Dümanın tarix qarşısında yalanı - Azər Qismət

Azər QİSMƏT

Fransa yazıçısı Aleksandr Dümanın muşketyorlar barədəki məşhur triologiyası XVII əsrin Fransası, o cümlədən, dövləti idarə edənlər barədəki təəssüratı dəyişdi. Bəlkə də "dəyişdi" sözü yumşaq çıxır. Düma dövlətin ictimai-siyasi xadimlərini dünya oxucularının gözündən saldı. Yazıçının istər XIII Lüdoviq, istər Anna Avstriyskaya haqqında yazdıqları ətrafında hələ də müzakirələr davam edir. Bəziləri belə hesab edir ki, yazıçı o dövrün rəsmi şəxslərini ləkələmək tapşırığı alıb. Bəziləri düşünür ki, Düma tarixçilərin yazdıqlarının əksinə olaraq, hadisələri düzgün araşdırıb. Ola bilər. Ancaq əksəriyyət məhz kardinal Rişelye məsələsində Düma ilə razılaşmır. Fransanın tarixində böyük rol oynamış kardinalın muşketyorlar trilogiyasında fitnəkar kimi göstərilməsi tamamilə cəfəngiyatdır. Hər halda əksər tənqidçilərin gəldiyi qənaət bundan ibarətdir.

Dümanın təsvirində kardinal Rişelyenin işi-gücü yalnız muşketyorları həbsxanaya salmaq istəyi olub. Bir də Anna Avstriyskayanın sevgisinə maneçilik cəhdi. Sağlam məntiqlə düşünəndə Dümanı qamçılamaq lazım gəlir. Təsəvvür edin ki, kralın həyat yoldaşı müharibə apardığı ölkənin kişisi ilə sevişir. Rişelye isə kralın həyat yoldaşının sevgisini ölkəyə xəyanət kimi qiymətləndirir və bu əsaslı məsələdir. Belə olan surətdə Dümanın kraliçanı müdafiəsi anlaşılmaz sayılardı.

Kardinal Rişelye fitnəkar obrazından çox fərqlənib. Arman Jan dyü Plessi, hersoq de Rişelye. O, 1585-ci ildə Parisdə dünyaya göz açıb. Atası Fransua Rişelye dövrünün ictimai xadimi kimi çox tanınıb, III Henrixə, daha sonra IV Henrixə xidmət göstərib. Əgər atası kral saraylarında xidmət göstəribsə, anası vəkil qızı olub. Belə nikah yuxarı dairələrdə yaxşı qarşılanmayıb. Kralın ona yaxşı münasibəti söz-söhbətləri yarıda kəsib. Evin kiçiyi Arman Rişelye xəstəhal uşaq olub. Valideynləri sağlamlığını daim nəzarət altında saxlayıblar. Körpəni yalnız altı aydan sonra xaç suyuna salıblar. Hər an gözləyiblər ki, o, tələf olacaq. 1590-cı ildə Armanın atası 42 yaşında vəfat edib. Ailənin vəziyyəti pisləşib, adamlar borcun ödənilməsi məqsədilə evlərinin qapısından çəkilməyiblər. Vəziyyətin gərginliyi barədə xəbər IV Henrixə çatanda, o, sadiq qulluqçusunun borclarını bağlayıb.

Balaca Arman böyüyüb. Dini məktəbdə təhsil alıb. Yepiskop tituluna qədər yüksəlib. Onun siyasət yolunda ilk uğuru General Ştatlara seçkidə deputat seçilməsi olub. Adıçəkilən ştatın mühüm məsələlərin qaldırılmasında böyük hörməti varmış. 1614-cü ildəki General Ştat böyük Fransa inqilabının başlanğıcında son toplantısını keçirərək dağılıb. Rişelye belə bir ümumdünya hadisəsinin şahidinə çevrilib. O, özünü bir deputat kimi doğrulda bilməməsindən xəcalət çəkib. Çünki adıçəkilən qurumda ölkənin qarşısında duran mühüm hadisələrə konkret yanaşma nümayiş etdirilməyib. Hamı boş-boşuna danışıb, ortada isə iş yoxdur. Rişelye kral hakimiyyətinin tərəfində idi. Onun fikrincə, yalnız bu hakimiyyət Fransada iqtisadiyyatın inkişafında, güclü ordunun yaradılmasında və dünyada hörmətinin artırılmasında mühüm rol oynaya bilər. Lakin siyasi gərginlik uğurların əldə edilməsinə imkan vermirdi. XIII Lüdoviq hakimiyyəti idarə etməkdən demək olar ki, kənarlaşdırılmış, ölkəni anası Mariya Mediçi və sevgilisi Konçino Konçini idarə edirdi. İqtisadiyyat böhran halına gəlib çatıb, dövlətin idarəçiliyində nizamsızlıq hökm sürüb. Mariya Mediçi İspaniya ilə ittifaqa nail olmaq məqsədilə 2 toy barədə düşünüb. İspaniya krallığının vəliəhdi ilə fransız şahzadəsi Yelizavetanın, o cümlədən XIII Lüdoviq ilə ispan şahzadəsi Annanın toyu. Belə ittifaq Fransa üçün sərfəli deyildi. Rişelye məsləhəti nəzərə alınmadı. Ancaq onun siyasi üfüqlərdəki ulduzu sönmədi, əksinə parladı. Marina Mediçi onun natiqlik qabiliyyətini yüksək qiymətləndirib yaxına çəkdi və Anna Avstriyskayanın keşişi təyin etdi.

Yazıçı Aleksandr Düma muşketyorlarla bağlı yazdığı trilogiyada guya Rişelyenin Annaya sevgisinə dair söz atıb. Lakin tarixi araşdırmalar bunun əksini söyləyir. Birincisi, kardinal dost olmayan ölkənin nümayəndəsini qəbul etməzdi. İkincisi, kardinalın 30, Annanın 15 yaşı vardı. Böyük yaş fərqli insanlarda qarşılıqlı maraq doğuran heç bir nəsnə yox idi. Dümanın bu fikri də dumanlı olaraq qalır.

Həmin illərdə ölkədə hakimiyyət uğrunda çevrilişlər adi hal alıbmış. 1617-ci ildə daha bir çevriliş aktı həyata keçirildi. Bunu XIII Lüdoviq etdi. Anasının kölgəsindən azad olmaq üçün törədilən çevriliş nəticəsində sevgili oğlan Konçino Konçini öldürüldü, Mariya Mediçi sürgün edildi. Onunla bərabər Rişelye də ölkənin ucqarına göndərildi. Saray daxilində belə hesab edilirdi ki, Rişelye Marina Mediçinin adamıdır. Lakin o, daxili qruplaşmalara qoşulmurdu. Məqsədi ölkənin gücləndirilməsi olub. Sürgün həyatı yaşayarkən Rişelye dövlətin necə, hansı qaydalarla idarə edilməsinə aid kitab yazıb. Həmin kitab indi də aktualdır. Nəhayət, o, yenidən Parisə çağırılıb. Lüdoviqin ona mühüm işi düşmüşdü. Krala çatdırmışdılar ki, anası tərəfdarlarını toplayıb çevrilişə hazırlaşır. Rişelyeyə tapşırıldı ki, Mariyanın yanına gedib növbəti çevriliş aktından əl çəkdirsin, həm də barışıq yaratsın. Kardinal bunun öhdəsindən gəldi. Həmin vaxtdan etibarən Rişelye kralın etibarlı adamına çevrildi. Hakimiyyətə yiyələnən gənc kral ölkənin sosial-iqtisadi vəziyyətinin düzəldilməsində çətinlik çəkirdi. Ona ağıllı, qətiyyətli, bütün yükləri üzərinə götürə bilən şəxs lazım idi. Kral belə mühüm məqamda Rişelyenin üzərində dayandı. 1624-cü ildə Aram de Rişelye kralın 1-ci naziri postuna yiyələndi, demək olar ki, bu, ölkənin baş naziri demək idi. O, ölkənin gücləndirilməsində mühüm rol oynadı, separatizm meyillərinin qarşısını aldı, iqtisadi yeniliklərə imza atdı. Dümanın muşketyorlar trilogiyasında yazdığı kimi dueli qadağan etdi. Onin tam qənaətinə əsasən duel dvoryan ailələrini başsız qoyub, ordunu ən yaxşı döyüşçülərdən məhrum edib. Rişelyenin vaxtında Fransa donanması Aralıq dənizində qabaqcıl yer tutub. O, müxtəlif ölkələrlə 74 ticarət müqaviləsi imzalayıb. Məhz o, 1635-ci ildə Fransa Akademiyasını təsis edib, istedadlı rəssamlara, yazıçılara, memarlara təqaüd verdirib, dövlətin apardığı siyasət daim işıqlandırılıb. O, qəzetdə məqalələri ilə çıxış edir, sadə adamlarda dövlətə inamı gücləndirib. Fransa kübarları onun kralın yanındakı nüfuzuna daim qısqanclıqla yanaşıblar. Məhz sui-qəsd cəhdləri də qısqanclıqdan yaranıb. Kralın məsləhəti ilə kardinal üçün qvardiya yaradıldı. Aleksandr Dümanın trilogiyasında da kardinalın qvardiyası tənqid edilib. Muşketyorların məvaciblərinin gecikməsi fonunda qvardiyaçıların maaşları nəinki gecikdirilib, əksinə, əlavə mükafatlar da nəzərdə tutulub.

Fransanın gücləndrilməsi üçün böyük işlər görən bir insanın tənqid edilməsi, guya hansısa Dartanyana görə xırda işlərlə məşğul olması barədəki gülünc sətirlər indiyə qədər də anlaşılmazdır. Amma hələ də bəziləri düşünür ki, həmin trilogiyanı ona kardinalın dövründə zərər çəkmiş məmurlardan biri yazdırıb. Özü də iri qonorar müqabilində.

Dünyanın mütaliə ordusu kimi, "Üç muşketyor" əsərini oxuyan Azərbaycan oxucusu da kardinal və muşketyorların arasındakı çəkişməni acgözlüklə oxuyublar. Kimsəyə sirr deyil ki, əksəriyyətimiz muşketyorların qalibiyyətinə sevinmişik. Elə I Pyotrun sözləri də bu dövlət xadimi barədə təəssüratı daha da zənginləşdirir: "Əlacım olsaydı, Rusiyanın yarısını onun idarəçiliyinə verərdim ki, mənə kömək olsun". Rişelye dövlətin idarə edilməsi prinsiplərinə dair yazdığı kitabında demokratiya ilə avtokratiyanın arasında qalan ölkələrin hansı məqama üstünlük verməsinin dərinliyinə varır. Onun fikrincə, ideal dövlət o dövlətdir ki, hər kəs bacardığı işlərlə məşğul olur. Aleksandr Dümanın belə bir yalanı məhz romanın maraqlı çıxmasına görə olub. Bəlkə də hardasa kimdənsə iri qonorar alıb. Lakin bir məsələ də var ki, o, romanın oxunması üçün xeyir və şər yaradıb. Xeyir muşketyorlar, şər isə kardinal Rişelyedir. Kardinal ölkəsinin qorunması naminə casus şəbəkəsini formalaşdırıb. Belə bir fəaliyyət Dümanın da nəzərindən qaçmayıb. Elə kardinalla Dartanyanın dialoqunda da muşketyorun əyalətdən gələrkən başına nə iş gəlməsi casus şəbəkəsinin fəaliyyətinin nəticəsidir. Dövlətin ictimai-siyasi xadiminin təmiz siyasəti romançı üçün sərfəli deyilmiş. Əgər muşketyorlardan yazırdısa, deməli onlara əks qüvvə də əsərdə yer almalı idi. Belə bir qüvvə Rişelyeni seçmişdi. Tarix isə tarixliyində qalır. Rişelye Solyari kimi ədəbiyyatın qurbanı oldu. Əsərin oxunması və satılması üçün.