Azər Qismət - Bəxtəvər Şoloxov

Şoloxov həmişə müəmmalı yazıçı sayılıb.

Azər QİSMƏT

 

Azər Qismət - Bəxtəvər Şoloxov

Bəlkə də başqası onun yerinə olsaydı, elə gənclik illərində həyatını yarımçıq başa vurardı. Bəlkə də başqası onun yerinə olsaydı, xaricə qaçardı, ya da adı heç bir siyahıya düşməyən unudulanlar qismindən olardı. Onun isə bəxti gətirib. Stansiya ətrafındakı kənddən dünyaya işıq saçıb. Bu da hər adama nəsib olmur. Şoloxov sadəcə bəxtəvər idi.

Bir çox ədəbiyyatçılar hesab edir ki, uzun illər onun həyat və yaradıcılığı barədəki məlumatlar silinib, yaxud ciddi təmizlənməyə məruz qalıb. Düşünülmüş şəkildə xalqın gözündə böyük insan obrazı yaradılıb. Müasir ədəbiyyat adamları yazır ki, Mixail Şoloxovun həyatında baş verən hadisələri az yox, çox təmizləyiblər. Belə baxanda, təmizlənmə olub. Ancaq az, ya çox, bunu o illərin rəhbər şəxsləri yaxşı bilərdilər. Onlar daha yoxdur. Şoloxovun həyatındakı izahedilməz əhvalatlar, paradoksal faktların çox cüzi hissəsi bu günə gəlib çatıb.

O, təhkimli kəndli Anastasiya Çernikovanın nikahdankənar oğlu olub. Atası çox da kasıb olmayan Aleksandr Şoloxov imiş. Belə ki, Anastasiya Aleksandrla gizli şəkildə görüşürmüş. Onu isə kazak Stefan Kuznetsova ərə vermək istəyirmişlər. Qız evdəkilərin dediyinə razılaşıb. Uşağı ola-ola Stefan Kuznetsova ərə gedib. Uzun illlər gələcəyin yazıçısı kazakın oğlu sayılıb. Ancaq Stefan öləndən sonra ana uşağın soyadını Kuznetsovdan Şoloxova keçirib. Özü də sevgilisi ilə nikah kəsib. Bununla da gələcək yazıçı ilə məzələnmə və iynəli atmacalar yekunlaşıb. Belə ki, kazaklar nikahdankənar uşaqlara yaxşı baxmır, ələ salıb gülərmişlər. Onun bioqrafiyasının qarışıqlığı sonralar da mübahisələr doğurub. O illərin yaşlı adamları deyərmişlər ki, Şoloxov Vyoşenki stansiyasının yaxınlığındakı Krujilina xutorunda doğulub. Digər sənədlərdə isə göstərilir ki, Ryazanda dünyaya göz açıb. Qanını əsas götürsək, kazak olmayıb, ancaq onların arasında böyüyüb boya-başa çatıb.

Şoloxovu həmişə ittiham ediblər və şübhələniblər. Belə ittihamlar ona ömrü boyu irəli sürülüb. O vaxtın, elə indinin ədəbiyyat adamları hələ də bu fikirdədir ki, 23 yaşlı oğlan "Sakit Don" əsərini yaza bilməzdi: "Axı necə ola bilər ki, həyat təcrübəsi, təhsili, dünyagörüşü olmayan gənc birdən-birə "Sakit Don" kimi möhtəşəm əsər yazsın?" Yazıçının bu mövzuda susması alova benzin tökürdü, müzakirələr səngimirdi. Şoloxov 4-cü sinifə qədər təhsil aldığını heç vaxt gizlətməyib. O, Maksim Qorkini də misal çəkirdi. Qorkininin, ümumiyyətlə, orta məktəb səviyyəsində təhsilinin olmaması onu dünya ədəbiyyatının klassiklərindən birinə çevrilməsinə maneçilik törətməyib. Götürək elə Lermontovu. 23 yaşında "Borodino" poemasını yazıb. Məgər, təkcə o idimi gənc yaşında böyük əsər yazan?! Daha bir arqumenti Pasternakdan da gətirə bilərik. O, heç vaxt əsərlərinin qaralamasını, nə də əlyazmalarını saxlamayıb. Onda şübhə oyanır ki, hansı səbəbə görə əlyazmaları gizlədib. Ya özü belə istəyib, ya da şübhəli məqamlar var. Bəlkə də heç belə məqamlar yoxdur. Ancaq ədəbiyyat adamları həmişə hər şeyə şübhə ilə yanaşırlar. Şoloxovun isə susmağa ixtiyarı çatırdı. Bəlkə də cavab vermək istəmirdi. Çünki deyəcəyi arqumentin qarşısına daha yenilərini çıxaracaqdılar.

Şoloxov həmişə müəmmalı yazıçı sayılıb. O, bəzi gizli hadisələri gizlətməyə çalışıb, ya da üstündən keçib. Ötən əsrin 20-ci illərində ərzaq dəstəsinin komissarı olub. Bütün dəstə məşhur kazak Maxnoya əsir düşüb. Baş atamanla kiçik söhbətdən sonra buraxılıb. İki ehtimal üzərində baş sındırılır: ya gəncliyinə görə, ya uşaqlıqdan kazakların arasında böyüməsinə görə bağışlanıb. Digər ehtimal bundan ibarətdir ki, Maxno növbəti dəfə qarşısına çıxarsa, onu asacağı ilə hədələyəndən sonra azadlığa buraxıb. Yazıçının qızı Svetlana Mixaylovnanın xatirələrinə əsasən atası əsir düşməyib. Ərzaq dəstəsi yol gedərkən azıblar, tanımadıqları kənddəki qapılardan birini döyüblər. Qapını Maxnonun özü açıb. Deməli, səhvən məşhur kazakın qapısına gəlib çıxıblar. Tamam başqa ehtimala görə, Şoloxovun dəstəsini Maxnonun kəşfiyyatçıları əsir götürüblər. İndi hadisənin necə baş verdiyini demək çətindir. Ancaq istənilən halda bu məsələdə Şoloxovun bəxti gətirib. Çünki Maxno sovet hökumətinin, eləcə də kollektiv təsərrüfatın əleyhdarlarından imiş. Şoloxovun Maxnonun əlindən qurtulması təhlükəsizlik sistemini şübhələndirməmiş olmazdı. Ya Şoloxov doğrudan da qaçıb canını qurtarıb, ya da Maxnoya nələrisə satıb, yaxud onunla uzunillik casus razılığına gəlib. Ancaq bəxtəvər Şoloxova toxunulmayıb.

Bir işdə də Şoloxovun bəxti gətirib. Bir dəfə hökumətə donos verilib ki, Şoloxov qolçomaqdan rüşvət alıb. Onu həbs ediblər. Və belə işlərdə güllələnmə verilərmiş. İki gün gözləyəndən sonra azadlığa buraxıblar. Çünki atası onun doğum haqqında şəhadətnaməsini məhkəmə zalına gətirib. Həmin sənədə əsasən, oğlunun 15 yaşı varmış. Həddi-buluğa çatmayanları isə həbs etməzdilər. Öz yaşında olanların məktəbinə aparılmaması isə təəccüb doğurub. Şoloxov Moskvada görünüb, özü də sağ-salamat vəziyyətdə.

Moskvada isə 1923-cü ilin sonuna qədər yük daşıyıb, bənna kimi ağır işlərdə çalışıb, sonra evinə qayıdıb. Kənddə Mariya Qromoslavskaya ilə evlənib. Düzdür, əvvəlcə onun kiçik bacısı Lidiyanı istəsə də, ataman ailə başçısı təklif irəli sürüb. Qızların atası məsləhət görüb ki, onun böyük qızı Mariya ilə evlənsə, həyatı tamam başqa olacaq. Pulunun gücünə Mixaili adamlar sırasına çıxaracaq. Mixail böyük bacı ilə evlənib. Bəlkə də düz edib. Çünki Mariya ərinə həyatı boyu çox köməklik göstərib. Onların dörd övladı dünyaya gəlib, Mariya Petrovna ilə 60 il yaşayıb.

Lakin buna baxmayaraq, Mixail Şoloxov "Sakit Don" əsərinə görə daim şübhəlilər sırasında qalıb. Həmin əsəri sovet yazıçıları çox tənqid edirdilər. Xaricdəki mühacirlər isə həmin romanı sevərmişlər. Bir dəfə təhlükəsizlik orqanının rəhbərlərindən biri ona zarafatla deyib: "Mişa, istənilən halda sən əks-inqilabçısan. Sənin "Sakit Don"un ağlara daha çox yaxındır, nəinki bizə". Ancaq Şoloxovun bəxti gətirib. Stalin romanı bəyənib. Əsərdə kollektivləşmə dövründə baş verən hadisələri dolğunluğu ilə təsvir etməsi dahi rəhbərin marağını çəkib. Sonralar çıxışlarının birində deyəcəkdi: "Hə, biz kollektiv təsərrüfatı qurduq, bu sahədə islahatı uğurla başa vurduq. Bunu yazmaqdan niyə, hansı səbəbə çəkinməliyik?".

Şoloxov 1965-ci ildə Nobel mükafatına layiq görülüb. Ancaq SSRİ-ni tənqid edən digərlərindən fərqli olaraq sovet rejimini tərifləyən əsərə görə mükafat verilib. O, belələrinin arasında yeganə və sonuncu oldu. Maraqlı məqamlardan biri ondadır ki, 1958-ci ildə Boris Pasternakın adı Nobelə namizəd göstəriləndə, sovet rəhbərliyi onun Şoloxovla əvəzlənməsini istəyib: "Pasternakı xalqımız və yazıçılarımız yaxşı nasir kimi qəbul etmir". Əlbəttə ki, Nobel komitəsi sifarişlə, xahişlə fəaliyyət göstərən qurum olmadığından, 1958-ci ildə Pasternakı Şoloxovla əvəzləməyib. Ancaq sovet rəhbərliyinin tənqidlərinə baxmayaraq, Mixail Şoloxov Fransa dərgilərindən birinə verdiyi müsahibədə Pasternakı dövrünün ən güclü yazıçılarından biri kimi xarakterizə edərək deyib: "Doktor Jivaqo" əsərinin nəşrini qadağan etmək lazım deyildi. Əksinə, o dərc edilməli idi. Belə əsər milyon ildə bir yazılır".

Hələ sağlığında Şoloxovu "Stalinin sevimlisi" adlandırıblar. Onun əsərlərinin xarici ölkələrdə nəşri üçün rəhbərin xüsusi tapşırığı olub, bunun üçün xeyli maliyyə vəsaiti ayrılıb. Stalin onun xətrini doğrudan da çox istəyib, yaradıcılığı üçün bütün şəraiti yaradıb. Az adamlardan biri də Şoloxov olub ki, Stalinlə açıq şəkildə danışar, tənqidi məqamları bildirməkdən çəkinməzmiş. Müharibədən sonra isə Yazıçılar İttiqafının baş katibi postundan gedib, Vyoşenskiyə köçüb.

İndiyə qədər də Şoloxovu sovet yazıçıları Sinyavski və Danielin məhkəmə işində ittiham edirlər. Ancaq digər ehtimallara görə Şoloxov dəfələrlə bəyan edib ki, Yejovun ölüm kampaniyasına onun iştirakını salmasınlar. Amma Anna Axmatovanın müdafiəsi üçün dəfələrlə Stalinə məktublar göndərib, üzbəüz söhbətlərdə bunu bildirib. Yalnız 15 illik mücadilədən sonra Axmatovanın şeirlərindən ibarət kitabının nəşrinə nail olub. O, həm də Axmatovanın oğlu Lev Qumilyovu da həbsdən qurtarıb. Həbsdən Emma Çesarskyanı xilas edəndə isə çox sevinib. Bütün bu yaxşılıqlarına baxmayaraq, onu ömrünün sonuna qədər ittiham etməkdən çəkinməyiblər: "Onun yaradıcılığı saxta olub. 23 yaşında o cür romanı yaza bilməzdi". Yaxşı əməllərini isə "özünü göstərmə" kimi qələmə veriblər: "Şoloxov özünü reklam edir. Əslində isə Stalinin qələm adamları arasındakı baş casusudur".