Külək adam - Orxan FİKRƏTOĞLU

Hekayə

 

Çürümüş kəndirə oxşar çirkli saçlarının kəpəyi gödəkcəsinin yaxalığına dağılmış bu qəribə adamı şəhərdə tez-tez görürəm. Daim harasa tələsir. Yerişi quş uçuşu kimidir. Elə bil süzür, yerimir. Uzaqdan-uzağa lampa kimi yanır. Cavanlar onun isti gözlərindən siqaret alışdırırlar. Baxışı da yerişi təkin tələsikdir. Harda yaşadığını, nə işlə məşğul olduğunu heç kəs bilmir. Bəziləri ona sərsəri, bəziləri dəli deyir. Kimdənsə çörək pulu istədiyini görməmişəm. Yemək də yemir. Bir yerdə oturub dincəlmir də. Geyimi köhnə olsa da, həmişə ütülüdür. Saçları yaşdır. Başı üstə yaşıl halə var. Kölgəsi işıqlıdır, qara deyil. Bir dəfə onu göy qurşağının üstündə oturan görüblər. Deyilənə görə, evi yoxdur, şəhərə hər səhər külək kimi dənizdən əsib gəlir. Getdiyi yerdə bir də görürsən dayandı. Baxılmayan bir daşa və ya heç kəsin görmədiyi bir adama diqqətlə baxdı. Baxdığı həmin o gərəksiz daş və ya heç kəsin tanımadığı sıravi adam bu baxışdan sonra insanın gözünə tamam başqa ağırlıqda görünməyə başlayır. Onun baxdıqlarına sonra sən özün də birdən-birə tamam başqa bir gözlə, elə bil təzədən baxırsan. Və heç zaman görmədiyini elə bil, birdən-birə görürsən. O, baxışıyla baxdığını dəyişir. Olmayanı olundurur. Mənasızı mənalandırır.  Sonra yenə heç nə olmayıbmış kimi, tələsə-tələsə külək kimi əsib gözdən itir. Əslində, heç yerə getməyən bu tələskən adam, gecələr günəşin arxasınca birdən-birə külək təkin yoxa çıxır. Onun hara yoxa çıxdığını anlamaq istəyən bir şatırçını sonralar iki həftə özünə gətirə bilməyiblər. Həmin şatırçı atasının goruna and içirmiş ki, bu adam insan deyil, Xəzri küləyidir.

Boyu hündür olmasa da, adama necəsə bir qarış yuxarıdan baxır. Onun bu baxışına tən gəlsin deyə, adi adamlar durduğu yerdə bir qarış yüksəlirlər. İndi də onun baxdığı adamlar, baxmadığı adamlardan bir qarış hündürdür. O, baxdığını elə bil bir qarış ucaldır. Hər görəndə onu dindirmək istəsəm də, alınmır. Baxışımı əzib yel kimi keçir. Elə gün olur onunla beş-altı dəfə görüşürük. Elə vaxt da olur iki-üç gün gözümə dəymir. O, yuxu kimidir. Hardan gəlib, haçan gedəcəyini ancaq özü bilir. Hər səhər yolunun üstündə köndələn dayanıram ki, mənə baxsın. Məni görməyib keçir. Gözü üzündə olsa da, baxışı içindədir. Baxdığına içindən baxır. Üzündəki gözü baxmaq üçün deyil. Kimə baxacağını elə bil ona tapşırırlar. Zamanı, vədəsi var. Hərdən düşünürəm ki, bəlkə gözünə görünməkdən ötəri nəsə bir əməl eləməliyəm? Ya çox pis bir adam olmalıyam ki, o, məni öz saf baxışıyla yaxşı etmək istəsin. Ya çox yaxşı bir adam olmalıyam ki, məni nəyləsə müjdələsin. Üsyan etməyib qul ömrü yaşayan bir adama o nə deyib baxsın axı? Bəlkə də çox adiyəm deyə, heç görünmürəm. Olanlara uyğunlaşıb, təklifsiz, iradəsiz yaşayanlardanam. Həyata öyrəşənlərdənəm. Onu dəyişənlərdən deyiləm. O, məni neynir?

Dünən ən yaxın dostum məni müdirə satdı. Bundan sonra kimə inanacağımı bilmirdim. Bütün günü təkbaşına sahildə dolaşdım. Yorulanda üzü dənizə dayandım. Gözümü dalğalara zillədim. Dalğalar qaça-qaça sahilə çıxsalar da, ləpədöyəndə nədənsə sakitləşirdilər. Sanki hirsləri soyuyurdu. Dalğalara güc verən dəniz imiş. Onlar gücü dənizdən alıb cəsarətlə sahilə cumurmuşlar. Dalğalar anlayanda ki, onları güclü edən dənizdə deyillər, qorxa-qorxa geriyə qayıdırdılar. Mən yalnız həmin gecə anladım ki, insanlar da bu dalğalar kimi ömürlərində cəmi bircə dəfə sahilə çıxmağa özlərində güc tapa bilirlər. Sonra məğlub olduqlarını anlayıb, peşman halda geriyə öyrəşdiyi sulara qayıdırlar. Bir damcı suyun dalğa olması üçün bilirsizmi nə qədər zaman tələb olunur? Dalğa olmaq gücü su damlalarına cəmi bircə dəfə verilir. İkinci dəfə eyni suyun dalğa olması mümkün deyil. İnsan həyatı da belədir. Bir dəfə yaşayırsan.

Qəfil kürəyimdə kiminsə baxışını hiss etdim. Arxaya çevrildim. O idi. Dayanıb diqqətlə mənə baxırdı. Biz bir sakitlikdə idik. Dilim-ağzım qurumuşdu. Bu səfər onun qaynar gözlərini daha aydın görə bildim. Göründüyündən cavan imiş. Həmişə harasa tələsdiyindən gözümə yaşlı görünürmüş. O, mənə də özümdən bir qarış yuxardayammış kimi baxırdı. Səsi də elə bil harasa tələsirdi.

"Dostuna haçansa yanlış məna verdiyin üçün indi əziyyət çəkirsən. Sənin üçün məna olan külək sürətində məna deyil. Sənin üçün dost tanıdıq və dəyişməz üzdür. Sən özün üçün dost əxlaqı uydurmusan. Bu dost bəlli bir ovqatda yaşamalı və sənə gözlədiklərini verməlidir. Onun dost adlı əhvalını, bu süst əhvalın ədalətini də sən özün uydurmusan. Sən ondan itaət tələb edirdin. Dostun isə bunu bilmirdi. Çünki sizin sürətdə vəfa ola bilməz. Səni ayıldım deyə, dostunu mən düşünmüşdüm. Sənin üçün dost, doğru olduğu halda mənim üçün yalandır. Sən ona bağlanmalı, inanmalı deyildin. Öz durğun sürətindən, yalan dəyərlərindən dərs alasan deyə, ancaq dostunu itirən gecə səninlə kəlmə kəsirəm, görürsənmi? Bilirsənmi bundan sonra necə yaşamalısan? Sürətlə gedən maşının arxa oturacağında oturub, açıq şüşədən yol kənarında ani olaraq görünüb itən adamlara, ağaclara baxdığın kimi. Onların arasında nə dostun var, nə düşmənin, düzdürmü? Onların içində məna axtarmağa heç vaxtın, zamanın da yoxdur. Onlar sənin üçün ani görüntülərdir. Bu adamlardan küsməyə, nəsə ummağa sənə zaman verilməyib. Hətta sənə doğma kimi tanıdılmış anan da, atan da gerçəkdə o arxa oturacaqdan baxıldıqda bir anlıq görünüb itən şəkillərdir. Onlar da səninlə həmişə qalacaq əbədi mənalar deyil. Açıq şüşədən görünən o adamların pisi, yaxşısı olmur. Onların üzü görünmür, ancaq olduqları vurğulanır. Onlar sənə əziz deyil deyə, yada çevrilmirlər. Sürətini artır. Küləyə çevril. Yavaşsan deyə, belə narazısan, hirslisən, peşmansan."

Onun son sözləri məni silkələdi. Ondan: - Hara gedim? - soruşmaq istədiyim an bir qarış aşağı endim. Və külək adam bircə anda gözümdən itdi. Səhər işə getmədim. Bütün günü şəhəri təkbaşına dolaşdım ki, onu görəm. Gözümə dəymədi.

İki gün sonra isə eşitdim ki, onu güllə ilə vurub öldürüblər. Yas məclisi də doğulduğu kənddədir. Onun yas məclisinə getdim. Sən demə, o külək-zad deyilmiş, adi adammış. Kəndin girəcəyində də kasıb koması varmış. İki körpə uşağı həmin bu komada üç il qabaq soyuqdan donub ölübmüş. İşsiz olduğu üçün hər səhər şəhərə iş dalınca gəlirmiş. Arvadını da çox sevirmiş. Mağar yığılana qədər yasda oturdum. Məclisin lap axırında ayağa qalxıb, yaxınlarına başsağlığı verdim. O, gecə, kənddən şəhərə qədər ayaqla gəldim.

O gündən mən də maşınların arxa oturacağında oturub, şüşədən şəhərə baxan külək adam kimi yaşayıram. Sürətim artıb. Gördüyüm adamların mənim üçün nə adı var, nə üzü. Belə yaşamaq asan imiş. Daha heç kəsdən küsmürəm, heç kimi sevmirəm və heç kimdən incimirəm. Onların hara getdiklərini bilmədiyim kimi, onlar da mənim hardan gəldiyimi bilmirlər. Beləcə, biri-birimizi görən kimi unuduruq. Və illər beləcə külək kimi keçir.

Məna onda deyil ki, sürətlə gedən maşının arxa şüşəsindən dünyaya baxan bir adam kimi mən bu adamların hara və niyə getdiklərini bilmirəm. Məna ondadır ki, özüm də bu adamlarla birlikdə külək sürəti ilə harasa gedirəm. Və artıq heç kəsin adı, üzü yoxdur. Ancaq külək var.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!