Düd... Düüd... Düüüd... - Əyyub QİYAS

Hekayə

O gün iş yoldaşları Ağabalanın saqqızını oğurlayıb kinoteatra aparmışdılar. Fantastik bir film idi. Hansısa planetdən gələn uçan boşqab yerdə qəzaya uğramışdı, içindəki yadplanetlilər də boşqablarını təmir edə bilmədiklərindən yerdəki adamların cildinə girib insanlara qarışmışdılar. Sonra da bir göy kişisi ilə yer qızının məhəbbəti başlamışdı, bir müddətdən sonra boşqabın arxasınca göndərilən başqa bir uçan boşqab yerdəki yadplanetliləri aparmağa gələndə yer qızı ilə göy kişisi ayrılmalı olmuşdu. Qız da hamilə. Köpəy uşağı amerikanlar bu ayrılıq səhnəsini elə çəkmişdilər ki, axırıncı dəfə iyirmi beş il əvvəl atası rəhmətə gedəndə ağlayan Ağabala iyirmi beş ildən sonra yenə də göz yaşlarını saxlaya bilməmişdi, o ki, var ağlamışdı.

O gündən bu yana hər axşam Ağabala taksisini həyətdə saxlayıb maşından düşən kimi, gözlərini səmaya zilləyib bir müddət Aya, ulduzlara baxırdı. Elə bil o göy kişisini yerdən aparan həmin uçan boşqabı axtarırdı. Elə bil niyə ki? Axtarırdı da. Əgər o göy kişisi Ağabalanın əlinə keçsəydi, onda təsbehini o heyvərənin başına vura-vura deyərdi ki:

- Düz iş görmədin, qaqaş. Kişi belə iş görməz. Gül kimi qızı hamilə-hamilə qoydun Floridyanın (Ağabala Florida deyə bilmirdi) düzündə, çıxdın getdin. Guya göydə ondan yaxşısını tapacasqan.

Əslində, Ağabala filmdəki qızı qısqanırdı. Zalımın balası o qədər gözəl idi ki, adamın (daha doğrusu, Ağabalanın) ağlını  alırdı başından. Ağabala min il qala o qızı "floridyanın" düzündə qoyub heç yerə getməzdi. Özü də  hamilə-hamilə.

Ağabalanın yadına Saratov düşdü. 28 il əvvəl əsgərliyini oralarda keçirmişdi. Katya adlı bir qıza aşiq olmuşdu. Arabir diskotekaya gedib Katya ilə rəqs-filan da eləmişdi. Katya gözəl idi, ancaq filmdəki "floridyalı" qıza çatmazdı.

Ağabala əsgərliyini başa vurub evə qayıdanda Katya da ağlamışdı. Ağabala ona söz vermişdi ki, evə gedib bir-iki gün qalandan sonra mütləq qayıdacaq. Ancaq Ağabala yalan dediyini dəqiq bilirdi. Bəs Katya onun yalan dediyini haradan bilirdi? Ağabala hələ də bu suala cavab tapmamışdı.

- Bilirəm ki, gəlməyəcəksən. Qatara minən kimi yaddan çıxardacaqsan məni.

- Tı samaya krasivaya. - Bu sözləri Katyaya Ağabala demişdi. Katya da ona:

- Nenaviju tebya! - demişdi. Ağabala gülmüşdü. - Ya beremennaya! - demişdi. Ağabala yenə gülmüş və:

- Ya toje tebe beremennaya, - demiş və hırıldamağa davam etmişdi.

Bakıya qayıdandan, taksimotor parkına sürücü kimi işə düzəlib atası ilə bir maşında işləyəndən bir müddət sonra, yolda təsadüfən keçmiş sinif yoldaşı Elməddini götürüb evlərinə aparanda onun rus dili müəllimi işlədiyini eşitmişdi və beynində dolaşan sualı Elməddinə vermişdi:

- Ay brat, sən bilərsən, bu nenaviju tebya, nə deməydi?

- Zəhləm gedir səndən. Nifrət eliyirəm kimi də başa düşülür. Görmək istəmirəm səni. Baxır da, kim necə deyir.

Ağabala gülmüşdü.

- Ay brat, qız ki, elə deyir, demək sevir də, düz demirəm?

- Yəqin də... Necə bəyəm?

Sonra Ağabala Katya ilə bağlı xatirələrinin üstünə beşini də qoyub danışmışdı Elməddinə. Mənzil başına çatanda, Elməddini təzə evinin qapısında düşürəndə nəsə xatırlayan Ağabala sinif yoldaşına bir sual da vermişdi:

- Ay brat, bəs ya beremennaya nə deməydi?

Elməddin gülümsəyərək Ağabalaya baxmış, sonra da əlini dostunun çiyninə qoyub cavab vermişdi:

- Hamiləymiş sənin o Katyan. Özü də səni çox sevirmiş.

O gün dostlarıyla kinoteatrda filmə baxanda Ağabala o "floridyalı" qızdan daha çox 28 il əvvəl Katyanı hamilə-hamilə Saratovun düzündə saxladığına görə ağlayırdı bəlkə də. Filmdəki qızın adı Keyt idi. Bəlkə də bu Keyt adı Katyanı salmışdı Ağabalanın yadına.

Ağabala taksisini həyətdə saxlayandan sonra maşından düşüb bir müddət ulduzlu səmaya baxdı. Filmdəki kadrlar gözlərinin qarşısında canlandı. Elə bil gözünə bir-iki axan ulduz da sataşdı. Sonra əlindəki təsbehi bir neçə dəfə barmaqlarının arasında şaqqıldadıb iti addımlarla evə girdi.

Ağabala tək yaşayırdı. Əsgərlikdən qayıdandan iki il sonra içkili-içkili atasının "Jiquli"si ilə "divara girmişdi". Ölüb ölümdən qayıtmışdı Ağabala. O vaxtdan da sol ayağı şikəst qalmışdı. Axsayırdı Ağabala. Ölüb ölümdən qayıdandan sonra atasına sən öl vurub demişdi ki, bir də içkili-içkili maşın sürməyəcək. Kişi kimi də sözünü tutmuşdu. 25 il olardı ki, Ağabala sükan arxasına bir dəfə də olsun içkili oturmurdu.

Gözləri televizorun ekranında, damağında siqaret, qara təsbeh barmaqlarının arasında, xəyalında Katya ilə keçirdiyi günlər, - Ağabala Katya ilə bağlı xatirələrin üstünə o qədər birini qoyub beşini danışmışdı ki, daha gerçək xatirələri yox, uydurduğu xatirələri xatırlayırdı - fikrə getmişdi. Bir aydan sonra şəhərdə turist əlindən tərpənmək olmayacaqdı. Zarafat deyildi, birinci Avropa oyunları Bakıda keçirilirdi. Keçən "yevrovijndan" bu yana Ağabala nəinki  rus dilində, hələ ingilis dilində də qırıldada bilirdi. Taksidə işləyənlərə turistlərə mədəni xidmət göstərmələri üçün azından bir-iki xarici dil öyrənməkləri vacib idi. Sabah tezdən də aeroporta, turist qarşılamağa getməliydi.

Adətiydi, televizora baxa-baxa elə divandaca mürgü tuturdu onu. Ona görə də işini möhkəm tutmaq üçün zəngli saatı səhər saat beşə qurub, arxayınlıqla köks ötürdü. Gözlərini televizorun ekranından ayırıb divardakı saata baxmaq istəyirdi ki, pəncərədən otağa dolan gur işıq Ağabalanın gözlərini qamaşdırdı. Əlindəki təsbehi bir kənara atan Ağabala damağındakı siqaretlə bir yerdə otruduğu divandan nə təhər sıçrayıb pəncərəyə cumdusa, bir anlıq axsaq ayağının cəldliyinə heyrətləndi.

- Bu nədi ə? Ayağım düzəlib deyəsən...

Ancaq Ağabala ayaq hayında deyildi, otaq qəribə işığa qərq olmuşdu, divarlarda rəngbərəng işıqlar oynayırdı, bu balaca otaq lap diskotekaya oxşayırdı.

Ağabala bunu da divandan pəncərəyə qədər olan məsafədə fikirləşdi. Onda hələ axsamırdı, hələ sürdüyü taksi ilə qəzaya düşməmişdi, hələ sağlam adamların cərgəsində yazılırdı adı və əsgərlikdə idi. Özü də Saratovda... Arabir cavan leytenanta bir şüşə araq verib "samavolka"ya gedirdi - diskotekaya. İki ilə ancaq bir cümlə əzbərləmişdi - tı samaya krasivaya. Kimə gəldi deyirdi o cümləni. Bax, onda da diskotekadakı işıqlar otağının divarlarına düşən rəngbərəng işıqlar kimi oynayırdı, lap adamın gözlərini qamaşdrırdı qaranlıqda. O rəngbərəng işıqların altında səslənən gur musiqinin ritmi ilə  Katyanı qabağına qatıb atılıb-düşürdü.

Ağabala əlini atıb pəncərəni açdı. Açdı nədi ey, pəncərini açmağına peşiman oldu. İşıqla bir yerdə üstünə şığıyan qəfil külək onu götürüb divanın üstünə atdı. Ağabala təsbehi göydəcə qapıb bir az əvvəl oturduğu kimi yenə divana çökdü. Az qalırdı gözləri kəlləsinə çıxsın. Əslinə qalanda Ağabalanın gözləri onsuz da elə kəlləsindəydi. Adamın başı o qədər balaca, alnı o qədər dayaz idi ki, baxan elə bilərdi  gözləri alnında bitib.

Ağabalının açıq pəncərəsindən yemiş başlı, gözləri yumurta boyda olan, yaşıl rəngli balacaboy bir məxluq içəri girdi. Girdi deyəndə ki, küləklə, işıqla bir yerdə soxuldu otağa. Ağabala gözlərini döyə-döyə bu qəribə məxluqa baxdı.

- Bu boyda da qurbağa olar? - Ağabala bunu ürəyində fikirləşdi. Qəribə məxluq Ağabalanın üzünə diqqətlə baxıb ona doğru bir-iki addım atdı. - Sən kimsən, əə?

Yaşıl məxluq cavab vermədən divana - onunla yanaşı oturdu.

Bir qədər sağa-sola baxandan sonra ördək pəncəsinə oxşayan əlini Ağabalanın boğazına dirəyib: 

- Düd... düüd... düüüd... - dedi. Dütdüldəyib qurtarandan sonra da yumurta gözlərini yumdu, bir anlıq titrəyib gözlərini açdı. Yaşıl məxluq dütdüldəyəndə nə üçünsə Ağabalanın qarnının içindən bir gizilti qopdu, ancaq tez də keçib getdi.

Qədeş, deyəsən ordan gəlmisən axı? - Ağabala "ordan" deyəndə işarət barmağını qaldırıb tavanı göstərdi. Sonra yaşıl məxluqun orasına-burasına baxmağa başladı. Barmaqlarının ucuyla onun bədəninə toxundu. Eləcə dəriydi, paltar-zad hiss olunmurdu. Bir də toxunmaq istəyəndə o yenə ördək pəncəsini onun boğzına dirəyb:

- Düd... düüd... düüüd... - dedi. O dütdüldəyəndə yenə Ağabalanın qarnının içi zoqquldadı.

Ağabala ayağa durub yaşıl məxluqla üz-üzə dayandı. Məxluq onun göbəyindən ancaq olardı.

- Qədeş, demədin axı kimsən, nəçisən, hardan gəlib hara gedirsən?

Nəhayət, yaşıl məxluq dilləndi. Özü də adam balası kimi, adam dilində, lap elə Bakı ləhcəsiylə danışdı:

- Qədeş, sən göstərdiyin yerdən, "Sutra-Kama" planetindən gəlmişəm.

- Alə, belə baxanda ayırd eliyə bilmədim, kişisən, ya arvad?

Yaşıl məxluq cavab verməzdən əvvəl yenə əlini uzadıb Ağabalanın boğazına toxunmaq üstəyirdi ki, qaqaş onun əlini itələdi:

- Belə eləmə də, ləzzət eləmir axı.

- Sənə ləzzət eləmir, mənə eləyir. - Yaşıl məxluq sözünü bitirən kimi əlini Ağabalanın boğzaına qoyub bir də dütdüldədi. Özü də dayandığı yerdən yuxarı baxanda əli Ağabalanın boğazına qədər uzandı.

- Kişiyəm.

Ağabalanın qəribə qonağı handan-hana cavab verəndə Ağabala bir də diqqətlə onun orasına-burasına göz gəzdirib qəhqəhə ilə güldü.

- Alə, sən necə kişisən ki, heç nəyin bilinmir? Bu nə gündü, alə? Bəs siz o məsələ eliyəndə necə eliyirsiz?

Yaşıl məxluq ani titrəyişdən sonra əlini Ağabalanın boğazından çəkib əlindən tutdu, sonra onu nəzakətlə divanda oturtdu. Sonra da sakit-sakit:

- Biz o məsələ eliyəndə əlimizi qoyuruq partnyorumuzun boğazına, - əlini Ağabalanın boğazına qoydu, - sonra da eliyirik düd... düüd... düüüd.

Ağabalaya elə gəldi ki, taksisiylə bir yerdə tindən qəfil çıxan "Kamaz"ın altında qaldı. Elə ayağa durub yaşıl məxluqun qolundan yapışıb onu açıq pəncərədən bayıra atmaq istəyirdi ki, əli boşa getdi. Bir anlıq gözləri qaraldı, ürəyi bulandı. Yaşıl məxluq nə gəzirdi?

Ağabala ağırlaşdığını hiss etdi. Qarnı uyuşdu. Qəfildən üzbəüzdəki servantın şüşəsindən özünü görəndə yerində donub qaldı. Qarnı doqquz aylıq hamilə qadının qarnı kimi şişmişdi. Əlləri ilə qarnını qucaqlayan Ağabala yerindən qalxa bilməsə də açıq pəncərədən yaşıl məxluqun arxasınca deyirdi:

- Adam kişi olar ey, ə! Kişi də adamı hamilə-hamilə Bakının düzündə qoyub gedər? Hansı kişiliyə yazılır bu hərəkət?

Sonra da əlini atıb masanın üstündəki zəngli saatı götürüb açıq pəncərədən bayıra tolazladı. Saat deyəsən həyətdəki maşınlardan hansınasa dəydi, siqnal səsi aləmi başına aldı.

Siqnal səsinə yerindən dik atılan Ağabala əvvəlcə əlini uzadıb zəngli saatı susdurdu. Sonra qorxa-qorxa qarnına baxdı. Dəhşətə gəldi. Qarnı eynən yuxuda görüdüy kimiydi - hamilə qarnına oxşayırdı. Tez üstünə atdığı mələfəni kənara çəkdi. Necə yatmışdısa yastığı qarnına dirəmişdi. Dərindən nəfəs aldı. Ayağa qalxıb açıq pəncərədən bayıra baxdı. Bakının başının üstünü alan günəşin ilk şəfəqləri gözlərini qamaşdırdı. Ağabala tez pəncərəni bağladı. Sonra ağır-ağır qayıdıb divanda oturdu. Yuxuda yanında oturan yaşıl məxluqun oturduğu yerə baxıb başını buladı.

- Nə oğraş yuxudu ə - öz-özünə dedi. 

Bir stəkan çay içib hələ də gördüyü yuxunun təsirindən çıxa bilməyən Ağabala taksisini işə salıb üzü aeroporta tərəf yol aldı. Yol boyu yuxunu, baxdığı filmi, Katyanı düşündüyündən aeroporta nə vaxt gəlib çıxdığını bilmədi. Maşını təzəcə saxlamışdı ki, əlində balaca bir yol çantası, boyu bir metr yarımdan bir az artıq olan, irigözlü, yaşıl kostyumlu bir turist qapını açıb içəri boylandı.

- "Sutra-Kama" otel.

Gözləri kəlləsinə çıxan Ağabala əlini uzadıb qapını  çırpdı, maşını işə salıb cüyültü ilə yerindən tərpəndi, sonra da salonun açıq pəncərəsindən başını bayıra çıxarıb:

- Alə, no ye, no! Net! Yox... Sakın! - çığıra-çığıra aeroportdan uzaqlaşdı.

Maşının yanacağını göstərən qırmızı işıq yanmasaydı, Ağabala yəqin ki,  hələ də şəhəri veyil-veyil dolaşar, nə bir müştəri götürər, nə də bir yerdə dayanıb istirahət edərdi. Qırmızı işığı görəndə yanacaqdoldurma məntəqəsinə doğru sola buruldu, bir qədər getmişdi ki, gözləri "Aviabiletlər" yazılmış lövhəyə sataşdı. Anidən nə fikirləşdisə, maşını yolun kənarına verib dayandı. Sənədlər olan daxılın içindən xarici pasportunu götürüb maşından düşdü, iti addımlarla bilet satılan ofisə doğru addımladı.

Təxminən iyirmi dəqiqə sonra əlində Saratova qədər təyyarə bileti ilə çıxan Ağabala maşının qapısını açdı, oturmazdan əvvəl, başını qaldırıb günəşli, işıqılı səmaya baxdı, gözlərini qıyaraq gülümsündü və:

- Yaxşı yuxuydu, - deyib, maşına oturdu.