Narıngül - Uğur böcəyi - Hekayə

İndi gözucu kişiyə nəzər saldı, ilk baxışdan diqqət cəlb etməsə də, incə cizgili, zərif üzü vardı. Hansısa xarici ölkə aktyoruna bənzətdi kişini. Kişi qurdalanaraq yol çantasından peçenye çıxartdı. Yüngülcə qoluna toxunaraq, ona uzatdı. Əvvəl istədi götürməsin, amma üzündə elə səmimi ifadə vardı ki, etiraz edəmmədi. Sonra kişi çantasından su çıxartdı, səliqəylə salfet çıxartdı, öz aralarında kiçik bir süfrə açdı. Az qaldı desin ki, deyəsən, tək yaşayırsınız, amma demədi...

 

Yenə də özünə hesabat verir, özünü ağ yuyub-qara sərirdi. Uzaq yoldan gələn bu gəmiyəbənzər avtobusun bir küncündə, gözlərini ucsuz-bucaqsız çöllərə zilləyib, özünə dar ağacı qurmuşdu. Qələt edib aydan-ildən sonra bir səfərə çıxmış, adam olub, adamlara qoşulmuşdu. Bu da belə... İstəyirdi o da adamlar kimi gəzib-əylənsin, "Əşi, onsuz da beş günlük dünyadır, kef elə" - desin... Deyəmməmişdi. Ürəyiylə beyni yola getməmişdi, yoxsa nə vardı ki?..

Budəfəki səfərə demək olar ki, şöbə müdiri, həm də yaxın rəfiqəsi olan Təranə göndərmişdi. Demişdi: - Get, qazanacaqsan! Beləcə demişdi, qazanacaqsan! Onun da ürəyi atlanmışdı.  Bu Təranə də Allahın bəlası idi ha... Bilmədiyi şey yoxdur, yerin altını da bilirdi, üstünü də. İstəsə, bütün dünyanı idarə edə bilərdi. Yola düşməzdən əvvəl demişdi: - "Bax ha, boş qayıtma! Əli ətəyindən uzun üstümə gəlmə, öldürrəm səni..." "Öldürrəm"i, əlbəttə, ərklə demişdi. Daha durub onu öldürən deyildi ki... Həmişə nigaran olurdu ondan, istəyirdi yol göstərsin, aydınlığa çıxarsın. Yoxsa nəyinə gərəkdir ki, bu, ərə getdi, yaxud getmədi?

Onun dediyi kimi eləmişdi. O dediyi adamla kənara çəkilib çay içmiş, o uzaq şəhəri təklikdə gəzib-dolanmış, birlikdə xeyli vaxt keçirmişdilər. Amma nə Təranə deyən hörmət olmuşdu, nə də xüsusi diqqət. Eləcə uzun-uzadı elmdən, elmi kəşflərdən danışmışdılar. Kişi ona elm adamı, alim kimi baxmışdı, vəssalam. Yəqin ki, Təranə onu əfəl adlandıracaq, o ki var danlayacaqdı; - Nə elm, ay qız, elmdən danışmaq nədir, başqa mövzu yox idi danışmağa?! 35-yaşın var, 35!

O da bu yerdə səsini içinə atıb, kal səslə, bir qədər də ehtiyatla dillənəcəkdi:

- Sonra bilirsənmi, nə oldu? Bu yanımızdakı aspirant qız yenə də kötük oldu mənə. Ətrinin iyini yenə də kəmənd edib atdı ortaya. Sən deyən adam da onu görən kimi hayıl-mayıl oldu buna. Mən yaddan çıxdım. Həmişəki kimi... Adam mənə ancaq alim kimi baxırdı, alim kimi... "Professor" deyə müraciət edirdi...

Birdən-birə özündən iki oturacaq irəlidə əyləşmiş professora gözü sataşdı. Ürəyində professoru top atəşinə tutdu. - Kimə lazımdır, bu professor?! Əzizləyəni yox, sevəni yox! Deyir, mənim davamçımsan, səni görəndə özümü xatırlayıram, filan... Yox bir! Nəyimə lazımdır?! Nə olsun, dünyaya səs salan şan-şöhrəti var. Sonunda təkdir-tək... Sevəni, qayğısını çəkəni yoxdur. Başına bir kişi əli sığal çəkmirsə, daha nə qadınsan?!

Yaman qorxurdu professora bənzəməkdən.

Professordan başqa üç nəfər yoldaşı da vardı avtobusda. Beşnəfərlik bir heyətlə getmişdilər qonşu ölkədə keçirilən elmi konfransa. Ucdantutma hamısını da professor kimi təqdim eləmişdilər. Əslində, onunla yaşlı professordan başqa aralarında professor-filan yoxdu. Biri zəhləsigetmiş, gözəl olmasıyla öyünən, başıboş kişilərin qənimi aspirant qızdı, biri sıravi müəllimdi, o biri isə şöbələrin birində katibə işləyən, institutda "atmaralı" adlandırılan cavan qızdı. Əvvəlcə hamısı "professor" sözündən diksinmişdi. Amma sonra öyrəşmişdilər. Avtobusdakı yupyumru konduktor qız da onları professor adlandırırdı. Hətta atmaralı qıza da ağızdolusu professor deyirdi. Bu, yaşlı professoru qıcıqlandırırdı, amma daha əlacı yoxdu. Hər dəfə də qıcıqlananda professorun üzünə baxır, ondan heyfini çıxırdı. Ona elə gəlirdi ki, yaşının ötməsinin, tək qalmağının əsl səbəbkarı bu professordur. "Tələbələrin içərisində ən çox sənə gümanım var, sən də mənim kimi şöhrətli alim olacaqsan, - deyirdi professor, - o birilərin fikri dağınıqdır, təkcə sən fikrini elmə yönəltmisən. Doğrudur, o aspirant qız çox yaraşıqlıdır, gözəldir, amma onun elm adamı olacağını güman etmirəm. Ümumiyyətlə, gözəl qadınların elm adamı olacağına inanmıram!" Əvvəllər yaman qürrələnərdi bu sözlərdən. Amma indi tamam dəyişmişdi. Bu yerdə lap yanıb-tökülürdü. İstəmirəm, lazım deyil! Sənin davamçın olmaq istəmirəm! Bir nöqtədə sıxılıb qalmaq, bir qəlibə pərçimlənmək istəmirəm. Qadın olmaq, xoşbəxt yaşamaq istəyirəm. Sevilmək istəyirəm!

Əlini üzündəki ləkə yerlərinə apardı. Uşaq vaxtı çıxartdığı sivilcədən qalmışdı ləkələr. Sol yanağında ada yerinə bənzəyən üç dəyirmi işarədi. Çox vaxt xüsusi səylə - kremlə ört-basdır etsə də, yol nişanəsi kimi qabarıb üzdə dayanırdı. Ən ağrılı yeriydi. Həmişə ona mane olan da elə bu ləkələrdi. Həmişə düz ordan sınırdı. Anası deyirdi ki, heç hiss olunmur, həm də sənə yaraşır bu ləkələr. Onsuz da özün də qaraşirinsən. İnanmırdı anasına. Bir vaxtlar, çox uzaq keçmişdə, sevdiyi oğlan vardı. Dəli kimi idilər bir-biriləriyçün. Amma oğlan birdən-birə atmışdı onu. Özü də ən yaxın rəfiqəsinə görə atmışdı. Rəfiqəsinin üzü güzgü kimi şümaldı, ağappaqdı. Həmin gün evə gəlib aynanın qarşısında xeyli ağlamışdı, az qalmışdı intihar etsin. Sonralar fikrini elmə, kitablara yönəltmiş, gecəsini-gündüzünü oxumağa vermişdi.

Yupyumru konduktor qız avtobusun ortasında fırlanır, sərnişinlərə su təklif edirdi. Ağappaq qızdı, üzündə gülüş vardı ki, bu da peşəkarlığından xəbər verirdi. Konduktor qız tez-tez enlikürək sürücüylə pıçıldaşırdı. "Yəqin bu, sürücünün adamıdır" ürəyindən keçirdi, "Allah bilir yollarda nə qədər macəraları olub". Xəyalında sürücüylə konduktor qızın sevişmə səhnəsini canlandırdı, ürəyi döyündü. Artıq xeyli müddətdi ki, sevənlərə həsəd aparırdı. Əvvəllər elə də fikir verməzdi. Əvvəllər qarşısında məqsədi vardı, üzüyuxarı dırmaşacağı zirvə vardı, beynini, ürəyini, vaxtını o zirvəyə doğru cəmləmişdi. Amma elmi müdafiədən sonra sanki birdən-birə ayılmışdı. Daha fəth ediləsi zirvə yox idi, beyni də, hissləri də azaddı. Boşluğun içərisində qalmışdı, geriyə boylananda az qalırdı dəli ola.

Hiss etdi ki, bayaqdan ayağıyla bir qədər yumşaq bir cismi tapdalayıb. Əyilib baxdı. Yanında əyləşən sarışın kişinin ayağı idi tapdaladığı. Kişi yazıq ədəbindən səsini çıxartmırmış. Kişinin üzünə baxdı. Kişi yüngülcə qızararaq gülümsündü. Avtobusa minərkən kişiyə ötəri nəzər salmış, onu əcnəbiyə bənzətmişdi, maraq dairəsində olmamışdı. Nəzərə alanda ki, hələ uzun bir yolu birlikdə, yanaşı əyləşib qət edəcəklər, lap elə onunla bir-iki kəlmə kəsmək də olardı. Ancaq lazım bilməmişdi. "Nəyimə lazımdır, o qədər dərd-sərim var ki, bir elə bu çatışmır" - deyə başını avtobusun şüşəsinə söykəmişdi.

İndi gözucu kişiyə nəzər saldı, ilk baxışdan diqqət cəlb etməsə də, incə cizgili, zərif üzü vardı. Hansısa xarici ölkə aktyoruna bənzətdi kişini. Kişi qurdalanaraq yol çantasından peçenye çıxartdı. Yüngülcə qoluna toxunaraq, ona uzatdı. Əvvəl istədi götürməsin, amma üzündə elə səmimi ifadə vardı ki, etiraz edəmmədi. Sonra kişi çantasından su çıxartdı, səliqəylə salfet çıxartdı, öz aralarında kiçik bir süfrə açdı. Az qaldı desin ki, deyəsən, tək yaşayırsınız, amma demədi...

Deyəsən, kişi söhbət etməyə məqam axtarırdı:

- Bayaqdan istəyirdim sizi danışdıram, amma çəkinirdim. Nə əcəb, belə gözəl xanım, uzaq yola tək çıxmısınız?

"Nə? Gözəl xanım? Yaman da gözələm. Üzümdəki ləkələrə yaraşır elə gözəl xanım".

- Nəyim gözəldir ki... Yəqin lağ edirsiz.

- Yox, lağ nədir? Gözəl-göyçək xanımsınız. Üzünüzün ifadəsindən zərif kraliçalara bənzəyirsiniz.

Görəsən ələ salmır ki?.. Amma yox, kişinin baxışlarında bir heyranlıq vardı.

Birdən-birə ürəyindəkiləri kişiyə açıb tökdü. Lap elə dost kimi, qardaş kimi, ata kimi ərk elədi, dil-dil ötdü:

- Nə bilim, məni qadın kimi dəyərləndirən az olub. Gəncliyimdə vaxt olub sevmişəm, o da guya məni sevib. Amma sonradan məlum olub ki, sevməyib, yaraşıqlı rəfiqəmlə görüşməyə başlayıb. İndi də kişilər mənə daha çox elmimə görə hörmət edirlər. Professoram axı...

Kişi maraqla onu süzdü.

- İnana bilmirəm, belə cazibəli qadını diqqətdən kənarda saxlayıblar.

Birdən-birə bu yad kişiyə ərk elədi, ürəyindəkiləri açıb-tökdü, üzündəki adayabənzər ləkələrin onu necə sındırdığından, həyatdan necə küsdürdüyündən danışdı. Kişi də gülümsünərək anası kimi cavab verdi: - Dərd etməyə dəyməz. Sənə yaraşır.

Başını şüşəyə dirəyib mürgüləməyə çalışdı, daha doğrusu, özünü yatmış kimi göstərdi. Kişi başını arxasına qoyduğu üzərində uğur böcəyinin rəsmi olan balaca, yumşaq döşəkcəni ona uzatdı: - Al, başının arxasına qoy, boynun ağrımasın.

Etiraz elədi. Kişi əl çəkmədi. Ürəyi istiləndi.

Bir qədər keçmiş kişi öz həyatı haqqında danışdı:

- Bir oğlum var, başqa ölkədə təhsil alır, həyat yoldaşım, oğlum səkkizinci sinifdə oxuyarkən vəfat edib. Tək yaşayıram, oğluma baş çəkməyə getmişdim, - sonra oğlundan danışmağa başladı, - yaman savadlı, ağıllı uşaqdır.

Kişi danışdıqca ürəyində onunla doğmalaşdı, o qədər doğmalaşdı ki, ona ərə getdi, kişi onun qayğısına qaldı, qol-boyun uzaq səfərə çıxdılar, kişiyə uşaq doğdu, oğlunu evləndirdi, xoşbəxt oldular.

Birdən-birə ayıldı, kişi muncuq kimi sözləri sapa düzüb, danışıb tökür. Kişi onun boynunun arxasına qoyduğu yumşaq döşəkcəyə işarə elədi:

- Bu uğur böcəyini alanda bilirdim, bu gün bəxtim gətirəcək.   

Bir qədər sonra avtobus çay içmək üçün fasilə etdi. Kişi onun qolundan tutub, nəzakətlə aşağı endirdi. "Professor" heyətiylə birlikdə çay masasının ətrafında əyləşdilər. Kişi yaxınlıqdan şirniyyat alıb masaya qoydu, çay sifariş etdi. Professor kişiyə zənlə baxdı, təşəkkürünü bildirdi. Sonra nəzərini ona zillədi:

- Nə tez dostlaşdınız bununla?..

Professorun replikasını eşitməməzliyə vurdu. Kişi nəzakətlə onlara çay süzdü. Ürəyində qürrələndi: "Qoy görsünlər, belə ərim, yox e, dostum, lap olsun sevgilim, belə sevgilim var." Ən çox da aspirant qıza yanıq vermək istədi. Kişi aspirant qızla üzbəüz oturmuşdu. Aspirant qızın ətrinin iyi hər tərəfə yayılmışdı. "Elə bu ətirlə kişiləri ətrafına toplayır, ram edir" - deyə düşündü. Görək kişinin reaksiyası necə olacaqdı. Həlledici məqamdı.

Yox, kişi aspirant qız tərəfə heç gözucu da baxmadı. Baxışlarını ancaq ona zillədi.

"Sınaqdan çıxırsan, uğur böcəyim..."

Avtobusa qalxdılar. Yolboyu xeyli söhbət etdilər. O qədər danışdılar ki, bir-birinin həyatına əməlli-başlı bələd oldular, hətta görüş də təyin etdilər. Sonra kişi onun əllərini ovcunda saxladı. Bütün canına istilik, rahatlıq, xoşbəxtlik yayıldı. Avtobus artıq doğma şəhərə daxil olmuşdu. Uzaqdan sıralanmış, hündür binalar göründü. Kişi ondan bir qədər əvvəl avtobusdan endi. Əlini bir daha sıxıb pıçıldadı: - Görüşərik, uğur böcəyim.

Şirin bir yuxudan ayılıbmış kimi onun arxasınca uzun-uzadı baxdı. Sonra "uğur böcəyi"ni sinəsinə sıxdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!