Mətləb Ağa - “Pərdəni salın, tamaşa qurtardı!” - Fransua Rable

“Qarqantua və Pantaqruel” bir platformadır - demokratiya, təhsil, insanın azad iradəsinin üstünlüyü, ədalətli hakimiyyət anlayışlarını insanlara qavraya biləcəkləri bir tərzdə təqdim edir. Əsərdəki çoxrəngli obrazlar qalereyası - Oranquzye, Qarqantua, Pantaqruel, rahib Jan, Panurq, Pikrokol və s. çoxsaylı obrazlar silsiləsindən yararlanan Rable onlar vasitəsilə həyat və insanlar, cəmiyyət və hakimiyyət, din və papalıq haqqında fikirlərini açıqlayır, dini cəhalətə və nadanlığa gülür, biliyin müstəsnalığını təbliğ edir, papanın və din xadimlərinin əsl sifətinə güzgü tutur, müharibələri pisləyir, insanların ədalətli cəmiyyətdə yaşamasını, ədalətli məhkəmə sistemi arzulayır

 

 

Rahibin gülüşü və ya Rable “İçki” deyəndə nəyi nəzərdə tuturdu

 

Yazılanlara görə, Rable ölərkən, son nəfəsində, hər halda ətrafdakılara bu sözləri söyləməyə macal tapmışdı:  “Pərdəni salın, tamaşa qurtardı.”

Lakin, Rablenin ölümü bu katolik ruhanisinin səhnələşdirdiyi ölümsüz bir komediyanın pərdəsini endirmək gücündə deyildi, tamaşa hələ yeni-yeni başlayırdı.

“Gülüş- insanın mahiyyətidir” - deyən yazıçının yeganə romanı “Qarqantua və Pantaqruel” əsrlərlə davam edəcək bir yola çıxmışdı, çünki Maksim Qorki demişkən: - “rahib Rable gülməyi bacarırdı.”

Rablenin özünün də iştirak elədiyi bu roman Orta əsrlər Fransa ədəbiyyatı ilə gələcək arasında körpü salaraq təkcə on altıncı əsrin üçdə ikisi  ərzində elə  yalnız Fransada yüz  dəfədən çox nəşr olunmuşdu.

İntibah dövrünün  böyük humanist yazıçısı və eyni zamanda həkim, arxeoloq, filoloq, hüquqşünas, ilahiyyatçı olan Rable öz əsərini o vaxt üçün fransız ədəbiyyatında yeni olan qeyri-adi üslubda yazmışdı.

Romanın ilk kitabı 1533-cü ildə nəşr olunur, bundan sonra Rable nəhəng ata və oğulun başına gələn əhvalatlardan bəhs edən və böyük uğur qazanan bu satirik və fəlsəfi nağıl-romanı yazmağa bütün ömrü boyu davam edir.

Ötən həftə təkrar oxuduğum “Qarqantua və Pantaqruel” (əsər əslində beş kitabdan ibarət olub tam adı “Qarqantua və onun oğlu Pantaqruelin həyatı, qəhrəmanlıqları və kəlamları” dır. Orası da var ki, ölümündən sonra çap edilmiş beşinci kitabı Rablenin yazması mübahisəlidir), neçə illər əvvəl romanı ilk dəfə oxuduğumda müəllifi Fransua Rable (doğum tarixi dəqiq deyil, 1983-1494-cü illər arasında anadan olduğu yazılır - ölümü 1553-cü ildir) haqqında məndə yaratdığı  qənaəti daha da möhkəmləndirdi.

“Pantaqruel papağı (Rable “papaq” la Roma papasını nəzərdə tuturdu) süzə-süzə:

Nə axmaq quşdur! - dedi,- o, xalis zırramadır ki, var.

Gözətçi: Siz Allah, yavaş danışın, - dedi, - papağın qulağı var.

Panurq: - o, doğrudan da zırramadır,- dedi.

Keşiş zorakılığının inkvizisiya formasında ortalarda meydan suladığı dövrdə bu cümlələri yazmaq üçün Rablenin nələri göz altına almasını təsəvvürə gətirmək belə möhtəşəmdir. 

Günahsız  insanların hətta demədiyi sözə, etmədiyi əmələ görə bir çöp kimi inkvizisiya tonqallarına atıldığı bir vaxtda Rablenin “Qarqantua və Pantaqruel”i yazıb nəşr etdirməsinin başqa adı yoxdur.

Atasının hüquqşünas və mülkədar olduğu deyilən Rable təxminən on beş yaşında monastıra verilmişdi və Rablenin oradakı ab-hava xoşuna gəlməsə də, monastırdakı yaşayış çoxlu boş vaxta malik olması səbəbindən onu qane edirdi. Gənc rahib bundan istifadə edib, bir neçə xarici dillə yanaşı, latın və yunan dilini də öyrənmişdi. Bundan əlavə, Rable uşaqlıqda artıq dini məktəbdə də oxumuşdu.

Lakin Fransuanın kitablara bu qədər maraq göstərməsi monastırdakı rahibləri əsəbiləşdirirdi, bir insan üçün kitabların nədə faydalı olmasını öz beyincikləri ilə heç cür anlaya bilməyən bu din xidmətçiləri oxuduğu bütün kitabları Rablenin əlindən alırdılar. Baxmayaraq ki, bu monastrda təhsilin səviyyəsi də Rableni qane etmirdi. Bu səbəblərdən gələcəyin böyük yazıçısı Fransisk təlimindən üz çevirib yepiskop dAdissakın hamiliyi ilə elm və təhsilə daha loyan münasibəti ilə fərqlənən Benedikt təliminə üz tutur. Bu məzhəbin “Qarqantua və Pantaqruel”in gələcək müəllifinə xoş münasibətindən yararlanıb hər gün öz biliyini artırmağa davam edən Rable daha sonra yepiskopun evinə köçüb onun katibi vəzifəsini icra edir. 1528-ci ildə Parisə yola düşür.

(Hesab edirəm ki, romanda Pantaqruelin ayrılmaz yol yoldaşlarından olub əsas surətlərdən biri kimi adı demək olar ki, bütün fəsillərdə keçən  rahib Jan həm də Rablenin Benediktlərə bəslədiyi hörmətin özünəməxsus ifadəsiydi.)

1537-də Rable Monpelyedə tibb professoru adını qazanan Rable  ilk vaxtlar həm həkimlik edir, həm də ruhaniliklə məşğul olur.

“Qarqantua və Pantaquel” Rable qələmi ilə öz əbədi həyatına qovuşmazdan əvvəl böyük mütəfəkkirin yaşadığı və həkimlik etdiyi Lion şəhərində xalq arasında nəhəng Qarqantua haqqında çoxlu maraqlı yazılı və şifahi hekayətlər  dolaşırdı.

Rable bu əhvalatlarla elə ilk tanışlığından başa düşdü ki, ətrafında müşahidə etdiklərini  yazılı ifadə etmək üçün əlinə bundan yaxşı fürsət düşə bilməz. Rableni yazıçı olmağa həm də  o dövrün böyük humanist alimi Rotterdamlı Erazmla məktublaşmaları da həvəsləndirirdi.

Bu əsər o qədər rezonansa səbəb olur ki, Rable dərhal inkvizisiyanın diqqət mərkəzinə düşür. Lakin, bu da inkar olunmaz faktdır ki, Rable məhz yuxarı hakimiyyət orqanlarında  və ali dini dairələrdəki himayədarlarının qayğısı sayəsində hər dəfə cəzalanmaqdan canını qurtara bilirdi.

Romanın sonuncu və Rablenin imzasının mübahisəli olduğu beşinci kitabı o öləndən sonra - 1964-cü ildə nəşr olunmuşdu. Rableni cəzalandırmaq mövzusunda artıq qəti qərara gəlmiş inkvizisiya nəticədə bu arzusuna çatmasa da, ancaq hər şey onun istədiyi kimi qurtarmışdı - keşişlərin qadağan etdiyi, papanı zırrama adlandıran kitabın müəllifi ürək xəstəliyindən ölmüşdü.

Maraqlıdır ki, Rableni sevməyənlərin XX əsrdəki siyahısına Corc Oruell rəhbərlik edir. “1984” və “Heyvanıstan”ın bu məşhur müəllifi Rableni “xəstə beyinli yazıçı” adlandırmışdı.

Biz bu romanı intibah dövrünün fikir prizmasından qiymətləndirməliyik. Azadlıq və bərabərlik problemlərinin həlli barədə orada irəli sürülən statuslar Avropanın sonrakı  inkişaf mərhələlərində də qarşımıza çıxır. Əsər feodalizm formasiyasının əvəzlənməsi mərhələsinin artıq başlanmasından, hər şeyə dini aspektdən yanaşma mövqeyindən çəkinmənin vacibliyindən xəbər verir.

“Qarqantua və Pantaqruel” bir platformadır - demokratiya, təhsil, insanın azad iradəsinin üstünlüyü, ədalətli hakimiyyət anlayışlarını insanlara qavraya   biləcəkləri  bir tərzdə təqdim edir.

 Əsərdəki çoxrəngli obrazlar qalereyası - Oranquzye, Qarqantua, Pantaqruel, rahib Jan, Panurq, Pikrokol və s. çoxsaylı obrazlar silsiləsindən yararlanan Rable onlar vasitəsilə həyat və insanlar, cəmiyyət və hakimiyyət, din və papalıq haqqında fikirlərini açıqlayır, dini cəhalətə və nadanlığa gülür, biliyin müstəsnalığını təbliğ edir, papanın və din xadimlərinin əsl sifətinə güzgü tutur, müharibələri pisləyir, insanların ədalətli cəmiyyətdə yaşamasını, ədalətli məhkəmə sistemi  arzulayır və ancaq indi  yazdıqlarının utopiya olmasını özü də gözəl anlayan Rable yəqin elə buna görə də deyir ki, -“hər şey öz zamanında gəlir - gözləməyi bacarsan.”

Rus filosofu və ədəbi nəzəriyyəçi Mixail Baxtin (1895-1975) “Rablenin dünyası”  adlı tədqiqatında yazırdı ki, “Belinski Rableni on altıncı əsrin Volteri adlandırmışdı... Fransız romantizminin nümayəndələri Fransua Ren de Şatobrian və Viktor Hüqo, Rableni bütün zamanların və millətlərin ən böyük dahiləri sırasına daxil edirdilər. “Qarqantua və Pantaqruel”in tarixi əhəmiyyəti və ədəbi gücü Qərb ədəbi dairələrini Rableni Şekspirdən sonrakı yerə və hətta Şekspirlə eyni sıraya qoymağa imkan verdi... Lakin bizim niyyətimiz bu suala cavab vermək deyildir  ki, Rable  Şekspirlə eyni səviyyədə durur, ya yox və yaxud Servantesdən üstündür, yoxsa ondan geri qalır. Ancaq bu şübhəsizdir ki, Rable Bokkaço, Dante, Şekspir, Servantes kimi müasir Avropa ədəbiyyatını yaradan nəhənglərlə eyni mərtəbədə qərarlaşır. Rable təkcə fransız ədəbiyyatının gələcək taleyinə təsir göstərmədi, həmçinin, fransız ədəbi dilini inkişaf etdirdi, dünya ədəbiyyatını zənginləşdirdi. (Ehtimal ki, heç də ispan Servantesdən az ölçüdə olmayaraq )”.

Rablenin öz şedevrinə - Fənərlər ölkəsinə səfər və burada baş verən əhvalatlara nöqtə qoyması o deməkdir ki,  müəllif elmin və təhsilin davamlı qüvvəsinə, biliyin  mübahisəsiz üstünlüyünə inanır.

Rable bu inamını romanın ilk vərəqlərindən oxucularına aşılamağa, onları öz arxasınca aparmağa çalışır.

Budur, Qarqantua  doğulanda “su” deyə qışqırır və atası ona doyunca içməyə üzüm şərabı verir.

“Qarqantua və Pantaqruel”in bir çox səhifələrində Qarqantuanın, Pantaqruelin öz yoldaşları ilə müntəzəm içki məclisləri təşkil etməsi, iş-güclərinin içki haqqında söhbət etmək olması əslində nə deməkdi?

Bu içki söhbətlərinin mənası  romanın  son səhifələrində cadugər Bakbyukun sözləri ilə açılır: “Mən indi adi içkidən danışmıram... mən ayrı bir içkini nəzərdə tuturam. Mən bu dünyada mövcud olan bütün şeylər haqqında həqiqi bilikdən danışıram. Ancaq belə bir bilik sizi cəhalət uçurumundan çıxarar, mövhumat və xurafatdan azad edər, gözlərinizi açar, sizi yeni və qəribə bir həyat üçün dirçəldər.”

Burda yerinə düşər, yazsam ki, Elçinin Mixail Şoloxov  barədə qısa bir yazısı da var.

Orada böyük rus yazıçısını çox gözəl xarakterizə edən Elçinin bu bir vərəqlik yazısı Şoloxovun “Povest və hekayələr” kitabının Azərbaycan  nəşrinə ön söz olaraq yazılıb və “Şoloxov haqında söz” adlanır.

“İllər keçəcək, elə bir vaxt gələcək, uşaqlıq, yeniyetməlik, ilk gənclik xatirələri  bir zərurət olacaq, buna daxili mənəvi ehtiyac hiss edəcəksən və o zaman, arasında böyüyüb boya-başa çatdığın adamlarla birgə Şoloxov qəhrəmanları da xatirində canlanacaq.

Və o zaman əlini kitab rəfinə uzadacaqsan...”

Rablenin möhtəşəm romanı da hər zaman bu sıradadadır:

Əlimizi uzatmağa ehtiyac duyduğumuz kitabların qoyulduğu kitab rəfində.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!