Əzab çəkməyə məhkum insanlar... - Xuraman Hüseynzadə

Xuraman HÜSEYNZADƏ

Rodion Raskolnikov... böyük rus şairi Fyodor  Mixayloviç Dostoyevskinin qəhrəmanı... Bir qatil... Bir cani... Bütün dövrlərdə və bütün cəmiyyətlərdə çatışmazlıqlar olub. Bu çatışmazlıqlara tabe olaraq hər çətinliyə sinə gərib halal zəhmətlə yaşayanlar da var, buna dözməyənlər də. Baş verən bütün cinayətləri cəmiyyətdəki çatışmazlıqlara bağlamaq düzgün deyil. Yanlış tərbiyə, deqradasiyaya uğramış mənəviyyat, əxlaqi problemlər və s. cəmiyyətdəki çatışmazlıqları yaradan əsas səbəblərdəndir... Dostoyevskinin "Cinayət və cəza" əsəri baş vermiş dəhşətli qətlə səbəb olan həmin çatışmazlıqlara güzgü tutmaqla yanaşı insan mənəviyyatındakı aşınmadan da bəhs edir... Cinayətin törədilməsində maddi ehtiyacla yanaşı mənəvi yoxsulluğun da rol oynamasından söhbət açan yazıçı roman vasitəsilə mənəvi çatışmazlığın daha qorxulu olduğunu diktə edir.    

Əsərin qəhrəmanı Raskolnikov universiteti kasıblıq ucbatından yarımçıq atır və cinayət törədir. Sələmçi qarını qətlə yetirir, onu qarət edir. Bu hadisənin oxşar cinayətlərdən fərqi budur ki, onu Dostoyevski təsvir edir. Biz onun böyük yazıçı olduğunu "Cinayət və cəza" romanında bir daha görürük. Burda əsas məqsəd tək cinayəti təsvir etmək deyil, həm də cinayətkar Raskolnikovun ruhi aləmində yaranmış təbəddülatları, kataklizmləri oxucuya çatdırmaqdır. Və bunu yazıçı çox gözəl bacarıb. Qəhrəmanlarını çətinliklərlə üz-üzə qoyan Dostoyevski onların belə məqamda yaşantıları, keçirdikləri hiss və həyəcanlarla oxucuları yaxından tanış edir və həmin məqamlarda yaşadıqları ruhi sarsıntıları və onların psixoloji durumunu oxucuya anladır. Yazıçı "mən bir bit öldürdüm" deyərək qoca qadını qətlə yetirməsinə haqq qazandıran bir caninin əməllərinin öz mənəviyyatına necə məğlub olmasını göstərir. Bəli, onun ideyası mənəviyyatına məğlub olur!

Əcəba, bütün qatillər Raskolnikovdurmu? Əlbəttə, dərhal, yaxud sonradan da Raskolnikov kimi peşman olub xeyirxah işlər görməklə əməllərindən peşman olduqlarını, bununla günahlarının bağışlanmasını istəyənlər də olur. Onsuz da ömrünün çoxunu yaşamış bu qarını öldürüb onun var-dövlətini qarət etməklə xeyirxah işlər görmək, namusunu satan qızları xilas etmək doğrudurmu? Bu, cinayətkar olmağa rəvac vermirmi? Raskolnikov birmənalı olaraq qatildir, canidir. Roman bir caninin daxili aləmini açıb oxucuya göstərir. "Cinayət və cəza"da ağıl ilə ruh, ideya ilə mənəviyyat arasında bir qarşıdurma yaranır sanki. Əgər bu roman istedadlı bir yazıçının qələmindən çıxırsa deməli, hadisələri özünməxsus qiymətləndirmədən danışa bilərik...

Roman müxtəlif təbəqədən olan insanların həyatından bəhs edir. Bu insanlar tale ilə oyunda məğlub olmuşlardır. Rodion Raskolnikovun da hamı kimi arzuları var, lakin bu arzuları boş ciblə həyata keçirmək mümkün deyil. Raskolnikov anarxiyanın, başıpozuqluğun baş alıb getdiyi cəmiyyətdə yaşayır. Yoxsulluğun və aclığın ən yüksək səviyyədə bədii təsvirini yaratmış Knut Hamsunun "Aclıq" romanının qəhrəmanından fərqli olaraq Raskolnikov yoxsulluqla barışmır. Onun ideyaları kasıblıqla tərs mütənasibdir.

Dostoyevskinin "Yoxsul insanlar", "Oxşar", "Cənab Proxarçin", "Bəyaz gecələr", "Alçaldılmış və təhqir edilmiş insanlar" əsərləri insanların maddi və mənəvi çətinliklərinin, əzablarının təsviri idi. Yazıçı sonradan sosial-psixoloji mövzudan ideal-mənəvi mövzuya keçmiş və insan xarakterini, onun müqəddəratını və şəxsiyyətini göstərən məqamların bədii təhlilinə müraciət etmişdi. Buna görə də onun həmin romanlarını tənqiçilər yeni roman növü kimi təqdim edirlər. "Yeni roman növü"ndə  insan xarakterinin, şəxsiyyətinin realistcəsinə, ictimai-sosial mühitin məhsulu kimi təsvir olunmadığı deyilir. Tənqiçilərin və araşdırmaçıların gəldiyi qənaətə görə, burada insan daha mürəkkəb, ziddiyyətli bir varlıq kimi, ilk növbədə, özü öz taleyini həll etməyə çalışan ruhi varlıq kimi təsvir olunur. Dolayısı ilə desək, insan özü özünün xilaskarı olur.

Laqeydlərin əhatəsində
Bayır isti və bürkü olsa da, küçələrin natəmizliyi, antisanitariya təbiət hadisəsi deyildi axı. Yaylağa getməyə imkanı olmayan peterburqlular bu üfunəti iyləməyə, natəmizliklə barışmağa məcbur idi. Təmizlikdən, səliqə-sahmandan söhbət gedə bilməzdi. Hər yanda əhəng, taxta-şalban, kərpic, toz görünürdü. Pivə dükanlarından qalxan üfunət, iş günü olmasına baxmayaraq, hər addımda sərxoş insanların nəzərə çarpması insana kədər verən bu iyrənc mənzərəni tamamlayırdı. Bütün bunlar onsuz da əsəbləri pozulmuş gəncə pis təsir bağışlayırdı. İnsanların laqeydliyinin göstəricisi olan bu iyrənc mənzərə gənc oğlana pis təsir edən ilk amil olur... Romanın girişinin insanların laqeydliyi ilə başlaması sonrakı süjetlərin açarıdır... Yazıçı bir sualla oxucuya müraciət edir sanki: Bütün naqisliklərin səbəbi elə laqeydlik deyilmi?

Bir haşiyə: son vaxtlar ard-arda baş verən intiharlara da səbəb elə bizim laqeydliyimiz olmadımı? İntihar edəcəkləri ilə bağlı Facebookda anons verən gənclərin həyatının təhlükədə olduğunu heç kim başa düşmür... Oxşar situasiyadır: cəmiyyətin biganəliyi, vəssalam...

Cəmiyyətin günahsız qurbanları...
Raskolnikov eşidir ki, bacısı Avdotya Romanovna ailəyə kömək etmək üçün sevmədiyi varlı bir adama ərə getmək istəyir. O, borc almaq bəhanəsi ilə aradüzəldən qarının evinə gedir. Qarı ilə ondan aldığı borc haqqında söhbət edir və atasından qalma gümüş papiros qabını da girov qoymaq üçün gətirəcəyini deyir. Qarı verəcəyi pul və onun faizi haqda söhbət etmir. "Gətirəndə danışarıq", - deyir. Qarıdan bacısı ilə birgə yaşayıb-yaşamadığını soruşur. Qarı bunun ona dəxli olmadığını bildirir və elə həmin an Raskolnikov ağlına gələn iyrənc fikirlərə görə özünü danlayır. Sonra qızıl saatını girov qoyub evi nəzərdən keçirir. Geri dönəndə pivəxanada Semyon Zaxaroviç Marmeladovla tanış olur. Marmeladovun arvadı Katerina İvanovnanın ilk nikahdan 3 uşağı var idi. Onun birinci əri ölüb və o, Marmeladova ərə gedib. Marmeladovun birinci nikahdan Sonya adlı qızı var. Sonya əxlaqsızlıq edərək ailəsini dolandırır. Onun fahişəliklə qazandığı pulları həm də atası içkiyə verir. Raskolnikov Marmeladovu evinə ötürəndə pəncərənin ağzına pul qoyur...

Cəmiyyətin ən günahsız qurbanı olan Sonyanın taleyi elə Raskolnikovla birlikdə əsərin məğzini, ideyasını təşkil edir. Əsər boyu oxucunun fikri bir nöqtəyə yönəlir:  ilahi, cəmiyyət insanları necə məhvə sürükləyir?.. Bu qədər naqisliklərin aradan qalxması üçün niyə heç kim səy göstərmir? Axı bu, ölkənin başbilənlərindən əvvəl hər kəsin öz içində aparacağı bir mübarizə olmalıdır... Məsələn, onun bulvarda rastlaşdığı sərxoş qız təhqir olunub küçəyə atılır. Raskolnikov qızı ikinci dəfə təhqir olunmaqdan qorumaq istəyir. Cibindən sonuncu abbasını çıxarıb qaradovoya verir ki, qızı sağ-salamat evlərinə ötürsün. Anasının göndərdiyi bütün pulu Marmeladovun dəfninə xərcləyir və sair. Əslində o, mərhəmətlidir və adam öldürməyin çox şərəfsiz iş olduğunu bilir, bununla belə cəmiyyət onun həyatını puç edir.

Raskolnikov balta ilə sələmçi qarını qətlə yetirir. Sonra izi itirmək üçün cinayətin şahidi olan zavallı Lizavetanı da baltalayır. Yazıçı qəhrəmanının psixoloji durumunu, içərisində gedən təbəddülatları önə çəksə də, onun sonda bir qatil olduğunu unutmur.

Əzaba təzim etmək
Raskolnikov Sonyanın corabını öpməklə corabındakı qan ləkəsini yumaq istəyir. Sonya onu ləkə ilə qəbul etmir və günahını həbsxanada yumağı tövsiyə edir. Onun  qarşısında baş əyən Raskolnikov təzim etməyinə başqa don geydirməyə çalışır: "Mən sizə təzim etmədim, mən insanların çəkdiyi əzaba təzim etdim". Halbuki, ən böyük əzab çəkənlər onun baltaladığı iki qadın olmuşdu.

Sonya Raskolnikovu əzablardan qurtarmağa çalışır və düz yola dəvət edir. O, sərv ağacından düzəldilmiş xaçı Raskolnikova verib deyir: "Al... Əzab çəkməyə gedəndə boynuna taxarsan."

Cəmiyyətin əzab çəkməyə məhkum etdiyi qəhrəmanların həyatı, başına gələnlərlə müşayiət olunan romanın əsas qəhrəmanı Rodion Raskolnikov katorqaya göndərilir və Sonya da onu müşayiət edir. Əsərin sonunda oxucu qəhrəmanın hamıdan fərqlənmək iddiasından imtina etdiyini və Sonyaya güvəndiyini, onu özünə arxa-dayaq seçdiyini görür...

Bütün qatillərin içində bir Raskolnikov yatır bəlkə də. Törətdiyi cinayətə haqq qazandırmağa çalışanlar da, sonradan Raskolnikov kimi düz yola qayıtmağa və peşman olmağa məhkumdur. Ən azından Allahın verdiyi canı almağa onların ixtiyarı olmadığını bilirlər və bilməlidirlər!..

Cinayətə görə cəzalanmaq
"Daha yaxşı olardı ki, həyatda etdiyi hər bir günahına görə o, dərhal cəzalandırılaydı! Cəzada təmizlənmə var! Əslində, "Günahlarımıza görə bizi bağışla" deməzlər, "Cinayətimizə görə bizi cəzalandır!" deyərlər! Bəli, ədalətli Allahdan bunu diləmək lazımdır!"-Oskar Uayld "Dorian Qreyin portreti"ndə deyir bu sözləri... Qəhrəmanın dilindən deyilmiş sözləri yazıçının adı ilə bağlasaq, Oskar Uayld da təxminən Dostoyevski ilə həmrəy olar.