Sarılıq... Həm də avtoportret - Əyyub QİYAS

Hekayə

  Salvador Daliyə...

Güzgüdə özünü görüb qorxdu. Elə bil birinci dəfə idi ki, özünün saralıb soluxmuş sifətinə baxırdı, şəhadət barmağı ilə göz qapaqlarını araladı, bəbəklərinə diqqətlə baxdı, sonra birdən-birə nə fikirləşdisə iri güzgü qarşısında öz əksi ilə oynamağa, qəribə, anlaşılmaz hərəkətlər etməyə başladı. Sonra nə üçünsə gözlərini yumub, göz qapaqlarını bir-birinə sıxdı, gözlərinin  içinə çökən qaranlığın içində sarı-sarı kəpənəklər uçuşmağa başladı, sonra qəfildən gözlərini açdı və güzgüdəki əksindən, arxasında durub güzgüdən ona sarı boylanan qaraltıdan diksindi. Çiyinlərini elə atdı ki, bir az əvvəl heç bir şey başa düşmədən onun gicgici hərəkətlərinə göz qoyan arvadı da dayandığı yerdə dik atıldı.

- Sənsən?

- Heç… Mənəm… Nə olub ki?

- Heç nə… Ancaq elə bil sarılıq tutmuşam ey, sir-sifətim də saralıb, elə bil gözlərimin içi də sarıdır. Sən bilən sarılıq tutmuşam?

Arvadı ona əhəmiyyət vermədən başını buladı, sonra yaxına gəlib əlindəki bez  parçası ilə güzgünün tozunu almağa girişdi, ürəyində - "sən çoxdanın sarılığısan" fikirləşə-fikirləşə sanki əlindəki əski ilə güzgünün tozunu yox, onun güzgüdə qalan əksini silib atmaq istəyirdi.

Arvadına mane olmamaq üçün bir qədər kənara çəkildi, ancaq qadın onun kənara çəkilməyini görüb işini saxladı. Əskini güzgü qarşısındakı dolabın üstünə atıb dikəldi, özünə baxdı, nazlandı, saçlarını sığalladı və arxasında durub sakitcə ona tamaşa edən ərinə acıq verirmiş kimi, sinəsini irəli verib gözlərini süzdü.

Arvadın maraqsız hərəkətlərinə baxmaqdan yorulub mətbəxə keçdi, gedərkən ürəyində - "amma öz aramızdır, pis şey deyil ha…" - dedi, özünə çay süzmək istəyi ilə stəkan-nəlbəkini "qışqırtdı". Oturmaq istəyəndə yenə qarşısında onu - arvadını gördü.

- Deyirsən sarılıq tutmusan?

- Mən deyirəm? - Sonra gözlərini döyə-döyə əlavə etdi: - Hə… mən deyirəm ki, deyəsən, mənə elə gəlir ki, ola bilsin ki, nə isə… - fikirlərini bitirmədən susdu.

- Dilivi çıxart baxım…

O, tənbəl-tənbəl dilini çıxarıb arvadına göstərdi və dili bayırda ola-ola nəsə dedi, amma arvad heç nə başa düşmədi. Onun boğazından dartınıb çıxan dilinə baxan qadın:

- Deyəsən axı, doğrudan da, sarılıq tutmusan, - bildirdi. - Gərək qab-qaşığıvı ayıram, sən də özüvü təcili həkimə göstərsən, pis olmaz, yoxsa mənə də yoluxdurarsan.

- Yaxşı, - deyib qalxdı və özü üçün süzdüyü çaydan bir qurtum belə içmədən, onu əlüzyuyana boşaltdı.

Paltar dolabındakı sarı köynəyi çıxarıb geyindi, üstündən sarı naxışları olan qalstuku boynuna keçirtdi. Sonra güzgüdə yenə diqqətlə özünə baxdı, bir qədər əvvəl onu narahat edən sarılığın əlamətlərinin çəkildiyini görəndə, içindən sevindi. Arvadının otaqda olub-olmadığını dəqiqləşdirmək üçün gözucu arxaya baxdı.

Lap arxayın olmaq üçün dilini çıxartdı, güzgüdə diqqətlə dilinə baxdı. Sonra yenidən barmaqları ilə göz qapaqlarını oynada-oynada sanki haradasa salıb itirdiyi sarılığı axtardı. Yenə arvadının güzgüdə qəfil peyda olan əksini görüb, eynən bayaqkı kimi çiyinlərini atdı.

- Nə olub, çox qorxuluyam? Niyə hər dəfə məni görəndə diksinirsən? - Arvadı kinayə ilə xəbər aldı.

Cavab verməyə ərindiyindən özünü eşitməməzliyə vurdu, qalstuku ilə oynadı, olmayan bir melodiyanı zümzümə eləməyə başladı.

- Məni adam yerinə qoymursan?

- Necə? - Axmaq nəzərlərlə güzgüdən arvadının gözlərinin içinə baxdı.

Qadın başqa heç bir söz deməyib, yan otağa keçdi. Qonşu otaqdan televizorun səsi eşidildi. Röya oxuyurdu: "…sən mənim ən zərif gülümü dərdin…" Röyanın oxuduğu mahnının melodiyasına köklənib bayaqdan bəri zümzümə etdiyi melodiyanı çevirdi və başını oynada-oynada mızıldanmağa davam etdi. Televizorun səsi dəyişsə də, qulaqlarında yenə Röyanın səsi cingildəyirdi, gözlərinin önündə isə Röyanın ən zərif gülünün dərilmə səhnəsini canlandırmağa çalışırdı.

Yenidən güzgüdə arvadının tanış sifəti peyda oldu.

- Səni istəyirlər…

- Kimdir?

- Bilmirəm…

Qalstukunu azacıq boşaldıb asta addımlarla qapıya getdi, tanımadığı, orta yaşlı, qırmızı köynək geyinmiş, qırmızısifət bir kişinin gözlərini döyə-döyə ona baxdığını görüb səsini çıxartmadan, sadəcə, başı və gözlərinin işarəsi ilə: - "Nə lazımdır?" - soruşdu.

Gözlənilməz qonaq onun lal işarələrindən heç bir şey anlamadığı üçün, onun etdiyi hərəkətləri eynən onun özü kimi təkrarladı, amma qonaq başqa şey deyirdi, yəni: - "Nə deyirsən?" - soruşmaq istəyirdi.

Bu lal oyunu qonağın ürəyincə olmasa da, ona xoş gəldi və oyunu davam etmək istədi. Yenidən başı və gözləri ilə işarə etdi: "Aşağı düş gəlirəm". Bu dəfə qonaq onu anladı və gözləri ilə: - "Yaxşı" - deyib, başının işarəsi ilə başa düşdüyünü təsdiqlədi, pillələri enməyə başladı. Qapını ehmallıca örtüb geri çevrildi və arvadının kürəyini divara söykəyib ona baxdığını gördü. Özündən asılı olmadan xəbər aldı:

- Nə olub ki?

Arvadı heç bir söz demədən dərindən köks ötürdü və bir-neçə dəqiqədən sonra yan otaqdan yenidən televizorun gur səsi qalxdı. Daha Röya oxumurdu. O, sarı ayaqqabılarını geyinə-geyinə bayaq Röyanın oxuduğu mahnının sözlərini və melodiyasını xatırlamağa çalışdı, amma da bir şey alınmadı. Qapını astaca arxasınca  bağlayıb pillələri endi və alaqapının yanında bayaq qapını döyən kişi ilə rastlaşanda, yadına düşdü ki, onu gözləyən var. Əvvəlcə kişinin yanından sivişib getmək istədi, alınmadı, kişi irəli atılıb onu saxladı.

- Bağışla, qardaşımsan…

Kişinin başqa nə dediyinin fərqinə varmadan onun işlətdiyi "bağışla" kəlməsindən sonra anidən beynində "nənən qalsın ağajda" ifadəsi canlandı və bu fikir onu uşaqlıq illərinə atdı. Kişi dil boğaza qoymadan nəsə deyirdi və o kişinin dayanmadan açılıb-yumulan ağzına baxıb gülümsəyirdi. Kişinin son sözləri onu xəyalından ayırdı.

- Bilirdim ki, etiraz etməyəcəksiniz. Bir maşın nədir ki? Sarı olmasın, qırmızı olsun. Düz demirəm?

- Başa düşmədim.

Kişi gözlərini qıyıb təəccüblə onu başdan-ayağa qədər süzdü, əynindəki sarı köynəyə, sarı naxışlı qalstuka baxdı, sarı ayaqqabılarına nəzər salıb, mühüm bir kəşf edibmiş kimi sevindi.

- Deyəsən sən də mənim kimi sarını sevirsən?

- Ağıllı ol! Sarı kimdir?  - heyrətlə soruşdu.

- Rəngi deyirəm də, sarı rəngi. Elə mən də lap uşaqlıqdan sarı rəngi xoşlayıram. - Sonra bir qədər susub nəsə fikirləşdi, fikirlərini cəmləyib əlavə etdi: - Mən sizin sarı maşınınıza görə gəlmişəm. Xahiş edirəm, onu mənim qırmızı maşınımla dəyişəsiniz.

Bayaqdan bəri onu yolundan saxlayan bu yad kişinin maşından ötrü gəldiyini hələ indi başa düşdü.

- Məni bağışlayın, mən tələsirəm, həkimə getməliyəm. Mənə elə gəlir ki, sarılıq xəstəliyinə tutulmuşam.

Bunu eşidən kişi nəsə qiymətli bir şey tapıbmış kimi sevindi, əlini-əlinə vurub şaqqıltı ilə güldü.

- Həkim mən. İnfeksion xəstəliklər üzrə mütəxəssis, tibb elmləri namizədi, doktor Şərifov…

Ona doğru uzanmış əlin iztirabına tənbəl-tənbəl son qoydu.

- Çox şad oldum. Mənsə, rəssamam, əməkdar rəssam Mübariz… - Anidən susdu, nəsə götür-qoy edib vaxt itirmədən mətləbə keçdi. - Doktor Şərifov, səhər tezdən güzgüyə baxanda hiss elədim ki, saralmışam. Ofaynan məsləhətləşdik ki…- sözlərini yarıda saxlayıb əlavə etdi: - Ofa mənim arvadımdır. Hə… Qərara gəldik ki, özümü həkimə göstərim. O ki qaldı sarıya, sözün həqiqi mənasında mən sarı rəngin aşiqiyəm, bu rəng romantika rəngidir, sevgi rəngidir, günəbaxan rəngidir və təbii ki, mənim maşınımın rəngidir. Amma yataqda qaraşın qadınlara üstünlük verirəm, baxmayaraq ki, Ofa da sarışındır… Hə, onu da deyim ki, biz boşanmaq qərarına gəlmişik və ərizə mənim emalatxanamdadır. Nə isə… Doktor Şərifov, mənim sarılığımla bağlı nə deyə bilərsiniz?

Doktor onun uzun-uzadı danışmağından xoşlanmasa da, maşını dəyişmək xətrinə bu işgəncəyə dözdü. Ona görə də mehribanlıqla əlavə etdi:

- Gərək poliklinikaya gəlib analiz verəsiniz. Ancaq onu da deyim ki, sizdə sarılıq əlamətlərini görürəm. Problem deyil, müalicə edərik, keçib gedər. O ki qaldı maşınların dəyişdirilməsyinə, mənim fikrimcə, biz razılaşdıq.

Heç bir söz demədən həyətdəki dayanacaqda saxladığı sarı rəngli maşınına doğru getdi, maşının qapısını açmaq istəyəndə eyvandan Ofanın səsi eşidildi:

- Məhkəməyə getmək yadından çıxmasın! - qadın çığırdı. O, səsə doğru gözucu bir nəzər salıb, maşına oturdu.

Evin tininə çatanda yolayrıcındakı işıqforun sarı işıq siqnalının yanıb-sönməsinə fikir vermədən, yolu keçdi və anidən sol tərəfə baxanda, yanaşı gedən qırmızı maşından ona baxıb mehribanlıqla gülümsəyən tanış sifəti gördü, bu baxışlara əhəmiyyət vermədən, sürəti artırdı. Növbəti yolayrıcındakı işıqforun sarı işığını ötüb sağa buruldu, onu təqib edən həkimin qırmızı maşını işıqforun qırmızı işığında dayanmaq məcburiyyətində qaldlı və onu itirdi.

Emalatxananın qapısı cırıltı ilə açılan kimi rəng qoxusu, dünəndən çəkilən siqaretin az qala hər tərəfə hopan qatran qoxusu gözlərini qıcıqlandırdı. Əvvəlcə pəncərəni açmaq istədi, amma, ərindiyindən eləcə, qalstukunu bir az boşaldıb müxtəlif çalarlı sarı rənglər qarşısındakı şüşə parçasının üstünə yaydı, sonra fırçanı götürüb kətan üzərində müxtəlif çalarlı sarı rənglərdən heç bir şey ifadə etməyən qəribə bir kompozisiya yaratdı. Lövhənin alt sağ küncündə nisbətən tünd çalarlı sarı rənglə "Avtoportret" sözü yazdı, həmin sözün yanında öz adının baş hərfini, onun yanından da "2006" rəqəmini qeyd etdi. Üstünə sarı rəngli yun jaket atılmış köhnə, yellənən kreslonun üstünə çöküb siqaret alışdırdı, telefona baxmadan tanış düymələri yığdı və xəttin o üzündən arvadının səsini eşidəndə, bir an susduqdan sonra, xırıltılı ilə dedi:

- Mən sarılıq xəstəliyinə tutulmamışam…

- Təbrik eliyirəm, - arvadı kinayə ilə cavab verdi.

- Bilirsən, əslinə qalsa, mən sarılıq xəstəliyinə tutulmuşam, amma bu infeksion xəstəlik deyil, psixi xəstəlikdir… Necə deyərlər, sarılığın ifrat dəliliyi.

Xəttin o tayındakı səs sanki inildədi, susdu və sonra sanki pıçıltı ilə xəbər aldı:

-  Məhkəməyə getdin?

-  Yox…

-  Evə gələ bilərsən…

- Həvəsim yoxdur … Siqaret çəkirəm… - Dəstəyi asdı, qalxıb damağındakı siqaretə əzab verə-verə çəkdiyi tablodakı sarı rəngin çalarlarını saymağa başladı, öz tablosunu məşhur "Günəbaxanlar" tablosu ilə müqayisə etdi və işinin o məşhur tablodan qat-qat üstünlüyünü yəqinləşdirib, siqareti gümüş külqabıda söndürdü. Pəncərəyə yaxınlaşdı, pərdəni aralayıb pəncərəni taybatay açdı, Günəşin sarışın şəfəqləri və bu şəfəqlərə sığınan Günəş rəngli xəfif  meh emalatxanaya doldu. Pəncərədən bayıra nə qədər baxdığını bilmədi, aşağıda, bayır qapısının önündə dayanan sarı rəngli taksi diqqətini çəkdi. Maşından düşən sarışın qadın əyninə biçilmiş sarı ipək donu səliqəyə saldı, boynuna atdığı sarı tül şərfi düzəldib, alaqapıda gözdən itdi. Bir an sonra lift səsi eşidildi, sonra sükut və bu sükuta qarışan ritmik qadın ayaqlarının taqqıltısı… Sonra emalatxananın qapısı içəridən bağlandı və tanış qadın nəfəsinin ətri otaqdakı rənglərin ətrinə qarışdı. Geri çevriləndə Ofanın adəti üzrə qapıya söykənib gülümsəyərək ona baxdığını gördü. Gözləri ilə: - "Nə olub ki?" - xəbər aldı. Ofa heç bir söz demədən ona yaxınlaşdı və pomadalı dodaqları ilə onu öpdü, əllərini onun belinə sarıyıb başını sinəsinə qısdı.

-  Bilmirsən, deyirlər dəli qırmızını, gic də sarını sevər…

Qadının səsi titrədi. O da güldü, sonra birlikdə bayaq çəkdiyi tablonun qarşısına keçdilər. Ofa fırçanı palitradakı qara rəngə batırıb onun çəkdiyi sarı fonun üstünə qara buludu xatırladan bir rəng yaxdı, sonra mehriban baxışlarla başını qaldırıb onun gözlərini içinə baxdı.

- İndi oldu əsl avtoportret. İndi bu tabloda mən də varam.

Ofanı qucaqlayıb ehtirasla öpməyə başladı. Qadının bütün bədəni əsirdi. Əlləri ilə arvadının əynindəki sarı ipək donu, onun ardınca da Parisdən alıb gətirdiyi sarı tül alt paltarı soyundurmağa başladı. Üç ildən bəri mürgü döyən sevgi nə təhər oyandısa, emalatxanadakı bütün əşyalar cingildədi.

Əyyub Qiyas