Azad Müzəffərli - Hekayələr

 

Azad Müzəffərli

 

İşığa doğru

Şəhər xeyli vaxtdı yuxuya dalmışdı. Onlarsa iki dost hələ də dərdləşirdilər. Aradabir Ay da onların söhbətinə qoşulurdu.

- Əsl həyat, yaşamaq nədir?

- İşığa doğru yol, həqiqət axtarışı.

- Çətin yoldu, heç də hamı bunu seçmir.

- Düzdür, razıyam...

Söhbətin bu məqamında hər ikisinin gözü binanın həyətini işıqlandıran minlik elektrik lampasındaydı. Pərvanələr vur-çatlasındaydılar. Özlərini lampaya çırpmaları ilə kəlləmayallaq olmaları bir göz qırpımı qədər çəkirdi. Pərvanələr elektrik dirəyinin dibində qalaqlanmaqdaydı.

 

Əzrayılın üzrxahlığı 

Əzrayıl növbəti dəfə  Tanrının hüzurunu kəsdirmişdi. Bu dəfə daha israrlıydı:

- Axı, onda nə görmüsən ki, fərmanını gecikdirirsən? O da adi adamdı da? Bu kaftarın ömürü iki yüz ilə yaxınlaşır e, icazə ver nöqtəsini qoyum...

- Səhv edirsən, o adi insan olsa da, tamam fərqlidir. Tək-tək adamlar var ki, onlar ziyarətgahlar qədər müqəddəsdir. Mənim fəlsəfəm belələrinin üstə qərar tutub, yoxsa, həyat öz mizanını anındaca itirər. Şərə-şurlar itətökdür, xeyirxahlarsa barmaqla sayagələsidir.

Tanrı ilə heç cür razılaşmaq istəməyən Əzrayıl ilk dəfə Uca Varlığa qarşı asi çıxdı. Gizlincə, tələm-tələsik gözaltı elədiyi müştərisinin başının üstünü aldı.

- Tanıdın?

- Hə, çoxdan gözləyirdim, niyə indiyə qədər gecikdiyinə lap məəttəl qalmışam...Sən Əzrayılsan...

- Bilirsən də niyə burdayam?

- Təbii, Allah ölənlərinə rəhmət eləsin, vədəsi çatanlar üçün sənin əməlin savabdır...

Əzrayılı tər basdı. Gönünə qədər islandı. Günahı bağışlanası olmasa da, Tanrıdan üzr istəməyə tələsdi.

 

Mənə dəniz verin

Aylardı təcili yardım maşınları qapılarını yağır eləmişdi. Yaşlı atası ölüm ayağında olsa da, hələ vədəsi yetişməmişdi. Bu halından özü də pərişandı. Kimsəyə əziyyət vermək istəmirdi. Di gəl, qisməti beləydi. Könlündən keçən nə vardısa, hamısına əməl olunmuşdu. Doğmalarından tam razıydı. Bu dəfə bədahətən içindən dənizə getmək istəyi keçdi. Ayaqları yer tutmasa da, böyük oğlunu harayladı.

- Mən dəniz istəyirəm. Sahildə sakitcə oturub, dənizin ənginliklərini seyr etmək keçir könlümdən. Xəzərin sahilindən üfüq necə də gözəl görünür...

- Baş üstə, atacan. İndi gecdir, axşam düşmək üzrədir, sabaha maşın danışım, istədiyin qədər dəniz sənin ixtiyarında olacaq. Yaxşı?

- Allah sizdən razı olsun...

Şər qaralan təkin yenə təcili yardım çağırmalı oldular. Həkimlər neçə aydır xəstəyə yardım elədiklərindən vəziyyətindən haliydilər. Bu dəfə gələn həkimlərdən daha təcrübəlisiydi.  Nəyisə soruşmağa heç ehtiyac da duymurdu. Əksinə, bəzən ağıllarına gəlməyən suallarla da qarşılaşırdılar. Xəstənin nəbzini əllə yoxlayıb, təzyiqini ölçəndən sonra həkim onun yaxınlarına müraciət etdi.

- Bugün xəstə nəsə arzulayıb?

- Yox, elə bir şey istəməyib, sadəcə, axşamüstü dənizə getmək fikrinə düşmüşdü,  gec olduğundan sabaha saxladıq...

- Bağışlayın, həqiqəti demək məcburiyyətindəyəm, vədə tamam olmaq üzrədir. Hazırlıq görün, ən çoxu bir neçə saatlıq ömrü qalıb, inşallah, Tanrı o dünyada onu dənizlə qovuşdurar.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!