Burulma və ya çağırış - Aslan Quliyev - Hekayə

 

Hekayəni yazdım. Aparıb qəzetdə şöbə müdirinə verdim. Müdir hekayəni oxudu, başını qaldırıb məni şübhəylə süzdü və dedi:

- Burubsan.

- Nəyi? - karıxıb qaldım.

- Hekayəni.

- Hara burmuşam? - hələ də eşitdiklərimə inana bilmirdim.

- Bunu mənmi sizə deməliyəm?

Hekayəni hara və necə burmağım hələ məlum deyildi, bunun əvəzində isə boynumu burmağa başladım. Bir halda burduğumu görürsünüzsə, siz deməlisiniz. Çünki mən ha baxıramsa hekayənin harasa burulduğunu görmürəm. Axı onu nəyə görə burmalıymışam? Əgər doğrudan da burulubsa, demək, özü burulub. İndi heç kimə etibar eləmək olmur, hekayələrə isə heç  olmaz.

Adam təzədən gözlərini mənə zillədi, dərinliyini görə bilmədiyim bu gözlərdən çıxan şüaların sinəmi deşərək kürəyimdən necə çıxdıqlarını aydın görürdüm. "Əlbəttə, görürəm, sizi qarşımda necə aydın görürəmsə, hekayəni də burduğunuzu elə aydın görürəm. Qərbə burubsunuz. Hələ bir Sovet gənci, hələ bir komsomolçu!"

Hər bir sözün qaya parçası kimi üstümə aşmağını yazmağa ehtiyac yoxdur. Bədənimə üşütmə düşdü. Bu necə ola bilərdi? Allah, Allah, mənə nə olmuşdu? Durduğum yerdə hekayəni niyə burmuşdum? Həm də heç yerə yox, məhz Qərbə. Yenə Şərqə bursaydım, birtəhər özümə haqq qazandıra bilərdim. Amma hekayəsi Qərbə burulan yazıçı, həm də gənc yazıçı, komsomolçu özünə necə haqq qazandıra bilərdi?

- Əminsiniz?

- Nəyə?

- Hekayənin burulmağına.

- Əminəm! Adım kimi.

- Yəni, Qərbə?

- Qərbə!

Qardaşım haqlıydı. Məndən yazıçı olmayacaqdı. Yazmağa təzə-təzə başlamışdım. İlk hekayələrimi yazırdım. Hələ bir yazıçılığımla fəxr də eləyirdim. Buyur, bu da sənə yazıçılıq! Qələmi əlimə götürən kimi hekayənin ağzını Qərbə, düşmənlərimizə tərəf döndərmişdim. Daha doğrusu, burmuşdum. Ha çalışdımsa belə iyrənc təşəbbüsə haçan başladığımı xatırlaya bilmədim. Bu lənətə gəlmiş bəlkə öz-özünə burulmuşdu? Onsuz da ağlım kəsəndən işlərim düz getmirdi. Ümidim bircə yazıçılığa idi. Onda da burmağa başladım.

- Bəxtin çəkib, - müdirin səsi məni xəyaldan ayırdı, - mənim çox yumşaq qəlbim var. Daha doğrusu, gözəl qəlbim. Sizin bu alçaq hərəkətiniz haqda lazımı yerlərə məlumat verməyəcəyəm. Əslində, zirzəmilərdə  bu alçaq hərəkətiniz üçün cavab verməliydiniz, amma  insafım buna yol vermir.

Yumşaq qəlbli, daha doğrusu, gözəl qəlbli şöbə müdirinə dönə-dönə təşəkkür eləyərək burulmuş hekayəmi götürərək otaqdan çıxdım. Redaksiyanın girişindəki zibil qutusuna atdım. Amma heç qutudan beş-altı addım aralanmamış dönüb geri cumdum. Mən nə iş görürdüm? Birdən hekayə burda çekistlərin diqqətini cəlb elədi... Onda şöbə müdirinin qəlbinin necə olması kara gəlməyəcək, zirzəmidə şanlı çekistlərimiz üçün burulma olayına aydınlıq gətirəcəkdim. Bunu düşünəndə belə bədənimdə qarışqa gəzirdi.

Hekayəni zibilyığanların yandırdığı ocağa atdım. Sona qədər necə yanmasına ləzzətlə baxdım. Səni əclaf, burulmağa başlayanda, yanacağını da göz önünə almalıydın. Bəxtimiz çəkdi ki, yumşaq qəlbli, vicdanlı sovet insanına rast gəldik, yoxsa məni də yandıracaqdılar. Özü də sənin kimi yox. Sən beşcə dəqiqəyə yanıb kül oldun. Məni isə aylar, illər uzunu yandıracaqdılar. Ta ruhum bədənimi tərk eləyənə kimi. Zarafat işdimi, Sovet insanı adını nə qoyub hekayəsini Qərbə doğru buruşdurar?

Bəxtimin gətirdiyinə, canımı belə asanlıqla qurtardığıma görə sevinirdim. Arabir ürəyimə şübhə da damırdı. Görəsən şanlı çekistlərimiz külü aşkarlayıb hekayəni oxuya bilərlərdilərmi? Aşkarlarsalar, batdım. Zirzəmi yolumu gözləyirdi.

İndi artıq yeni hekayələrimi yazanda bütün diqqətimi toplayır, hekayənin harasa burulmasına yol verməmək üçün nə bacarığım varsa səfərbərliyə alırdım. Hekayəni qurtarır, oxuyur, heç hara burulmadığına əmin olurdum. Amma yenə də şübhə içimi gəmirirdi. Bəlkə mən görə bilmirdim. Hekayə yenə də harasa burulmuşdu?

Qonşu otaqda cavan bir həkim kirayədə qalırdı. Ara-sıra makinada yazdığım hekayələrii oxuyur, fikrini də deyirdi. Çox içirdi, bunun mənə isti-soyuğu yox idi. Amma içəndən sonra hekayəyə "hekayəciyəz" deyirdi. "Ciyəz"lərin isə mənə əməlli-başlı isti-soyuğu var idi. Möhkəm toxunurdu, amma dözməyə məcburdum. Çünki ətrafda ikinci başqa oxucum yox idi. Hekayəni ona verdim:

- Oxu, - dedim.

- Oxumuram! - Həkim gözlədiymin əksinə olaraq çox sərt cavab verdi.

- Üç bakal pivə məndən.

- Niyə oxumalıyam?

- Bax gör, harasa burulmayıb ki?

- Beş bakal pivə.

Razılaşmaqdan başqa yolum qalmadı. Həkim də axşama hekayənin hazır olacağını dedi. Axşam səbirsizliklə həkimdən soruşdum:

- Oxudunmu?

- Oxudum! - Həkim təntənəylə dedi.

- Burulubmu?

- Əvvəlcə beş bakalımızı görəlim!

Həkimi çayın sahilindəki yeməkxanaya apardım. Beş bakalını son damlasına qədər gördü. Əslinə qalarsa, daha iki-üç bakalı da görmək istəyirdi, amma mənim maddi imkanlarıma görə beş bakalın özü belə israfçılıq idi və istəməsəm də yeganə oxucuma yox cavab verməli oldum. Yeganə oxucum digər bakalları görə bilməsə də, sərxoş olmuşdu. Dili çətinliklə söz tuturdu. Mənsə səbirsizliklə onun rəyini gözləyirdim. Adam nəsə demək istəyir, ancaq sözünü başa çatdıra bilmirdi. Nəhayət, çətinliklə də olsa sözünü deyə bildi: Bilirsən, sənin bu hekayəciyəzin… belə baxanda burulmayıb, amma elə baxanda, deyəsən, burulub.

Görünən buydu ki, pulumu havaya sovurmuşdum. Adam məni lap şübhəyə saldı. Yaxşı, - dedim, - elədən baxanda burulubsa, barı sən onun hara burulduğunu görə bildinmi? Həkim əlini yuxarı qaldırdı: - Sən sabah axşama beş bakal da pivə alarsan. Mən ona hekayəciyəzi bir də oxuyaram. Onda hara burulduğunu müəyyən eləyə bilərəm. İndisə hər şeyi dumanlı görürəm.

Beş bakal almaqdan söhbət gedə bilməzdi. Almadım. Hekayəni də oxumaq üçün başqa kiməsə vermədim. KQB agentlərinin əlinə düşə bilərdi. Onlar hər şeyi dumanlı görən qonşumdan fərqli olaraq bircə göz qırpımında hekayənin hara burulduğunu görəcəkdilər.

Səhər isə işə gedən həkim düşdü üstümə: - Pivə köhnə imiş, zəhərlənmişdim. Səhərə kimi yatmamışam, yerin içində burulmuşam. Sənin o hekayən də gözlərim önündə burulub gedirdi. Mən burulurdum, hekayə burulurdu. Məni işə salıbsan, indi nəyə baxıramsa, hamısı burulmağa başlayır.

Hər şeyin unudulduğunu zənn eləyirdim. Təsadüfən hansısa şairlə görüşdə rayon partiya komitəsinin şöbə müdiriylə rastlaşdım. Qoluma girib məni kənara çəkdi: - Cavan oğlan, eşitdiyimə görə Qərbə meyllənirsiniz, daha doğrusu burulursunuz. Bu yaxşı hal deyil. Bəxtiniz çəkib, mənim yaxşı qəlbim var. Daha doğrusu, çox gözəl qəlbim. Belə cavan yaşda ömrünüzün zirzəmilərdə çürüməsinə vicdanım yol vermir.

Rayon partiya komitəsinin şöbə müdirinə səmimi qəlbdən təşəkkür elədim. Ürəyimdə isə qəzetin şöbə müdirinin yaxşı, daha doğrusu, gözəl qəlbinə dönə-dönə tüpürürdüm. Əclaf adam, yaxşı qəlbi var imiş. Səni görüm yaxşı qəlbinlə birlikdə lənətə gələsən!

Xalam oğlu mədəniyyət evində işləyirdi, mən onlar üçün gülməli ssenarilər yazırdım, onlar da tamaşaya qoyurdular. Lakin heç vaxt ssenari müəllifinin kim olduğunu demirdilər. Çünki mən Yazıçılar İttifaqının üzvü deyildim. Yazıçılar İttifaqının üzvü olmayanların əsərlərini isə tamaşaya qoymaq qadağan idi. Onunla rastlaşanda şikayətlənməyə başladı: - Biz gözləyirik axı, söz vermişdin, bəs niyə yeni ssenarini vermirsən?

- Verə bilmərəm, - pıçıltıyla dedim.

- Niyə?

- Bilirsən, son vaxtlar  yazılarım burulur.

- Burma! - adam sanki ağıllı məsləhət verdi.

- Özümdən asılı deyil axı. Neyləyirəmsə, alınmır, bir də görürəm burmuşam.

- Sən onu hara burursan?

- Deyə bilmərəm! - əlimi dodaqlarımın üstünə qoyub susmaq işarəsi verdim.

Heyrətdən xalam oğlunun gözləri kəlləsinə çıxmışdı. "Sən belə bir möhtəşəm təklifdən necə boyuq qaçırdarsan? Mən bütün imkanlarımdan istifadə eləyib sənin qarşında geniş üfüqlər açıram, sənsə buruşdurursan!" İndi də mənim gözlərim kəlləmə çıxmışdı. Ha baxırdımsa xalam oğlunun qarşımda açdığı geniş üfüqləri görə bilmirdim. Pul vermirdilər, tamaşaya qoyulan əsərlərin  mənə məxsus olduğunu da bir o bilirdi, bir də mən. Bunun harası möhtəşəm təklifmiş?

Bu söhbətdən bir az keçmiş mərkəzi kitabxanaya gedirdim. Heminqueyin "Qoca və dəniz"ini qaytaracaqdım. Povest mənə elə təsir eləmişdi ki, fikirlərimi bir yerə toplaya bilmirdim. Gözlərim önündə okean var idi, okeanda qayıq yırğalanır, qayıqda da əldən düşmüş qoca böyük balığı tilova keçirdərək qayığın arxasınca dartırdı. Kitabxanaya necə girməyimdən xəbərim olmadı, bir də onda gördüm DTK sədrinin qarşısında dayanmışam. Həmən o uzaq illərdə vəzifə sahibləri kitabxanalara getməyi, kitab almağı özlərinə ayıb bilməz, əksinə, bununla fəxr eləyərdilər. Ən çox kitab alan da, ən çox kitab oxuyan da onlar idi.

Sədr fikirli halda dedi:

- Demək, bu siz imşsiniz.

- Mənəm, - bir qədər gec cavab verdim. 

- Demək, qərbə meyillənirsiniz?

- Yox, - başımı yırğaladım.

- Maraqlıdır. Bəs onda hara?

Çaşıb qalmışdım. Lənət şeytana mən hara meyillənirdim? Ümumiyyətlə şən və firavan ölkədə yaşadığım halda harasa meyillənmək mənim nəyimə lazımmış? İndi nə deyim? Bircə onu bilirdim ki, qərbə meyilləndiyimi deyə bilmərəm. Bəlkə şərqə deyim? Yox, bu adamların ipi üstə odun yığmaq olmazdı. Bəlkə şərqi də sevmirdilər. Hardan bilim? Birdən şüurum aydınlaşdı, qətiyyətlə dedim:

- Heç hara meyillənmirəm! Düz gedirəm, kommunizmə doğru!

- Kommunizmə doğru?- Sədrin səsində açıq-aşkar şübhə var idi.

- Hə! İri addımlarla!

- Amma mənə meyilləndiyinizi deyiblər.

Sədr nədənsə kədərlənmişdi, mənim birbaşa kommunizmə doğru getməyim nədənsə ürəyincə olmamışdı. Əlini çiynimə qoydu. Bəxtin çəkib, dedi, yaxşı qəlbli, daha doğrusu, gözəl qəlbli çeka işçisi qarşına çıxıb. Birbaşa kommunizmə doğru gedən sovet gəncini elə burdaca qandallayıb aparmağa insafım yol vermir. Ən əsası isə zirzəmimiz təmirə dayanıb. Yoxsa səninlə bu mövzuda daha ciddi söhbətlər eləyərdik.

Kitabxanadan rəngim ağarmış halda çıxdım. Ürəyimdə isə rayon partiya komitəsinin şöbə müdirinin yaxşı, daha doğrusu, çox gözəl qəlbinə tüpürür, DTK zirzəmisində təmirin daha iki-üç il uzanması üçün Allaha dua eləyirdim. Ən əsası da bir daha qarşıma yaxşı qəlbli insanlar çıxmamasını arzulayırdım. Yaxşı qəlblilər bir qayda olaraq əclaflıqlar eləyirdilər.

Ölkə dağıldı. Senzura ləğv edildi. Daha yazının harasa, Qərbəmi, Şərqəmi burulması üçün narahat olmaya bilərdin. Qərbə doğru burmursan, şimala doğru bur, lap elə zirəksən, üzünü Amerikaya doğru döndər. Qoy burula-burula gedib hindu torpaqlarına çıxsın. Daha doğrusu, indi çox az sayda hindunun yaşadığı, Avropadan ora axışan ağdərili insanların hinduların əlindən aldığı torpaqlara.

"Mavi gözlü qız" adlı povestimi jurnala verdim, bir həftədən sonra redaktor çağırdı. Getdim. Redaktor qovluğu mənə qaytardı: "Çap eləyə bilmərik, - dedi. - Povestdə 11 sentyabr terroruna çağırış var". Matım-qutum qurudu. Ha düşünsəm də, povestdə 11 sentyabr terroruna harda çağırış olduğunu tapa bilmədim, sonralar dəfələrlə düşünməyimin də faydası olmadı. Belə bir çağırışı nə görür, nə eşidirdim.

Redaktordan soruşdum:

- Əminsiniz?

- Nəyə?

- Yazıda çağırış olduğuna.

- Adım kimi! - redaktor qətiyyətlə dedi.

Redaktorun otağından ruhdan düşmüş halda çıxırdım. Yazıçıya bax, romanlar yazır, kitablar çap elətdirir, amma yazısındakı çağırışı eşitmir, görmür. Yazının bircə hərfini belə yazmayan redaktor isə baxan kimi, qulağını yazıya söykəyən kimi çağırışı eşidir…

Bir sözlə, əlahəzrət fakt ortalıqdaydı. Yazılarımı idarə eləyə bilmirdim. Burulurdular, çağırırdılar. Nə bilmək olardı, sabah bəlkə başqa bir əclaf hərəkətə də yol verəcəkdilər.

Bir müddət özümə gələ bilmədim. Heç cür xatırlaya bilmirdim, adam yaxşı qəlbinin olduğuna işarə vurdumu? Yəni məni hansısa zirzəmidə hesabat verməyə çağıracaqdılarmı, yoxsa rahat yata bilərdim?

Mənə yalnız ümid eləmək qalırdı. Bu yaşımda zirzəmilərdə hesabat vermək əsla ürəyimcə deyildi. Rahat yatmaq istəyirdim.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!