Knut Hamsunun torpaq sevgisi - Xuraman Hüseynzadə

Xuraman HÜSEYNZADƏ

Ana torpaq... Üstündə ilk addımlarımızı atdığımız, uğrunda canımızı fəda etməyə hazır olduğumuz müqəddəs torpaq. Qış yuxusundan oyanışını da toy-bayramla, səməni, şəkərbura, paxlava ilə qarşılayırıq. Bir parçası düşmən tapdağındadı deyə rahat yaşaya bilmirik, yuxumuz ərşə çəkilir. Doğmalarımızın orda qalan məzarları qədər qəribdir Qarabağdan uzaqda dəfn olunan yaxınlarımızın, əzizlərimizin məzarları... Yurd həsrəti ilə yaşayanların doğulduğu torpağı bircə dəfə görə bilmək istəyinin azmı şahidi olduq?

Torpağın müqəddəsliyini bir daha bilmək, dərk etmək üçün bir də Knut Hamsunun "Torpağın bərəkəti" romanını oxumaq gərəkdir. Yazıçıya "Nobel" mükafatı qazandıran bu əsər torpaq haqqında deyilmiş ən gözəl sözlərin məcmusudur desək, yanılmarıq yəqin ki...

Romanın əsas qəhrəmanları İsaakla İngerin torpağa olan sevgisi, diqqəti oxucunu zəhmətin nəyə qadir olduğuna inandırmaqla yanaşı zəhmətsevərliyə də öyrədir. İsaak saatı günəşlə bilən, quru kökə və keçi pendiri ilə nahar edib, bulaq suyu içən bir qəribdir. Gəlib çıxdığı kimsəsiz torpaqlar heç kimin deyildi - kim ki, onun qədrini bilirdi, ona məxsus idi. İsaakın idi - zəhmətkeş İsaakın. O, burada - bu kimsəsiz torpaqlarda yaşamağa başlayır. Özünə gün-güzəran qurur... Meşədəki tozağacı ağaclarını doğrayıb havada, günün altında qurudur, həm ağac kimi, həm də təknə düzəldərək bir az aralıdakı qonşu kəndə aparıb satır, azuqə və yaşamaq üçün zəruri əşyalar, avadanlıqlar alır. İsaak torpağı çox sevir, onun qədrini, qiymətini bilir...

"Ehtiyac adama ağıllı olmağı öyrədir"
Yazıçı bunu düşünərək İsaakın da ehtiyac üzündən necə ağıllı adam olduğunu göstərir. O, çiynindəki ağır yüklə yanaşı iki təkə, bir keçi də alıb gətirir və beləcə heyvandarlıqla məşğul olmağa başlayır. Qazma tikir. Qazmanın bir tərəfində özü, o biri tərəfində heyvanları yaşamağa başlayır. Gündüz keçiləri açıb çölə, bayıra buraxır ki, otdan, yarpaqdan yesinlər. Sonra başqa bir şey fikirləşir İsaak. Taxtadan düzəltdiyi qabı çayın kənarına elə yerləşdirir ki, içinə damcılayan su on saata qabı doldurur. Sonra su ilə dolu qab ağırlığa tab gətirməyərək aşağı sallanır və samanlığa birləşdirilmiş kəndirə ilişirdi. Beləcə üç bağlama ot aşağı sallanır və heyvanlar yeyirdilər. Yavaş-yavaş özünə zəhmətlə gün-güzəran qurmağa başlayır İsaak. Boş torpaqda həyat işığının gəldiyini görənlərdən özünə köməkçi, mal-qaraya  xidmət edəcək bir qadın soraqlayır. Kimsəsiz torpaqlarda tək-tənha yaşayan İsaaka kömək etmək əlbəttə, çətin idi. Əvvəla ona görə ki, ən yaxın yaşayış məntəqəsindən İsaakın yaşadığı yer bir günlük yol idi. İkinci də tək-tənha, vəhşi kimi bir həyat yaşayan kişiyə qulluq eləmək hər qadının işi deyildi. Nəhayət, onun bu arzusu da gerçəkləşir... İnger onun həyatına qədəm qoyur. Yaraşıqdan uzaq, pinti kişi olan İsaak dovşandodaq olduğuna görə adamlardan utanan, kompleksli İngerlə yeni bir həyata başlayır...

İnger İsaak kimi zəhmətkeş və qoçaq idi. Məhəbbət onları zəhmətə bir az da bağlayır. Məsələn, İsaak meşədə iri ağacları kökündən çıxarıb gətirəndə İnger də kartofların dibini yumşaldır... Günlərin bir günü İnger qohumlarıgilə gedir. Gələndə özü ilə bir inək gətirir. Əvvəlcə İsaak İngerin inəyi qohumlarıgildən gətirdiyinə inanmır. Amma sonra bu şübhələrin yersiz olduğunu başa düşür. İndi onların "Qızıl inək"ləri də vardı... Boğaz olan inəyi İngerin qohumları vermək istəməsələr də o, inəyi alıb gətirə bilir. Zəhmətkeş və qoçaq İsaak yaxınlıqdakı kənddə odun daşıyıb satır, un, siyənək balığı və lazım olan digər ərzaqları alıb gətirirdi. Bir gün o, kirşədə öküz, sonra isə at alıb gətirir. Sirləri və planları barədə İngerə heç bir məlumat verməyən İsaak sirr dağarcığı olaraq qalır. Gün-gündən kökələn, ağırlaşan İnger nəhayət, yükünü yerə qoyur. Onun oğlu olur. Uşağa Yelisey adını verirlər. İngerin qorxduğu şey başına gəlmir: uşaq dovşandodaq olmur! İngerin istəyilə alınan qutu indi beşik olmuşdu.

İsaak sıx meşənin ağaclarını doğrayıb yığırdı ki, sonra oduna ehtiyacı olanlara satsın və əkin-biçin üçün yararlı sahənin ərazisi çoxalsın. Artıq onları zəngin hesab etmək olardı... Vaxtilə bataqlıq olan ərazi iki zəhmətkeş insanın əməyi, zəhmətsevərliyi sayəsində yavaş-yavaş xutora çevrilir. Bir gün İsaak yenə evdən gedir və bu dəfə at və araba ilə qayıdır...

"İllər tezmi keçir? Hə, kim ki qocalıb, onun üçün tez keçir" - deyir müəllif. Beləcə, günlər, aylar bu minvalla ötüb keçirdi. Bu iki insanı həyata bağlayan zəhmət onların  başını elə qatır ki, əsərboyu yalnız onların əməksevərliyini və onun nəticələrini görmək olur. Vaxt gəlir, kimsəsiz torpaqlara da sahib çıxan tapılır. Sellanro adı verilən həmin ərazinin sənədləşmə işi qaydasına salınır...

İngerin xəyanəti
İki övladı dovşandodaq olmadığı üçün xoşbəxt və rəvan yaşayışına davam edən İngerin üçüncü uşaqdan sonra həyatı başqa məcraya yönəlir. İnger uşağı dovşandodaq doğulduğuna görə öldürür. İngerin daim kompleksi olduğu, onu adamlardan gizlənməyə vadar edən dovşan dodaqları anadan balaya da keçmişdi - onun üçüncü uşağı da dovşandodaq doğulmuşdu. İnger körpəni dovşandodaq olduğu üçün öldürür. İsaak hadisəni bilsə də, min bir əziyyətlə nail olduğu rahat həyatı alt-üst etmir. Əlbəttə, mənfi obrazlar olmadan nə həyatı, nə də bədii əsəri təsəvvür etmək olar. Dovşandodaq olduğu üçün İngerə dovşan hədiyyə edən və sonra onun tərəfindən möhkəm əzişdirilən Olina da bu tiplərdəndir. Hadisədən şübhələnən Olina bu xəbəri kəndə çatdırır və İngerin həbs olunmasına nail olur. Cinayət cəzasız qalmır. Altı il həbsdə yatan İnger orada yazıb-oxumağı, tikiş tikməyi, insanlarla davranmağı, mədəni rəftarı öyrənir. Aşırımın o biri üzündə, qonşu xutorda yaşayan qadınlar İngerdən paltar tikməyi öyrənir, tez-tez onun yanına məsləhətlər almağa gəlirlər. Həbsdən çıxdıqdan sonra zəhmətkeş, sadə qadın obrazını soyunan İnger çox dəyişir... Hətta o dərəcədə ki, mədən işçiləri ilə rəqs edib əyləndikdən sonra ərinə xəyanət edir. İtmiş boğaz qoyunu axtaran İsaak gəlib İngerlə gənc teleqrafçını süpürgə kollarının üstündə oturan zaman tapır. Və beləcə, İnger ərinin ağır zəhmətlə övlad böyütməyinə, ailə saxlamağına xəyanətlə cavab verir. Həbsxanada xarici görkəmindəki qüsurları aradan qaldıran İnger ağır zəhmətin üzünün hər cizgisinə həkk olunduğu əri İsaakı bəyənmir. Yazıçı İsaakı zəhmətin simvolu kimi xarakterizə edir. İsaak zəhmətdən qopa bilmir. İnger günahlarının bağışlanması üçün dinə pənah gətirir, tövbə edir. İsaakın zəhmətkeşliyini görüb xilas yolunu təsərrüfat işlərində ona kömək etməkdə görür. Xutorun başqa bir sakini Aksel də İsaakın taleyini yaşamalı olur. Varvara da uşağını öldürür, sonra isə İsaakın oğlu Yeliseylə sevgi macərası yaşayır.

İsaakla İngerin iki oğlu, iki qızı olur. Böyük oğlanları Yelisey torpaqdan ayrılıb elm arxasınca gedir. Yazıçı onun uğur qazanmamasını məhz torpaqdan ayrılmasına bağlayır.

Əsərdə Heysler adlı başqa bir qəhrəman da var ki, eynilə "Səfillər"dəki Miriel, Jan Valjan kimi əməlisaleh, xeyirxah əməlləri ilə seçilir. Heysler, zəhmətkeş olduqları üçün İsaaka və Akselə rəğbət bəsləyir, onlara həmişə köməklik göstərir...  

Torpağı sevərək xoşbəxt olmaq...
"Torpaq - əgər uğrunda ölən varsa, vətəndir", - deyirik. Əlbəttə, elədir. O, müqəddəs olduğunu biz onun qayğısını çəkdikcə göstərir - barını-bəhrəsini bizdən əsirgəmir, yaşayışımızın təminatçısına çevrilir...

Əsəri oxuduqca torpağın gücünü, qüdrətini bir daha görürsən. Bilirsən ki, torpaq tək qoynunda doğulub, gömülmək üçün deyil. O intervalda yaşamağı da torpağa əmanət etməli, onu sevməli, ondan bəhrələnməlidir insan.

Yazıçı Nobel mükafatına layiq görülən bu əsəri vasitəsilə oxucuya torpağı nəyə görə sevmək lazım olduğunu öyrədir, zəhmətlə xoşbəxt olmağın necə mümkün olmasını diktə edir.

Və sonda: İnsan beyni torpağa bənzəyir. Torpaqda toxum əkdiyimiz kimi oxuduğumuz kitabları da beynimizə əkirik. Tanrı hər ikisinə bərəkət versin...