu.

“Nişa”.

“Nişa”, - məzələnirmiş kimi dedi - “sən ilk dəfədir gəlirsən”.

“Elədir”, - mən utanaraq gözlərimi qaçırdım.

“Hə, danış görüm, hansı əlacdan istəyirsən?”

“Şey... mən başqa şey üçün gəlmişəm”.

“Hə-ə”, - deyə uzatdı - “başqa şey nədir?”

“Tapança istəyirəm”, - qətiyyətlə dedim.

“Paho!” - o, məəttəl qaldı, hirsləndi. - “Yeri get, bir də səni görməyim!” - əlini havada hiddətlə sallayaraq dedi və dönüb getməyə hazırlaşdı. - “Əclaf gədə, bir buna bax!”

Mən axşama qədər yol kənarındakı kötüyün üstündə oturdum. Çingənə Boqdan hər gələni budkanın arxasına aparırdı və çox keçmədən müştərilər məmnun halda ayrılırdılar. O, ən tapılmaz şeyləri satan bir insan idi, nə istəsən ondan ala bilərdin, lakin gərək ki, onun da prinsipləri var, yəqin öz əli ilə bir insanı ölümə göndərməzdi. Boqdan 30-35 yaşlarında olardı. Əynində bozarmış köynək və enlibalax şalvarı, ayağında isə səndəl var idi. Enlikürək, iri - yarı, genişalınlı sarıyanız bir adam idi. Tez-tez gözucu mən tərəfə baxır və dodaqlarını büzür, qaşlarını çatırdı. Axşama yaxın insanlar əvvəlcə seyrəkləşdi, sonra da heç kim qalmadı. Səyyar sütül satıcısı da ordan keçən son adam idi. Acından mədəm sıxılır, bükülürdü. Bir sütül aldım və yeməyə başladım. Yediyim sırada iki ortayaşlı oğlan gəldi, birinin əlində bıçaq var idi.

“Nişa sənsənmi?” - əlində bıçaq olan soruşdu.

“Mənəm. Yoxsa... Boqdan fikrini dəyişdimi? Verəcəkmi istədiyim şeyi?” - mən həyəcanlandım.

“Hə, fikrini dəyişdi”, - öndəki oğlan dilləndi.

Məni yaxşıca qanıma bələdilər. Sütül əlimdən düşdü, köynəyim yırtıldı, alt dodağım partladı və mədəm çox bərk ağrımağa başladı, çətinliklə nəfəs ala bilirdim. O da bəs etmirmiş kimi, baldırıma bıçaq yortdular, lakin o biri tayı Boqdanın çox açıb-ağartmamalı olduqlarını xatırlatdı. Birtəhər səndələyə-səndələyə yenə kötüyə oturdum. Onlar isə başımın üstə durub məni izləyirdilər və gülüşdüklərini eşidirdim.

“Öz xoşunla getməyini istəyirdin. İndi itil buradan, bir də səni görməyək”.

Getdilər. Qəhqəhələrini gözdən itənə qədər eşitdim, sonra budkaların yanında yoxa çıxdılar.

“Heyvan uşaqları!” nəfəs darlığım yavaş-yavaş düzəlincə mən dedim “sizi belə-belə eləyim...”. Yanağımdakı qızışma get-gedə azaldı, gözlərimdəki tor çəkildi. Bədənimi anlaşılmaz bir titrəmə basdı, sanki üşüyürdüm. Deyinə-deyinə uzun sürə titrədim. Sonra yavaş-yavaş titrəmə yox oldu. İndi isə dodağım və qarnım gizildəməyə başlamışdı. Qarnımı qucaqlayıb yırğalanır və tez-tez də köynəyimin qoluyla dodağımın qanını silirdim. Üstəgəl, baldırımdakı bıçaq yarası da gizildəyirdi, amma deyəsən çox yortmamışdılar, qaranlıqda yaxşı görə bilmirdim. İndi getmək istəsəm belə, uzun müddət gedə bilməyəcəkdim.

Kənardan özümü seyr etməyə başladım, çox aciz və gücsüz görünürdüm. “Eyni şeylərə yenə başlayıram” dodaqaltı dedim, “bəzən özümü seyr etməkdən bezirəm, həyatım bitmək bilməyən seriyala oxşayır”.

“Maraqlıdır, hər dəfə özümü öldürmək istəyəndə hər şey yoluna düşür; durğun saydığım həyatım bir andaca fəallaşır. Bəlkə də insanı yola gətirməyin ən yaxşı yolu elə qorxunu körükləməkdir”. Bir az duruxdum. “Yox, mən çoxu qorxudan düzəlmirəm, yaşamadığım, doymadığım həyatı sonlandırmağa əlim gəlmir; düzəlirəm, çünki sözümü tutacağımı çox yaxşı bilirəm. Bilmirəm bunun bir ucu qorxuya nə qədər toxunur, amma deyəsən mənim üzərimdə ölümdən çox həyatın təsiri var”.

Aradan saatlar keçdi. Mən öz-özümə gah müzakirə aparır, gah da ağrı-sızımın hayına qalırdım. O sıralarda çadırların yanında yenə qaraltı göründü, ağır-ağır yaxınlaşırdı.

“Hə-ə, Nişa”, - o, uzatdı - “çox inadsan”. - Bu Boqdan idi, səsindən tanıdım. O, sözünün davamında anlaşılmayacaq şəkildə dodaqaltı mızıllayaraq düz gəlib başımın üstündə dayandı, lakin ona baxmırdım.

“Prinsipial adamları çox sevirəm, bunu bilirsənmi?” - O, qarşımda sallağı əyləşdi və papirosunu alışdırdı.

“Bir siqaret də mənə ver!” - səsim əsirdi.

“Siqaretim yoxdu, istəyirsənsə papirosum var”.

“Hə, olsun, ver”.

O, birini də çıxarıb öz əli ilə dodaqlarımın arasına yerləşdirdi və alışdırdı. İlk nəfəsi alan kimi öskürtü tutdu, lakin tezcə də alışdım - əməllicə acı dadırdı.

“Nişa, gəl belə edək. Mənə hekayəni danış, xoşuma gəlsə, istədiyin şeyi verəcəyəm. Hə, nə deyirsən?”

“Razıyam”.

Çingənə Boqdan məni diqqətlə dinləyirdi. Tez-tez “hm”layaraq başını bulayır, danışdıqlarımı bəyəndiyini göstərirdi. Mən, - əsasən də döyüləndən sonra, - elə zara gəlmiş, elə coşmuşdum ki, danışdıqca səs tonum daha da yüksək, daha da içdən çıxırdı. Mən üç-dörd qullabdan sonra papirosu atdım, çox acı idi, Boqdan isə hər qullab vuranda közərən papiros onun gözlərində odlanır, sonra da közərirdi.

Boqdan dübarə papirosunu qullabladı və yerə atdı, sonra da yaxınlaşıb irəli əyilərək əlini çiynimə qoydu və dedi:

“Nişa, qarşılığında bircə istəyim olacaq; tez-tez yanıma gəl və özün haqqında danış, məni intizarda qoyma” - və əyilib başımdan öpdü.

“Nitqi çox kobuddur, çox kəskindir, amma olduqca xoş xasiyyəti var imiş” - gözlərimi yayındırmadan Boqdana baxırdım.

Çingənə Boqdan cibindən dəsmala bükülü bir şey çıxardı. Qaranlıqda nə dəsmalın, nə də haşiyəsinin rəngini seçə bilmədim. Ancaq dəsmalı açdığı zaman nəyinsə ay işartısını azca da olsa əks etdirdiyini gördüm.

“Bax, diqqətli davran, doludur və artıq gülləm yoxdur”, - mənə uzadaraq dedi. - “Əntiq əşyadır. Bundan sonra səninkidir”.

“Mənimkidir” - ürəyimdə dedim.

 

***

Qanadı qırıq bir quş olsaydım, görəcəyim ilk iş hündürlükdən özümü atmaq olardı; üzgəcləri zədələnmiş bir balıq olsaydım, o saat özümü quruya atardım.

Diriliyin dadına vara bilməyən bir insan olsaydım - ki, vara bilməməyim düşüncəsi məni dilxor edirdi - o saat həyatıma son qoyardım.

Bəzən özümü təhdid etdiyimi düşünürəm. Düzdür, hər uçma qabiliyyətini itirən quş özünü yüksəkdən tullamır, üzgəcləri zədələnən hər balıq da özünü quruya atmır, eləcə də diriliyin dadına vara bilməyən hər insan da ölümünə fərman vermir, lakin bu nəyi dəyişdirir ki? Necə ki, bəzi quşlar sırf uçmaq üçün var, necə ki, kimi balıq sadəcə üzdüyü zaman var olduğunu duyur, mənim mövcudiyyətim də dirilikdən gəlir, ona kənardan baxmaqdan yox. Aldadılmamaq və ya şərə məruz qalmamaq üçün duyğularımı, nifrətimi, dostluq hissimi, eşqimi, sevgimi, istək-arzularımı sinəmdəcə boğmaqdan, sinəmi məzara döndərməkdən usandım; qısacası, mənliyimi kirdən azad etmək üçün, bəli, - əgər bunu təhdid saymaq mümkünsə - özümü təhdid etdim. Bundan belə, mənə məğzində azadlıq daşıyan hər şey daha əhəmiyyətlidir.

Hər iki-üç gündən bir Çingənə Boqdanı görməyə gedirdim, mənə  bir dost kimi  vurulmuşdu. Onun bozarmış köynəyinə, enlibalaq şalvarına və ayağındakı səndələ baxdığımda ağlıma çizgi filmlərindəki bayağı geyimli xarakterlər gəldi. “Çingənə Boqdanı mən başqa qiyafətdə görməmişəmmi?” - deyə fikirləşdim. “Yox, nədənsə heç görməmişəm. Bəs soyuqlar düşəndə qalın paltarlar geyinmirmi? Əlbət ki, geyinir. Mən onu soyuq düşəndə görmürəm axı, qışda başqa yerlərə köçürlər”.

“Çingənələr lap quş kimidirlər, soyuqdan qaçırlar. Lakin hər quş soyuqdan qaçmır. Axı hər Çingənə də soyuqdan qaçmır, bəs bunlar niyə qaçırlar?” - deyə düşünürdüm ki, qış gəldiyi zaman Boqdan üçün necə də darıxdığımı xatırladım.

“Boqdan, qışda başqa ölkələrə getməyə məcbursunuzmu?”

“Bəs necə, yoxsa soyuqdan qırılarıq. Bizim evimiz belə yoxdur, onları belə-belə edim, bizə ev vermirlər”, - o, bir az ara verəndən sonra sözünə davam etdi. - “Bizimlə gəlmək istəyərsənmi? Sənin üçün maraqlı olar”.

“Bilmirəm. Ola bilər”, - mən dedim.

Çingənə Boqdan, adəti üzrə, vaxtaşırı sol yumruğunu sağ əlinin içinə alar, sağ əlinin işarət barmağını orta barmağına sürtüb zərbəyi gücləndirərək sol əlinin işarət və orta barmağı arasındakı boşluğa vuraraq həm əcaib və həm də xoş bir ritmik taqqıltı yaradardı. Alışılmışdan çox daha şad olduğunda isə bu prosesə zümzümə də qatardı. Lakin bu gün həm də nəfəsi sinə qəfəsinə sığmayan bir Boqdan var idi, önümdə sallağı oturmuş hər kəlməsini nəğmə söyləyən kimi quru dodaqlarının arasından çıxardırdı və vaxtaşırı aralanıb bitişən dodaqlarından çıxan sözlər eyni susuz qalmış balıq kimi çırpınmağa başlayırdı.

“Gəl, Nişa, gəl, buluda qarışaq, dənizə yağaq, dalğa olub sahillə sevişək, gəl, gəl.” - Çingənə Boqdan durub gedərkən məni də çağırdı, qaranlıqda üzü yaxşı görünmürdü, lakin vücudu, əsasən də əli-qolu bir yerdə durmurdu. - “O Ayı görürsənmi?” - ardınca gedərkən məndən soruşdu. - “Bir dəfəsində bədirlənmiş Ay kimi işaran gözləri olan bir qıza vurulmuşdum,” - araya sükut çökdü. Çingənə Boqdan hər Aya baxanda kövrəlirdi və mən bu günə kimi bunun səbəbini bilmirdim.” - İnsan iki nəfərə aşiq olur: “Bir, xəyallarında yaşatdığı ideal sevgiliyə; bir də real həyatda rast gəldiyi insana. İkinci çox sancılı olur və heç cürə birincilə üst-üstə düşmür.” - Dolama yolla bir xeyli getdik. Qaranlıqda gözlərim yaxşı görmürdü, tez-tez ayağım ya gölməçəyə, ya da palçığa batırdı. Boqdanın bir yerdə durub-dincəlməyən qaraltısını izləməyə dəvam edirdim.  - “Bir insan ağıllı ola bilər, çox ağıllı ola bilər, lakin ağıllı yaşaya bilməz,” - sonra ucu-bucağı görünməyən bir çölə gəlib çıxdıq. Uzaqdan içi durub-dincəlməyən kölgələrlə dolu çadırlar görünür, musiqi eşidilirdi. Boqdan tez-tez susurdu və vaxtaşırı aya baxırdı. Mən dinmirdim, Boqdanın bir yerdə qərar tapmayan qıvraq vücudunu səssizcə izləyirdim və ara-sıra dediyi sözləri dinləyirdim. - “Həyat bəzən xoş, bəzən sancılıdır, ağıl isə ideyalarla doludur, mükəmməllik vurğunudur. Xəyallarını puç etmək istəmərəm, lakin bunu bil ki, həyat mükəmməl deyil. Biz bunu bildiyimiz üçün dost olmuşuq”.

Çadırların uzaqdan göründüyü kimi olmadığı, göründüyündən daha da böyük və möhtəşəm olduğu nəzərimə çarpdı. Çingənə Boqdan sözünü tamamlamaq üçün çadırın qabağında dayandı və mənə tərəf çevrilərək dedi:

“Biz heç nəyi olduğu kimi görmürük. Heç fikir verməyibsənmi; yağış yağır, su damcıları yanağından aşağıya axır, lakin sənin varlığın məşəl kimi od tutub yanırsa, görəcəyin tək şey göylərdən od yağdığı, eşidəcəyin tək şey şaqqaşaq ocağın alışıb yanma səsi, hiss edəcəyin tək şey isə dərindən köz damcılarının axması olacaqdır” - o, səsini yüksəltmişdi, çünki musiqidən səsi zorla eşidilirdi. Çingənə Boqdan əlini çadırın pərdəsinə uzatdı və açmamışdan əvvəl dedi:

“Nişa, bizim lazım olandan artığını duyma bacarığımız var”.

Çingələ Boqdan pərdəyi azca aralayaraq içəri daxil oldu.

 

***

 

“Bizim lazım olandan artığını duyma bacarığımız var”. - Boqdan demişdi və çadıra girəndən sonra qələbəliyi yara-yara gedib uzaq küncdə oturub ağlamağa başlamışdı. “Onun üçün ağlamaq necə də xoşdur, bilirsənmi?” - O demişdi və sonrasında sözünə davam edərək “istək bədbəxtliklə sevincin arasında dayanıb, hər ikisindən də həzz ala bilir” - cümləsini tamamlamış, sonra da iri gilələrini eşməyə başlamışdı. Əlbət ki, mənim də içim göynəyirdi, Boqdan çox təsiredici sitəm edirdi, lakin ağıldan təmizlənmiş dərd həzz verə bilirmiş, bu, çox maraqlı idi.

Çingənə Boqdanın səsi get-gedə tutqunlaşırdı, getdikcə daha da ağızdolusu danışırdı, o, bir saat əvvəlki Boqdana bir tikə də oxşamırdı. Mənim cınqırım çıxmırdı, vaxtaşırı Boqdana göz qoyur, bəzən məclisə göz gəzdirir, bəs deyənə qədər içən, oynaşan adamlara baxır, çox vaxt da gözlərimi meylə dolu kuzəyə dikib eləcə duruxurdum.

“Nişa” öz-özümə dedim, “Boqdana sağ ol deməlisən, səni həyatın gedilməyən bucaqlarını, əlçatmaz künclərini gəzdirdi, oralarda sənə göstərdi ki, istək-arzuların çin olduğunda xoşbəxt, olmayanda isə bədbəxt olacağın kimi, bəzən də çin olmadığı zaman qəlbində daşıdığın dərd sənə xoş gələ bilər və bəzən də çin olduğu zaman səni qeyri-adi bir kədər bürüyə bilər; göstərdi ki, ağıl hər şey deyil, sadəcə insan varlığının bir parçasıdır, hansı ki, bir tək teorik, qavramsal olaraq işləyə bilir, durağandır və hansı qavram olur-olsun, həyata keçdiyi zaman qavramsallığı yoxa çıxır və heç vaxt gerçək şeylər ağlımızdakına bənzəmir və ağlıyla yaşamaq istəyənlərin yolu bədbəxtliyə çıxır, çünki həyat mükəmməl deyil, nöqsanlarla doludur; bunu bilənlər isə yeri gəlir xoşbəxt, yeri gəlir bədbəxt olur...”.

“Əksinə” - Çingənə Boqdanın səsini eşitdim, - “mən sənə minnətdaram ki, sənə göstərdiklərimi anlamağı mənim üçün əlçatan qıldın”. Başımı çevirib Boqdanın iri gözlərinə baxdıqda səsli düşündüyümün fərqinə vardım. “Niyə səsli düşündüyünün fərqinə varmadın, bilirsənmi?” - deyə Boqdan soruşdu. Geniş alnı qırış-qırış və çallaşmış çox da uzun olmayan saçları dolaş-dolaş olmuşdu. Diqqətlə gözlərimi ona dikmiş, sözünü tamamlamasını gözləyirdim. Azca irəli çönüb “çünki həqiqətən də mənə minnətdar idin” - dedi və əyilib başımdan öpdü. Mən təşəkkür əlaməti olaraq gülümsədim və Boqdanın davamında dediklərini dinlədim.

“Sən əgər məndən tapança istəməsəydin və mənə özün haqqında hər şeyi danışmasaydın, bəlkə də, mən də sənə göstərdiklərimdən məhrum qalacaqdım” -dedi. Səsi indi daha aydın çıxırdı. “Sənin özünü niyə ölümlə hədələdiyini anlamağım mənim də labüd olan məsələlərlə maraqlanmağıma səbəb oldu” - deyə alçaqdan danışırdı, çünki musiqi dayandırılmışdı. “Biz həqiqətən də bataqlığa yıxılmışdıq və sən gəlib bu bataqlıqdan çıxa bilməyəcəyimizi deyəndə, bir dənə də çözüm gətirmişdin, demişdin ki, uçma qabiliyyətini itirən quşun tək çarəsi yuvasından özünü atmaqdır və iki ehtimal var, ya uçacaq, ya da yerə çaxılacaqdır. Bizi anadangəlmə necə uçulacağı öyrədilməmiş quşa bənzədirdin” - Çingənə Boqdan artıq özünü yığışdırmış, ciddi tərzdə danışırdı. Araya xoş bir sükut çökdü. Qısa bir sürə mən Boqdana, Boqdan da mənə diqqətlə baxdı.

“Hə, nə deyirsən, bizimlə gedəcəksənmi?”

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!