Ştefan Svayqın "Yad qadının məktubu" novellası və bozumtul kədər - NARGİS

NARGİS

Avstriya yazıçısı Ştefan Svayqın "Yad qadının məktubu" novellasını birnəfəsə oxudum. Ancaq qeyd edim ki, elə ilk sətirlərdən ruhuma bir ağırlıq çökdü. Mən istəməsəm də, hiss etdim ki, gözümdən bir damcı yaş çoxdan sarı vərəqlərə öz kölgəsini salıb.

Ştefan Svayq 28 noyabr 1881-ci ildə Vyanada anadan olub. Atası Moriç Svayq toxuculuq fabriki olan zəngin yəhudi, anası isə, İda Svayq bank sahibi bir ailənin qızı idi. Ş.Svayq erkən yaşlarından özünü daha çox estetik məsələlərə həsr etməyə başlayır və ailə biznesində iştirak etməkdən imtina edir. Esseləri Sionizmin rəhbəri Teodor Herçlin redaktoru olduğu Yeni Azad Mətbuatda (Neue Freie Presse) qəbul olunur, ancaq Svayq Herçlin yəhudi milliyyətçiliyi hərəkatına qoşulmur. "Gümüş Tellər" (Silberne Saiten) adlı ilk şeirlər toplusu 1901-ci ildə işıq üzü görür. 1917-ci ildə müharibədə olarkən müharibə əleyhinə yazdığı "İrmiya" (Jeremiah) pyesi İsveçrədə təqdim edilir, 1939-cu ildə isə Nyu-Yorkda səhnəyə qoyulur.

Ştefan Svayq "Yad qadının məktubu" (Brief einer Unbekannten) adlı novellasını 1920-ci illərin ilk yarısında qələmə alıb. "Yad qadının məktubu" əsərindəki qadını yalnız bir naməlum məktubun qadın qəhrəmanını və yazarı kimi tanıyırıq. Qadının bir ömür boyu sevdiyi adam üçün qələmə aldığı bu məktubu "göndərənin" adı yoxdur. Məktubun başında bir ünvan var: "Sənə, məni heç tanımayan sənə".

Yazıçı bu novella ilə insan psixologiyasını qeyri-adi bir səyahətə vadar edir. Bu yeni səyahətin "mütləq məhəbbət" anlayışına, bilinməyən sahillərə qədər çatmaq məqsədi daşıyır!

"Yad qadının məktubu"  bir yazıçı ilə  heç tanımadığı bir qadının əhvalatıdır. Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və  bir qadının məktubu ilə davam edir. Məktubunda qadın:  "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə müraciət edir sevdiyinə…

Novellanı Azərbaycan dilinə Həmid Arzulu tərcümə edib. Tərcümənin mükəmməlliyinə  söz ola bilməz. Tərcümədə Ştefan Svayq qələminin nəhəngliyi açıq-aydın sezilir.

Məktubda qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları təsvir olunur.  Məktubun başlanğıcında qadın uşağının ölümündən yazır. Sonra bu günə kimi başına gələn bütün əhvalatı…

Fikrimcə, əsərin iki kulminasiya nöqtəsi vardır… Bir ananın uşağının ölümündən danışması əsərdə o qədər kədərli, o qədər həzin və gözəl təsvir edilib ki, həmin sətirləri oxuyan insan özünü ələ ala bilmir, toxdada bilmir.  Qadının kədərində böyük qurur və onur gizlənib…

Hər dəfəsində onu görüb, həmişə onu ilk dəfədir kimi görən bu adama hətta o acıqlanmır belə.

"Bütün insanlar məni xatırlayır, əzizləyirdilər, hamı mənə qarşı mehriban idi; sən, yalnız sən məni unutmuşdun, yalnız sən, təkcə məni xatırlamırdın!".

Sadəcə, onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt anları, onun oğlu ilə özünü təsəlli edir. Lakin uşağının ölümü ilə bacara bilməyən qadın bütün içindəkiləri bir kağıza yazıb həyatını məhv edən insana göndərir.

Təktərəfli bu eşq o qədər gözəl, o qədər qarşılıq gözlənilmədən yaşanıb ki, insanı qəhər boğur.

Qeyri-adi sevgi hisslərinin tərənnümü kimi həmin novella ruhumda yeni dad, düşüncələrimdə kədərli bir iz buraxmağı bacardı.

Məktubdan aydın olur ki, getdikcə qadının içindəki uşaqsı eşq, qadınlığa, çarəsizlik müqavimətə çevrilir. Vyanaya qayıtdıqda belə o usanmadan hər gün eyni qapıda gözləyir. O, ondan başqa bir şey düşünmür. Öz həyatını ona adlayarkən, adamın həyatı dəyişməz qalır.

Və qadın böyüyür, böyüyür… Böyüdükcə içindəki eşq və arzu, sonsuz tutqu da böyüyür, şaxələnir, budaqlanır. İndi o uşaq deyil, ecazkar aşiqdir, yetkin qadındır və nəhayət ki, adamın diqqətinin üzərində toplandığını düşünsə də, reallıq başqadır. O, hər dəfə adamın gözündə özünün onun tərəfindən dəvət edilən digər qadınlardan fərqli olmadığını bilsə də, adamın əlləridir onun müqəddəsi, o, artıq illərdir arzusunda olduğu nöqtəyə çatan qadındır. O həm də qalibiyyət qazandığıni sandığı anda uduzan qadındır. O anlıq xoşbəxtliklərində iki ömür itirən qadındır…

Qadın sadəcə bir şey arzulayır… xatırlanmaq!

Adam  məktubu oxuduqda xatırlamağa çalışsa da, sisli qaraltılar vardır ovuclarında..

Novella bitdiyində hər ad günündə gələn bəyaz güllərdən məhrum boş güldan və adamın boğucu tənhalığı, ən bozumtul, ən ürək sıxan mənzərəsini yaratdı ruhumda…

Adama ikrah hissi duymaq istədi cümlələrim… Ancaq qulağıma sakitcə fısıldadı anidən yad qadın… Axı mənim "İçimdə mənliyimin dərinliyində hələ o uşaqlıq xəyalım yaşayır", bəlkə bir gün o yalnızca bir saatlıq da olsa məni çağırdı. "Və mən sadəcə bu ehtimal üçün belə hər şeydən əl çəkdim, sırf ilk çağırışında yanında ola bilmək üçün"…