ŞUŞAM MƏNİM - Şeir - Rəsul RZA

 

Sinəsi qabarıq,
nağıllardan gəlmiş
pəhləvandır
Şuşam mənim;
Mərdliklə, gözəlliklə
qoşam mənim.
Azərbaycan torpağının
nur parçası.
İncə mahnılar yuvası,
Pənahların yadigarı,
Alagözlü,
qarasaçlılar diyarı
Səndə Cabbarın, Seyidin,
Nəvvabın, Üzeyirin, Bülbülün,
neçə-neçə nəğməkarın,
qoç igidin
nəğməsi var,
nərəsi var.
Könüllərdə
neçə-neçə mahnıların
zümzüməsi,
sözü qalıb,
Sənin doğma torpağında
neçələrin gözü qalıb.
Vətən adlı doğma yurddan
püşk olarmı?!
Pay olarmı?!
Yüz bir şəhər adı çəkim,
Gözəllikdə,
biri sənə tay olarmı?!
hər qarışın şair qızın
Natəvandan xəbər verir
Sən nəğmələr beşiyisən,
sən muğamlar keşiyisən.
Bəd əməllərin kükrətdiyi
alovlardan diri çıxdın.
Ey Səməndər - Həyat quşu!
Tarixindən səhifədir
hər enişin,
hər yoxuşun!
Torpağın da,
ləçək-ləçək çiçəyin də,
pıçıl-pıçıl yarpağın da
xəbər verir
ibrət dərsi bu olmuşu.
Tarixdə baş əyməmisən
bir fatehə, müxənnətə
Bir qonşunun, bir qonağın
könlünə də dəyməmisən.
Alqış sənə!
Bu qüdrətə!
Doğma yurdum,
gözəl Şuşam.
Fəsil-fəsil görüb səni,
Doyum-doyum gəzib
dağı, göy çəməni
yenə səndən doymamışam.
Haqqım vardır
şer, əmək diyarına
bəstə-bəstə mahnı qoşam.
Tarix sənin
torpağında, daşındadır,
hər yan-yörən,
hər dolayın,
hər cığırın
Azərbaycan - Vətən dadır.
Dost gözüylə sənə baxan
hər kəs əziz qonağındır.
Sənə əyri baxanları
qəzəbinlə külə döndər,
yaxıb-yandır.
Dünənində
Qəhrəmanlıq zirvəsi var,
Bu günündə
dostluq, ülfət havası var.
Bu gün aləm səndən alır
Vaqiflərin sorağını.
Sən yandırdın neçə-neçə
milli sənət çırağını.
Cıdır düzü
şəfəqlərə boyananda
səhər-səhər,
Qoynundakı
hündür qatlı binalarda
çiçəklənir pəncərələr.
Öyünürəm
tarixinlə,
bu gününlə
Vətənimin şəfa yurdu,
məni dinlə!
Səni bircə dəfə görən,
bir könüldən, min könülə
sənə aşiq, bənd olmuşdur,
Qarabağın yaraşığı!
Sənə saysız nəğmə qoşub
neçə-neçə el ozanı,
el aşığı.
Yüz bir tərif desəm, azdır
bu gününə;
qoynundakı toy-düyünə.
Nəğmələrin qanad çalır
Bakıya da, Şirvana da,
qədim əziz Gəncəyə də.
"Nankor" dedim
bu gününə xor baxana,
səndən küsüb inciyənə.
Üz tuturam sizə sarı
Vətənimin allı-güllü
əlvan-əlvan çiçək xallı,
göy dağları!
Kirsin sərin mehi gəlir,
sığallanır Cıdır düzü.
Dan yerindən qalxan günəş
xəbər verir,
zəfər dolu bir gündüzü.
Danış-danış Cıdır düzü,
Nə zamandan qalıb səndə,
sərt qayalı daş sinəndə,
ağ köpüklü köhlənlərin
qaynar, iti
nal imzası!
İgidlərin
cığır izi.
Sən mətanət, mərd dostluğun
səngəri, həm qalasısan.
Kim nə deyir, desin,
Sən beləsən,
bu adla da qalasısan
Köhlənlərin su içdimi
şair qızın bulağından?
Maral, cüyür ürküşdümü
tərlanların qıy vuranda
sürülərin oylağından?
Tarixinlə öyünürəm.
Bu gününlə sevinirəm.
Fərəhinlə fərəhliyəm.
Yorulmaram,
gəlhagəlli,
incə telli
büsatından yüz gün deyəm.
Şuşam mənim!
Mətanətlə, dəyanətlə
səxavətlə qoşam mənim!

Avqust, 1980

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!