"Uyku sersemi" - Hakan BIÇAKCI

Hakan Bıçakçının "Yuxu sərsəmi" kitabı gənc yazarın oxucuları ilə növbəti görüşüdür. Roman 2017-ci ilin ən yaxşı 50 romanı siyahısına daxil olmuşdur.

 

Gecikdiyimi zənn edib oyandım. Anamın evindəki qonaq otağındaydım. Əlimi narahatlıqla baş tərəfimdəki telefona uzatdım. Narahatlığa əsas yox idi. Zəngin çalmasına bir neçə dəqiqə vardı.  Çalmadan telefonu söndürdüm. Yeganə istəyim yenidən yata bilmək idi. Qısa bir vaxt ərzində yarı açıq gözlərlə günəş şüalarını içəri salmamaq üçün mübarizə aparan, lakin yavaş-yavaş işıqlanan qalın pərdəni seyr etdikdən sonra iclasımı xatırladım. Gecikə bilməzdim. Yataqdan qalxmaq, əl-üzümü yumaq, anamı oyatmadan səssizcə geyinib evdən çıxmaq, yoldan aldığım bulkanı ayaqüstü yeyərək metro stansiyasına getmək, turnigetdən keçmək, qatarı gözləmək gözümdə böyüdü. Bir anda özümü metro stansiyasında görsəydim nə olardı ki? Geyimli və içimi gəmirən aclıqdan qurtulmuş bir halda. Tənbəllik sanki üstümə qat-qat torpaq ataraq qonaq otağının rahat yatağında yatmağa məcbur edirdi. Gecə anamgildə qalmaq əvəzinə evimə getsəydim, yarım saat daha çox yata bilərdim. Gecəki tənbəlliyimin əvəzini səhərki tənbəlliyim ödəyirdi. Yenə də az yatmışdım, amma qalxmalıydım. Yataqdan dura bilsəm, ardı gələcəkdi. Yataqdan ilk addımımı atdım.

Metro dayanmaq üçün sürətini azaltdı. Tunelin zil qaranlığından stansiyanın bəmbəyaz aydınlığına çıxdıq. Dayanacaqda dayanan insanların qarşısından yavaşlayaraq keçirdik. Sanki biz dayanmışdıq, onlar keçirdi. Tunelin qaranlığına doğru uçan kabus kimi idilər. Gözləyən insanların üzü açıq çəhrayı ət parçalarına bənzəyirdi. Güclə sezilən solğun baxışlar qatarın gəlməsiylə aydınlanmağa başladı. Qatarın dayanması ilə hər kəsin üzündə konkret bir ifadə yarandı. Şamar kimi bir ifadə. Tək bircə ifadədən xəbərim olmadı: o an görə bilmədiyim üz ifadəmdən. Eskalator işləmirdi. Sanki hər an işə düşəcəkcəsinə sabit, dəmir pillələri çıxmağa başladım. Sanki başımın üstündə bir maqnit vardı. Metro stansiyasından çölə çıxan kimi ciyərlərimə dolan çirkli hava ilə özümə gəldim. Mənim üzümə də konkret bir ifadə yapışdı. Küçədə gəziləsi, fəslə uyğun, adidən də adi bir ifadə. İstiqlal küçəsini tunel tərəfdən çıxıb Qalatasaraya qədər ayaqla getməyə başladım. Məndən başqa heç kəsin tələsmədiyi o mənasız günlərdən biri idi. Yer üzü məndən və əsəbiləşdirici həyəcanımdan qurtulsaydı rahatlanacaqdı. Hava da insanı dəhşətli dərəcədə incidirdi. Nənəmin "şeytan istisi" dediyi istidən idi. Uyuşmuş insanların asta hərəkətlərinin arasından siyrilərək irəliləməyə başladım.

Nəşriyyatın yerləşdiyi küçəsinin girişində böyük, şəffaf qalxanları ilə gözləyən polis dəstəsi vardı. Küçənin küncündəki sarı-qara dəzgahdan midyə dolması alıb  içinə limon sıxan gənclər parıltılı qabıqları polislərin yanındakı plastik zibil qutularına atırdılar. Həm polislərin burada olması, həm də midyə dolması yemək üçün çox tez idi. Giriş bağlı olduğundan məcburən yoluma davam etdim. İndiyə qədər heç zaman getmədiyim qabaqdakı küçədən döndüm. Arxada gəzişmək niyyətim vardı. Lakin həddən artıq bir-birinə bənzəyən bu damdar arxa küçələri tanımadığım üçün qısa vaxt ərzində yolumu azdım.

Nəşriyyata çatacağımı düşündüyüm döngəni qurtaranda başqa bir yerə gedib çıxmışdım. Geri qayıdıb başqa bir trayektoriya cızdım. O da məni tamamilə fərqli yerə aparıb çıxardı. Bütün həyatımı keçirdiyim səmtdə azıb qalmağım mənə çox pis təsir etmişdi. Evin içində azmaq kimi qəribə bir hiss idi. Ətrafdakı insanlardan yol soruşmağı özümə sığışdırmadım. İclasın başlamasına az qalmışdı. Bir neçə dəfə də faydasız manevr etdikdən tərəvəz satana yaxınlaşıb soruşdum. 

Nəşriyyata çatanda qan-tər içində və əsəbi idim. Boynumun dalı qurumuşdu.

Həmişə başı qarışıq və narahat gördüyüm qadın məni qarşıladı. Adını bilmirdim. Üzündə hər zaman gözəlliyini kölgələyən bir qətiyyət, əsla qaşısındakına keçməyən bir xoşbəxtlik vardı. Bir də qəribə, şişirdilmiş gülümsəməsi... Sanki gülüşünü saxlasa, ağlamağa başlayacaqdı. Təbəssümü bu dəfə o qədər mübaliğəli idi ki, sanki dişlərinin arxasındakı çənə sümüyünü görürdüm. Skletinin böyük, ağlamsınlı təbəssümünü. Köhnə saçını parik kimi təpəsinə ilişdirmiş quru kəlləni. 

Salamlaşdıqdan sonra bir az gözləməyimi istədi. Yolumu azsam da, on dəqiqə tez gəlmişdim. Çiynimdəki çantanı yerə qoyub dağınıq otağın bir tərəfində oturdum. Otaqda onun həyəcanından başqa bir şey yox idi. Gözünü ekranından ayırmadığı telefonu da əlində. Öz-özünü uzaqdan idarə etdiyi bir pult kimi idi. Bir sağa, bir sola. Bir addım qabağa, bir addım dala. Ani və kəskin hərəkətlərlə və təbəssümünü saxlamadan. İş vaxtı ağlamağa başlasa yaxşı olmayacaqdı. Bir neçə adamla telefonla danışdı.  Bir az kompüterin qarşısında oturub-durdu. Bir neçə dəfə içəri gedib-gəldi. Sonra yanıma gəlib məni gözlədiklərini söylədi.

Nəşriyyatın müdirinin otağına keçdim. Nəşriyyatdan, ədəbiyyatdan başı çıxan, zaraftcıl, səmimi bir qadın idi. Özünəxas bir aurası vardı. Salamlaşdıq. Yazdığı elektron məktubu göndərib yanıma gələcəyini bildirdi. Otağın bir küncündəki dairəvi masaya keçdim. Divarlar kitabla, masanın üstü də kitab qovluqları ilə dolu idi. Arada bir reklamını edən internet radiosunun səsi azaldılmışdı. Nəqarəti eşidəndə mahnını tanıdım: Dire Straitsin Calling Elvis. Mahnının uşaq qatarına bənzəyən ritmini dinləyərək gözləyirdim.

Bir neçə dəqiqə sonra biri az saqqalı, digəri isə saç-saqqalı bir-birinə qarışmış iki redaktor da bizə qoşuldu. Bizə qəhvə gətirdilər.  Mənə narıncı fincan düşdü.  Günün ilk qəhvəsi idi. Ağzımı yandırmamaq üçün bir qurtum içdim. Qısa xoşgəldin seansından sonra əsas məsələyə keçdik. Sol gözümdəki narahatedici sıxılmadan başqa hər şey normal idi. Görəsən kənardan da hiss olunurdumu?

Nəşriyyatdan çıxanda sevincimdən az qala uçurdum. İllərlə gördüyümüz işlər, aylarca keçirdiyimiz iclaslarımız boşuna deyilmiş. Xoşbəxt sonluq. Kitabın məzmunu və əsas məntiqi məsələsində razılaşmışdıq. İndi səhifələrinə yerləşdiriləcək yerlərdən icazə almaq məsələsi qalmışdı. Ürəyimcə olmasa da, bu iş mənə qalmışdı.  Burda ikən Bəyoğlu tərəflərdən başlamaq lazım idi. Əvvəlcə bir yerdə oturub özüm üçün yol xəritəsi hazırlamalı idim.  Müntəzəm getdiyim, hazırda isə bağlandığını unutduğum kafeyə getdim. Vitrindəki mankenləri gördükdən sonra kafenin geyim dükanına çevrildiyini xatırladım. İşıq söndüyü zaman dəfələrlə düyməyə basan adamlar kimi bağlandığını bilsəm də, ayaqlarım məni ora aparırdı. Axmaqlığıma lənət yağdıraraq irəlilədim. Küçənin sonunda başqa bir kafe tapdım. İçəri qaranlıq, masalar qırıq, musiqisi də bərbad idi,  amma bir dəfə oturmuşdum. Filtrə qəhvə istədim.

Axşama qədər azalmayan bir həvəslə, havasız kafenin yellənən masalarında, mənasız musiqilər müşayiəti altında hazırladığım siyahıdakı ünvanlara gedib lazımi icazə və əlaqə nömrələrini götürdüm. Yenidən görüşmək üçün qəbul saatlarını öyrəndim.  Hər yerdə yaxşı qarşılanmışdım. Çay içməkdən birtəhər olmuşdum. Heç birində problem yaranmamışdı. Hər biri kitabda yer almağı qəbul etmişdi. Bir dəfə yemək, iki dəfə də qəhvə fasiləsi ilə bugünkü işimi həll etmişdim. Hər şey qaydasında idi. Bircə dərdim vardı: istidən bezmişdim. Yayın istisində insan sanki özünün gülünc bir kopyası olurdu. Yaxşı ki, hava qaralmağa başlamışdı. Günəş məndən əl çəkmişdi.

Saata baxdım. Yorğun olmağıma baxmayaraq, Əlifgilə qədər piyada getməyə qərar verdim. Tuneldən Taksim meydanına qədər irəliləməyə başladım. Səhərki istiqamətim idi. Lakin səhərlə müqayisəyəgəlməz dərəcədə çox adam vardı. Hər addımbaşı da artırdı. Qalatasaray liseyinin qarşısında, yolun iki tərəfində keçid tutulmuşdu. İnsan axını daralmış yolda sıxışaraq, məcburən yavaşlayaraq keçmək məcburiyyətində idi. Küçə partlamaq vəziyyətində olan bombaya bənzəyirdi. Hələ ki, heç bir irəliləyiş yox idi. Uzaqdan qulağımı çalan və əsəblərimə toxunan siqnal səsinin yanından keçdiyim mağazadakı yüksək səslə çalınan texno musiqi olduğunu anladım. Mağazanın qarşısında oturan yaşlı adam isə bağlama çalırdı. Adamın qarşısında kiçik pullar olduğunu gördüm. Bu adamın nəsə bir alət çaldığı görülürdü, lakin arxasındakı marketdən gələn siqnal səsi səbəbindən  heç nə eşidilmirdi.

Hazırladı: Nərmin Cahangirova

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!