Nə satırlar... - Hekayə - Əyyub QİYAS

 

Həbsxanadan çıxandan sonra özümə söz verib söyüş qoydum ki, bir də oğurluq etməyəcəyəm...  

Oğurluq üstündə iki dəfə cəza çəksəm də, həbsxana həyatına, dustaq dünyasının özünəməxsus ləzzətlərinə, qolları bağlı azadlığın dadına, həyat eşqinə və insanlara olan nifrətimə baxmayaraq , nədənsə keçmişimi unutmaq, hər şeyi yenidən başlamaq qərarına gəldim. Fikirləşdim ki, oğurluq mənimçün nə qədər doğma, əziz, bənzərsiz, romantik bir peşə olsa da, nəsə təzə bir şeyə yiyələnməyimin vaxtı çatıb. Bəs - "Nədən başlamalı? Nə etməli?"

Gözlərimi döyərək,  bu suallara cavab tapmaq arzusu ilə Moskvanın nəhəng "Belorus" vağzalında fit verib nəfəsini dərən qatardan düşdüm.  Cibimdə evdən, dost-tanışdan götürdüyüm bir xeyli pulla vağzalda bir qədər ora-bura vurnuxdum.  Bu anlarda bir-neçə gözəl oğurluq şansını əldən verdim və qərara gəldim. Həyatımın mənasını dəyişəcək bir kəşf etmişdim - alver!

Ağlıma belə bir fikrin gəldiyi üçün taleyimə minnətdarlıq edirdim.

Alver. Nəsə alıb-satmaq. Düzdür, bu özü də bizim qanunlara görə cinayətdir. İşə başlamaq üçün gərək, vergi orqanında qeydiyyata düşüb, qazancın müəyyən  hissəsindən vergi ödəyəsən, amma bu, mənlik deyildi! Mən azad bir adam idim... Mən istədiyimi edə bilərdim... Bu mənim illərlə həbsxana divarları arasında itirdiyim gəncliyimin haqqıdır. Bir də ki, bu işin öhdəsindən gəlmək özü də bir qəhrəmanlıqdır! Amma mənim kimi peşəkar bir "akademik" (bu adı mənə etdiyim oğurluqların çeşidindən heyrətə gələn və hisslərini gizlədə bilməyən prokuror məhkəmə zamanı vermişdi) üçün alver etməyin o qədər də çətin olmayacağını düşünüb, metro ilə mərkəzə yollandım.

Moskva. Möhtəşəm şəhər. Əlbəttə, əvvəllər də Moskvada bir-neçə dəfə olmuşdum, amma o zamanlar bu şəhərə peşəmlə bağlı (oğurluq etmək üçün) səfər etdiyimdən, bu gözəllikdə şəhərə adam balası kimi tamaşa edə bilməmişdim. Mən  həsrət və çaşqınlıqla (lütfən, mənim belə ədəbi cümlələrlə danışmağımdan təəccüblənməyəsiniz, unutmayın ki, mən on üç il həbsxana təhsili almışam) Qızıl meydana, Kremlə, qədim tarixi abidələrə baxa-baxa nə vaxt mərkəzi univermağın qarşısına gəlib çıxdığımı özüm də bilmədim.

Mərkəzi univermaq çox böyük idi və buradakı adamlar da eynən bayırdakı kimi harasa tələsirdilər.

Mərtəbələrin birində uzun bir növbə gördüm. Hələ əvvəllər də eşitmişdim ki, uzun növbələr olan yerlərdə az tapılan mallar satılır.

Vaxt itirmədən növbəyə qoşulmaq, həmin o az tapılan  "nədənsə"  almaq, üstünə bir qədər artıq pul qoyub satmaq barədə düşünərək iti addımlarla növbəyə yaxınlaşdım. Son ucda duran yaşlı, donqar belli rus qarısından kimin sonuncu olduğunu soruşdum.  Qarı çuxura düşmüş gözləri ilə mənə baxıb istəməyə-istəməyə, zorən özünün sonuncu olduğunu dedi. Növbəyə qoşuldum.

Bir qədər sonra nəyə görə növbəyə durmağımı öyrənmək məqsədi ilə  qarıdan:

- Nənəcan, deməssiz nə satırlar? - soruşdum.

Qarı məni başdan-ayağa qədər süzüb, sanki söyəcəkmiş kimi üzümə baxdı:

- Bura  bax, cavan oğlan, - dedi, - nə satıldığını bilmirəm, amma bayaq mən növbəyə duranda xəbərdarlıq elədilər ki, məndən sonra növbəyə duranlara onsuz da o satılan şeydən çatmayacaq.

Qarının cavabı məni tutsa da, ürəyimdə ona "qoca..." deyib (yox, ürəyimdə ona sizin ağlınızdan keçəni demədim, sadəcə, nə dediyimi unutmuşam... Amma, adamın üstündə Allah var, qarıya elə sizin fikirləşdiyiniz söz çox yaraşardı, sadəcə, tərbiyəm və mədəniyyətim bunu belə fikirləşməyə mane olurdu) növbəyə durmağa davam etdim. Bunu görən qarı, ifritə, əcinnə, nə bilim e... hər kimsə, mənə sarı bir də çevrilib gözlərini süzdürdü. Nə isə... qarıya baş qoşmaq mənasız  idi. 

Vaxt ötdükcə anbaan hadisə yerinə, bağışlayın e, vitrinə yaxınlaşır, hətta satıcı qadının başını belə görürdüm. Bir tərəfdən də növbəyə nədən ötrü dayanmağımı dəqiqləşdirmək marağı mənə güc gəlirdi. İçimi didən narahatlığa son qoymaq üçün yaxınlıqdakı sütunun yanında söhbət edən cavanları səslədim:

- Ehey, uşaqlar, - dedim, çevrilib mənə baxdılar. Elə bu vaxt arxadan gələn güclü təkan məni xeyli irəliyə atdı.  Özümü birtəhər sahmanlayıb bayaqkı gənclərə baxdım və onların sual dolu baxışlarını görəndə, məni gözlədiklərini anladım. Soruşdum:

- Bilmirsiz burda nə satırlar?

Sualımı eşidən gənclər məni tərs-tərs süzüb oradan uzaqlaşdılar.

Ürəyim sıxılmağa başlamışdı, darıxırdım.

Keçmiş günləri xatırladıqca, yerimdə qərar tuta bilmirdim, düşünürdüm ki, növbədə keçirdiyim bu vaxt ərzində bir-iki oğurluq edib ciddi bir işlə məşqul ola bilərdim. Amma, nə etməli? Qəti qərara gəlmişdim. Oğurluqla birdəfəlik (əgər buna tab gətirə bilsəm, çünki iradəmə yaxşı bələdəm və bilirəm ki, belə vədlərdən çox vermişəm, amma deyəsən bu, mənim son söz verməyimə oxşayır) qurtarmışdım. Nə isə...

Keçmiş günlərimin xoş xatirələrindən ləzzət ala-ala növbəmi gözləyir, satıcının mənə yaxınlaşan  sarışın tellərinə baxdığım vaxt, univermağın radiosu ilə elan səsləndi: "Möhtərəm alıcılar, üçüncü şöbədə satılan mallar qurtardığı üçün beşinci şöbədə eyni malların satışı başlanır. Alıcılardan beşinci şöbəyə yaxınlaşmaqları xahiş olunur."

Radio elanı bir-neçə dəfə təkrarladı və insan axını məni qucağına alıb on-on iki metrlik məsafəni qət edərək, harasa aparıb atanda onun nəyə xidmət etdiyini anladım. Ayaqlarım yerdən tamamilə üzülmüşdü və uçurdum... Elə uça-uça da harasa qondum və ətrafıma baxanda  yenə özümü insan dənizinin ortasında - növbədə gördüm.

Yalnız indi başa düşdüm ki, artıq 5-ci şöbədəyəm. Qarşımda yekəpər bir oğlan dayanmışdı və nə üçünsə çevrilib mənə baxırdı. Yekəpərin xoş sifətindən istifadə edib ünsiyyət yaratmağa çalışdım:

- Qardaş, canıvı yeyim, (yəni bu sözləri rus dilində deyirdim) deməzsən burda nə satırlar?

Elə bil gədənin dədəsini söydüm. Onun bayaqdan bəri mənə zillənən xoş baxışları zəhrimarla əvəz olunmuşdu.

- İndi qaşlarıvın ortasından birini ilişdirərəm (elə belə də dedi), bilərsən nə satırlar.

Lənət sənə kor şeytan! Bax buna əcəb işə düşmək deyirlər. Mən onlara nə deyirdim? Niyə sualım hər dəfə onları hirsləndirirdi? Onlardan nəyim əskik idi? Lap boğaza yığdılar məni! Cəhənnəm olsunlar! İndi hər şeyə tüpürüb gedəcəyəm! Heyif deyil oğurluq! Gərək hər kəs öz bacardığı işlə məşğul olsun!

Elə sıxmışdılar ki, tərpənə bilmirdim.  

Bu anlar səbr nümayiş etdirmək üçün bir imtahan idi. Gözləməliydim! Gözləyirdim! Başqa çarəm yox idi. Bu anları yaşamaq taleyimə yazılmışdı. Br də, daha darıxmaqdan da keçmişdi. Demək olar ki, hadisə yerinin lap yaxınlığında idim.

- Nə istəyirsiz?

Sual məni əməlli-başlı çaşdırdı. Vitrində müxtəlif şeylər var idi və mən çaşqınlıqla onlara baxırdım. Kimsə arxadan dilləndi:

- Ay kişi, bir az cəld ol da...

Tələsik satıcıya:

- Qadası, mənə də o satdığından ver, hamı alandan, - dedim.

Satıcı qaşlarını çatıb bir də:

- Hansından verim? - xəbər aldı. Mən də vaxt itirmədən:

- Hamısından, - dedim, - hamısından almaq istəyirəm.

Satıcı başqa heç nə demədən mənə iki bağlama verdi və (sonrakı hadisələrlə bağlı nə qədər ödədiyimi unutduğumdan, aldığım malların dəyərini xatırlamıram) pulu ödəyib birtəhər növbədən çıxdım. Əlimdəki bağlamanın içindəkinin nə olduğunu öyrənmək məqsədi ilə bir küncə çəkilmək istəyirdim ki, kiminsə əli astaca çiynimə toxundu. Geriyə çevrilib baxanda qarşımda orta boylu, çal saqqallı, başında araqçın, əynində zolaqlı xələt, belində bellik olan bir əkə, üzr istəyirəm, bir özbək kişinin dayandığını gördüm. Kişi üzümə baxıb gülümsədi:

- Sat da onu mənə, əlindəkini deyirəm.

Sevgi dolu baxışlarımla kişiyə baxdım. Xilaskarım qarşımda dayanmışdı. İndicə əlimdəki bağlamanın içində nə olduğunu öyrənəcəkdim. Bu fikirlə soruşdum:

- Əlimdəki nədir ki?

Kişi bir anlıq çaşıb qaldı, sonra nə fikirləşdisə:

- Bilirsən necədir, - dedi, - buna sizin dildə nə deyirlər, bilmirəm, bizim dilə isə, tərcümə olunmur.

Kişini tərs-tərs süzüb, qəzəbimdən od tutub yanırdım. Az qala ona birini ilişdirəcəkdim, amma özümü saxlayıb, sadəcə:

- Ala, bunu görərsən (yox, vallah, yox, siz deyəni yox), - deyib, dirsəyimi göstərdim. - Satıb eləmirəm, özümə lazımdır.

Kişi pərtliklə mənə baxıb, başını buladı, sakitcə uzaqlaşdı.

Əlimdəki bağlamanın içindəkinin nə olduğunu düşünə-düşünə pillələrlə aşağı enməyə başladım və elə bir-iki pillə enmişdim ki, üst mərtəbədən səs-küy eşitdim. Kimsə "pulumu qaytar" deyərək, çığırdı və ani olaraq ilk çağlarımı, cavanlıqda etdiyim cibgirlikləri xatırladım. Xoş düşüncə ilə pillələri enirdim ki, yekəpər bir cavan oğlan məni necə itələdisə...

...gözlərimi açanda başımın üstünü kəsdirən ağ xalatlı, sarışın tibb bacısının əlindəki şprisə dərman doldurduğunu gördüm. Ondan bir qədər aralıda orta yaşlı iki həkim dayanmışdı (sonradan bildim ki, onlardan biri psixiatr imiş).

Bütünlüklə sarğı içərisindəydim, yıxıldığımı, univermaqdakı son hay-küyü zorla xatırlayırdım. Ona görə də mənə baxan tibb  bacısından pıçıltı ilə soruşdum:

- Qadası, aldığım şeylər hanı?

Qız gülümsəyərək mənə baxdı.

- Sən nə almışdın ki?

- Yadımda deyil, - gözlərimi döydüm. Sözlərimi eşidən cərrah psixiatra pıçıldadı:

- Kolleqa, zənnimcə bu, sizin xəstənizdir.

Psixiatr mənə yaxınlaşıb gözlərimin içinə baxdı:

- Bilmirsən nə almışdın? - soruşdu. - Deyirsən unutmusan?

Sevinclə:

- Bəli, - dedim, - unutmuşam. Axı mən nə almışdım?

Psixiatr başını bulayıb dikəldi. Cərrahın yanına keçib mənə baxdı və qətiyyətlə:

- Demək, vəziyyət belədir də, cavan oğlan, nə vaxt nə aldığını xatırlasan, onda biz də səni xəstəxanadan buraxarıq evə...

Həkimlər çıxıb getdilər. Tibb bacısı mənə iynə vurub üzümə güldü və bir qədər sonra ağappaq tavana baxa-baxa Moskvaya ayağım dəyən andan bu günəcən nə qədər real oğurluq şansını itirdiyim üçün özümü söyür, bir də öz-özümə sual verib fikirləşirdim: "Axı mən nə almışdım?"