23 aprel - Ümumdünya kitab günü - Mətanət VAHİD

Kitab - xəyal gücü sərhədsiz olan alternativ dünyadır...

Mətanət VAHİD

 
   
Bu gün Ümumdünya kitab günüdür - kitabı sevən, dəyər verən hər kəs üçün bu sevgini izhar edə biləcəyi simvolik bir gün. 1996-cı ilin 23 aprelindən qeyd olunan bu bayram maarifçilik və mədəni ənənələrin inkişafı, kitabların həyatımızdakı önəmini vurğulamaq məqsədi daşıyır. 23 aprel tarixinin seçilməsi isə həmin günün M.Valyexo, M.Dryuon, H.Laksnes kimi yazarların doğum; M.De Servantes, U.Şekspir və İ.Q. de la Veqanın vəfat tarixi olması ilə bağlıdır.

    "Ümumdünya kitab və müəllif hüquqları günü" təsis edilərkən müxtəlif ölkə və təşkilatların təcrübəsi nəzərə alınıb. Məsələn, İspaniyada hələ 1926-cı ildə kral XIII Alfons İspan kitab gününün keçirilməsi ilə bağlı qərar imzalayıb və hələ o zaman bu məqsədlə Migel De Servantesin vəfat tarixi - 23 aprel günü seçilib. Müasir dövrdə hər il qeyd olunan bu bayram yalnız kitabların şərəfinə tərif yağdırmaq yox, həm də dövrümüzün önəmli problemlərindən olan müəlliflik hüququ məsələsinə diqqət yönləndirmək məqsədi daşıyır.

   Biz kitab deyərkən ilk növbədə bədii ədəbiyyatı nəzərdə tuturuq. İnsanın insan kimi formalaşmasında, şəxsiyyət kimi yetişməsində, müstəqil fikrə sahiblənməsində oxumaqdan artıq nəyin rolu ola bilər ki?! Kitabların həyatımızdakı rolu danılmazdır, amma fikrimcə, onların ən böyük dəyəri bizə xəyal qurmağı öyrətməsindədir. Kitab xəyal gücü sərhədsiz olan alternativ dünyadır. Yaxşı kitabın mütaliəsi heç vaxt izsiz ötüşmür, şüurumuzda kəlmələrin "yeri" qalır.

      Kitablarla uzun illərin dostluğundan sonra bəzən oxucu üçün ən sevimli kitabını seçmək belə, çətinlik törədə bilir. Kitabla bağlı ən çox qarşılaşdığımız isə "Həyatınızı dəyişən kitab hansıdır?" sualıdır. Hər dəfə onunla qarşılaşanda nədənsə eşidincə üzümüzdə təbəssüm yaradan "Həyata ikinci dəfə gəlsəydiniz, yenə bu sənəti seçərdinizmi?" sualı yadıma düşür. Halbuki bir insanın öz seçimindən həyatını onunla ikinci dəfə də bağlayacaq qədər əmin olub-olmaması kifayət qədər ciddi və düşündürücü sualdır. Onu "gülməliləşdirən" isə harada gəldi və kimə gəldi verilərək bayağılaşdırılmasıdır. Həyatımızı dəyişən kitablar isə həqiqətən, var: söz-söz, sətir-sətir şüurumuza təsir edən, bizi həyatımızı dəyişəcək qərarlar verməyə yönləndirəcək kitablar onlarladır - bir deyil, yüzlərlə kitab bizi dəyişərək bugünkü düşüncələrimizə sahiblənməyə səbəb olub.

    Amma baxır kimə necə təsir edir. Məgər azdırmı Mövlananın "Məsnəvi"sindən parçaları, İblisin monoloqunu əzbər deyib, "Sergiy ata"dan, "Səfillər"dən sitat gətirə-gətirə hər cür şərəfsizliyə qol qoyan, M.Ə.Sabirin qəhrəmanı olub şairə rəhmət oxuyan? Demək, kitab daha çox insanın içində gizli qalan dəyərləri üzə çıxarmaq, daha da cilalamaq, doğru yolu göstərmək xüsusiyyətinə malikdir həm də.

    Adətən, "pis kitab yoxdur, pis oxucu var" deyirlər. Amma məncə, bu, "çirkin qadın yoxdur" kimi pafos xətrinə deyilmiş ümumi bir fikirdir. Hər birimizin evində, iş yerində kitab adına hörmətdən nə ata, nə də sata bildiyi xeyli kitab olduğundan, onları kiməsə hədiyyə edib can qurtarmaq istədiyindən əminəm. Pis kitablar, təəssüf ki, var və Oskar Uayld hətta onları qorunmağı vacib biləcək qədər zərərli hesab edirdi. "Oxumaq, yoxsa oxumamaq" adlı məqaləsində o, oxumağı tövsiyə etdiyi yüz kitabla yanaşı, həm də oxumamağı məsləhət gördüyü kitabların siyahısını verir. İngiltərəli yazar düşünürdü ki, pis kitablardan insanları qorumaq işini hətta universitetlərin missiyaları sırasına daxil etmək vacibdir.

   Mütaliə bizim həyat tərzimizə çevrilib, yazmaq kimi oxumaq da mənəvi aclığımızdır, gündəlik ehtiyaclarımız sırasındadır. Lakin ətrafımızda ömründə, bəlkə də, bircə kitab da oxumayan xoşbəxt insanlar var. Çünki bəzən bilgisizlik ən böyük xoşbəxtlik və hüzurdur. Məncə, insan daha çox öyrəndikcə narahatlığı da artır, əzabları da; xəyal gücünün sərhədsizliyi qaçışı olmayan real dünyanı daha darıxdırıcı və maraqsız edir. Bu hüzurun qaçması naminə olsa belə, heç birimizin kitabsız dünyanı arzulamayacağını bilirəm.

     Kitablar bizim ömrümüz boyu yaşatdığımız ilk sevgimizdir. Yəqin ki, hər bir yaxşı oxucunun öz kitablı dünyası ilə bağlı saysız-hesabsız xatirəsi, arzusu var. U.Eko və J.K.Karyerin (J.C.Carriere) "Kitablardan qurtula biləcəyinizi sanmayın" kitabında deyilir: "Kitab eynilə qaşıq, çəkic, təkər və ya qayçı kimidir. Bir dəfə icad etdikdən sonra daha yaxşısını düzəldə bilməzsiniz." Texnoloji inkişaf bizə kağız kitabların alternativlərini təqdim edir və əlbəttə, onların da üstünlüklərini danmaq olmaz. Kitab oxumaq texnologiyanın yeniliklərinə qapalı olmaq yox, əksinə, ona bir az da yaxın olmaq deməkdir. Məsələn, deyək ki, ictimai nəqliyyatın sıxlığında kitab oxumaq imkanından məhrum olduğumuz vaxt telefondan səsli kitab dinləməyin nəyi pisdir ki? Yaxud kitabxana və mağazalarda tapa bilmədiyimiz kitabları internetdən endirib oxumaqla nə qədər irəli düşdüyümüzü necə dana bilərik? Bununla belə, insanın təbiətən sevdiyinə toxunmaq, yaxud toxunduğunu daha çox sevmək kimi bir cəhəti də var - vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca qoxusunu hiss etdiyimiz kitablar bizə daha əzizdir. Oxuyub kiməsə, yaxud kitabxanaya qaytarmalı olmadığımız kitablar isə özündə mütaliə zamanının enerjisini, ruhunu, xatirələrini daşıyır. Onları müəyyən müddət sonra götürüb vərəqləyəndə sanki eyni hadisələri, hissləri təkrar-təkrar yaşamış oluruq.

     Ümumdünya kitab günündə kitabçılıq və kitabxanaçılıq sahəsindəki qüsurlarımız daha qabarıq görünməkdədir. Bu gün oxucunun onsuz da az olduğu, vaxtının çoxunu televiziya və internet qarşısında keçirənlərin sayı getdikcə artdığı bir zamanda kitab mağazalarının və şəhər kitabxanalarının bağlanması ürək ağrıdır. Bunların qarşısını almaq üçün müvafiq tədbirlər görmək, kitaba daha çox oxucu qazandırmağa çalışmaq lazımdır. İnkişaf etmiş ölkələr kitaba diqqət və marağı artırmaq üçün bu simvolik gündən istifadə edərək müxtəlif tədbirlər, sərgi və yarmarkalar keçirir. Bizim ölkəmizdə də hər il kitabla bağlı tədbirlər keçirilir, amma arzu edərdim ki, bu, protokol məqsədli deyil, daha kütləvi və intensiv xarakterli olsun.

      Yəri gəlmişkən, Ümumdünya kitab günü ilə bağlı dünya təcrübəsindən bir məqamı da paylaşmaq istəyirəm: 2001-ci ildən etibarən hər il bir şəhər bir il müddətinə Dünyanın kitab paytaxtı elan olunur. Dünya kitab sənayesinin üç əsas bölməsini təmsil edən nüfuzlu beynəlxalq təşkilatlar (Beynəlxalq Naşirlər Assosiasiyası, Beynəlxalq Kitab Ticarətçiləri Federasiyası və Beynəlxalq Kitabxana Assosiasiyaları və idarələri Federasiyası) və YUNESKO nümayəndələrinin daxil olduğu komitənin ilk seçimi Madrid (İspaniya) olmuşdur. Növbəti illərdə isə müvafiq olaraq, İsgəndəriyyə (Misir), Yeni Dehli (Hindistan), Anvers (Belçika), Monreal (Kanada), Boqota (Kolumbiya), Beyrut (Livan), Lyublyana (Sloveniya), Buenos Ayres (Argentina), Yerevan (Ermənistan), Banqkok (Tayland), Port-Harkort (Nigeriya) və İnçxon (Cənubi Koreya) seçilmişdir. 2016-cı ilin Dünya kitab paytaxtı isə həmin il həm də Avropanın mədəniyyət paytaxtı elan olunan Vroslav (Polşa) şəhəri olub. Doğrusu, neçə ildir ki, bu siyahıda Bakının da yer almasını arzulayıram. Çox istərdim ki, növbəti kitab bayramlarında oxucular yeni kitab mağazaları və kitabxanaların açılması xəbərinə sevinsinlər, kitaba kütləvi maraq oyadan tədbirlər sıxlaşsın və ənənəvi hal alsın.

    Kitab bayramında kitabçılıq sahəsindəki qüsur və problemlər üzərindən ötəri keçməyi daha uyğun bildim. Kaş ildə iki dəfə beynəlxalq və milli sevgililər gününü kütləvi bayrama çevirən gənclərimiz kitab bayramında da eyni fəallığı nümayiş etdirsinlər. İnsanlar bir-birlərinə kitab, ya heç olmasa, əlfəcin hədiyyə etsinlər. Bu gün də ilin digər bayram günləri kimi hər kəs üçün önəm daşısın, yaddaşlarda qalsın. 23 aprel günü də bir-birimizə təbriklər yağdıraq, İ.Quttenberqi sayğı ilə anaraq kitablı bir dünyada yaşadığımıza sevinək. Bayramınız mübarək olsun, əziz kitablılar!
 
 
İllüstrasiya: Van Qoq "Sarı kitablar"

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!