Fazla şiirden öldü Edip Cansever - Azər Turan - Azər TURAN

Azər TURAN

Bir elma tadı gezdiriyorum kafamda
Anlaşılması güç bir elma tadı
Ya sayılarla çiftleşiyor ya notalarla
Hiçbir zaman gebe olmadı.
Bence bu asılmak saati kadınsızlıkla
İğneyle, saatle,
    bir kadın çorabıyla asılmak saati
Bir müziktir ayrıca iki tek kadın çalışır
Bir yatakla bir müzik iki tek kadın
İki tek kadın çalışır aynı yatakta.
Sonra kadınlar iyi kemanlar kolay
Kemanlar uzun kadınlar kısa.

Bir elma tadı gezdiriyorum kafamda... Anlaşılması güç bir elma tadı... Təbii ki, ya saylarla, ya da notlarla ciftləşən və heç zaman da kama yetməyən və anlaşılması çətin olan alma dadlı bu şeirin içərisində sıxılıb qalmış enerjinın partlayışı Yunan mifolojisindən - Parisdən Afroditaya, Qogenin "Hardan gəlirik? Nəyik? Hara gedirik?" tablosundakı Həyat ağacına, bu ağacdan alma dərən Adəmdən alma yeyən gənc Həvvaya qədər mifolojinin, ədəbiyyatın, rəssamlığın varolduğu neçə minillik zamanda əks-səda verir. Təkanlarını "Tövrat"dan, "İncil"dən, Olimpdən, Troyadan, "kölgəsində övliyalar yatan alma ağaclarının altında yuvarlanan" qısır qadınlara, Taitiyə qədər bütün estetik məhvərdə hiss etdirir. Edip Cansevərin bu şeirindən yola çıxaraq "Tövrat"ın ilk səhifələrindən  - Yaradılış kitabındakı Aden bağçasındakı ilk günahdan "İncil"dəki son səhifələrə - Apokalipsisə qədər gəlmək olur. Amma hər kəs də razılaşar ki, bu şeir izaholunmazdır. Bəlkə də bir metamarfoz oyundur. Özü demişkən,  "akılla oynamak yani". Qadınsızlıqla asılmış zamanın alma dadı. Hələ üstəlik alma dadının musiqi ilə ciftləşməsi və "gəbə" qalmaması... Amma həm də: Bir müziktir ayrıca iki tek kadın çalışır Bir yatakla bir müzik iki tek kadın İki tek kadın çalışır aynı yatakta... Sonra kadınlar iyi, kemanlar kolay, Kemanlar uzun kadınlar kısa. Təbii ki, Edip Cansevərin bu şeiri onun poetik bünyəsini bütövlükdə əks etdirmir. Bu, Cansevər poetikasının bir epizodudur.
"Ne kadar konuşursak o kadar bir sessizlik olur Adımızı sorarız birine, o bize adını söyler" - deyə absurdun kandarında dayanan Cansevərin poetik ruhu ekzistensialist ruhdur. Bədbindir. Pessimistdir. "İnsanın insana verə biləcəyi ən dəyərli şey yalnızlıqdır!". "Balıqla dəniz tutan" ümidsizlərin, həyatdan bezginlərin iztirablarını yazan Edip Cansevər "Məndilimdə qan səsləri" şerində hətta caz musiqisi kimi qısa və sürətlə gəlib keçən hüzndən də imtina edir... Hər şeydən və sonunda hüzndən, kədərdən də imtina. Bu, ekzistensialist baxışa görə "hər şey olan bir heçin qarşısında özünün bir heç olduğunu kəşf edən bir varlığın  böhranıdır".
Cansevərin "Masa da masaymış ha" şeiri sürrealist Prevertin estetikası ilə səsləşsə də, sürreal deyil, hətta absurd da deyil, heç abstrakt da sayılmaz və bütün bunlara rəğmən, şeirdə modernist estetikanın bütün üfüq xətləri aydın görünür.  Yaşama sevinci içində olan adam masaya açarlarını, mis cama çiçəkləri, südünü, yumurtasını, pəncərədən gələn işığı, velisoped səsini, çörəyin, havanın yumşaqlığını, ağlında olanları, həyatda etmək istədiklərini, sevdiyini, sevmədiyini, pəncərədən görünən göy üzünün ənginliyini, neçə gündür içmək istədiyi pivənin süzülüşünü, yuxusunu, oyanıqlığını, toxluğunu, aclığını qoydu: Masa da masaymış... Bu qədər "yükün" ağırlığına bir-iki dəfə yellənib, yırğalanıb durdu... dözdü.
Şeir dilini şairanədən arındıran Birinci Yenidən (Qəribçilərdən) sonra İkinci Yeni şairanəni nəinki gəllişdirdi, Türk şerinə Əhməd Haşimdən miras qalan mübhəmliyi, qapalılılığı daha da dərinləşdirdi. Edip Cansevərin, Camal Sürəyanın bəzən hətta erotik şeirlərinin dilindəki mübhəmlik, zahiri xaotiklik Sezai Qaraqoçun təsəvvüf içərikli şerindəki mübhəmliklə polifonya təşkil etdi. Amma Cansevərin şeri daha çox mübhəm notlar üzərində quruldu. Əks anlamlı sözləri (bəzən isə bir neçə anlamsız sözü) yanaşı gətirib, bütövləşdirib, şeirdə türkcənin poetik yapısını dəyişdi. "Sonra kadınlar iyi, kemanlar kolay, Kemanlar uzun, kadınlar kısa". İkinci Yeni şairləri barədə Asim Bezirçinin vurğuladığı səciyyələr daha çox Edip Cansevərin şeirlərində göründü: ənənədən qopdu, hiss və duyğularını bir poetik məhlulda qarışdırdı, bənzərsiz bir xəyal gücü ilə duyğularını abstrakta, mücərrədə yönəltdi, şeirə anlamsızlıq yükü gətirdi, oxucudan uzaqlaşdı (uzaqlaşsa da, ən çox oxunan şairlərdən oldu...)
Edip Cansevər əlli yeddi il yaşayıb. Ölümünün hər kəsə bəlli olan səbəbindən başqa bir də Camal Sürəyyanın yazdığı ədəbi epiqrizi var: "Her şeyin fazlası zararlıdır ya, Fazla şiirden öldü Edip Cansever".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!