Yadlaşma - Xuraman Hüseynzadə - Xuraman HÜSEYNZADƏ

Xuraman HÜSEYNZADƏ

Elə əsərlər var ki, ilk cümləsi ilə oxucunun yaddaşında qalır. Məşhur yazıçı və filosof Albert Kamyunun absurdizm fəlsəfi düşüncəsi üzərində qurulan "Yad" romanı da həmin əsərlərdəndir. Roman Əlcəzairdə yaşayan Mersault adlı bir fransızın öz həyatına, ətrafında baş verən hadisələrə laqeydliyini əks etdirir. Yazıçı, qəhrəmanı vasitəsilə sonu ölüm və yoxluqla bitən həyatın boşluqdan başqa bir şey olmadığını izah etməyə çalışır.

"Yad" romanının əsas mövzusu Mersaultun həyata, çevrəsinə, fəaliyyətinə, hiss və həyəcanlarına, daha sonra özünə yadlaşmasıdır. O, yaşadıqlarını, hiss və həyəcanlarını- sevinci, kədəri biganəliklə qəbul edir. O, heç nəyə ümid bəsləmir. Yəni ümid onun üçün ilk başda ölüb. Suda boğulmamaq üçün heç saman çöpü də axtarmır...

Romanın əvvəlində onun ahıllar evində yaşayan anasının ölümü ilə bağlı aldığı xəbəri laqeydliklə qarşılamasına şahid oluruq: "Bu gün anam öldü. Bəlkə də dünən ölüb, bilmirəm. Ahıllar evindən teleqram aldım: "Ananız vəfat etdi. Dəfn sabahdır". Baş açmaq olmur, bəlkə elə dünən ölüb". Dəfnə yola düşərkən anasının ölümünü yox, yolun uzaq və havanın isti olmasını dərd etməsi, dəfn mərasimindən sonra nəhayət hər şeyin bitdiyini və yatağa girib doyunca yata biləcəyini düşünməsi Mersaultun soyuqqanlılığını, yadlaşmasını oxucuya göstərən ilk əlamətlərdir. Dəfndən bir gün sonra çimərlikdə rastlaşdığı Marie ilə axşam komediya filminə getməsi onun laqeydliyini daha qabarıq şəkildə göstərir. İnsanları bir-birindən uzaqlaşdıran, kənardan baxanda ikrah hissi oyadan bu ifrat yadlaşmanı Marienin evlənmək təklifinə verdiyi cavabda da görürük: "Axşam Marie gəldi və soruşdu ki, istəyirsən biz evlənək? Dedim, mənim üçün fərqi yoxdur, əgər sənin xətrin istəyirsə, evlənmək də olar. Sonra bilmək istədi ki, onu sevirəmmi? Cavab verdim ki, bunun heç bir əhəmiyyəti yoxdur, ancaq düzünə qalsa, sevmirəm".

Kamyunun xoşbəxtlik düsturu
"Albert Kamyu üçün insan həyatı mənasız, ağıldan, məntiqdən uzaq bir yaşamdır. Yəni başlanğıcda bir ümidsizlikdir. Amma ümidsizlikdən yola çıxmaq, sonadək ümidsiz olmağa rəvac vermirmi? "Yox",-deyir Albert Kamyu. Ölümlə bitən həyat, həyat deyil, şübhəsiz. Amma, həyat ölümlə bitir deyə, yumacağıqmı gözümüzü, ürəyimizin qapılarını bu yaşanası dünyaynın gözəlliklərinə, bunların yanında insanın ağrılarına, çarəsizliklərinə? Madam ki, yaşayırıq, yaşadığımız müddətdə xoşbəxt olmağa, sağımıza, solumuza xoşbəxtlik yaratmağa çalışmalıyıq. Xoşbəxtlik hər yerdə dünyanı və insanları sevməkdir",-deyir Kamyu. Bu, onun xoşbəxtlik düsturudur...

Albert Kamyu həyatın çətinlikləri qarşısında ümidsizliyi, kədəri deyil, ümidi, insanın ağrı-acısını bir yerdə dindirməyi seçir. Yazıçının məşhur romanı "Taun"da bir şəhəri bürümüş o qorxunc xəstəliklə mübarizə zamanı uzaqlardan bir ümid işığı sızır oxucunun qəlbinə. Bu işıq yazıçının oxucuda yaratdığı inamdır: gec-tez bu xəstəlik yoxa çıxacaq...

Mersault və Raskolnikovu yetişdirən toplumlar
Mersaultun laqeydliyini biz Dostoyevskinin Raskolnikovunda da görürük. Raskolnikovu soyuqqanlı, laqeyd edən elə insanlara yadlaşmış və ətrafdan tamam təcrid olunmuş mersaultlardan ibarət cəmiyyətlərdir. Bu qəhrəmanların oxşar cəhətləri çoxdur. Bu qəhrəmanları cinayətə sürükləyən də elə onları formalaşdıran laqeyd, yad toplumlardır. Deməli, biganə, yadlaşmış cəmiyyətlərin yetişdirdiyi insanlar bu cür qəhrəmanlardır. Onlar qatil, cinayətkardırlar. Çünki sevgi nə olduğunu bilmirlər, bu sevgini görmürlər, hiss etmirlər və sevilmədkləri üçün də kimsənin maraq dairəsində deyillər. Kamyunun "Yad" vasitəsilə oxuculara ötürmək istədiyi subliminal mesaj da elə budur...

Oxucu, Mersaultun Marie ilə identik davranışını qonşuluqda sutenyor kimi tanınan Raymondla münasibətində də görür: "Bu zaman o bildirdi ki, elə bu məsələ barədə mənimlə məsləhətləşmək istəyir: mən kişiyəm, həm də görüb-götürmüş adamam, belə ki, ona kömək edə bilərəm və onda o mənim ən yaxın dostum olar. Susduğumu görüb soruşdu ki, onun dostu olmaq istəyirəmmi? Dedim, mənim üçün fərqi yoxdur və görünür o, cavabımdan razı qaldı".

Raymond bir ərəblə dava etməyindən, məşuqəsini necə döyməyindən danışan zaman Mersault ona soyuqqanlılıqla qulaq asır. Sonra Raymondun şəhər kənarında yaşayan dostunun evinə gedən Mersault orada əvvəl Raymondu bıçaqlayan ərəblə qarşılaşır. Ərəblə göz-gözə dayanan zaman  ərəbin əlindəki bıçaqdan yayılan günəş şüalarının əksi onu narahat edir deyə əlindəki silahla ərəbə beş dəfə atəş açır.          

Müttəhimlər kürsüsündə...
Mersaultun əslində qətl törətdiyinə görə yox, insanlardan uzaq düşdüyünə, yadlaşmasına görə edam cəzasına məhkum olunması yazıçı təxəyyülünün həyəcan təbilidir: bir-birinizə yad olmayın, ey insanlar! Kamyu Mersaultun anasının ölüm xəbərinə verdiyi ilk reaksiyadan tutmuş sonrakı soyuqqanlı davranışlarına qədər hamısını incələyir, ələkdən keçirir və oxucunun qərar verməsinə yardımçı olur: Əgər ilk başdan Mersault anasının ölüm xəbərindən sarsılsaydı, ağlasaydı, müstəntiq ondan Tanrıya inanıb inanmadığını soruşanda inandığını desəydi hər şey başqa cür olardı. Məhkəmədə edam hökmünün çıxmasında ahıllar evinin direktoru Mersaultun öz anasının yaşını dəqiq bilmədiyini, onun ölümünə kədərlənmədiyini, gözlərindən bir damla yaş çıxmadığını, dəfndən sonra tez çıxıb getdiyini, dalandar isə Mersaultun anasının cənazəsinə baxmaq istəmədiyini, cənazənin yanında siqaret çəkdiyini, südlü qəhvə içdiyini, deyəndə salonda həyəcan yaranır. Marie bir gün sonra izlədikləri filmin adını çəkəndə isə salonu sükut bürüyür. Və o, məhkəmədə sanki özünün yox, başqasının müqəddəratı həll olunurmuş kimi iştirak edir: "Elə bir vəziyyət yaranmışdı ki, işimə mənimlə hesablaşmadan baxılırdı. Hər şey mənim iştirakım olmadan həll olunurdu". Məhkəmə zamanı şahid ifadələri onun bu yadlaşmasını elə tutarlı arqumentlərlə təsdiq edir ki, artıq xilasa yol qalmır. Yəni insanlardan, toplumdan uzaq düşmək, onlara yadlaşmaq insanı məhvə aparır: yazıçının demək istədiyi budur.

Mersault bu qədər insanın ona görə bura yığışmasından, törətdiyi qətli müzakirə etməsindən mazoxistcəsinə zövq alır: "Özün barədə deyilənlərə qulaq asmaq həmişə maraqlıdır, hətta müttəhimlər kürsüsündə oturanda belə".

 

Birdəfəlik yox olmaq...
Edamdan bir gün əvvəl onu ziyarətə gələn keşiş Mersaultun əvəzindən dualar  edəcəyini deyir. Keşişlə mübahisə edərkən oxucu onun edamdan yox, birdəfəlik yox olmaq hissindən qorxduğunu görür: "Mənim yerimə dua etmək lazım deyil, birdəfəlik yox olmaqdansa odda yanmaq yaxşıdır".

Kamerada ölümünü gözləyən Mersault bunları düşünür: "Hər kəs bilir ki, həyat yaşamaq əzabına, zəhmətinə dəyməyən bir şeydir. Çox gözəl başa düşürdüm ki, otuz yaşında ölməklə yetmiş yaşında ölmək arasında elə böyük fərq yoxdur. Nə qədər yaşayırsansa yaşa, fərqi yoxdur, səndən sonra da yaşayan kişilər və qadınlar olacaq. Bu isə minillərlə davam edəcək. İnsan madam ki, öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur".

Yaşadığı topluma yadlaşmış birisinin həyatının təsvir olunduğu  bu əsər mizantrop, yeknəsəq həyat yaşayan bir insanın hansı hisslər keçirdiyini göstərir.

Əsərin sonunda qəhrəmanın insanlara, yaşadığı cəmiyyətə yadlaşmasını dərk etdiyi məlum olur: "Dünyanı özümə bu qədər yaxın, doğma, bu qədər qardaş kimi hiss edincə anladım ki, əvvəldən xoşbəxtliyə çatmışam. Hətta hələ də xoşbəxtdim. Hər şey tamam olsun, özümü çox yalqız hiss etməyim deyə, mənim üçün artıq edam günümdə xeyli tamaşaçı tapılmasını və məni nifrətlə qarşılamalarını diləməkdən başqa bir şey qalmırdı."


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!