Şeirlər - Nübar Eldarqızı

 

Ağac

 

Görən dəydirər barını?

- Gec bar verdi, gec, bu ağac.

Tez bar vermək necə şeydi,

Bilmədi ki, heç bu ağac.

 

Barsız deyib gah söydülər,

Gah şax qəddini əydilər,

O ağacdı, pöhrəydilər,

Meşə dolu-dolu ağac!..

 

Kölgəsində oturanlar,

Yeyib, içib, quduranlar,

Onlar səni çətin anlar,

Ümid etmə, dəli ağac.

 

Bir payızda açdı çiçək,

Elə gözəl, elə göyçək.

Qışın önündə qaldı tək,

Sağı ağac, solu ağac...

 

Onu kimsə əkməmişdi,

Becərib, su tökməmişdi,

O çəkəni çəkməmidi,

Bir Allahın qulu ağac...

 

 

Yaddaşımın arxivi

 

Uyumadım, dincəlmədim,

Vərəqlədim, incələdim,

Təzələdim, güncəllədim

Yaddaşımın arxivini.

 

Nələrisə atdım, getdi,

Hesab var, qapadım, bitdi.

- Bütun günü təftiş etdim

Yaddaşımın arxivini.

 

Qalanların çoxu qalib!

Ölən - məğlub, sağı qalib!

- İtirməkdən qorxu qalib,

Yaddaşımın arxivində.

 

Nə döyüşlər var, qaydasız,

Alibi tapdım, faydasız.

Yer tutublar arsız-arsız,

Yaddaşımın arxivində.

 

Vicdanıma vəkil oldum,

Ölüb qaldım, şəkil oldum.

Öz ruhuma əklil oldum,

Yaddaşımın arxivində.

 

Hara baxdım, eyni isim,

Eyni əzab, eyni rəsim,

Var, - feli, dı, - şəkilçisi,

Yaddaşımın arxivində...

 

...Kim qaldıracaq?

 

Bir ömür yaşadıq, bütöv bir ömür,

Bir ömür xoşbəxtlik diləyi ilə.

Birlik bacarmadıq, bir doğru-düzgün,

Ayrılıq yaşardıq, bəlkə səninlə.

 

Allaha əl açıb dua edərdim,

Səni hər gün, hər gün yuxuda görüm.

İndi yanımdasan, görəsən, kimin

Xoşbəxt yuxusunda salınıb yerin?

 

Elə bir boşluq var ürəyimdə ki,

Onu səndən başqa kim dolduracaq?!

- Görürəm, səninçün artıq ölmüşəm,

Nəşimi qəlbindən kim qaldıracaq?!

 

Yar dedik, yarıdıq, bəxtəvər olduq,

Bəxti var mənəmsə, bəxti yox kimdir?!

...Bu il yağıntılı keçəcək, göyə

mənim buludlarım sədrlik edir...

 

 

Ağ ölüm

 

İldırımtək düşüb yolun canına,

Hamıya açıq bir darvaza gedir.

Cəhənnəmə... deyib, başın götürüb

Gözü görə-görə güdaza gedir.

 

O çay məcrasından çıxıb bir kərə,

Harda boşluq tapıb, axıb o yerə.

Təhdid ilə baxır "dur!" deyənlərə,

Tələsir, guya ki, namaza gedir.

 

...Şərəflə döyüşüb ölə bilərdi,

El oğlu olardı, dərdi - el dərdi,

Bütün sevənlərə qoyub fil dərdi,

Sevgiyə kəsilən bir cəza gedir.

 

Çalmağa can gəzir, can, - gürzədir o,

Ucunda kəllə var, ox, nizədir o.

Yol ya sizə gedir, ya bizədir yol,

SOS siqnalı verin, bir qəza gedir!

 

 

Meqapolis

 

Sonuncu ümidi taksiyə verib,

Boşumu götürüb çıxdım şəhərdən.

Burda məzar yeri insandan baha, -

Nəşimi götürüb çıxdım şəhərdən.

 

Bir vaxt kənddi, - çatıb şəhər yaşına,

Aksiyonu çoxdu nəfər başına.

Özün damdan atan düşər başına, -

Başımı götürüb çıxdım şəhərdən...

 

Gəl-gəl deməyinə baxma, yalandı,

Bank-dı, AVM-di, - soyğun, talandı.

Xoşu gəlməyənə əfi ilandı, -

Xoşumu götürüb çıxdım şəhərdən.

 

İlləri yaş oldu yaşımın üstə,

Qaranı ağartdı başımın üstə.

Qoymadı daş qoyam daşının üstə, -

Daşımı götürüb çıxdım şəhərdən.

 

Həm aşiq oldum, həm sıxıldım ondan,

Elə hey bölündük, çıxıldıq, - ondan,

Durna qatarıydıq, dağıldıq, - ondan,

Qoşunu götürüb çıxdım şəhərdən!

 

O - Meqapolis, bu - mən, durduq üzbəüz,

Yazdı sətir-sətir, pozdu sözbəsöz,

Vergisin, rüsumun ödəyib, bir göz

Yaşımı götürüb çıxdım şəhərdən!

 

 

Kəkəmə

 

Mənə deyiləni yazdım,

Sormadım ki,

- Niyə mən?

İçimdəki məhkəmədən

dava açdım göyə mən.

- Əlimdə-ovcumda heç nə qalmayıb,

Hamısını vermişəm ümidlərimə.

Üzümdəki qırışlara görə

sitəmim var dünyaya get-gəllərimə...

- Çox qəribədi,

Milyardlarla insan yaşayan dünyada...

qərib olmaq...

- Bir də bilirsən qəribə nədi;

Sən özünü tanımırsan,

Biri,

- Mən sənin ciyərini bilirəm! - deyir.

Halbuki, mən elə ürəkli də deyiləm!

Qorxağın təkiyəm...

İstəyirsən deyim ki, uşaqkən qorxduğum üçün...

Kəkəməyəm?..

Evimizdəkilərin arasında

                        yeganə od bürcü məndim!

Dəyirmana ölü atsan, diri çıxar, - deyiləndim!

Amma qorxdum nədənsə...

Atam sərtdi, bəlkə ondan...

İtimiz bəddi, bəlkə ondan?..

Soruşmadım: - Nədən mən?!

- Hara deyildi getdim,

Uzağa, yaxına,

Bəzən körüklə getdim yanğına...

Nə iş olsa gördüm,

Oğlan işi, qız işi,

Heç oxşamadım qorxana...

Həm yaxşıydım, həm də pis.

Kimə yaxşı, kimə pis...

Haqsızlığa üsyan,

Sonralar vərdiş edən,

Və qarın-qışın qabağında tir-tir əsən kimsəsiz...

İllər ötdü...

Qələm mənim kimsəm oldu,

Yaz! - dedi.

İçinə atma dərdini,

Ürəyin tutmaz! - dedi.

Əgər Y-ni deyəmmirsən,

Az - de! De!

Əgər S-ni deyəmmirsən,

Öz - de! De!

Amma yaz!

Amma de!

De, de!

Yoxsa, yoxsa, o qorxu,

Canından çıxmaz, - dedi...

 

 

Çəkilməz dərd

 

Hər şey ondan başladı ki,

Özünü fərqli gördün.

Dostlarınçın hər şey əlaydı,

"Müsibətdi!"...

...

- Kasıblıq qərib olanda çəkilməz dərddi!..

Hələ balacaydın,

Gözün yuxarıda,

Əlin aşağıda,

cibində olurdu.

Pulun yoxdu düşə cibinin deşiyindən...

Hər şey ondan başladı ki,

- Şübhə elədin atanın kişiliyindən...

Çünki pul istəyəndə

adamcığaz qurum basmış buxarıya baxırdı,

Ahını çəksin deyə...

Çöldən bacanıza baxanlar

elə bilirdi eviniz istidi...

Hələ anlamırdın,

Niyə? Nə üçün?

sualları nə vaxt verilər,

nə vaxt hiss edilər...

Uşaqlara həyat ana bətnində öyrədilsəydi,

Atalar, analar bəlkə heç ölməzdi...

 

Yağar yavaş-yavaş,

qucaqlar məni.

Mən səhv yazılmışam,

Qar ağlar məni...

 

 

***

Yandırıb-yaxırsan, yaxıb-yığırsan

külümü şüşəyə, yatırım deyə.

Bəlkə gələcəkdə hərraca qoyub

Şairin külüdür! - sataram, deyə?..

 

 

Gəlmişik

 

Təzə bir söz deməmişik hələ ki,

Köhnələri deyə-deyə gəlmişik.

Yerimizi, yurdumuzu tapınca

Neçə qapı döyə-döyə gəlmişik.

 

Arzumuzun yolu üstə daş durub,

Daş atanlar səbrimizi daşdırıb.

Gedənləri ötürənlər qışqırıb, -

Biz oyanıb səsə-küyə gəlmişik...

 

Mənim deyil yazdığım bu şeir özü, -

Göydən enib mələklərlə sirr-sözüm...

Yer, deyilir, göy cismidir Yer özü,

Belə çıxır, göydən göyə gəlmişik?!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!