İsaya inanmaq… - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Bu gün Xalq yazıçısı İsa Muğannanın anım günüdür

Rüstəm KAMAL

 

İsa Muğanna sağlığında artıq müqəddəsləşmişdi, mifləşmişdi. "Muğanna" adı isə artıq bir  yazıçı təxəllüsü deyil, kahin - təriqət şairi adı kimi səslənirdi. Yüksək fikirlərin əzabkeşi olmuşdu.         

İsa Muğanna əvvəlki əsərlərindən imtina edib, ənənəvi  nəsrin süjet qurma modelini dağıdan modernist yazışı, millətin təhrif olunmuş tarixini ezoterik yolla bərpa edən filosof idi, yoxsa bədii formada, obrazların dili ilə bizə yeni inanc sistemi təklif edən təriqət piri-mürşidi, həvari idi?     

İsa Muğanna  oxucuları SafAğ elmini ODƏR dilində dərk etməyə çağırdı. Əsərlərə "fantastik, yarımfantastik" sözlərini yazsa da, əslində həqiqəti, gerçəkliyi dediyinə inanırdı…                        

Böyük yazıçı oxuculara bu əsərləri yalnız onun göstərdiyi ardıcıllıqda oxumasını tövsiyə edirdi: "İdeal", "Məşhər", "Qəbiristan", "Gur Ün", "İsahəq-Musahəq", "Cəhənnəm". Deyin, hansı yazıçı oxucusuna bəyan edər ki, bu povestimi öncə, o biri romanımı ondan sonra oxu? Bu, artıq təriqət insanının tövsiyəsi, müəllim-mürşid mövqeyidir.                     

"Seçilmiş əsərləri"nin I cildində oxuculara müraciətində yeni müəllifin  zühur etdiyini yazırdı: "Əksəriyyəti tamam yeni əsərlər kimi yazılmış bu povestləri və hekayələri altmış-yetmiş yaşlarında müəllifin bir növ ikinci həyatının məhsulu sayın. Üçüncü - altıncı cildlərə daxil edilən əsərləri üçüncü həyatını yaşayan tamam yeni müəllifin əsərləri sayın".                                               

İsa Muğanna statusunda olması üçün mütləq realist-yazıçı statusundan uzaqlaşmalı idi. Kosmoqonik-sürreal gerçəkliyi "yeni müəllif" statusda görməsi üçün "Kollu koxa"dan, "Teleqram"dan, "Saz"dan, "Yanar ürək"dən imtina etməli idi. Bu romanlar yazılan sözdən nazil olunan sözə keçidin ifadəsi idi.                    

Bəzilərinə yazıçının (İsa Hüseynovdan İsa Muğannaya) bu kəskin yaradıcılıq təkamülü sirli göründü. Oxucu ilə yazıçı arasında xeyli anlaşmazlıqlar  yaratdı. Anar müəllim yazıçıya  məktubunda oxucuların arzusunu ifadə etmişdi: "Çox xahiş edirəm ki, cildlərini nəşrə hazırlayarkən əvvəlki əsərlərinə SafAğ elmi baxımından ODƏR dilində əl gəzdirməsin. Ona görə ki, bu əsərlər bizim gəncliyimizdir. Yeni nəsillərə də yazıldığı şəkildə milli ədəbiyyatımızın əbədi, dəyişməz sərvəti kimi çatdırılmalıdır."                      

Xatırlayırsınızsa, buna bənzər hadisə rus klassikləri ilə (N.Qoqol, L.Tolstoy, A.Soljenitsın) baş vemişdi. Onlar da müəyyən yaradıcılıq zirvəsinə çatdıqdan sonra özlərini yazıçı kimi deyil, "həyat müəllimi", "millət atası" kimi görməyə başladılar. Qoqol "Ölü canlar"ın ikinci hissəsini yandırır. "Dostlarla yazışmalardan seçmələr"ini yazır və özünü qəti surətdə yeni statusa hazırlayır, möcüzə baş verəcəyinə inanıb "dirigözlü ölümə" gedir…       

Rus yazıçılarının belə gözlənilməz düşüncə təkamülü insanlara ("rus cəmiyyətinə") təbii, inandırıcı görünmədi. Rus cəmiyyəti onların inanc təlimlərini, moizələrini dinləmək istəmədi. Insafən, cəmiyyətin belə mövqe sərgiləməsi anlaşılandı da: axı hansı toplum özünü peyğəmbər elan etmiş insanı sevib? Və ona görə də rus elitası "Ölü canlar", "Müfəttiş" müəllifini "Yazışmalardan seçmələr..." müəllifindən, "Hərb və sülh" müəllifini isə "Etiraf" müəllifindən ayırıb üstün tutdu...   

İsa Muğanna da Azərbaycan cəmiyyətində eyni mövqe ilə qarşılaşdı…

Əlbəttə, yazıçının əvvəlki əsərlərindən imtina etməsi gözlənilməz, epataj xarakterli davranış aktı deyildi, - bu onun təbiətinə yad idi - dərin inam məsələsiydi. İsa Muğanna qəti inanırdı ki, dünya (Azərbaycan) tarixi təhriflər tarixidir. Dünya təhriflər dünyasıdır, dünyanı dəyişdirən təhriflərdir, adların təhrif olunmasıdır.  Təhrif olunmuş adların bərpası millətin qurtuluşunun əsasıdır. Təhrif olunmuş tarix bizim gələcəyimizin və taleyimizin təhrif olunmasına gətirib çıxardır. Bir də ona elə gəlirdi ki, keçmişin təhrifləri gələcəyin təhrifi olur. Bu təhriflər dünyasında daha əvvəlki adla - İsa Hüseynov kimi yaşayıb-yaratmaq olmazdı...       

O, şübhə etmirdi ki, danışılan, deyilən sözü deyil, vəhy olunan sözü - "ün"ü eşidir. Qeybdən gələn bu "ün"lər onda güclü fiziki, ruhsal sarsıntılar da yaradırdı, bunu özü də etiraf edirdi:  "Hər adamın hünəri deyil belə şeyə dözmək. Pünhanlar var ki, hətta huşlarını itirirlər, ayılanda, adam içinə çıxanda uzun müddət özlərinə gələ bilmirlər, ruhi xəstəyə oxşayırlar. Mən əminəm ki, sən dözəcəksən. Yoxsa göndərməzdilər məni" ("Qəbiristan").

Dediyinə görə, ilk Ünü də "yüksəklik"də - kinostudiyanın damında, redaktor kabinetində eşitmişdi. Kabinetinin uca bir yerdə - iki dünyanın kəsişdiyi nöqtədə olması göylər aləmi ilə bağlılığa işarə edir.      

Bu əsərlər kahin mətnləri kimidir: magik səslərin birləşdiyi formullar - adlar, ruhlar səltənəti ilə əlaqə saxlamaq üçündür. Orta əsrlərin qnostikləri kimi, İsa Muğanna SAFAğ elminin sirli sözlərini, yalnız özünə məlum olan mənalarını təkrarlamaqdan, tələffüz etməkdən, səsləndirməkdən çox xoşu gəlirdi...                    

Ravvinlər iudaizmin mistik mətni Tövratın İlahi qüdrətdən nazil olmasına, tetraqramdan - Allahın dörd adından (YHVH) ibarət olmasına inanan kimi, İsa Muğanna da İsanın "EySar" olmasına inanırdı.

Bu baxımdan mənim aləmimdə İsa Muğanna hardasa Velimir Xlebnikovu da xatırladır.                         

Romanların məkanında daim iki səs-müəllifin və personajların səsini eşidirsən. Süjet təhkiyəsinin içində keçən "xatırla", "bil", "yada sal" imperativləri sadəcə yazıçı ritorikası deyil, sanki  "başqa dünyalar"dan gələn hökmlərdir, xitablardır.                 

Məsələn: "Dinlə! Dinlə! Yenə vəziyyət getdikcə dəyişir, ağırlaşır. İnsan vəhşiləşib. Rəhm qalmır, böhtan, şər, şantaj yeyir SafAğları!"                                          

"Qəbiristan" romanını "dinlə" deyə başlaması  Qurani-Kərim imperativlərini ("oxu", "dinlə") də xatırladır. Axı, qutsal kitabı anlamaq ancaq dinləməklə mümkün olur. Necə ki, Allah - Taala buyurur: "Quran oxunduğu zaman onu dinləyin və susun ki, sizə mərhəmət edilsin" (Əraf surəsi. 7: 204).             

Bəzi əsərlərin ("GürÜn", "Qəbiristan"...) strukturu başdan-başa sorğu-sual üstündə qurulub. Bu, ənənəvi realist roman personajlarının dialoqu deyil, mistik-ezoterik mətnlərdəki dialoqları xatırladır. Arxaik kosmoqonik mətnlərdə bu tipli dialoqlara rast gəlirik. Skandinav saqalarında - "Böyük Edda"və "Kiçik Edda"nın dialoq strukturu da belədir.

Kim bilir, bəlkə də Tanrı divanında, Tanrı dərgahında ruhların məhkəməsi bu cür olur,  ruhlar bu cür sorğu-suala tutulur?!

İsa Muğannanın qəhrəmanları, təsadüfi deyil ki, ruhlar aləmi ilə mistik səslər vasitəsi ilə (saz, tütək, tar, ud, zurna, balaban, sükutun səsi) əlaqə saxlayırlar. "Göydən Ün gəlir, mən də təkrar edirəm", - dönə-dönə təkrar edirdi İsa Muğanna. İsfəndiyar kişi Axsaq Hacıya sazla könül toxtaqlığı verir ("Saz"), Naxırçı Məsim Cümrünün tütəyi ilə həyata qaytarırlar ("Tütək səsi").       

Görənlər şahidlik edə bilər: İsa müəllimin sazı, aşığı ayrı bir mistik halda dinləyirdi. Həmin anlarda Yerlə Göyün arasında qalırdı. Aşıq Kamandarı SafAğ elminin bilicisi hesab edirdi.       

Onun qəhrəmanları ideoloqlardır, yəni ideya daşıyıcısıdırlar. İsa Məsih, Seyid Nəsimi, Şeyx Nizami... SafAğ elminə bağlıdırlar: "Nizami SafAğa bağlı idi. Budur Nizaminin böyüklüyü: sözə -ƏsÜzə, Od-Əsə-Dilə-İdeala bağlılıqdadır" ("GürÜn"). Yaxud: "Aydın deyilmi ki, "Aşıq Alı" adı ilə tanıdığımız o "adi" "aşıq" da hürufidi, SafAğdı! Firdovsinin, Nizaminin, Nəiminin, Nəsiminin davamçısıdı! Yəni SafAğ silsiləsi alimlərin batinlərindəndir!" ("İdeal").

Onun "planetar düşüncəsi" fərqli zamanları və qəhrəmanları bir araya gətirirdi. "Xəmsə"də Nizami Süleymanı (Əs Əlməni) və İsanı (EySarı) vəsf edir" ("GürÜn").      Qutsal obrazların (Süleyman peyğəmbər, İsa peyğəmbər, Şeyx Nizami, Seyid Nəsimi, Ağ Seyid, Aşıq Alı...) sürreal ünsiyyət məkanına daxil edirdi. İsa Muğanna "Dilican dərəsində eşitdiyi hadisələri" kosmik miqyasda görürdü. 

Nədənsə həmişə İsa Məsih ilə İsa Muğanna adları arasında assosiativ əlaqə görmüşəm və buna inanmışam... Bu fikri İsa müəllimin özünə deyəndə üzündə-gözündə uşaq təbəssümü gördüm. Yəni düz deyirsən…   

İsa Məsih (ə.s.)  İsa Muğannanın ən çox sevdiyi qutsal obraz, güvəndiyi ad idi. Bu sevgi ona "Məşhər"dən, Nəsimidən gəlirdi. "Məşhər"i yazanda Nəsimi sirrinə o qədər dərindən vaqif olmuşdu və vurulmuşdu ki, artıq Nəsimi ilə qovuşub  "vəhdəti-vücud" olmuşdu. Nəimi- İsa Muğannanın neohürufiliyi Nəsimi hürufiliyindən başlayırdı. "Məşhər"dəki Nəsimi İsa Muğannanın özüdür.       

O, inanırdı ki, yazıb yazmamaq qərarını, roman süjetlərini - EySardan alır.            Məhz EySar ona "xalqın həyatındakı təhrifləri" yazmağı vadar edir. EySar Həzrəti İsanın Muğanna dilində adıdır. Peyğəmbər İsa Məsih yazıçı İsa Muğannaya deyir: "Mənim adım planetimizdə təhrif olunub... Həqiqi adım - rütbəm EySardır... EySar uca hökmdar deməkdir" ("Həyatımdan səhifələr").        

O, öz qəhrəmanlarını ruhlar kimi qəbul edirdi, ona görə də onları "işıq"da görürdü. "Qərib gözlərini açıb gördü ki, altındakı at büsbütün işıqdan ibarətdir. Atlıya baxdı gördü ki, atlı özü də işıqdan ibarətdir" ("Qırx kisə qızıl")                          

Amerika psixoloqu, filosofu R.Moudinin "Həyatdan sonrakı həyat" kitabında klinik ölüm keçirmiş pasientlərdən biri onun "orda" rast gəldiyi şəxsin "işıq saçan" varlıq olduğuna qətiyyən şübhə etmir: Sən bu işığın arxasınca gedirsən, canında istilik və qəribə bir yüngüllük hiss edirsən..."         

Bu yaşantıları İsa Muğanna da keçirmişdi. Hadisəni mənə də danışmışdı, xatirələrində də yazıb: " Çox uzun doqquz dəqiqə sürən klinik ölümün nə olduğunu bildim. Mərhum atam ölümündən qırx üç il sonra ətrafında beş nəfər adamla ağ geyimlə palataya gəldi, divar dibində kresloda oturub gözlərini mənə dikdi. Mən demək olar ki, heç nə hiss etmirdim... Gözlərini mənə diksə də, dodaqlar tərpənmirdi. Səssiz təlqinli ünlə dedi ki, yanımdakılar əmilərindir. Biz OdAğÜz BağOdərdən heç yana çıxmamışıq. Hamımız canlı insan qədər canlı işıqdan ibarətik..." ("Həyatımdan səhifələr")                                          

"Qəbiristan" romanının sonunu həmin xatirənin davamı kimi oxuyun: "Bu vaxt heç kəs görmürdü ki, qəbiristanın səmasında Səmi ilə, Midi ilə birgə bir dəstə "ruh" hamısı ƏrAğ yavaş - yavaş buludların arasına doğru uzaqlaşırdı. Və əlbəttə, onların - "ruh"ların hamısı bir neçə saatdan sonra yenidən aranıb yeni, doğma planetdə, doğma insanlar arasında sevincdən hönkürə-hönkürə qucaqlaşacaqlarını da hələ heç kəs bilmirdi."                      

İsa Muğanna da işıqdan toxunmuş bütün varlığı ilə isıq gəmisinə minib bu təhriflər  dünyasını, fani dünyanı  beləcə tərk edib getdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!