Bir kişinin özünə çəkilməsidir "sevilmək" - Gülsadə İbrahimli - şeirlər

BİTMİŞ İNSANLARIQ

Yarımçıq hekayələrin qəhramanıyıq

Məsum bəhanələrin.

Doğruların adamıyıq

"Yaxşı insanıq" əslində, sadəcə yaxşı anlaşılmırıq.

Tanrı tək qalmasın,

Başını qatsın deyə varıq.

Göbək bağımız dünyanın bətninə bağlı

Dünyagirik, yəqin bundandır.

Böyüməyə həvəsliyik,

Qazanmağa yerikdi əllərimiz.

Beyni dumanlı,

Ruhu yorğun.

Gəncliyi qocalmış,

Yaşamağa ərdəmsiz...

Son işlənmə tarixi bitmişlərik biz.

Danışmadıq, susduq yenə,

Bir görüşlük ömrü olub bu sevginin.

Uşaq kimi sevinmişik ayaqüstü görüşlərə,

Uzaq-uzaq həsrətlərin əvəzində umduğumuz öpüşlərə.

Deyəcəyim nə çox söz var

hələ yeni xatırladım.

Əllərini tutacaqdım,

Yanağını sıxacaqdım,

Ya da bərk-bərk qucacaqdım...

Unutmuşam...

Səndən uzaq neçə-neçə xoş anların xəyalını milyon dəfə mən qurmuşam.

Nə az olur zamanımız,

Biz dünyaya sığışmazkən necə sığır bu həsrətə bu canımız?

İlləri say,

Günləri say.

Bir kərəcik görmək üçün

Uzun-uzun,

Boş- boş yaşa iki qolda ölmək üçün.

Bir kafedə

Bir bağçada bir nəfəslik gülmək üçün...

Sen sığmazkən həyatıma

Saatlara necə sığım?

Mən ölərkən sənsizlikdən

Əllərinin həsrətiylə ovuclarım od tutarkən

Necə qoyum

Ayrılarkən daş kəsilən bədənini

Yol başında?

Biz müqəddəs sevmiş ikən

Biz müqəddəs sevişərkən hardan çıxır bu ayrılıq,

Bu məsafə

Bu get-gəllər?

Mənim ömrüm saatlıqdı,

Mənim ömrüm saniyəlik.

Bəlkə-bəlkə yer üzündə

Ən az ömrü olan mənəm.

Sən olmadan nəfəs çəkib ölən mənəm.

Deyəcəkdim bunları mən

Deyəmmədim...

Sözümüz çox,

Zaman qısa.

Bir göruşlük olub elə

Bu sevginin ömür payı...

Sən uzağım,

Sən qiymətlim,

əlyetməzim,

Nəfəsimsən.

Uzaqda ol,

Yaxında ol fərqi yoxdu

Sən mənimsən,

bir görüşlük olsan belə,

Sən bəsimsən.

QADIN OLMAQ

Bir kişinin sərxoşkən xatırladığı qadın olmaqdır "sevilmək".

Tənhalığıdı,

Qaçıb-qaçıb insanlardan

Yolunu itirmiş uşaq kimi xatirələrə sığınmaqdı.

Susqunluğudu,

Yoxsunlaşmasıdı,

Adamsızlaşmasıdı...

Hər gecə

Yanındakı qadına

Kürəyin dönməsidir "sevilmək".

Siqaret-siqaret özünü öldürməsidi.

Dost məclislərindən tələsik getməsidi.

Verilən suallara cavabsızlığıdı.

Tanış küçələrin,

Doğma adamlarının "özgəsi" olmasıdı

"Sevilmək".

Üstündən kimsəsizlik,

Yazıqlıq tökülməsidir.

Bir kişinin özünə çəkilməsidir "sevilmək".

Hər gün görüş yerinə

Eyni vaxtda,

Saatda

Ümidsiz gəlməsidi.

Tayı ayrı yazılmış bir adın

Heca-heca kişi dodaqlarını öpməsidir.

Döş cibində saxladığı əski, əzik bir şəklin önündə heykələ dönməsidir.

Bir kişinin kişisayağı ölməsidir..."sevilmək".

Yerdən, göydən əlini üzüb

Bir xəyalın xatirəsinə tapmaq...

Bir kişinin sirri olmaqdır,

Qadın olmaq!

İŞKOLİK

İç dünyasının qapalı pəncərələrinin

 Tək güntutan tərəfi eynəyiydi,

masa arxasında əskimiş ömür,

qocalmış arzular

sıxıcı həftə sonları...

qocaldıb səni iş adamı.

Saçlarına bulaşmış A4 vərəqinin bəyazı,

qarışıq hesablar,

yazılması gərəkən bir sürü yazı...

bəs hansı sənədin arasına qarışıb,

kimin masasına gedib alnındakı yazı?

Boğulursan boynundakı qalustukla,

dağılırsan

dəyişib qamətin

forman

yavaş-yavaş oturmaqdan qarın da çıxarırsan,

nə olsun çox qazanırsan, iş adamı?

Mürəkkəb qoxur,

kağız qoxur,

ofis qoxur gəncliyin,

başqalaşıb gözlərin

gözlərindən deyil,

mövqeyindən baxırsan.

Tükənir həyat,

vur-tut 5 iş günü, biri də həftə sonu

yaşaya bilsək onu...

əslində nə gözəldir oysa yaşamaq,

gecə küləyi dinləmək,

dostlara qarışmaq,

uşaq kimi göləklərdən ayağını şappıldadaraq keçmək...

həyat qazanmaq deyil,

itirməyi də bilməkdir.

Həyat yaşamaq deyil, yaşamağı sevməkdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!