Ağaddin BABAYEV - "Xalq düşməni"nin xanımı Məryəm Bayraməlibəyova

Onun həyat yolu ilə bağlı yazılı mənbələrdə çox maraqlı məlumatlar var. Məryəm xanım Bayraməlibəyova ibtidai təhsilini 1905-1911-ci illərdə Bakıda Hacı Zeynalabdin Tağıyevin "Müsəlman-rus" məktəbində, orta təhsilini isə "Müqəddəs Nina" qız məktəbində alıb. Sonralar oxumağa böyük maraq göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedib və tibb institutuna qəbul olunub. Lakin o dövrdə maddi vəziyyəti ağır olan bu gənc qız çox böyük çətinliklərlə qarşılaşıb. O, kömək üçün neft sahibkarı Murtuza Muxtarova müraciət edib. Muxtarov onun müraciətini cavabsız qoymur, Məryəm xanıma təqaüd verməyə başlayır. Məryəm xanım bununla bağlı xatirələrində yazırdı: "...Lakin Moskvada iki aydan artıq qala bilmədim. İnqilabın başlanması ilə əlaqədar Bakıya qayıtdım".

Cənub mahalında ilk Qadın Xeyriyyə Cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1919-1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920-1921-ci illərdə savadsızlığın ləğv olunması üzrə qadın kurslarının təşkilatçılarından olan Məryəm xanım Bayraməlibəyova ağır və məşəqqətli bir ömür yolu keçib.

Öz dövrünün ziyalı, maarifpərvər qadınlarından olan Məryəm xanım Bayraməlibəyova Lənkəranda qızlar məktəbinin və xeyriyyə cəmiyyətinin əsasını qoymaqla, Azərbaycanda kütləvi savadsızlığın aradan qaldırılmasında böyük səylə çalışıb, sonda o da bolşevik hakimiyyətinin amansız repressiyasına məruz qalıb.

Məryəm Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində tanınmış müəllim və maarifçi Teymur bəy Bayraməlibəyovun ailəsində dünyaya göz açıb. Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. Onlar məşhur Şahsevənlər nəslinə mənsub olub və XVI əsrin sonlarında Muğana köçüblər. Teymur bəy 1879-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinə daxil olan ilk 3 azərbaycanlıdan biri idi. O, seminariyanı bitirdikdən sonra Lənkərandakı rus məktəbində dərs deməyə başlayır. Maarifçi ziyalı, həmçinin, XIX əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək müntəzəm olaraq  Bakıda rus dilində çıxan "Kaspi" qəzetində Lənkəran qəzasının bölgə müxbiri kimi fəaliyyət göstərib.

Məryəm xanım Teymur bəyin doqquz övladından biri idi. Elmi yüksək dəyərləndirən Teymur bəy bütün çətinliklərə sinə gərərək övladlarını böyüdüb tərbiyə etməklə, onlara həm də ali təhsil verib. O, gerçək bir maarifpərvər xalq müəllimi idi və qızı Məryəm xanımın taleyində böyük rolu olub. Məryəm xanım da atasının yolu ilə gedərək müəllimlik sənətini seçib.

Onun həyat yolu ilə bağlı yazılı mənbələrdə çox maraqlı məlumatlar var. Məryəm xanım Bayraməlibəyova ibtidai təhsilini 1905-1911-ci illərdə Bakıda Hacı Zeynalabdin Tağıyevin "Müsəlman-rus" məktəbində, orta təhsilini isə "Müqəddəs Nina" qız məktəbində alıb. Sonralar oxumağa böyük maraq göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedib və tibb institutuna qəbul olunub. Lakin o dövrdə maddi vəziyyəti ağır olan bu gənc qız çox böyük çətinliklərlə qarşılaşıb. O, kömək üçün neft sahibkarı Murtuza Muxtarova müraciət edib. Muxtarov onun müraciətini cavabsız qoymur, Məryəm xanıma təqaüd verməyə başlayır. Məryəm xanım bununla bağlı xatirələrində yazırdı: "...Lakin Moskvada iki aydan artıq qala bilmədim. İnqilabın başlanması ilə əlaqədar Bakıya qayıtdım".

Vətənə döndükdən sonra Bakıda qalmaq üçün hər cür imkanı olmasına baxmayaraq, Məryəm xanım Lənkərana gəlir. Burada çox çətinliklə qızları bir yerə toplayıb məktəb açır. Gənc müəllim ev-ev, qapı-qapı gəzərək məktəbə 9-12 uşaq toplaya bilir. 1918-ci ildə Lənkəranda ilk qızlar məktəbi açılır. Məryəm xanım isə həmin məktəbin müdiri olur.

Onun şagirdi, ilk opera müğənnisi Həqiqət Rzayeva yazırdı: "Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. Biz təkcə yazmaq, oxumaq öyrənmirdik, eyni zamanda, səhnəciklər hazırlayıb valideynlərimiz qarşısında çıxış edirdik. Toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün sərf edilirdi".

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Həqiqət Rzayeva ilə yanaşı, Azərbaycanın xalq artistləri Cahan Talışinskaya və Münəvvər Kələntərli də Məryəm xanımın şagirdləri olublar.

Məryəm xanım Lənkəranda yeganə qadın-pedaqoq idi. O, savadsızlığa qarşı kəskin mübarizə aparmaqla, qadınları şəhərin mədəni və ictimai həyatına cəlb etməkdən ötrü əlindən gələni əsirgəmirdi. Bu məqsədlə Məryəm xanım Lənkəranda ilk Qadın Xeyriyyə Cəmiyyəti təsis etmişdi.

Həmin illərdə cənub bölgəsində gərgin və  həyəcanlı vəziyyət yaranmışdı. Polkovnik İlyaşeviçin komandanlığı ilə Denikinin quldur dəstələri Lənkəranda hakimiyyəti ələ keçirərək, güclə bu bölgəni Rusiyanın tabeçiliyinə verməyə cəhd göstərirdilər. Şəhərin açıqfikirli, savadlı şəxslərinə göz görə-görə divan tutulurdu. Belə vəziyyət gənc Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyini narahat etməyə bilməzdi. 1919-cu ilin payızında parlamentin fövqəladə iclasında, səs çoxluğu ilə Cavad bəy Məlikyeqanov Lənkəran mahalının səlahiyyətli nümayəndəsi seçilir. Azərbaycan hökumətinin göstərişi və şəxsən Cavad bəyin özünün təklifi ilə Azərbaycan ordusunun dəstələri general-mayor Həbibulla Səlimovun komandanlığı altında Lənkərana göndərilir. Bununla əlaqədar Cümhuriyyətin Hərbi naziri Səməd bəy Mehmandarov Lənkəran mahalının  əhalisinə ünvanlandığı çağırışında yazırdi: "Vətəndaşlar, Azərbaycan Respublikası hökumətinin iradəsilə mən Lənkəran uyezdində vətəndaş müharibəsinin qarşısını almaq, orada qayda-qanun yaratmaq, sizləri qatillərdən xilas eləmək üçün dəstə göndərirəm. Azərbaycan Ordusu heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən Lənkəran uyezdinə qanunçuluq və ədalət gətirəcək, Silahlı Qüvvələrin himayəsilə bölgədə tezliklə əmin-amanlıq bərpa olunacaq...

...Hər bir silahlı müqavimət ölüm hökmü ilə cəzalandırılacaq və orduya belə hallara qarşı amansız davranmaq əmri verilib. Öz növbəmdə, həmçinin, dəstənin rəisinə dinc əhaliyə qarşı heç bir zorakılığa yol verilməməsini tapşırmışam"...

Milli Ordu qoşunlarımızın şücaəti sayəsində qondarma "Muğan radası"nın və Denikinin tör-töküntüləri məhv edilir və Cavad bəy Məlikyeqanov Lənkəran qəzasının general-qubernatoru təyin olunur.

Azərbaycan Demokratik Respublikasının proqramını Lənkəranda həyata keçirən Cavad bəy özünün bütün güc-qüvvəsini bu diyarın iqtisadi-mədəni inkişafına sərf edir.

Çox keçmir ki, Lənkəranda həyat öz axarına düşür. C.Məlikyeqanovun köməyilə burada yeni kitabxana və klublar, digər mədəni-maarif obyektləri fəaliyyətə başlayır, savadsızlığın ləğvi üzrə kurslar açılır...

Günlərin birində Cavad bəyin yolu Məryəm xanımın məktəbinə düşür. İlk tanışlıq sonradan güclü və sarsılmaz məhəbbətə çevrilir. Beləliklə, gənc ailənin təməli qoyulur.

1921-ci ildə Məryəm xanım Bayraməlibəyova ömür-gün yoldaşı Cavad bəy Məlikyeqanovla birlikdə Bakıya köçür.  Burada o,  müəllimlik peşəsi ilə bərabər, həmkarlar ittifaqında çalışmağa başlayır.

Məryəm xanım 1921-1923-cü illərdə Bakıda Qara şəhərdə Həmkarlar İttifaqının təcrübə məktəbində işləməklə yanaşı, həmçinin, 1921-ci ildən 1924-cü ilədək ayrı-ayrı məktəblərdə, seminarlarda, texnikumlarda Həmkarlar İttifaqının katibi vəzifəsində çalışır. İctimai işlərdə yaxından iştirak edən Məryəm xanım 1925-ci ildə Bakıda Azərbaycan Müəllimlərinin birinci qurultayının nümayəndəsi olur.

1925-ci ildə Bakıdakı 89 saylı orta məktəbin direktoru olan Məryəm xanım Bayraməlibəyova SSRİ Müəllimlərinin birinci Qurultayının nümayəndəsi seçilir. Bu nüfuzlu toplantıda o, təkcə Azərbaycan müəllimini deyil, həm də Şərq qadınını təmsil edir. Onun rus dilində söylədiyi nitq Nadejda Konstantinovna Krupskayanı valeh edir. Çıxışından sonra maarif naziri Aleksandr Lunaçarski Məryəm xanıma yaxınlaşıb nəzakətlə onun əlindən öpür və Moskvada işləməsinə razılıq verməsini xahiş edir. Lakin Məryəm xanım etiraz edərək: "Mən bu gün vətənimdə daha çox lazımam", - deyir.

M.Bayraməlibəyova ali təhsil almağı çox arzulayıb. Elə buna görə də o, 1927-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, dörd ildən sonra həmin təhsil ocağını fərqlənmə diplomu ilə başa vurub. Aspiranturada təhsil aldığı müddətdə Məryəm xanım öz işini ictimai fəaliyyətlə də əlaqələndirib.

Onun tərcümələri sayəsində rusdilli oxucular M.P.Vaqif, M.V.Vidadi, S.Vurğun, S.Rüstəm kimi tanınmış Azərbaycan şairlərinin yaradıcılığı ilə tanış olublar.

M.Bayraməlibəyovanın pedaqoji və ictimai fəaliyyəti 1937-ci ilə qədər davam edib. N.Nərimanov adına Bakı Sənaye Texnikumunda (1923-1933-cü illər) və Azərbaycan Dövlət Tibb İnstitutunda (1934-1937-ci illər) rus dili müəllimi işləyib.

Bu dövrdə Məryəm xanım Bayraməlibəyovanın həm də "Şərq qadını", "Maarif işçisi", "Yeni məktəb" və b. jurnallarda təlim-tərbiyə məsələlərinə dair məqalələri dərc olunurdu.

Məlikyeqanovlar ailəsində üç qız uşağı böyüyürdü. Valideynlər onların hərtərəfli biliyə yiyələnmələri, öz ölkəsinin layiqli vətəndaşları kimi yetişmələri üçün əlindən gələni edirdilər. Lakin bolşevik hakimiyyətinin siyahısında hədəf götürülən şəxslər sırasında bu ailənin də adı vardı. Beləliklə, Məlikyeqanovlar ailəsinin qara günləri başlayır. Azərbaycanda böyük bir ziyalı nəslinə qarşı başlayan repressiya onları da əzablı yollara salır.

28 may 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması haqqında tarixi "Bəyannamə"ni imzalayan dövlət xadimlərindən biri olan Cavad bəy Məlikyeqanov 1933-cü ildə Azərbaycan Fövqəladə Komissiyasının qərarı ilə həbs cəzasına məhkum edilir və ömürlük olaraq uzaq Kominin düşərgələrinə sürgünə göndərilir. Yeri gəlmişkən, qeyd edək ki, C.Məlikyeqanovun "Vətən xaini" kimi tutulması haqqında orderi erməni millətçiləri Nersesov və Ayvazov imzalayıb.

Ömrünün çoxunu həbsxanalarda keçirən Cavad bəy Məlikyeqanov 18 may 1942-ci ildə Kareliyada sürgündə vəfat edib.

Ərinin sürgün edilməsindən sonra dəyərli ziyalı və maarifçi Məryəm xanım Bayraməlibəyovanı da dinc buraxmırlar.

Ona qarşı siyasi təqiblər başlanır. Həmin vaxtlar Məryəm xanım SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalinindən kömək istəyir. Lakin bu xahiş də heç bir fayda vermir. 1937-ci il noyabrın 15-də NKVD əməkdaşları Məryəm xanımı yaşadığı mənzildə həbs edirlər.  

Məhbus həyatının ilk aylarını Bayıl həbsxanasında keçirən Məryəm xanımı bir müddət sonra uzaq Arxangelskə yola salırlar. Şimali Dvina çayının sahillərində ona ən ağır işləri tapşırır, işgəncələr verirdilər.

Uzun illər ərzində topladığı bilik və təcrübələr burada da Məryəm xanımın karına gəlir. O, ağır fiziki əməkdən ayrılır, yerli müəssisələrin birində mühasib vəzifəsini icra edir. Tezliklə onu ağır xəstəlik yaxalayır - gözlərinin torlu qişası zədələnir. Xəstəliyinə görə müalicə almaq adı ilə onu Moskvaya - Butırsk həbsxanasına köçürürlər. "Müalicə"dən sonra o, yenidən Arxangelsk, daha sonralar Karaqanda həbsxanalarına göndərilir.

Məryəm xanım Bayraməlibəyova yalnız 1948-ci ildə cəza müddətini başa vurub Bakıya qayıdır. Amma haqsızlıq bununla da bitmir. Onu 1956-cı ildə bəraət verilənədək Bakıda öz ailəsinin, uşaqlarının yanında yaşamağa qoymurlar.

Məryəm xanımın ömür-gün yoldaşı Cavad bəy Məlikyeqanova isə yalnız ölümündən sonra - 1959-cu ilin fevralında Kareliya MSSR Ali Məhkəməsi tərəfindən bəraət verilir.

Onu da qeyd edək ki, repressiya Məlikyeqanovlar ailəsinin bütün üzvlərini bir-birindən ayrı salıb. Cavad bəyin üç qızı - Azərə, Taliyə və Asimə nənələri Şirin xanımın himayəsində yaşayıb. Məlikyeqanov ailəsinin bir çox üzvləri "Vətən xaini" damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov və b. ilə əvəz etməyə məcbur olublar.

1964-cü ildə M.Bayraməlibəyovaya fərdi təqaüd təyin edilir. Öz vətəni, xalqı üçün yanan, onun tərəqqisinə çalışan bu mübariz qadın əzab və iztirablar içində 90 il ömür sürür. O, 1988-ci ildə Azərbaycanda arzuladığı müstəqillik tarixini görmədən Bakıda dünyasını dəyişir.

Məlumat üçün bildirək ki, uzun müddət keçəndən sonra - 2000-ci ildə C.Məlikyeqanovun adını əbədiləşdirmək məqsədilə onun Məryəm xanımla Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulub. Amma M.Bayraməlibəyovanın adı və xidmətləri isə hələ də özünün lazımi qiymətini almayıb. Bizim qənaətimizcə, onun xatirəsini əbədiləşdirmək üçün Məryəm xanımın uzun illər çalışdığı Bakıdakı 89 saylı məktəbə və doğulduğu Lənkəranda mədəni-maarif ocaqlarının birinə bu cəfakeş qadının adının verilməsi çox ədalətli bir addım olardı.

Məryəm xanımın yaşadığı şərəfli və əzablı ömür yolu ilə buna layiqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!