Şeirlər - Fazil Əsəd

 

Ürəyim

 

Baharda şimşəyəm - çaxıram elə,

Coşqun dağ çayıyam - axıram elə.

Ardınca yollara baxıram elə,

Sən yoxsan, deməli, boşdu ürəyim.

 

Yolçusu olmuşuq uzun bir yolun,

Səninlə getdiyim yollar - sirr yolum!

Sən ürəyimdə ol - qoy mən də olum...

Sevgidən çırpınan quşdu ürəyim.

 

Canımda çoxalan ağrılar nədi?

Sevdiyim mələkdi, ruhum Kəbədi!..

İlahi, ürəyim - sevgi məbədi, -

Sən varsan - sevginlə coşdu ürəyim.

 

Qoy hər şey dayansın, sükuta dalsın,

Aşiqlər həyatdan kamını alsın.

...Səninlə danışmaq bir yana qalsın,

Səninlə susmaq da xoşdu, ürəyim!..

 

 

Yeriyir üstümə fikirlər...

 

Yeriyir üstümə fikirlər, Allah,

Yaxamdan yapışıb aparır məni.

Göylərə qaldırır, yerə endirir,

Aparır, gətirir, lap yorur məni.

Eləcə yorulub əldən düşürəm,

Sinəmə, üzümə qara çəkirlər...

Təkbətək çıxıram düşüncə ilə,

İşgəncə verirlər, dara çəkirlər.

Fikrimdən dönmərəm, işgəncə verin,

Lap istəyirsiniz öldürün məni...

Ağa ağ deyəcəm, qaraya qara,

...eh, lap yer üzündən sildirin məni.

Cismimdənmi ruhum ayrılıb indi?

Göylərdən gələcək ruhumun səsi.

Fikirlər növbənöv, düşüncə birdi,

...gəlir fikirlərin yaxşısı, pisi...

Ölməyə hazıram əqidəm üçün,

...indi məni dara çəkirlər, Allah!

Vuruşdum, döyüşdüm, dostlaşdım daha,

...yeriyir üstümə fikirlər, Allah!

 

 

Sözümün şəklini

çəkir ürəyim

 

Anammı yaratdı məni beləcə?

Yaradan verdimi bu səbri mənə?

Səngər əvəzinə, səngər yerinə

Yaman sırıdılar bu qəbri mənə, -

Dözümün şəklini çəkir ürəyim.

 

Ümidin kölgəsi sürünür indi,

Sürünür ardımca çatmaqdan ötrü.

Ruhumun ümidi nəyə çatacaq?

Məni yaman yorur pak sözün ətri, -

Sözümün şəklini çəkir ürəyim.

 

Qabağa gedirəm, dala gəlirəm,

Bir addım irəli, bir addım geri...

...Ürəyim atlanır, dördnala çapır,

Ürəyimdən keçir addım izləri, -

İzimin şəklini çəkir ürəyim.

 

Bəxtimizə çıxdı Zəfər günləri,

Harda sürünürdüm, indi hardayam?..

Özümlə danışıb söhbətləşirəm,

Harda sevgi varsa bil ki, ordayam, -

Özümün şəklini çəkir ürəyim.

 

 

Şəhid ruhları

 

"Şuşanın dağları başı dumanlı..."

Dumandan yuxarı,

imandan yuxarı,

zamandan yuxarı -

Şəhid ruhları!

...Şəhid ruhları dağların başı üstündə,

çeşmələrin,

bulaqların başı üstündə

dövrə vurub rəqs eləyir,

sanki Şuşamızı zirehə bələyir...

...Ər oğullar canından keçdilər,

ruhundan, qanından keçdilər,

Şəhidlik anından keçdilər...

Vətənin çaylara yığılan göz yaşı da,

dağların qarlı başı da,

Allahın qara daşı da

baş əyir şəhid ruhları qarşısında!

..."Şuşanın dağları başı dumanlı",

dumandan,

imandan,

zamandan yuxarı - Şəhid ruhları!!!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!