Ürəkdən gülmək istəyirsinizsə... - Xeyrəddin Qocanın miniatür hekyələri

 

Xeyrəddin Qocanın gülüşü

 

“Gəlin, mümkün qədər qısa yazaq, onsuz da həyatda söz əlindən tərpənmək olmur”

Y.Lents

 

Yazıçı Xeyrəddin Qoca əlinə qələm alandan bəri cəmiyyətdəki çatışmazlıqları, nöqsanları, eybəcərlikləri, bir sözlə, bütün naqislikləri tənqid atəşinə tutur, satirik-yumoristik dillə oxucularına bir-birindən maraqlı əsərlər təqdim edir. Dəyərli kitabların, pyeslərin, yüzlərlə satiranın müəllifi olan ədib ömrü boyu haqsızlıqlarla, ədalətsizliklərlə mübarizə aparmışdır. Bu yolda onun özünün də başına qəribə əhvalatlar gəlmişdir. Bu əhvalatlarla bağlı yazıçının mənalı, gülüş doğuran hazırcavablığı da, onun atmacaları da, bəzən bilərəkdən, bəzən bilməyərəkdən etdiyi hərəkətlər də - satiraya, yumora, tənqidə xidmət edir.

Xeyrəddin Qoca nəyə isə etirazını bildirir, kimə isə istehza edir, kimlərəsə öz yerini göstərir. Beləliklə, sözün əsl mənasında, nələrə, kimlərə isə gülür. Qəribə (əslində, qəribə görünür) dialoqlar, atmacalar, istehzalar bəzən mənalı bir hekayəni əvəz edir.

"Xeyrəddin Qocanın gülüşü"nün əlyazması ilə tanış olan Xalq şairi Nəriman Həsənzadə yazır: "Hörmətli qələm dostumun həcmcə kiçik yazılarını oxuduqca, gözlərim önündə həyatın istisini, soyuğunu görmüş bir insan canlanır. O birinci növbədə müsahibindən yüksəkdə durmağı bacaran hazırcavabdı. Müdrikdi. Buradakı fəlsəfi ümumiləşdirmələr sadədən mürəkkəbə, mürəkkəbdən sadəyə meyillidi. Çünki müəllif bilir ki, onun oxucuları da müxtəlifdi - hər kəsin özünəməxsus dərketmə qabiliyyəti olur. Buradakı pritçalar, atmacalar, lətifələr, kiçik hekayələr, məişət söhbətləri, düzünə tuşlanmış eyhamlar, satirik müraciətlər, ismarıclar, bir sözlə, bütün ədəbi janrlara bənzəyən bu yazılar Xeyrəddin Qocanın daim ədəbi axtarışlarda olduğunu və həyatın, cəmiyyətin müəyyən məqamlarında mənalar axtardığını, eləcə də mənəvi paklığını göstərən nümunələrdi.

Müəllif hamı və hər kəslə danışdıqca, əslində, öz düşüncələrini çatdırır, beləliklə, teatr işçilərinin dili ilə desək, personajların birinə çevrilir. Cəmiyyətdə yaşayıb, cəmiyyətdən kənarda qalmır. O, həyatı, insanları sevir, qəlbindəki işığı paylamaq istəyir və paylayır da".

Təsadüfi deyil ki, Türkiyədə yayınlanan "Bu dünyadan məktublar..." kitabı ilə tanış olan ədəbiyyatşünas Camal Anadol X.Qocanı "Azərbaycanın Əziz Nesini", türkiyəli qələm sahibi İrfan Ülkü "Azərbaycanın Zoşşenkosu" adlandırmış, “Hürriyyət” qəzetinin müxbiri Dursun Özdən isə onu Nəsrəddin Xocaya bənzətmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov yazır ki, "Xeyrəddin Qocanın əsərlərində Əziz Nesindən, Cəlil Məmmədquluzadədən, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var. Lakin bu hekayələrin, lətifələrin, zarafatların müəllifi məhz, onun özüdür - Xeyrəddin Qocadır".

Möhtərəm oxucular!

Sizə təqdim edilən bu miniatür hekayələrdə X.Qocanın deyimlərinin bəlkə də, mində biri toplanmışdır. Bu gülüş "payı"nda yazıçının ayrı-ayrı əsərlərindən fikirlər də verilmişdir. Onlar da yüksək mənalar kəsb edir.

Xeyrəddin Qocanın miniatürlərini çap etdik ki, onun səmimiyyətini bir daha hiss edəsiniz. Görəcəksiniz, satira, yumor, gülüş çox yerdə sizinlə olacaq. Məsəl var, deyərlər: "Bir dəfə ürəkdən gülmək yeddi gün dəniz sahilində istirahətə bərabərdir"

 

 

Bu yaşayışdı ki?

 

Xeyrəddin Qoca tələbə vaxtı kirayənişin yaşayırdı.

Qapı döyülür:

- Xeyrəddin Qoca burada yaşayır?

- Xeyr!

- Bəs, siz kimsiniz?

- Xeyrəddin Qoca.

- Deyirsiniz ki, burada yaşamırsınız?

- Yəni bu yaşayışdı ki?

 

Zəlzələ qorxusu

 

Xeyrəddin Qoca Azərbaycanın Türkiyədəki səfiri ilə söhbət edir. Türkiyənin Xarici İşlər naziri İsmayıl Cem onlara yaxınlaşır. "Nasılsınız?" deyə soruşur. Səfir təşəkkür edir. "Siz nasılsınız, sayın konsolosum?" -  sualına Xeyrəddin müəllim heç kimin gözləmədiyi cavabı verir:

- Nasıl olacağam, bütün gecəni buz dolabının içində oturmuşam!

İsmayıl Cem "Buz dolabında nə yapıyordunuz, əfəndim?" - deyə təəccüblə soruşur. X.Qoca "Zəlzələdən qorxurdum!" cavabını verir.

Heç demə, professorlardan biri televiziyada çıxış edərək demişdir: "Zəlzələ olan kimi masa altına, buz dolabına... girin..."

 

Çay qoyuna bərabərdir

 

Ankarada Gülhanə Hərbi Tibb Akademiyasında baş komandanın müavini, bir polkovnik Xeyrəddin Qoca ilə tanış olandan sonra, "çox məmnun oldum, sizi evə dəvət edərəm, bir çay içərik" - deyir. X.Qoca yazıçı Anarın oğlu, o zaman AzərTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Turala tərəf dönür və ona pıçıldayır:

- Tural, buralarda adama çay vermək, bizlərdə qoyun kəsmək kimi bir şeydir...

 

Lazım olsa, zəng vurar

 

Cib telefonu zəng çalır. X.Qoca telefonu götürür:

- Sən hava limanına get. Qonaqları götür. Ünvanı bilirsən. Axşam məni hava limanında qarşılayarsan. Oldu? Sağ ol! - telefonu qapayır. Heç bir şey olmamış kimi, söhbətinə davam edir. "Bağışlayın, zəng edənə danışmağa imkan vermədiniz, o kim idi?" - deyə iş yoldaşı ondan soruşur.

Xeyrəddin Qoca duruxur:

- Düz deyirsən, vallah. Yazıq heç nə deyə bilmədi, axırda bircə "tamam" dedi. Sürücümdür. Lazım olsam, yenə zəng vurar.

 

Yalandan deyir...

 

X.Qocanı yüksək vəzifəli bir şəxslə tanış edirlər. Bu şəxs Türkiyədəki ənənəvi ifadəni işlədir: "Sizinlə tanışlıqdan çox mutlu oldum".

Həmin adam gedəndən sonra Xeyrəddin müəllim dillənir:

- Yalandan deyir də, "mutlu oldu". Mən onun nəyiyəm ki, məni görən kimi mutlu oldu?

 

Yaxşı vəzifə

 

Baş konsul Türkiyədə çox darıxırdı, Bakıya qayıtmaq istəyirdi. İstəyirdi məsul bir işdə çalışsın, xalqa, vətənə daha çox xeyir verə bilsin. Hətta, Bakıya qayıtmaq üçün rəhbərliyə dəfələrlə ərizə də yazmışdı.

Bir gün ondan soruşurlar ki, birdən səni işdən çıxardılar, heç bir iş də vermədilər, nə edəcəksən? Cavab verir:

- Mən ərizədə vəzifə istəməmişəm ki! Güman edirəm, yaxşı bir vəzifə verərlər...

 

Gəl vəzifəmizi dəyişək...

 

X.Qoca Vətənə qayıtmaq istəməsini Bakıda bir yüksək vəzifəli şəxsə də bildirir. O da başlayır ona izah etməyə ki, bəs, baş konsul vəzifəsi belə şərəfli vəzifədir, elə yüksək vəzifədir və s. və i.a. Xeyrəddin müəllim onun sözünü kəsir:

- Onda gəl, vəzifəmizi dəyişək. Sən mənim vəzifəmə keç, bir az şərəflən!

 

Yığdıqlarınız bəsdir...

 

Rəsul Rzanın anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Ankarada "Əhməd Yasevi fondu" tərəfindən tədbir keçirilirdi. Dəvətlilər arasında Xeyrəddin Qoca da vardı.

Tədbirdən sonra fondun sədri, Türkiyənin tanınmış şəxslərindən biri olan Namiq Kamal Zeybək ziyafət verirdi. Xalq yazıçısı Anar, Namiq Kamal Zeybək və Xeyrəddin Qoca bir masa arxasında oturub söhbət edirdilər. Söhbət tarixdən, ədəbiyyatdan düşdü. Birdən Xeyrəddin Qoca Namiq Kamal Zeybəkə sual verdi:

- Bağışlayın, siz neçə il nazir vəzifəsində işləmisiniz?

Namiq Kamal qəfil sualdan təəccübləndi:

- Ümumiyyətlə, yeddi ildən artıq bir zaman oldu, sayın baş konsolosum!

X.Qoca zarafatla:

- Eh! O zaman yığdıqlarınız nəvə-nəticələrinə də bəs edər! - dedi.

 

İndiki şəklini qoy...

 

Xeyrəddin Qoca smartfon telefondan çox gec, bəlkə də hamıdan sonra istifadə etməyə başlamışdı. Profilinə cavanlıq şəklini qoymuşdu. Yazıçıya çoxlu məktublar, mesajlar yazırdılar. Bir-iki aydan sonra dünyanın müxtəlif ölkələrindən - Afrikadan, Argentinadan, latın Amerikasından gənc, gözəl zənci qadınlar ona şəkillərini göndərməyə, məktublar yazmağa başladılar. Qara olduğu üçün elə bilirdilər o da həmin millətlərdəndir. X.Qoca ingiliscə bilmədiyindən onlara cavab vermirdi. Onlar da "küsüb" daha yazmırdılar.

Axırda ömür-gün yoldaşı bunu bilib X.Qocaya dedi:

- Sən profilinə indiki şəklini qoy!.. Onda daha xanımlar yazmayacaqlar...

 

Heç ağarmıram...

 

Azərbaycan Prezidenti Türkiyəyə rəsmi səfərə gəlirdi. Ankaranın "Esenboğa" hava limanının "Şərəf salonu"nda Prezidenti qarşılamaq üçün son hazırlıq işləri görülürdü. Xeyrəddin Qoca o zaman AzərTAC-ın xüsusi müxbiri olan Turala yaxınlaşdı:

- Sən gündə neçə dəfə çimirsən?

Tural düşüncələrindən ayrılıb cavab verdi:

- Üç gündə bir. Yay vaxtı hər gün, bəzən gündə iki dəfə. Necə bəyəm?

Xeyrəddin müəllim dərdli-dərdli ona baxdı:

- Mən il boyu hər gün iki dəfə çimirəm, amma heç ağarmıram!

 

Texnik

 

X.Qoca Milli Məclisin deputatı olanda tez-tez Bakıya iclaslara gəlirdi. Bir gün ondan soruşurlar ki, Məclisə getmişkən bir iş görə bilirsənmi?

Xeyrəddin müəllim cavab verir:

- Mən orada texnik işləyirəm, düymə basıram, vəssalam! Başqa bir işim yoxdur.

 

Səndən xoşum gəlir

 

Bir gün Bakı Bələdiyyə Teatrının aktyorları İstanbulda qastrol səfərində olarkən konsulluğa da baş çəkirlər. Sənətkarları bir-bir qapıda qarşılayan X.Qoca cavan bir aktyora deyir:

- Səndən xoşum gəlir.

Gənc aktyorun sonralar dediklərindən məlum olur ki, o, öz-özünə düşünübmüş: "Görəsən, baş konsul hansı tamaşaya baxıb? Hansı rolumu görüb?"

Birdən X.Qoca dillənir:

- Sən üzünü həmişə qırxırsan. Bəzi aktyorlar üzü tüklü gəzirlər...

 

Mənasız qurultay

 

Türkiyədə iki ildə bir dəfə türkcə danışan millətlərin qurultayı keçirilirdi. Hər dəfə qurultaya Azərbaycandan da nümayəndələr gəlirdi. Özü də bəzən elə adamlar gəlirdilər ki, onların bircə məqsədi olurdu: Türkiyəni gəzmək, görmək. Onlardan biri Xeyrəddin müəllimdən soruşur ki, "siz niyə qurultayda iştirak etmədiniz?" O, cavab verir:

- Əvvəla, məni dəvət etməyiblər. Çağırılmayan yerə getmərəm. Sonra da qurultay boş şeydir, ayrı-ayrı ölkələrdən gəlib, Türkiyəni gəzib qayıdırlar, heç bir məsələ də həll etmirlər.

Bakıdan gələnlərdən biri dillənir:

- Deməli, biz oradan bura boş şey üçün gəlmişik?

Xeyrəddin Qoca cavab verir:

- Bəs, bilmirdiniz?

Səhəri gün qurultayı müxtəlif yollarla təşkil edən dövlət nazirini istefaya göndərirlər, Türkiyə qəzetləri də yazır ki, bu qurultay boş şeydir, mənasızdır.

Xeyrəddin Qoca Bakıya zəng vurub, qurultaya gələnlərdən birinə deyir:

- Gördünüz, mən dedim, bu qurultay boş şeydir...

 

Qayınanam sağ olsaydı...

 

Xeyrəddin Qoca satirik yazıçı olsa da, həyatda çox ciddi adamdır. Lakin heç kimin qəlbinə dəyməyən, incə, səmimi zarafatları, atmacaları hamının xoşuna gəlir.

O, rəhmətlik qayınanası haqqında həmişə hörmətlə danışır. Amma zarafatından da qalmır. Bir gün yaxın dostunun qayınanası Xeyrəddin müəllimdən soruşur ki, "qayınanan sağdır?" X.Qoca cavab verir: "Qayınanam sağ olsaydı, mən çoxdan ölmüşdüm".

 

Bizə aid deyil

 

X.Qoca söhbət etdiyi bir qayınanaya deyir ki, "kürəkənə çox da bel bağlama". Arvadın kürəkəni də yanında oturubmuş. Tərs-tərs Xeyrəddin müəllimə baxır. X.Qoca bunu hiss edib dillənir:

- Səninlə mənə aid deyil...

 

Səhv görüş

 

Baş konsul Xeyrəddin Qoca işdə oturmuşdu. Günortaya yaxın attaşe ona xəbər verir ki, Hindistanın baş konsulu onun görüşünə gəlir.

X.Qoca təəccüb edir. Qaydaya görə, baş konsullar bir-biri ilə görüşmək üçün bir neçə gün əvvəl "randevu" alır, yəni görüş gününü və saatını müəyyənləşdirirlər, sonra görüşürlər.

X.Qoca Hindistanın baş konsulunun gəlişinin təsadüf olduğunu düşünərək kabinetindən bayıra çıxır və qonağı qarşılayır. Əyləşəndən sonra qonağa "xoş gəlmisiniz" -  deyir və bildirir ki, Hindistanla Azərbaycanın dostluq və qardaşlıq əlaqələri var. Hələ uşaqlıqdan hind filmlərinə çox baxmışdır, hind musiqisinə vurğundur və s. və i.a.

Xeyrəddin müəllim danışdıqca hiss edir ki, qarabuğdayı qonağın sifəti getdikcə qaralır. Buna baxmayaraq Hindistan haqqında yenə xoş sözlər söyləyir. Birdən qonaq dillənir:

- Bilirsiniz, mən Pakistanın baş konsuluyam...

Onda Pakistanla Hindistan arasında münaqişə davam edirdi.

Xeyrəddin müəllim başlayır ki, bəs Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir, o özü də vaxtilə bu ölkədə səfərdə olmuşdur və s. və i.a.

Pakistanın baş konsulu yenə dillənir:

- Bağışlayın, sayın baş konsul, mən sizinlə yox, Səudiyyə Ərəbistanının baş konsulu ilə görüşməliyəm...

Səudiyyə Ərəbistanının Baş Konsulluğu isə Azərbaycan Respublikasının Baş Konsulluğunun 50 metrliyində yerləşirdi. Pakistanın baş konsulu səhvən Azərbaycan Baş Konsulluğuna gəlibmiş...

 

Allah sizə rəhmət eləsin

 

Günlərin birində İstanbul Universiteti Qəndillə Rəsədxanasının professoru Əhməd Mete İşıqara televiziya kanallarından birinə müsahibə verərək bildirir ki, İstanbulun 13 kilometrliyində mütləq zəlzələ olacaq və 8 saniyə müddətində şəhərin 70 faiz binaları dağılacaq. Professor əvvəlki çıxışlarında xalqa ürək-dirək verərdi, zəlzələnin vaxtını müəyyənləşdirməyin mümkün olmadığını bildirərdi, insanları hər deyilənə inanmamağa çağırardı. Onun son müsahibəsinin inandırıcı olduğunu hiss edən Xeyrəddin Qoca konsulluğa gələn kimi, əməkdaşları yığıb, bu barədə məlumat verir və deyir:

- Deyirlər, diriyə də rəhmət düşür. Allah sizə rəhmət eləsin. Mən gedirəm Bakıya...

Baş konsul həmin gün təyyarə ilə Bakıya uçur...

 

Hamımız öləcəyik...

 

Xeyrəddin Qocanın tanışları, dostları iyirminci əsrdə tez-tez deyirdilər: "Kaş iyirmi birinci əsrə çıxaydıq, görəydik, necə əsrdir..."

İyirmi birinci əsr başlayanda Xeyrəddin Qoca onların günləri, ayları daha maraqla izlədiyini hiss edərək "Nə görmüsünüz ey, iyirmi birinci əsrdə? Bilmirsiniz ki, bu əsrdə hamımız öləcəyik?!" deyərək gülümsəyir.

 

Yolda

 

Bir gün Türkiyənin "Saman Yolu" televiziyasından Xeyrəddin Qocaya zəng vurub xahiş edirlər ki, böyük bir proqram onun missiyasına, yaradıcılığına həsr olunacaq, saat filanda televiziyaya gəlsin. Baş konsul xidməti maşınında yola düşür. Sürücü televiziyanın hansı ünvanda yerləşdiyini bilmədiyindən yolda maşını saxlayıb, meyvə satandan ünvanı öyrənmək istəyir. Xeyrəddin Qoca da sürücüdən xəbərsiz maşından düşüb yaxınlıqdakı mağazaya baxmaq üçün gedir. Bu zaman yol keçən sürücülərdən biri baş konsulun sürücüsünə deyir ki, "sür mənim maşınımın arxasınca, mən də "Saman Yolu"na tərəf gedirəm". Xeyrəddin Qocanın sürücüsü tələsik maşına oturub sürətlə həmin maşının arxasınca sürür.

"Saman Yolu" televiziyasının qarşısında artıq operatorlar kameraları ilə birlikdə baş konsulu gözləyirdilər. Sürücü tələsik yerə düşüb maşının qapısını açır ki, baş konsul düşsün. Bir də baxırlar ki, Xeyrəddin Qoca maşında yoxdur. Sürücüyə deyirlər ki, bəlkə onu heç evdən götürməmisən? O da cavab verir ki, yox, mən bilirəm o harada ola bilər... Televiziya işçilərinə heç nə demədən geri qayıdıb, baş konsulu götürür və yenidən telestudiyaya gəlir. O gün Xeyrəddin Qoca çox maraqlı bir verilişin "baş qəhramanı" olur... Hər dəfə "yol hadisəsini" xatırlayanda isə sürücü ilə birlikdə ürəkdən gülürlər.

 

Filmin təsiri

 

Xeyrəddin Qoca gəncliyində hind filmlərini sevirdi, şəhərə yeni film gələn kimi gedib baxırdı. Bir dəfə faciəli bir hind filminə tamaşa edib salondan çıxanda görür ki, maşınının arxadan alt tərəfi əzilib. Qanı bir az da qaralır. Əyilib əzilən yeri düzəldir ki, heç olmasa, şəhər küçələrində gözə çarpmasın. Üst-başı tamam batır. Başını qaldıranda maşının nömrəsi gözünə sataşır, heç demə, maşın onunku deyilmiş. O, maşınını bir az qarşıda saxlayıbmış. Hər iki maşın eyni rəngdə olduğundan düzəltdiyi maşını özününkü bilmişdir...

 

İşdə olmuşam ki?..

 

Bir dəfə Xeyrəddin Qocaya deyirlər ki, işdə yol verdiyin ciddi nöqsana görə səni işdən çıxarırlar.

Xeyrəddin Qoca cavab verir:

- Bu mümkün deyil.

- Niyə?

- Mən heç işdə olmuşam ki, ciddi nöqsana da yol verim?

 

Böyük yaxşılıq

 

Yazıçı-satirik Xeyrəddin Qoca hörmətli bir nazirlə görüşür. Söhbət əsnasında o göstərdiyi yaxşılıq üçün nazirə minnətdarlığını bildirir. Nazir dillənir:

- Sağ ol, sən də mənə çox yaxşılıq eləmisən!

Xeyrəddin Qoca təəccüblə soruşur:

- Nə yaxşılıq eləmişəm sizə, hörmətli nazir?

- Məndən yazmamısan, deməli, yaxşılıq eləmisən də. Bundan böyük yaxşılıq?!

 

Bakıdan yola salıram

 

Xeyrəddin Qoca baş konsul vəzifəsində ayrı-ayrı vaxtlarda üç Xarici İşlər naziri ilə işləmişdir. Bir gün baş konsul şəxsi işləri ilə əlaqədar təcili Bakıya gəlməli olur. Təyyarə limanında yeni nazirlə rastlaşır. Nazirdən soruşur:

- Hara belə?

- İstanbula gedirəm, tədbir var.

Xeyrəddin müəllim təəssüflə:

- Bağışlayın ki, sizi İstanbulda qarşılaya bilmirəm, əvəzində Bakıdan yola salıram...

 

Məsləhət deyil

 

Yeni il qabağı baş konsul Xarici İşlər nazirinə rəsmi müraciət edir ki, ailəsi ilə birlikdə bayram keçirmək üçün Bakıya gəlmək istəyir. Nazir də məktubu göndərir Şərq ölkələri ilə məşğul olan şöbənin müdirinə ki, cavab versin. Cavab çox gecikir, Baş konsul Bakıya gəlir, Yeni ili keçirir, geri qayıdır. Görür ki, müraciətə cavab gəlib. Şöbə müdiri yazmışdır: "Məsləhət deyil".

Xeyrəddin müəllim çox həssas adam olduğundan əsəbiləşir, sonra da gülümsəyərək dillənir:

- Guya mən bunun məsləhəti ilə oturub-dururam...

Bir dəfə həmin şöbə müdirinin Xeyrəddin Qocaya ciddi işi düşür, işçiləri vasitəsilə ondan pul istəyir. Hamıya əl tutmağa, kömək göstərməyə çalışan baş konsul iş yoldaşlarına deyir:

- Ona deyin ki, məsləhət deyil...

 

İşiniz-gücünüz yoxdur

 

Gənc yaşlarında Xeyrəddin Qoca dövlət qəzetlərindən birinin redaksiyasına böyük bir oçerk təqdim edir. Şöbə müdiri oçerki oxuyur, bir cümlədə sözün yerinə düşmədiyini bildirir və özünü göstərmək üçün deyir:

- Jurnalist məsuliyyətli olmalıdır, bu peşənin sahibi hər sözün yerini bilməlidir. Görürsən, mən hər cümləni beş dəfə yazıb, beş dəfə redaktə edirəm. Bu da əlyazmalarım, baxa bilərsən...

Xeyrəddin Qoca onun sözünü kəsir:

- Müəllim, yaxşı jurnalist yazını bir dəfə düşünə-düşünə yazar, sonra da redaktə edər. Sizin işiniz-gücünüz qurtarıb-nədir?!

 

Yavaş-yavaş yazıram

 

Xeyrəddin Qoca İstanbuldan partiya yoldaşlarına məktub yazır: "Əziz həmkarlarım, sizə məktubu yavaş-yavaş yazıram. Bilirəm ki, siz sürətlə oxuya bilmirsiniz".

 

"Bilirəm, səsim xoşunuza gəlməyəcək"

 

Bir gün Xeyrəddin Qoca xoşu gəlməyən dövlət məmuruna aşağıdakı məzmunda dəvətnamə göndərir:

"Sizi Respublika Sarayında keçirəcəyim "Bilirəm, səsim xoşunuza gəlməyəcək" adlı satira gecəsinə dəvət edirəm".

Əlbəttə, həmin məmur satira gecəsinə gəlmir...

 

Başabəla tanış

 

Xeyrəddin Qoca bir tanışını onun öz xahişi ilə partiyaya üzv yazdırır. Aradan xeyli keçir. İclasların birində necə olursa, həmin tanışı Xeyrəddin Qocanın əleyhinə danışır. Xeyrəddin müəllim bərk hirslənir:

- Mənə bax, səni bu partiyaya kim soxuşdurub, hə?

Həmin tanış da bərkdən gülərək cavab verir:

- Sən!

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!