İsa Martha və Məryəmin evində - Ülvi BABASOY - esse

Ülvi BABASOY

 

Vatsapın status səhifəsinə göz gəzdirirəm. Bir xanımın paylaşımı diqqətimi çəkir. "İlahi, nə axmaq şeydir natamam qalmaq". Özünü kimsə ilə müqayisə etmək yaşamağa imkan vermir. Bu hal qibtə hissi oyadır. Bundan da qısqanclıq, həsəd, kin və paxıllıq törəyir. Sentimental hisslər də baş qaldıra bilər. Romantik, duyğusal depressiya yaşayanlar da  olur. Bu xanımda qarışıqdır. Hərəsindən bir az var. Natamamlıq kompleksi hərədə bir cürədir. Bəziləri də özünü təsdiqlə əlləşir. Şəxsi həyatında, karyerada, sosial şəbəkələrdə və sənətdə. Sənətdə təsdiqolunma istəyi ən gözəl və nadir olanıdır. Ancaq istedad və intelllektin yerini məzmunsuz nümayiş alırsa, faydasızdır. Halbuki, həyat buna vaxt ayıracaq qədər uzun deyil. Başqaları ilə müqayisə və ya bəhsə girmək ömür çürütməkdir. Yaşamağı və var olma səbənini unudub öz-özünə deyinməkdir. Biri gözəllik və çirkinlik, o biri  varlılıq və yoxsulluq,  başqası zəkilik və dayazlıq kompleksinə girir.

İngilis yazıçı Antoniya Syuzen Bayettin "İsa  Martha və Məryəmin evində" hekayəsinin qəhrəmanı Dolores kök və çirkin bir qızdır. Üstəlik, xanım Konçitanın evində qulluqçudur. Özündən gözəl və varlı qadınlara nifrət edir. Onlara qulluq etmək dözülməz həddə gəlir. Nəhayətdə xanım Konçita ilə dalaşıb oranı tərk edir. Bir restoranda ofisiant işləməyə başlayır. Restoran sahibi və müştərilərə aqressiya ilə yanaşır. Çirkin və gombul olmağın kompleksi ona əzab verir. Dolores natamamlıqdan qaynaqlanan aqressiya və  acığını başqalarının üstünə tökür. Hər gün restorana gələn rəssam bu vəziyyəti müşahidə edir. Və restoran sahibi Konsepsion və Doloresin rəsmini çəkir. Tabloda amiranə davranışlar sərgiləyən, müştəbeh bir müdirin eqoizmi ən incə cizgilərinə qədər öz əksini tapır. Onun arxasından boylanan kinli və çirkin ofisiant "ölümsüzləşir". Tabloya ilk baxan müdir Konsepsion özünü görmür. Doloresin çirkinliyinə kinayə edir. Dolores də öz növbəsində Konsepsionun iti baxışlarını ələ salır. Hər ikisi şaqqanaq çəkir. Sənət isə ikisinə də  zərif  bir yumorla gülür.

Dieqo Velaskis "İsa  Martha və Məryəmin evində" (1618)

XVII əsr ispan rəssamı Dieqo Velaskesin "İsa Martha və Məryəmin evində" tablosunun dekonstruksiyası olan hekayə sistem içərisində sistem yaradır. Velaskesin tablosu sənətlər arasında ünsiyyət qurur. Hekayə və rəsm sənəti müasir dövrə köçürülür. Tabloda iki qadının mətbəxdəki fəaliyyətinin naturası verilir. Masada 4 balıq, 2 yumurta, 2 baş da sarımsaq var. Arxa fonda isə  İsa, Martha və Məryəmin tablosu. Məişət işləri və dini dəyərlər bir yerdə təsvir edilir. Antoniya Syuzen diqqəti bu məqama çəkir. Çünki natamamlıq kompleksi  daha çox məişət fonunda baş verir. Bir də radikal dindarlıqda. Sosial-mədəni problemlərin qaynağı birbaşa maddi təminatsızlıqdır. Ordan digər yerlərə yayılır. Ondan xilas olmağın yolu özünü nədə və hardasa tapmaqdadır. Vaskes və Bayett özlərini sənətdə təsdiq edirlər. Bəs Dolores kimi adi məişət dərdləri və natamamlıqdan əziyyət çəkənlər nə etməlidir? Özü və mövcud şəraitlə barışmalıdır. Çünki dünya işıqlı və həyat doludur. Fəaliyyətdir. Natamamlıq süstlük gətirir. İntihara belə qapı açır. İşıqlı və həyat dolu dünyada var olmamaq cinayətdir. Gərək hər kəs özünü nədəsə tapa. Yerişindən belə zövq almalıdır insan. Xüsusi iş-gücü, sosial statusu olmayan bir insan özünə məşğuliyyət tapanda həyatına işıq və harmoniya gəlir. Zövq almaq işin əsas formuludur. Bayettin hekayə və rəsm sənətini birləşdirməsi də təadüfi deyil. Çünki bütün incə sənətlər ilk növbədə zövq formalaşdırır. Rəssamlıq, teatr, kino və ədəbiyyat kimi sənətlər insana  bir əndam aynasında özünə lümlüt baxmaq şəraiti yaradır. Bu, soyunmaq anlamına gəlmir. Özünüironiya və gerçəkliklə  üzləşməyi bacarmaqla mümkündür. Çünki bu zaman ruh və cismin həqiqəti ortaya çıxır. Komplekslərdən xilasa estetik terapiyadır bu. Ən çox başqalarının maddi və mənəvi təminatını mənimsəyənlər görünür bu aynada. Ancaq bu məqam digərindən incə bir xətlə ayrılır. Birində özünü tapmaq mövcuddur. Fərdin xilası aparıcıdır. İkinci də isə ümumi , bəşəri xislətin inadkarlığı. İsa obrazı da xüsusilə seçilib. İsa heç bir maddi ambisiya və mövqe güdməyən peyğəmbərdir. İsada  mənəvi təkamül vacibdir.

Ümid duyğusu da qabarıqdır həyatımızda. Natamamlıq sindromuna son qoya biləcək gücdədir. Sənətin ümidi fərdlərin hər növ kompleksdən arınmasınadır. Təkcə bu zaman mədəni və komplekssiz bir toplum  yaranar. Yoxsa kəndli və şəhərli, mədəni və "zırrama" bölgülərinə ehtiyac yoxdur. Yüksək texnologiya dövründə kəndli-şəhərli bölgüsü forma olaraq mövcuddur. Əyalət və ya meqapolisdə yaşamaq kübarlıq əlaməti deyil. Ziyalı elitası da, sadə, zəhmətkeş  bir kəndli də həyatında harmoniya axtarır. Bayettə görə, sənətlə harmoniya tapmaq mümkündür. Haqlıdır. Ancaq bu yolla aqressiya dolu bir mühitdə dincliyə qovuşmaq olar. Onda şair demişkən "sevda kədəri, xəstəlik kədəri, qocalmaq kədərin"dən başqa heç bir dərd döyməz qapımızı. Heç gərək də yoxdur. Xəstəlik və qocalıqla mübarizə  insan təbiətinin var olmaq səbəbidir. Natamamlıqdan xilas olmağa çarədir. Sevgi isə ixtiyarsız bir dünyadır. Hər zaman ona möhtacıq. Azadlıq və çörək uğrunda mübarizə isə absurddur. Çünki azadlıq da, çörək də hər kəsin təbii haqqıdır. İnsan olmaq və yaşamağın  səbəbidir. Təbiətdəki möhtəşəm yardımlaşma və sərbəstlik yetməzmi? Yenə də sənət imdada yetişir. Natamamlıqdan və şəhərli-kəndli qovğalarından xilas olmağın yolu bütövlük və gözəllik duyumundadır. "Bir ağac kimi tək və hür, bir meşə kimi qardaşcasına". İsa Martha və Məryəmin evinə belə bir gözəllik və anlayış gətirir. Empatiya və həqiqət duyğusunu işə salır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!