Əbədiyyət... - İlqar Fəhmi - Ekspressiv pritça - İlqar FƏHMİ

İlqar FƏHMİ

 

Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana. 

                                                           M.Füzuli

Kənddə Ağadayını o qədər sevirdilər ki, hətta ölümünü də onun özündən  gizlətmişdilər.

Neçə müddətdi qohumlar, yaxınlar, əzizlər var-qüvvəylə çalışırdılar ki, heç nə hiss eləməsin.

O vaxt yas məclisinə gələnlərə də tapşırmışdılar ki, həyətdə çox da bərkdən ağlaşmasınlar, yoxsa qara-qışqırığın səsi ikinci mərtəbəyə qalxar, kişinin qulağına çatar, öldüyünü başa düşər. Hər halda, vaxtilə kənd üçün böyük işlər görmüşdü, camaata çox köməyi dəymişdi, irili-xırdalı hamı ona kəndin başbiləni, böyüyü kimi baxırdı. Ağadayının bir sözünü iki eləyən olmamışdı, kəsdiyi başın sorğu-sualı yox idi. Qəhrindən qorxurdular, zəhmindən çəkinirdilər. Elə qorxub çəkindiklərinə görə də çox sevirdilər.

Kəndin elə müşkülü olmazdı ki, Ağadayı sinəsini qabağa verib, bu müşkülü asan eləməsin. Bir sözlə, dünəni çox möhtəşəm idi. Bəs belə olan halda, niyə bu günü, sabahı sönük görünsün?

Bir də ki, axı necə deyəydilər həqiqəti? Bütün onilliklər ərzində özləri gecə-gündüz bəyan eləyirdilər ki, sən heç vaxt ölməyəcəksən, sənin əməllərin səni daim yaşadacaq, sənin gördüyün işlər əbədiyyətə açılan qapıdır, sən öz əvəzolunmaz həyatınla ölümə qalib gəlmisən, biz ölə bilərik, amma sən ölə bilməzsən, çünki sən olmasan biz də yox olarıq. Bizim özümüzün gələcəyi, övladlarımızın gələcəyi, övladlarımızın övladlarının gələcəyi, hamısı səndən asılıdır, sən ölsən dünya dağılacaq…

Ağadayı da bütün bu sözlərdən sonra tamam inanmışdı ki heç vaxt ölməyəcək. Çünki o ölsə, hər şey məhv olacaq. Allah da hər şeyin məhv olmasına yol verməz yəqin ki… Məhz buna görə onu ədəbi yaşatmağa məcburdu. O da, öz növbəsində əbədi yaşamağa, çalışmağa, işləməyə, məhkumdur. Ən azından bu kənd üçün. Bu kəndin gələcəyi üçün.

Bəli, hamı da, görürdü ki, Ağadayı bütün varlığı ilə buna inanır.

İndi bundan sonra ona necə deyəsən ki, sən ölmüsən? Bəli, sən ölmüsən, amma heç nə məhv olmayıb, kəndin altı üstünə çevrilməyib, dünya dağılmayıb, həyat öz axarıyla gedir…

Yox, qətiyyən. Bunu ona demək olmaz. Bacardıqca gizlətmək lazımdı.

Hamı bunu başa düşürdü və bu fikrə etiraz eləmirdi. Hamı özünü elə aparırdı ki, o yenə yaşayır, o yenə hamıya lazımdı, o yenə hamının həyatının səbəbidi. O olmasa, dünya dağılar, qiyamət qopar, hər şey bitər… 

Yenə də xeyirdə-şərdə Ağadayının yeri yuxarı başdaydı, yenə də  ondan məsləhətsiz iş görülməzdi, yenə hamının başına ağıl qoyardı, yolundan azanları danlayardı, yolunu itirənlərə yol göstərərdi. Düzdü, bütün məsləhətləri, nəsihətləri elə əvvəlkilərin eyni idi, öləndən qabaq dediklərini dəfələrlə təkrar edirdi, təbii, anlamırdı ki, bütün bunlar inda daha yararlı deyil, istifadə müddəti artıq çoxdan keçib...

Əlbəttə ki, camaat daha onun nəsihətinə, danlağına, tənəsinə çox da əhəmiyyət verməzdi. Daha əvvəlki vaxt deyil ki. Ölüb də. Bundan sonra bizə neynəyəsidi ki? Amma təbii, üzdə hamı diqqətlə qulaq asardı, razılıqla başını tərpədərdi. Çünki indinin özündə də Ağadayının elə bircə adı kənd camaatı üçün çox müşkülləri həll edərdi.

Beləcə, həm sevgi, həm də şəxsi maraq səbəbindən hamı can-dildən çalışardı ki, Ağadayıda həyatının əvvəlki qaydada davam eləməyinə bir zərrə də şübhə yaranmasın. Bəli, hamı çalışırdı.

…Bircə nəfərdən başqa… Kiçik bacoğlu nədənsə hamı kimi hərəkət eləmək istəmirdi. Elə bil zalım oğlu buğda yeyib cənnətdən çıxmışdı.

-Axı o ölüb. Başa düşürsüz? Ölüb. Daha yoxdu. Heç kimə lazım deyil. Nə məsləhətləri, nə nəsihətləri… Niyə başa düşmürsüz? - az qala bağıraraq deyirdi.

- Başa düşürük ey… - ona işarə edirdilər ki bərkdən danışmasın. - Əlbəttə, başa düşürük. Çox gözəl başa düşürük. Amma yavaş ol, eşidər, pis olar. Qoy bilməsin.

-Axı nə vaxtacan? -  yenə etiraz edirdi. -  Nə vaxtacan bunu onun özündən gizlədəcəksiz? Nə vaxtacan?

Bu suala təbii ki, cavab tapa bilmirdilər. Bəlkə də ürəklərinin dərinliyində istəyirdilər ki, onların içindən kimsə bir nəfər irəli çıxsın, cəsarətini toplasın, hətta bir az da qəddarlıqla birbaşa Ağadayının üzünə desin ki, sən ölmüsən ey, ölmüsən, başa düşürsən? Qiyamət qopmayıb, dünyanın axırı çatmayıb, sadəcə sən ölmüsən, artıq bu dünyada yoxsan.

Bəli, təhtəlşüur səviyyəsində ola bilər ki, bu istək var idi hər kəsdə. Ancaq digər tərəfdən Ağadayının əvvəl gördüyü işlər, əvvəl elədiyi xeyirxahlıqlar, əvvəl camaatçün yaradıb qurduqları gəlib dururdu gözlərinin qabaqlarında, ürəkləri yumşalırdı, yenə əvvəlki fikrin üstünə qayıdırdılar ki, yox olmaz demək, qoy bilməsin, yaxşı deyil, eşidib-bilər, ona pis təsir eləyər…

Əlbəttə ki, belə məqamda ən çətin məsələ bacoğlunu susdurmaq idi. 

Bacoğlu isə hələ açıq şəkildə hay-küy qaldırmasa da, hamı kimi əbədi susmaq da istəmirdi. Hələ ki, astadan, yalnız dirilərin eşidə biləcəyi səslə etiraz eləməkdə davam edirdi.

-Mən heyvan deyiləm. Başa düşürəm ki, Ağadayı onilliklər boyu kəndimizçün çalışıb, əlləşib vuruşub. Böyük işlər görüb,  böyük şeylər yaradıb. Çox şeylərə görə ona borcluyuq. Amma bunlar hamısı keçmişdədi axı. Biz niyə öldüyünü ondan gizlədib, onu zorla gələcəyə dartmalıyıq? Axı onun yeri keçmişdədi. Bütün böyüklüyü, əzəməti, möhtəşəmliyi orda qalıb… Niyə imkan vermirsiz adam kimi ölsün, öz ölümündən həzz alsın. Hamı kimi öz ölümünün dadını çıxartsın…

-Ağadayı hamı kimi deyil. - Etiraz edirdilər.

-Lap elə hamı kimi deyil. Hamı kimi yaşamayıb, bu kənd üçün canını qoyub. Onda heç olmasa öləndə imkan verin adam kimi ölsün də? Heç olmasa özünün xəbəri olsun ki, ölməyindən. Öz şəxsi marağınıza görə kişini adam kimi ölməkdən məhrum eləməyin. Adamlığınız olsun. Deyin ona, qoy bilsin həqiqəti, bilsin ki, qurdla qiyamətə qalmayıb, adam kimi ölüb, adam kimi…

-Yox… Olmaz… Mümkün deyil…  Qətiyyən…

Bacoğlu isə inadından dönmürdü.

-Axı dünyanın heç yerində belə şey yoxdu. Adam yaşayır, yaradır, nəsə işlər görür, amma vaxtı çatanda ölür, gedir əcdadlarının yanına, yerinə başqaları gəlir, beləcə həyat davam eliyir.

-Onlar başqa, biz başqa. Bizim mentalitetimiz fərqlidi.

Bacoğlu da əsəbindən bilmirdi neynəsin. Çünki hamı yekdilliklə eyni sözü deyirdi.

- Olmaz, olmaz…

Sonra da yenə də başına sığal çəkib, adam balası kimi ona izah eləməyə çalışırdılar.

-Bax ona, yaxşı bax, görürsən, Ağadayının heç nədən xəbəri yoxdu, bilmir ki, ölüb. Yenə əvvəlki enerjisiylə çalışır, əlləşir, vuruşur, yaradır.

-Axı…

-Hə, lap elə yaratmır, ən azından çalışır.

-Necə…

- Hə, lap elə çalışmır, ən azından ümid edir ki. Ümid edir ki, nə vaxtsa yenə çalışacaq, yenə yaradacaq, yenə böyük işlər görəcək. Qoy inansın da. Qoy öz ölməzlik illüziyalarının içində xöşbəxt olsun. Bunun nəyi pisdi ki?  Məgər əvvəl gördüyü böyük işlərlə, böyük əməllərlə bu haqqı qazanmayıbmı? Axı dünyada haqq-ədalət var. Onilliklər boyunca hamımızçün bu qədər eləyəndən sonra, yəni onun haqqı yoxdu buna? Niyə həqiqəti deyib onun illüziyalarını dağıdaq? Niyə onu məhv eləyək…

-O, ölüb axı. Onsuz da məhv olub. - Bacoğlunun etirazı ara vermirdi. - Ölünü məhv olmaqdan niyə qorumalıyıq ki?

-Ölmək ayrıdı. Məhv olmaq ayrı. - Bu dəfə qəti etirazlarla üz-üzə qalırdı. - Biz onun məhv olmasına imkam verməyəcəyik. Ağadayı öldüyünü heç vaxt bilməyəcək.

-Yəni heç vaxt? Lap yəni heç vaxt?

Cavab verən olmurdu.

Beləcə, bacoğlu qaşqabaqlı sükutla üz-üzə qalırdı…

Lakin başa düşürdülər ki, bacoğlunun sükutu çox çəkən deyil, ona görə bu sükutun ömrünü uzatmaqçün mütəmadi olaraq ona başa salmaq, anlatmaq, izah eləmək lazımdı…

-Bəx, misalçün, elə sən özün - deyirdilər. -  Məgər sən istəməzsən ki, nə vaxtsa səni də bu qədər sevsinlər, əzizləsinlər, hətta ölümünü də sənin özündən gizlədib nazını çəksinlər? Bu pisdi bəyəm? Yoxsa istərdin ki, nə vaxtsa kimlərsə gəlib kobudluqla, qəddarlıqla sənin üzünə desinlər ki, ay kişi, daha ölmüsən ey, yol ver, çəkil kənara, ket gir qara torpağın altına, daş yorğanı çək üstünə… Belə desələr, xoşuna gələr?

Bacoğlu isə nə qədər inadkar olsa da, məhz söhbətin bu məqamında fikrə gedib susardı.

Çünki nə deyəcəyini özü də bilmirdi.

Əlbəttə, qəhrəmanlıq eləyib deyə bilərdi ki, bəli, mənimçün fərqi yoxdu, həqiqət nə qədər acı da olsa, ondan qaçmaq mümkün deyil və mən heç vaxt həqiqətin məndən gizlədilməsinə razı ola bilmərəm…

Belə demək istəyirdi. Amma elə bil nəsə dilini bağlayırdı.

Başqa ölənlərin laqeydliklə aparılıb torpağın altına atılmağı gəlirdi gözünün qabağına, bu tərəfdən də indi üz-üzə gəldiyi vəziyyəti düşünürdü və öz-özünə sanki seçim eləməyə çalışırdı, düşünürdü ki, görəsən doğrudan da məqamı gəlsə, mən özüm hansına üstünlük verərəm? Razı olarammı həqiqəti üzümə deyib, aparıb atsınlar məni torpağın altına, qurdlara yem olum, hamını yadından çıxım? Yoxsa istərəm eynən Ağadayı kimi həqiqəti məndən gizlətsinlər, öz ölümümü də bilməyim,  əbədiyyət illüziyaları içində xöşbəxt olum?

Bəli, bacoğlu, özü də bilmirdi hansını istəyir. Həqiqəti yoxsa illuziyaları.

İndiki vaxtda, şəksiz ki, həqiqəti istəyirdi. Ona görə də vəziyyətlə tam barışa bilmirdi.

Lakin yadına düşürdü ki, Ağadayı da öz ölümündən çox-çox əvvəllər məhz belə deyirdi. Deyirdi ki, həqiqətdən qaçmaq olmaz, əsl şəxsiyyət gərək həqiqətin gözünün içinə dik baxa bilsin, bundan qorxmasın, çəkinməsin, başını kola soxub həqiqətdən gizlənməyə çalışmasın…

O vaxt elə deyirdi. Ancaq bu gün öz ölümündən xəbərsiz, şirin əbədiyyət illüziyaları içində xöşbəxt idi.

Bəlkə də hardasa nəsə hiss edir, başa düşür ki, artıq ölüb, artıq yoxdu… Əlbəttə, yəqin ki, hiss edir. Lakin bu fikirləri özündən kənara qovur, ətrafdakıların ədəbi sevgi dolu baxışlarından yağan istilikdə əridirdi. Yəni həqiqətin gözünün içinə dik baxmağa qorxurdu.

Bu şüurlu baş verirdi, yoxsa təhtəlşüur səviyyəsində - ölən adamın şüuruna və ya alt şüuruna girmək bacarığından məhkum olan bacoğlu bundan xəbərsiz idi.

Buna görə də, heç cür hökm verə bilmirdi. Qorxurdu ki, bu gün verdiyi hökm sabah onun özünə qarşı qalxa bilər. Birdən onilliklər sonra, elə bir vəziyyətə düşər, istəyər ki, onun da ölümünü özündən gizlətsinlər, o da, Ağadayı kimi ədəbiyyət illüziyalarının içində xöşbəxt olsun.

İstəyər, amma məhz həmin məqamda ətrafdakılar onun bugünkü həqiqətpərəstliyini əldə bayraq gətirib, illüziyalarınıi dağıdarlar, öldüyünü kobudluqla üzünə çırparlar…  

Məhz bu ziddiyyətli fikirlərin içində, çırpınırdı, öz-özünü susmağa, mövcud vəziyyətlə barışmağa məcbur edirdi.

Lakin… Həqiqət… Həqiqət deyilən bu ehtiras nə idisə, bacoğluya hamı kimi tam rahatlanmağına imkan vermirdi.

Beləcə, illər keçirdi, bacoğlu həmişə daxilən əziyyət çəkirdi, boğulurdu, nəfəsi çatmırdı, amma birtəhər dözürdü. Və dözə-dözə də işləyirdi, çalışırdı, əlləşib-vuruşurdu kənd üçün.

İllər uzunu yuxularında görürdü ki, həqiqət hissi nəhayət ki, onu cəsarətə gətirir, gedib Ağadayının qarşısını kəsir və var gücüylə qaşqırır ki, daha bəsdi özünü görməməzliyə vurdun, bəsdi, oyan, oyan bu illuziyalardan, sən artıq ölmüsən, çoxdan ölmüsən, heç kim bunu sənə demir, heç kim üzünə vurmur, hamı özünü elə aparır ki, guya sən heç vaxt ölməyəcəksən, həmişə var olacaqsan. Hamı belə deyib sənə, hətta mən də… Çünki öz maraqlarımızçün belə eləyirik, bizə belə sərf eləyib… Amma bəsdi daha, bəsdi, mən indi həqiqəti deyəcəm, sən ölmüsən, ölmüsən, ölmüsən…

Elə "ölmüsən" qışqıra-qışqıra da yuxudan oyanırdı bacoğlu …

On dəfə, yüz dəfə, min dəfə eyni şey təkrar olurdu…

Əslində bacoğlu tək deyildi. Həqiqəti deyə bilənlər və deyənlər çox idi, ancaq uzaqda idilər. Ara-sıra uzaqdan deyilən həqiqət Ağadayının qulağına çatsa da, ətrafdakılar o saat özlərini sipər edib onun qulağını doldururdular ki, əhəmiyyət verməyin, boş verin, hamısı düşmənlərdi, sizi və bizi istəməyənlərdi, sizinlə qərəzləri var, paxıllıqdan belə edirlər, çünki özləri bu gün var, sabah yoxdu, buna görə də sizin ölməzliyinizi gözləri götürmür, heç cür bununla barışa bilmirlər…

Ağadayı da inanırdı, yenə öz ölməzlik illüziyaları içində xöşbəxt olurdu.

İllər keçirdi, bacoğlu isə yavaş-yavaş dəli olurdu, psixikası pozulurdu, orqanizmi dağılırdı. Həqiqəti yalnız yuxuda deyirdi. Hər dəfə də yuxudan oyananda öz-özünə söz verirdi ki bəsdi, olmaz belə, həqiqəti demək lazımdı. Ancaq demək məqamı gələndə, yenə onun bu illüziyalar içində özünü nə qədər xöşbəxt hiss elədiyini görürdü, yenə onun gördüyü böyük işlər gözünün qabağına gəlirdi və yenə də ətrafdakılara ürəyində haqq qazandırıb susurdu…

Nəhayət, uzun illər sonra, yağışlı bir gündə qəti qərara gəldi ki, bəsdi, kifayətdi, daha yetər… Əvvəl-axır Ağadayı həqiqəti bilməlidi. Bilməlidi ki, hələ neçə il bundan əvvəl vəfat eləyib. Artıq yoxdu. Ölüb. İndi yox, çoxdan ölüb. Lap çoxdan… Və bu həqiqəti ona mən deməsəm, başqa heç kim deməyəcək.

Nədənsə, məhz həmin yağışlı gündə bacoğlu fikrini dəyişmədi, geyinib-keçinib qətiyyətlə Ağadayının yanına gəldi, dik, həqiqətpərəst baxışlarla düz onun gözünün içinə baxdı və elə ağzını açıb həqiqəti demək istəyəndə, ürəyindən qəfil sancı tutdu, yerə çökdü.

Ətrafdakılar ona kömək eləmək istəsələr də, macal tapmadılar, bir də gördülər ki, bacoğlu artıq ölüb…

Qəribə də olsa, bacoğlunun ölümünü özündən gizlətmək fikri heç kimin ağlına gəlmədi…

Eləcə üstündə bir az ağlaşdılar, aparıb qəbrə atıb üstün torpaqlayıb gəldilər.        

Ağadayının isə hələ də, öz ölümündən xəbərsiz halda, əbədiyyət illüziyaları içindəki xoşbəxtliyi davam edirdi. Hətta bəzən bacoğlunu də xatırlayırdı. Xatırlayıb deyirdi ki, hərçənd onun qədər böyük işlər görməmişdi, ancaq hər halda əbədi ölümsüzlük haqqı qazanmağa çox yaxınlaşmışdı. Lap bir addımlığında idi. Amma heyif ki, bir az səbri çatmadı.

2018

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!