Məhsəti - Romandan parça - Cavi DAN - Cavi DAN

Cavi DAN

Romandan parça

...Könlümə yar oldu bu gecə dilbər,

Yalqız gecələrdən şikayət eylər.

Ey gecə, kədərim olsan da, getmə,

Səadət də olsan, gəlmə, ey səhər!

Mahnı səsi yerimdən qaldırdı məni, qonşu otağa keçdim, nəhəng pələng dərisi üzərində bardaş qurub oturmuş həzin səsli, saçları çiyninə tökülmüş gənc, yaraşıqlı qulam idi oxuyan, yanında oturmuş dünyalar gözəli kəniz udda çalırdı. Mahmud tapşırmışdı ki, səhərə qədər ud çalınsın, mənim rübailərim oxunsun bu gecə.

Əsrarın mənə dediklərini xatırladım.

Demək Mahmud bunun üçün gətirmişdi mənim bütün yazılarımı saraya, onları kənizlərə əzbərlədib, oxutdurmaq kimi bir fikri var imiş.

Gülümsədim.

Mahmudun iri cüssəsi ilə vərəqlərin üzərinə əyilib, onları bir-bir ayırıb oxumasını, kənizlərə paylamasını, onları dinləyib, ən yaxşılarını seçərək, qonaq məclisləri üçün hazırlamasını gətirdim gözlərimin önünə.

Son vaxtlar bircə misra belə yaza bilməməyimin səbəblərindən biri də Mahmudun mənə qarşı soyuq, kobud davranışı olmuşdu.

Amma o mənə çox doğma idi, dərisi dərimə, nəfəsi nəfəsimə, səsi səsimə, ehtirası ehtirasıma bənzəyirdi, məndə zərif, onda qaba, udun eyni bir siminin eyni bir səsinin ən zil və ən bəm məqamları idik elə bil.

Keçib qulamın yanında oturdum, barmaqlarımla saçlarına toxundum, yarıyumulu, azacıq qıyılmış badamı gözlərində bir dünya boyda kədər vardı, min il əvvəldən gəlirdi elə bil səsi, İlahi, ruhumu aldı, apardı bu səs min il sonraya, yaşadığım dövrandan bezib-yorulub, yataraq bir də ayılmaq istədiyim, içindəki tanımadığım, məni tanımayan, bir başqa dünyadan gəlmiş kimi görəcəyim, bir başqa dünyadan gəlmiş kimi görünəcəyim adamların aləminə...

Barmaqlarımdan biləyimə süzülən ipisti bir damla pələng dərisinin üstünə yuvarlandı.

Ağlayırdı qulam.

Yaş süzülən gözlərinə baxa-baxa səsimi səsinə nə zaman qatdım, bilmədim.

Bu gecə yola gəl, rəhm elə, canan,

Mən yanıram, sən də bu atəşlə yan.

Zülfünün ucuyla qaldır yanğını,

O da bu gecə tək uzundur, aman!

Kənizin saçları gecə rəngli dağ şəlaləsinə döndü birdən, dalğa-dalğa udun üstünə axdı, simlərin üzərində gəzişən zərif, ağ barmaqlarının titrəyişini örtdü, gizlədi.

Sonra kəsik-kəsik, asta-asta, gizli-gizli ağladı ud.

***

Karvansaranın içi-çölü qaranlığa qərq olmaqda idi artıq.

Səhər gəlib bura çatan sonuncu karvanın adamları hələ də otaqlar və dəhlizlər boyunca o yana-bu yana vurnuxur, tacirlərin, hambalların, dilənçilərin, səs-küyündən qulaq tutulurdu.

Çarşaba bürünmüş iki qadın dəhlizlər boyu yeyin addımlarla dolaşır, adamların üzlərinə, qapıların aralı qalmış yerlərindən otaqlara baxırdı, hərdən dayanıb öz aralarında astadan nə barədəsə danışır, sonra yenə yola davam edirdilər.

Qarşılarına çıxanlardan, onlarla toqquşanlardan mümkün qədər qaçmağa çalışırdılar, karvansaraya nabələd olmaları və burada mümkün qədər gizli, görünməz gəzib-dolaşmaq istədikləri həmən hiss olunurdu və istər-istəməz diqqəti cəlb edirdi.

Qara çarşabların altında bütün dünyaya qapalı qalan bu qadınların çox gənc olmaqları yerişlərindən və baxışlarından bəlli idi deyə, karvansaradakı kişilərin əksəriyyəti onlara sarı dönüb baxır, kimliklərini, bura nə səbəbə gəldiklərini öyrənib-bilməyə çalışırdı, lakin çarşablı qadına yaxınlaşmaq, nəsə soruşmaq, demək olmazdı deyə, hər kəs özünü kənarda tutur, qadınların yaxınlaşacağı son qapının hansı, görüşəcəkləri adamın kim olmasını səbirlə gözləyirdilər.

Müəzzinin səsi hər kəsi yer üzündə olan hər şeyi unutmağa, Allahın hüzuruna çağırmağa başladı və ayaqların dəstəmaza, əllərin canamaza, başların səcdəyə tələsdiyi anlarda qadınlar nəhayət ki, gözdən də, könüldən də iraq düşə bildilər.

***

- Məhsətinin başı bəladadır, İbrahim! - Pərizad onlardan mümkün qədər uzaq dayanmağa və özünü heç bir şey eşitmirmiş kimi göstərməyə çalışan Sürəyyaya baxaraq dilləndi.

- Tək Məhsətinin deyil! - İbrahim köksünü ötürdü.

- Dindarlar atamın üstünə gəliblər, şəhərin az qala bütün qızlarının və cavanlarının Məhsəti aşiqlərinə çevrilməsindən narahatlıqlarını deyiblər, məscidlərdə xütbələr, moizələr əvəzinə Xərabət məclislərində şeir, musiqi dinləməyi üstün tutmuşları cəzalandırmağı tələb ediblər, artıq atam hansı alimənsəbin övladı Məhsəti aşiqidirsə, bilir, hətta o, mənim də Xərabətə getdiyimdən xəbər tutub, dünəndən bəri evdən kənara çıxmağım qadağan olunub, mən qulluqçumuzun paltarlarını geyinib qaçmışam, - qız çiyinlərinə sürüşmüş çarşabın uclarını gözlərinə sıxıb hönkürdü.

- Məhsətini daşqalaq edə bilərlər! - Sürəyya rəfiqəsinin ağlamasından tamamilə ümidsiz bir hala düşərək, az qala pıçıltıyla dedi: - Hamı deyir ki, Xətib Şahi- Gəncəyə məxsusi şikayət ilə ərz edəcək və fərmanını istəyəcək.

- Atam Məhsətini öldürtsə, mən də yaşamaram! - Pərizad daha bərkdən hönkürməyə başladı.

- Heç nə olmaz, sakitləşin və təlaş etməyin, Məhsətiyə bircə zərrə qədər də olsa xətər gəlməsinə imkan verməyəcəyəm! - İbrahim qeyri-ixtiyari belindəki qılıncın dəstəyini sıxdı, - min xətib yığışa, Sultan Məhəmməd o fərmanı imzalamayacaq!

- Bütün Gəncə dindarları ayağa qalxıblar, hamı deyir ki, Bəlxdən gəlmiş bir cavan şeyxdir Məhsətinin zinakar və dinsiz olmasını car çəkən, hər kəsi ona qarşı dayanmağa çağıran, xətibi də o inandırıb, razı salıb şahdan daşqalaq fərmanı istəməyə, - Sürəyya bir gözü qapıda, təlaşla dedi.

- Mustafa İman! - İbrahim dişlərini bir-birinə sıxdı ki, ağzından ağır bir söyüş çıxmasın qızların yanında, - o məlunun cavabı da veriləcək, əlbət!

- Biz getməliyik, - Pərizad az da olsa sakitləşmiş halda dilləndi, - bura gəldim ki, səni məsələdən hali edim, həm də...

- Həm də nə? - İbrahim qızın qızarmış, hələ də yaş dolu gözlərinin içinə baxdı, ürkək halda sağa-sola qaçan qapqara göz bəbəklərinə xəfifcə gülümsədi, - həm də məni görmək üçünmü?

- Özünü qoru, Allah səni hifz eləsin,- Pərizad onun gözlərinə bir də baxa bilməyəcəyini anlayıb astaca söylədi və qapıdan çıxdı.

- Məhsəti sənə əmanətdir indi, - Sürəyya da çıxmağa hazırlaşdı.

- Mən onu Sultan əmanəti kimi tanımışam, amma - İbrahim güldü, - narahat olmayın, hamınızı qorumağa gücümüz və istəyimiz yetər!

- Allah amanında! - Sürəyya qapıdan çıxdı və qarşısında anası ilə qayınatasını görüncə az qaldı ağlı başından uçub gedə.

- Sən burada kiminlə və nə üçünsən?! - qayınatasının xəncər tutmuş əli havada oynadığı anda anası bircə dəfə inildəyə bilib, yerə yıxıldı və Sürəyyanın həmən ardınca dəhlizə çıxmış İbrahim kişinin biləyindən tutaraq sıxdı.

Sürəyya huşunu itirərək yerdə qalan anasının üstünə əyildi, titrəyən əlləri ilə alnını, üzünü ovuşdurmağa, eyni zamanda ətrafa baxıb, Pərizadı görməyə çalışdı, amma qız onun baxışları çata bilən heç bir tərəfdə görünmədi, İbrahimin onun qayınatasının biləyini sıxaraq, öz otağına çəkib aparmasından sonra anası da özünə gəlməyə başladı, gözlərini açıb, Sürəyyanı gördüyü andaca nifrətlə pıçıldadı:

- Allah sənə lənət eləsin, üz qarası!

***

Pir Osman ortayaşlı, ortaboylu, saçları gicgahlarından ağarmış biri idi.

Düz qaməti, dik yerişi və çox sərt baxışları olduqca zəhmli göstərirdi onu, ətrafındakı adamlar yanında söhbət edərkən hər kəlmələrinə fikir verər, bu dindar, qaraqabaq insanın narazılığını oyatmamağa çalışardılar.

Cavanlığında İsfahan nizamiyyələrindən birində təhsil almış, sonra kənara çəkilərək, ağlında-beynində olanlardan kitab yazmaq eşqinə düşmüşdü, amma Gəncə xətibi olan qardaşı onu bu işindən çəkindirmiş, məscidlərdə, mədrəsələrdə etibarlı köməkçisi olmağa dəvət etmişdi. Qardaşının sözündən çıxa bilməyən Pir Osman Gəncəyə gəlmiş, burada evlənmiş və ömrünü-gününü ümumi bir axının ixtiyarına buraxaraq, yaşamağa qərar vermişdi.

Hərdən-hərdən içindəki tənhalığına qapılardı, amma belə vaxtlarda Ömər Xəyyam rübailərinə pənah aparar, evinin heç kim girə bilməyən gizli bir otağında şərab içər, rübailər oxuyar, bu dünyada hər kəsdən gizlətdiyi dəftərində özü də bir-birindən gözəl aşiqanə qəzəllər yazar, sonra doyunca, ruhu tamamilə dincələnə qədər yatardı.

İkili həyat yaşadığının fərqindəydi, hər namazında Allaha yalvarardı günahlarının bağışlanması üçün, amma ürəyində qəribə bir ümid toxumu cücərməyə başlamışdı son vaxtlar, o toxum cücərdikcə, Pir Osman bu dünyada kimsənin nə canına, nə malına, nə ruhuna xətər gətirməyən, yalnız onun özünə və öz ruhuna aid olan xəlvətini sevməyə başlayırdı, hətta Allahı ilə özü arasında kimsənin bilmədiyi, bilməyəcəyi, anlamadığı, anlamayacağı sirr idi bu və Pir Osman ikili həyatının məhz həmin sirr olan parçasında tam ruhuyla var olduğunu çox gözəl bilirdi.

- Əslində dinindən, milliyyətindən, doğulduğu və yaşadığı məkanından, hətta dövründən də asılı olmayaraq, yer üzündə cəmi-cümlətanı üç növ insan var, bir də bu üç növün öz aralarında bir-birinə keçə bilən nərdivanvari cəhətləri, - deyirdi Pir Osman, - Allahı sevənlər var, özünü sevənlər, bir də sevə bilməyənlər. Allahı sevənlər hər bir addımını Allah xatirinə atar, Allah üçün düşünər, Allah üçün yeyər, Allah üçün nəfəs alar, evlənməsi, dünyaya övlad gətirməsi, ətrafındakı insanlar ilə bütün münasibətləri Allah adına olar, bu dünyada hər şeyin ədalətlə olmasına inanar, qırpılan kirpiyin də mənasını Allah rizasında görər, əllərindən-əməllərindən xeyirxahlıq yağar. Özünü sevənlər isə bu dünyada ədalətlə ədalətsizliyi eyni çəkidə görər, yaxşılıq qədər pisliyə də haqq qazandırar, yaşayışları özləri üçün olar, öz mənafelərindən, istəklərindən başqa amalları olmaz yer üzündə, hətta Allahı belə özlərinə xətir qəbul edərlər, dinə-imana cənnət və axirət bəxşişlərinə görə gələrlər, bir də cəhənnəm qorxusundan, əməllərindən şəhvət, tamah, ehtiras əskik olmaz, xeyirxahlığı belə əvəzində xeyir ummaq ehtirasıyla edərlər. Qaldı üçüncü növ insanlar, yəni sevməyi bacarmayanlar, bunlar üçün nə Allah var, nə insan. Sevə bilməyənlər bu dünyada yatmaq, yemək, özləri kimilərini kortəbii bir halda dünyaya gətirib doldurmaqdan başqa bir şey etməzlər. Onları sürü halında bir dindən çəkib digərinə aparmaq Özünü sevənlər növündən olanlar üçün hakimiyyət, mənafe baxımından daimi məşğuliyyətdir, Allahı sevənlər isə onlara sadəcə mərhəmət hissi ilə baxarlar, hərdən-hərdən də onların qurbanlarına çevrilərlər. Sevə bilməyənlər üçün bu dünyada hər şey ədalətsizdir, onlar hər zaman hər şeydən narazıdırlar, onlar üçün daimi bir şey varsa, o da heyvanatla oxşar fəhmi və həyat tərzini sürməkdən çəkilməməkdir. Əməllərindən cahillik doğar, cəhalət çökər ətraflarına.

***

Xərabətə gəlməyə başlamışdı Pir Osman.

Şəhərin zənginini kasıbından ayırmaq olmayan yeganə məkan idi bura.

Bir-birindən güclü, cavan igidlər, gözəl və bəzəkli qızlar, ortayaşlı qadın və kişilər, balaca uşaqlar bir ailənin bir-birinə ən doğma insanları kimi görünürdülər burada.

Əxilər, əsnaflar da vardı, gündüzünü məscidlərdə keçirib, axşam namazından həmən sonra şətrənc, musiqi, şeir sevdasına gələn mühafizəkar şəhər kişiləri də, səhərdən axşama qədər baş-başa verib, zənginlərin gətirdiyi parçalardan imkansızlar üçün paltarlar tikən, yastıq, mütəkkə, örtük hazırlayan qadınlar da.

Sultan Mahmud nəzarətçiləri də hər gün və hər gecə Xərabətin içində-çölündə keşik çəkir, Məhsətini və ətrafındakıları qoruyurdular.

Pir Osman küfr, mey, zina məkanına gəlmişdi, burada əxlaqı və imanı naqis, çirkaba bulaşmış adamlar görməyə hazırlamışdı gözlərini, amma özü ilə rastlaşmışdı burada qəfildən, özünün içində gizlətdiyi, özündən başqa hər kəsdən xəlvətdə tanıdığı özünü tapmışdı, Xərabət Pir Osmanın ruh evinə dönmüşdü o məqamlarda, buradan getmək yox idi artıq, buradan şikayət etmək yox idi, Məhsəti cazibəsindən, Xərabət eşqindən imtina edib uzaq dayanmaq mümkün ola bilməzdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!