Elçin Aslangil - Qızıl balıq - Hekayə

Mənə arzuları gerçəkləşdirən qızıl balıq lazımdır...

 

Elçin Aslangil

Bura həmişə belə olur. Bəzən yağış yağır. Gölün ətrafını saran ağaclar, bəlkə də dünya yaranandan burdadır. Havası pis deyil. Çox az adam tanıyır bu yeri. İldə bu tərəflərə cəmi beş-on adam gəlir. O da, gəlsə. Rayonun əsas yolundan çox uzaqdadır. Meşənin içi ilə uzanıb gedən bərbad yol adamdan səbirli olmağı tələb edir. Yolun sağında və solundakı şam ağaclarından, meşənin dərinliklərindən keçən hissəsində də var. Hündür dağlar isə, elə lap yaxınlıqdadır. Buranın gecələri dəhşətlidir. Günorta vaxtı səsi eşidilən quşlar gecə qeybə çəkilirlər. Hətta deyərdim ki, gecənin qaranlığında eşidilən qanad səsləri o quşlara aid deyil. Bu meşədə onlarla yırtıcı heyvan var. Amma heç biri buradakı göldən su içməz. Qəribə göldür. Bulanıq suyu var. Çimmək üçün elə də yaxşı deyil. Daim tənhalıqdan kədərlənən kişiyə bənzətmək olar bu gölü, mənim özümə oxşayır...

O, yenicə yandırdığı siqaretdən dalbadal bir neçə tüstü sümürüb, davam etdi:

- Üzümdəki tüklərin sayı qədər kol-kos alıb gölün çox hissəsini.

- Bilirsən? Bu göldə qızıl balıq var. Dilədiyin bütün arzuları yerinə yetirə bilər. Sən ondan nə istəyərdin?

- Səni yenidən istəyərdim.

- Niyə?

- Beləcə, sənlə keçən vaxtı bir az da uzatmış olaram.

- Sən dəlisən.

- Bəs sən nə istəyərdin? - İsa soruşdu.

- Nəsə istəyərdim.

İsa başını Məryəmin dizləri üstə qoymuşdu, gözləri mürgü döyürdü.

- Sən Tanrısan. Saçlarıma sığal çəkən əllərin də Tanrıdır. - İsa deyirdi.

- Dedim axı, dəlisən. - Məryəm, gözəl gözlərini qıyıb, gülümsədi.

- Saçların da Tanrıdır.

- Mən Tanrıya oxşayıram?

- Tanrı kimi baxırsan.

- İndi Tanrı olduğumu inkar etdin. Bunu necə başa düşüm?

- Yalnız Herman Hessenin yalquzaq dəlilərində rastlaşa biləcəyin mənim dərketməm, inkar etmək gücünün və onun beyində yaratdığı çevrilişin nəticəsidir. Və...

- Bəs elədi, başım xarab oldu. Bilirsən ki, inanclı adamam, iblislik eləmə.

- Karl Marks deyir ki, "öz əvvəlki mövcudluq formasını inkar etmədən inkişaf baş verə bilməz". İblis Tanrının özüdür. Tanrı özünü inkar edərək, inkişaf etmək üçün İblis olmağa məcbur oldu. Hegelin fəlsəfəsindəki mütləq ideyanın özgələşərək təbiətə çevrilməsi və yenidən insan şüurunda özünə qayıtması kimi. Sənin Tanrı olduğuna şübhəm yoxdur...

- Mən susdum.

- Yaxşı.

- Səni sevirəm.

- Bilirdim...

 

***

- Qızıl balıq Tanrıdır.

- Bir az çox içdin deyəsən.

- Süz.

- Hər gün bir-iki dənə sənin kimi müştərimiz olsa, yaxşı olar. Bura çox az adam gəlir. Yerli sakinlərdə də pul yoxdur. Bir çox kişilər də, arvadlarından qorxduqları üçün bura gəlmirlər. Buranın qadınları elə bilirlər ki, mən ot görüb otlayıram, su görüb susuzlayıram.

- Nə qədər verməliyəm?

- Mən restoranın sahibindən izn almalıyam. Yaxınlıqda motel var.

- Mən yediklərimin və içdiklərimin hesabını deyirəm.

- Hə, mən də sənin kimi axmağam.

Ofisiant qız hirslə ayağa qalxıb gedəndə, İsa onun arxasınca səsləndi:

- Hesabı gətirəndə restoran sahibinə mənimlə çıxacağını de.

Payızın son günlərini işıqlandıran günəş görür - İsa və gözəl ofisiant qız, restorandan çıxaraq avtomobilə otururlar. İsa qıza deyir:

- Motelə getməyəcəyik.

- Bəs hara?

- Mən yaxşı bir yer bilirəm.

- Yaxşı.

Siqareti yaman çox çəkir. Nəyimə lazımdır... - Ofisiant qız bu barədə heç ağzını da açmadı. - Sərxoş olmağına baxmayaraq, avtomobili pis idarə etmir. Bəs, görəsən, bu məni hara aparır? Mən axmağam. Mən necə də axmağam... Tanımadığım sərxoş adamla, harasa gedirəm. Birdən o məni öldürmək istədi? Ya da, məni döyəcək. - Lalə öz-özünə düşünürdü. O, İsanın əllərinə ötəri göz gəzdirib dedi:

- Bura bax, sən pis adam deyilsən, hə? Olar siqaretindən götürüm?

- Olar. Narahat olma, hər şey yaxşı olacaq. Səni incitməyəcəm, pis şeylər fikirləşmə. Mənim səndən xoşum gəlir. Səsini sevirəm. Səsindəki həzinliyi xoşlayıram.

- Biz hara gedirik?

- Qızıl balığı görməyə. Adın nədir? - İsa, qızdan soruşdu.

- Lalə.

- Az qalıb, çatırıq, Lalə. Bura həmişə belə olur. Bəzən yağış yağır. Gölün ətrafındakı ağaclar, bəlkə də dünya yaranandan burdadır. Havası pis deyil. Bu yerləri çox az adam tanıyır. İldə bu tərəflərə cəmi beş-on adam gəlir. O da, gəlsə. Rayonun əsas yolundan çox uzaqdadır. Meşənin içi ilə uzanıb gedən bərbad yol, adamdan səbirli olmağı tələb edir. Yolun sağında və solundakı şam ağaclarından, meşənin dərinliklərindən keçən hissəsində də var. Hündür dağlar isə, elə lap yaxınlıqdadır. Buranın gecələri dəhşətlidir. Günorta vaxtı səsi eşidilən quşlar, gecə qeybə çəkilirlər. Hətta deyərdim ki, gecənin qaranlığında eşidilən qanad səsləri o quşlara aid deyil. Bu meşədə onlarla yırtıcı heyvan var. Amma heç biri buradakı göldən su içməz. Qəribə göldür. Bulanıq suyu var. Çimmək üçün elə də yaxşı deyil. Daim tənhalıqdan kədərlənən kişiyə bənzətmək olar bu gölü. Mənim özümə oxşayır.

O, yenicə yandırdığı siqaretdən dalbadal bir neçə tüstü sümürüb, davam etdi.

- Üzümdəki tüklərin sayı qədər kol-kos alıb gölün çox hissəsini. Bilirsən, bu göldə qızıl balıq var. O, dilədiyin bütün arzuları yerinə yetirə bilər. Pivələri də götür arxamca gəl, indi biz səninlə bir oyun oynayacağıq. Mən əllərimlə sənin gözlərini yumacam. Sən mənim dediklərimi, ehtiraslı bir şəkildə təkrar edəcəksən.

Lalə avtomobildən pivələri götürüb ona yaxınlaşdı.

- İsa, sən çox qəribə adamsan. Biz avtomobildə...

- Yox, önümə keç, kürəyini sinəmə sıx. Mən sənin gözlərini əllərimlə yumacam, saçlarını qoxlayacam. Sonra isti nəfəsimi qulaqlarının arxasında gəzdirib nə etməli olduğunu deyəcəm. Sən mənim dediklərimi elə.

- Yaxşı.

Lalə İsanın dediyi kimi elədi. Ona yaxınlaşdı, kürəyini onun sinəsinə sıxdı. İsa Lalənin saçlarını qoxulayaraq, dərindən nəfəs aldı. Sonra o,  nəfəsini qızın qulaqları arxasında gəzdirərək yavaşca pıçıldadı:

- Bizi susuz çöllər öldürəcək,

Başımızın ətini dimdikləyib aparacaq quşlar,

Sonra o quşlar oxuyacaq, oxuyacaq -

Qu, qu, quuu...

Bizi öz səsimiz öldürəcək,

Sonra bizə çevriləcək səsimiz.

Sonra göylərə qalxacaq, qalxacaq,

Uçacaq, uçacaq,

Uç, uç, uç, ççç...

Bizi yoxluq öldürəcək,

Gözümüzlə gördüklərimizin yoxluğu.

Birdəfəlik yuxu,

Uyu, uyu, uyuuu...

 

Lalə lap məst olmuşdu. Bir tərəfdən İsanın yançaqlarında gəzən əlləri, bir tərəfdən də təkrarladığı şeir. İsa deyirdi:

- Çağır, Lalə, ehtiraslı bir səslə çağır - qızııııııl balıııq! Qızıııl balıııq!

Lalə qızıl balığı bir neçə dəfə səslədi...

 

***

- O it niyə hürür?

- Çox güman ki, dərənin dibində ona canavarlar hücum edib.

- Burda canavarlar var?

- Burda çaqqal da var.

- Siz canavarları sevirsiniz?

İsa üzünü geri çevirib tərs-tərs Şamxatın gözlərinin içinə zillədi baxışlarını. Birdən it fəryad edib uladı. Şamxat itin fəryadını daha aydın eşitmək üçün sol əlini qulağının dibinə qoydu. İtin səsini eşidib gülümsədi. Dodaqlarının altında pıçıldadı: - Onlar iti boğdular.

İsa avtomobili yolun kənarında saxlayaraq, - təkərdəki nasazlığı aradan qaldırım, gedək, - dedi.

Yağış təxminən bir saat bundan qabaq başlayıb. Elə yağırdı ki! Yox, gileylənmək lazım deyil. Bu lap yaxşı oldu. Yağışın yağmağını deyirəm. O yağmasaydı, indi bu gözəl xanım mənim avtomobilimdə olmazdı. Mən heç bu qızın adını da bilməzdim.

- Hə, indi getmək olar. Bəlkə, hardasa şam edək?

- Mən evə getməliyəm. Siz canavarları sevirsiniz?

- Mən qızıl balığı sevirəm.

- Deməli, nağıllardan xoşunuz gəlir. Mən sizə nağıl danışaram.

- Danışarsınız, amma qızıl balıq haqda.

- Mən sizə qızıl balıq haqda nağıl danışacam.

- Doğrudan?

- Hə, bizim evdə, qızıl balıq haqda nağıl!

- Tək yaşayırsınız?

- Yox, kor qoca qadınla yaşayıram. Anamdır.

- Sizə gedirik?

- Hə.

İsa sevinirdi...

- Nəhayət qulaqları kar edən gələndə, o gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və oğullarından. O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır. O gün bir çox üzlər parlayacaq, güləcək, sevinəcəkdir. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq. Onları zülmət bürüyəcək. Onlar pozğunlardır. - Başında buğda dənələri boyda ağ tüklər olan qadın gözlərini bir nöqtəyə dikib öz-özünə danışırdı. Şamxat üzünü arxasınca gələn İsaya tutub - Fikir vermə, özündə deyil, mənim otağıma keçək, - dedi.

Ora həmişə elə olur. Bəzən yağış yağır. Gölün ətrafındakı ağaclar, bəlkə də dünya yaranandan ordadır. Havası pis deyil. Çox az adam tanıyır o yeri. İldə cəmi beş-on adam gəlir ora. O da, gəlsə. Rayonun əsas yolundan çox uzaqdadır. Meşənin içi ilə uzanıb gedən bərbad yol, adamdan səbirli olmağı tələb edir. Yolun sağında və solundakı şam ağaclarından, meşənin dərinliklərindən keçən hissəsində də var. Hündür dağlar isə, elə lap yaxınlıqdadır. Oranın gecələri dəhşətlidir. Günorta vaxtı səsi eşidilən quşlar, gecə qeybə çəkilirlər. Hətta deyərdim ki, gecənin qaranlığında eşitdilən qanad səsləri o quşlara aid deyil. Meşədə onlarla yırtıcı heyvan var. Amma heç biri oradakı göldən su içməz. Qəribə göldür. Bulanıq suyu var. Çimmək üçün elə də yaxşı deyil. Daim tənhalıqdan kədərlənən kişiyə bənzətmək olar o gölü. Mənim özümə oxşayır.

O yenicə yandırdığı siqaretdən dalbadal bir neçə tüstü sümürüb, davam etdi.

- Üzümdəki tüklərin sayı qədər kol-kos alıb gölün çox hissəsini. Sən mənə qızıl balıq haqda nağıl danışacaqdın.

- Saçlarımın hörüyünü açacam, kənarda dur, sadəcə seyr elə. Sadəcə əllərimə bax.

Şamxat arxasını çevirib, yavaşca saçlarının hörüyünü açmağa başladı. Sonra dizlərinə qədər tökülən gur saçlarını yığışdırıb ehmalca arxasına atdı. Sonra əllərini saçlarının altından boynunun arxasına apararaq, uzun ətəkli donunun düymələrini bir-bir açıb, dedi:

- Əllərimə və barmaqlarımın ucuna bax.

Bütün düymələrini açdıqdan sonra, zərif barmaqlarıyla donunun boynunu sürüşdürüb çiyinlərindən çıxartdı. Əllərini oynadaraq, çiyinlərini də əllərinin ritmi ilə atıb-tutmağa başladı. Yavaş-yavaş İsaya tərəf çevrilib:

- Mən indi qızıl balığam. Görürsənmi, vücudum axıb gedir gecənin dərinliklərinə. Sən mənim quyruğumu görmək istəyirsən?

- Hə...

Şamxat yenə arxasını İsaya çevirib hər iki əli ilə saçlarından möhkəmcə tutdu. İsa nəfəsini sinəsində tutub saxlamışdı. Ona elə gəlirdi ki, nəfəs alsa, gözlərinin önündəki mənzərə yox olacaq. Birdən diksinərək nəfəsini içinə çəkdi, - Bu nədir? - O, həyəcanla Şamxatdan soruşdu.

Şamxat taxma saçlarını başından çıxardıb belinə bağlamışdı.

- Bu sənin öz saçın deyilmiş?

- Anamın saçlarıdır. Hər gözəlin bir eybi var. Qızıl balığın quyruğu xoşuna gəldi?

İsa çox təəccüblənmişdi. Alt dodağını dişlərinin arasında sıxıb:

- Hə, əladı. Qızıl balıq bunu mütləq görməlidir. Sabah səhər, biz bunu ona göstərək, - dedi.

Şamxat onunla razılaşdı və ikisi də, qəhqəhə çəkib ucadan güldü.

 

***

- Mənə arzuları gerçəkləşdirən qızıl balıq lazımdır.

İsa dizə qədər suyun içinə girmişdi. Özü ilə danışırdı. Qəfildən geri çevrilib qışqıraraq gölün kənarında ayaqlarından zəncirlədiyi qızlara səsləndi:

- Bilirsiniz nə oldu? O, yox oldu. Bax burda, mənim kimi dayanmışdı. Sonra batmağa başladı. Mən onu xilas edə bilmədim. Hətta mən onun əlindən tutmuşdum. Amma bu lənətəgəlmiş göl onu uddu. Sonra mən qızıl balığı çağırmağa başladım, - qızııııııııııııl balııııııııııııııq! Qızııııl balııııııııııııııq! Qızıl balıq məni eşitmədi. Amma o sizi eşidəcək. Sən şeiri de! Sənsə saçlarını belinə bağlayıb oxuya-oxuya rəqs elə! Hə, başlayın! Qızıııııııııl balıııııııq! Qızııııııııııl balıııııııq! Mən səndən onu istəyəcəm, qızıııııııııl balıııııııııııııq! Lənət şeytana! - İsa sanki öz səsini eşidib yuxudan oyandı. O, öz-özünə dedi:

- Burda dayanıb boş-boş xəyallar qurmaq yersizdir. Evə getmək lazımdır. Günü sabahdan, sevmək lazımdır. Lap elə qarşıma çıxan ilk qızı sevəcəm. Tənhalıq məni dəli edib, gic-gic xəyallar qururam. Qəribə göldür. Daim tənhalıqdan kədərlənən kişiyə bənzətmək olar bu gölü. Mənim özümə oxşayır.

O, yenicə yandırdığı siqaretdən dalbadal bir neçə tüstü sümürüb, davam etdi.

- Üzümdəki tüklərin sayı qədər kol-kos alıb gölün çox hissəsini. Görəsən, bu göldə arzuları gerçəkləşdirən qızıl balıq var? Olsaydı, pis olmazdı.

İsa hərdən gölün kənarında gəlib dayanaraq, siqaret çəkə-çəkə xəyallar qurmağa vərdiş etmişdi...

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!