Mənim bahalı ayağım - Hekayə - Henrix BÖLL - Ədəbiyyat üzrə 1972-ci ilin Nobel mükafatçısı

Əyyub Qiyasın təqdimatında

ƏDƏBİYYAT ÜZRƏ 1972-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Henrix BÖLL

Almaniya

21 dekabr 1917-ci ildə Kölndə anadan olub. 1924-1928-ci illərdə katolik məktəbində təhsil alıb, sonra Kölndəki kayzer Vilhelm gimnaziyasında təhsilini davam etdirib. Dülgər işləyib, kitab mağazasında satıcılıq edib.

1939-cu ilin yayında Köln Universitetinə daxil olub. 1939-1945-ci illərdə, İkinci Dünya müharibəsində piyada qoşunların nəzdində Fransada xidmət edib, Ukrayna və Krımda döyüşlərdə olub. 1942-ci ildə Anna Mari Çexlə evlənib və bu evlilikdən iki oğlu dünyaya gəlib. 1945-ci ildə Böll amerikalılara əsir düşüb. Əsirlikdən sonra yenə dülgər işləyib, daha sonra Köln Universitetində yarımçıq qalmış təhsilini davam edərək, filoloq ixtisasına yiyələnib.

1947-ci ildən etibarən çap olunmağa başlayıb. İlk povesti - "Qatar vaxtında gələcək" (1947), "Yolçu, Spaya gələndə…" (1949) hekayələr toplusu, "Sən hardaydın, Adam?" (1951) romanı  və s. əsərləri ona böyük şöhrət gətirib.

Tezliklə müxtəlif dillərə çap olunan müəllif dünya oxucusunun diqqətini çəkib. 1972-ci ildə Herman Hesse, Nelli Zaksdan sonra ədəbiyyat üzrə Nobel mükafatı alan üçüncü yazıçı kimi tarixə düşüb. Mükafat dünya şöhrətli yazıçıya "gerçəkliyi yüksək peşəkarlıqla təsvir edə bildiyinə və yaradıcılığı ilə alman ədəbiyyatını zənginləşdirdiyinə görə" verilib.

Böyük yazıçı 1985-ci ildə Almaniyada vəfat edib.

 

nim bahalı ayağım

Hekayə

Axır ki, mənə mərhəmət göstərdilər. Ünvanıma üzərində Büroya dəvət olunduğumu əks etdirən bir açıqca gəldi və mən getdim. Büroda hər kəs mənimlə xoş rəftar edirdi. Sənədlərimi kartotekadan ayırıb götürən məmur "Hmm", - dedi. Mən də "Hmm", - deyib, cavab verdim.

- Hansı ayaqdır? - məmur xəbər aldı.

- Sağ.

- Bütöv?

- Bütöv.

- Hmm, - bir də təkrar edib, qarşısındakı müxtəlif kağızlara baxdı. Mənə oturmağa icazə verdi.

Nəhayət, məmur nəzərlərini ona lazım olan sənəd üzərində saxladı.

- Məncə, - o dedi, - bu elə əsl sizə lazım olandır. Çox münasibdir. Oturaq işdir. Respublika meydanındakı ictimai ayaqyolunda çəkmə təmizləyən. Hə, nə deyirsiz?

- Mən çəkmə təmizləyə bilmirəm; yaxşı çəkmə təmizləyə bilmədiyim üçün həmişə xoşagəlməz hallar yaşamışam. 

- Öyrənərsiz, - məmur dedi. - Hər şeyi öyrənmək olar. Alman hər şey bacarar. Ürəyiniz istəsə, pulsuz kursa da yazıla bilərsiz.

- Hmm, - mızıldandım.

- Hə, nə deyirsiz, yarayır?

- Yox, - cavab verdim. - Yaramır. İstəmirəm. Bu cür qazanc məni qane eləmir.

- Ağlınız çaşıb, - səmimiyyətlə və yumşaq tərzdə söylədi.

- Ağlım çaşmayıb və bu dünyada heç kəs mənim kəsilmiş ayağımı geri qaytara bilməz. Hətta siqaret satmağıma belə icazə vermirlər, elə indidən yoluma kəsək atırlar.

Məmur kürəyini stulun arxasına söykəyib, ciyər dolusu nəfəs aldı.

- Əziz dost, - sözə başladı, - sizin ayağınız çox qiymətli bir şeydir. Sizin, kağızda göstərildiyi kimi iyirmi doqquz yaşınız var. Ürəyiniz sağlamdır və ümumiyyətlə, kəl kimisiz. Təbii ki, amputasiya olunmuş ayağınızı hesaba almasaq. Bu sağlam bədənlə yetmiş il rahat yaşaya bilərsiz. Zəhmət olmasa, bir hesablayın görək bu nə qədər eləyir: hər ay yetmiş marka olmaqla ildə on iki dəfə və bütün bunları vuraq qırx birə. Bütün bunları hesablayın və üstünə faizləri gəlin, sonra özünüz diqqət yetirin, nəzərə alın ki, ayağınız bu dünyada tək deyil. Elə siz özünüz də çox ehtimal ki, uzun ömür sürəcəksiz. Bu halda sizə hansı əsasla yaxşı gəlirli iş təklif etmək olar! Məni bağışlayın, amma sizin ağlınız çaşıb. 

- Cənab, - mən də eynən onun kimi kürəyimi stulun arxasına dirəyib ciyər dolusu nəfəs aldım. - Görünür, ayağımı layiq olduğu qədər dəyərləndirə bilmirsiz. Onun dəyəri sizin dediyinizdən dəfələrlə artıqdır. Məsələ ondadır ki, təkcə ürəyim sağlam deyil, elə başım da salamatdır. Diqqətlə qulaq asın.

- Mənim vaxtım azdır.

- Qulaq asın! - Səsimi azacıq qaldırdım. -  Məsələ ondadır ki, mənim ayağım hal-hazırda layiq olmadığı təqaüdü alan neçə-neçə adamı xilas edib. Hadisə belə olub: mən tək-tənha küçük kimi ön qanadda uzanıb düşməni izləyirdim ki, bizimkilər imkan düşən kimi aradan çıxa bilsinlər. Arxa tərəfdəki ştabda olanlar tez-tələsik aradan çıxmaq istəmirdilər, yəni nə çox tez, nə də gec, bir sözlə, məqamında. Əvvəlcə iki nəfər idik, amma o ikincini çox tez öldürdülər. Odur ki, rahat ola bilərsiz, o sizi narahat etməyəcək. Düzdür, adam ailəli idi, amma arvadı sağlamdır və işləyib özünü dolandıra bilər. Yəni ona görə qətiyyən narahat olmayın. O xəzinəyə çox ucuz başa gəlib. Cəmi bircə ay xidmət edib və bütün xərci poçt markasına, azacıq əsgər suxarısına sərf olunub. Deməyim odur ki, özünü öldürtməkdə ağıllı iş görüb. Sözün qısası, tək qaldım, canımı qorxu aldı, sümüklərimə qədər dondum, ağlımdan yüz fikir keçdi. Başa düşürsüz də, elə təzəcə hərəkətə…

- Vaxtım çox azdır, - deyib, bir daha təkrar edən məmur karandaş axtarmağa başladı.     

- Yox, siz qulaq asın, - dedim. - Ən maraqlı yeri elə bundan sonra başlayır. Nə isə. Elə təzəcə hərəkətə keçmək istəyirdim ki, qəfildən ayağımla bağlı hadisə baş verdi. Beləliklə, ayağa dura bilmədim, ürəyimdə fikirləşdim ki, indi siqnal verərəm. Siqnal verdim, bizimkilərin hamısı növbə ilə aradan çıxdılar. Çox səliqə ilə. Əvvəlcə diviziya, sonra alay, sonra bölük və sair və ilaxır. Növbə ilə necə lazımdırsa. Məni isə - maraqlı budur ey, - məni unutdular. Çünki çox tələsirdilər. Başa düşürsüz də? Sözün həqiqi mənasında axmaq bir vəziyyət yarandı. Əgər mən ayağımı itirməsəydim, onların hamısını öldürəcəkdilər; generalı da, polkovniki də, mayoru da, yəni başa düşürsüz də, növbə ilə, bir-bir hamısını və elədə onlara təqaüd vermək məcburiyyətində qalmazdız. İndi özünüz hesablayın, görün mənim ayağımın qiyməti nə qədər eləyir. Generalın əlli iki yaşı var, polkovnikin qırx səkkiz, mayorun əlli, hamısı da bir nəfər kimi, sapsağlamdır. Ürək də, baş da öz qaydasında. Əsgər həyat tərzi ilə Ginderburq kimi azından səksən il yaşayacaqlar. Hesablayın xahiş edirəm, yüz altmışı vuraq on ikiyə, sonra da otuza. Yəni orta hesabla otuz il arxayın götürmək olar da, düz demirəm? Mənim ayağım - çox bahalıdır, yer üzündəki ən bahalı ayaqlardan biridir, düz demirəm?

- Hər halda sizin ağlınız çaşıb, - məmur dedi.   

- Yox, - cavab verdim, - ağlım çaşmayıb. Xoşbəxtlikdən başım da ürəyim kimi sap-sağlamdır. Bircə ayağımın başına gələn hadisədən əvvəl məni öldürmədiklərini düşünüb təəssüflənirəm. Yoxsa filan qədər pula qənaət edə bilərdiz. 

- Yaxşı, nə deyirsiz, bu işi qəbul edirsiz, ya yox? - məmur maraqla soruşdu.

- Yox, - deyib, ayağa qalxdım və tələsmədən oranı tərk etdim.  

 

Tərcümə etdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!