Və sən mənim vətənimsən, sığınıram... - Kiyan Xiyav - ŞEİRLƏR

Payız küləyi

Ah payız küləyi a...h.
Əs özləm bağçamıza,
Əs əlçatmaz ağaclara, quşlara, insanlara.
Əs yurdumun qocaman ardıclarına,
Ardıcıl salamlar söylə yorulmadan.
Və lirik bir mahnı oxu
Tayı-oxşarı tapılmaz sevgililərə.
Söylə, mən də bir Tanrı ardınca gəlmişdim buraya
Söylə, qırx beş il Tanrı axtarışında
Gəlib bir qocaman ardıc tapmışdım
Və bilmirdim
İnsandımmı, quşdummu?
Yarı insan yarı quş.
Yoxsa dünyanın ən böyük lirik dizgəsiydimmi?..
Artıq ayrılıqlar uzun sürdü, uzun,
İllər 1390-cıda qaldı.
Aylar qızaran ayında,
Günlər ara günündə
Və saatların hamısı
Bizi bundan daha artıq yaşadacaq
Qolayca bir 24 saata görə işlədi...
Ah, payız küləyi, a...h.
24 saat borcum var sevgilimə,
Söylə, onu unutmasın
Söylə, qıpqırmızı geysin Naxçıvan buluzunu
Və getsin kölgəsini
Təbrizin tərsə işləyən saatına salsın.
Sonra Araz qırağında
Gələn yeldə gedən yarpaqları düşünsün dursun,
Bir də sarı alma ağacımız yenə də bu il
Bir tək alma gətirib
Görürsənmi?
Dəymə ona,
O da dəyməz, yetişməz və düşməz sevgi yoxluğunda!
Söylə, günün günorta çağında gəlsin,
Söylə, gecə paltarıyla gəlsin ancaq
Və gətirdiyi qıpqızıl kımızın
Son istəkanını da özü içsin!...

Ah payız küləyi, a...h
Qanadsız quşlarının
Türküsü də tükənəcək,
Könlü yox insanlarının
Göz yaşı da quruyacaq.
Yalqızlar öz yalqızlıq çərçivəsində öləcəklər,
Ölüb-diriləcəklər
Və yenidən yenə də yenidən yenə
Öləcəklər,
Diriləcəklər,
Oxuyacaqlar.
Daha sonra sevgi üçün
Dünyanın ən böyük lirik dizgəsi olacaqlar
Və susənbər yarpaqları pozulan çağda
Bir kərtinin qırağında oturub
Siqaret tüstülədərək ağlayacaqlar.
Bax, mən indi ağlayıram
Dışımda yaşam ağlayır, içimdə ölüm
Və hardasa iki köhrə arasında
Bir zinə bulaq çağlayır.
Ah payız küləyi a...h
Bu an gözlərim deyil ki,
Göz yaşlarım ağlayır!...


Özgür qadın

Barmaqları büyüləyici olsa da,
Barmaqlarıyla gəl deyə danışa biləndən qorxma, get.
Dodaqları büyüləyici olsa da,
Dodaqları gəl deyə yaza biləndən qorxma, get.
Sorma üzünə dağılmış ağ kirli sular kimdən
Yardım et dursun yerindən anlam tərəzisi arasın,
Qoysun tərəzinin iki gözünə
Ən cılız xəstə böcəklər ağır gəlsə belə,                                   
insan dəyərindən sev, dinmə.
Əllərinə pis qoxulu bir yığın ət yükləsə də, sev, danışma.
Şəhər-şəhər bazara çıxartsalar da, sev
Ən cılız xəstə böcəklər bu ucuz bir fahişədir
                                   deyə car çəksələr də sev.
Qoy böcəklər sənə baxıb ağızdolusu gülsünlər.
Sən ağla, sən düşünərək ağla sevdiyin qadını ürəyində
Tərəzidə ədalət yoxsulluğuna ağla və sorma
Qadının üzünə dağılmış ağ kirli sular nədən
Ən cılız xəstə böcəklər insan arxasınca güləcəklər
Nədən, nədən, nədən, nədən,
Burax onlar kirli sularını sunsunlar qadına.
Sunsun onlara ağzını, dilini, əllərini
Versin bütün orqanlarını qadın da sən sev, dinmə.
Qadınlar birər büyüləyici barmaqlarıyla
                                   danışa bilirlər sev, danışma.
Birər büyüləyici dodaqlarıyla yaza bilirlər sev, yazma,
Qoy pıçıldasınlar sənə böcəklər bizi
                                   dünyaya tanımlayırlar deyə
Dünya qadına qıymayıb
Və özgür bir qadındır sevdiyin qadın, bunu düşün,
Gəl dedi, get sənin olsun gecəyə yaxın zamanlar.
Get dedi, get özgürlüyü düşünərək.
Gəl dedi, get sənin olsun ömürdən qalan bütün son saatlar,
Get dedi, get özgürlüyü düşünərək.
Bütün filmlər bitmiş: son
Gəl son planda öp məni və qal desə, get öp və qal,
Get desə, get özgürlüyü düşünərək.
Ömürdən ötəki saatlarda da
Ağ kirli sulardan üzü tanınmır kimilərinin!...


Bir adam kimi gələcək kefində

Quşluğumu unuduram,
Qızıl qanadlarımı qırıb tökürəm torpağa.
Adam kimi bir adam
Yerin üstünə basarkən ayaqlarımı
Səni səndən sənə yazıram
Təməl qonum sən deyilkən.
Yox,
Mən sənin şairin deyiləm
Sən eeeey prensip olaraq
İlk və son şeirim mənim!
Sən qonusu
Şeir qonusu olmağı buraxdı çoxdan.
Sən eeeey qolayca yaşamın bir parçası olaraq
Var olmağı sürdürən mənə içimdə!
Şeirlərimdə xəta var, səndə yox,
Barmaqlarımda xəta var, səndə yox.
Nə xəta varsa bu vətən adlı ölkəmizdədir
Və sən mənim vətənimsən, sığınıram
Yabancı markalı qələm ucuma.
Üzüntülü bir andayam
Çilə
Dramatikdəyəm.
Otağım hər an
Duman- duman
Xain gözlərinin şəkiliylə bəzənir,
Çıraqlar necə də işıq
İşıqlar necə də zəngin düzənir.
Səndəmi bu görkəmlilik,
Məndəmi?
Yoxsa xəyalımda gizəmli üzünün anlam bəzəyində?
Və nəşəli bir gecə yatağında sən
Romantikdəsən
Roz gülləri arasında quylanırsan qucuma.
Trajedi sərgilənir
Sarı işıqlar altında ağarır saçlarımız
Və kin dolu anlar var aramızda.
Daş var,Öc duyğuları var,
Edam var.
Açmaq belə istəsək, açılmır qanad
Quşlar qışdan ölürlər.
Quşluğumu unuduram,
Adam kimi bir adam
Yapyalnızca yürüyürəm qışın dibində soyuqda.
Bəlkə tapışdıq bu gecə,
Ay dolunay olanda.
Bəlkə tapışdıq bu gecə,
Gömüldük ulduzların giz-gizəminə.
Ah, gecənin ən gecə çağları a...h
İnsana giz-gizəm olan bir dəm gecə çağları
Ay duman dənizinə batar-çıxar
Və ulduzlar bizdən uzaq sıra-sıra.
Ulduzlar ölüm karvanı
Bizi qatmış qabağına aparar qaranlıqlarda.
A...h, adam kimi bir adam
Min bir öyküsüz gecəyə dönüşür yalnızlığım.
Adam kimi bir adam
Aclığımı basdırmağa
Köksündən bir tikə çörək verən mənə
Anam yox,
Sən yox.
Sən Səmərqənd səfərində,
Anam dönüşü olmayan yollarda.
Sizə gələn yollar görünmür, yollar duman dənizi,
Mən yasda, isyanda, qrev, baykotdayam
Gələcək, yaaaa gəlməyəcək bir gələcək var beynimdə,
Kölgəsiz və boyasız daşdan imgələr,
Adınla boy atan azman nazlıcam.
İştar tapınağında lilit qadınlar
"I am one of many" deyən kanformistlər,
Xoş görülü demokrat daynasorların partiyası
Əti qanlı faşist işid
Təpəgözlər və təpəsində gözü ac tüfənglər,
Səsli-səssiz terror saldırıları.
Biləklərindən səkkiz il bağlanacaq qaranquşlar,
Boyunlarından doqquz il büküləcək bənövşələr,
Bir də sonsuz susuzluq var qısır buludlar altında
Yox, mən su istəmirəm, dən istəmirəm.
Quşluğumu unuduram
Adam kimi bir adam
Ac və susuz qalıram anama, sənə, hər kəsə
Siz yoxsunuz gözlərim var.
Qoy düşsün daş imgələri bu donmuş ucqar göllərin içinə
Gözlərim yaşı duruldur gələcəyin kefini!..

Ölüm (ə) namə

Dağlarını göstər mənə,
Uçurumunun ağzını aç.
Ayaqlarını açmağa,
Qanadlarını uçmağa sınayan ətcəbala kimi
Bir gözü ağlağan, bir gözü gülüş
Hazıram sənə gəlməyə
Ey mavi günəş!

Məzar daşıma

Xiyov çayının üstündə durnalar qatar gedirlər dumanda,
Soyuq bir yel sızır payız almalarından içimizin dibinə.
Burda nə çox ikindinin ağacları üstümüzə əyilir,
Hay-küydədir min bir boya içində hələ də şəhər duvarları
Və biz gecə quşu iydə ağaclarından cığır alaraq
Gecənin ən gecə çağının dağlarına varırıq
Burda dünya qalabalığından uzaq
                        gen-geniş bir mavi dəniz üzərində
Necə də yellənir gümüş bir qayıqda
                        gövdəmiz gözəlcə yalqız!..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!