"Bu dünyanın dərdi birsə, dərmanı da bir olmalı..." - Şeirlər - Məmməd İSMAYIL

 

Bu dünyanın dərdi birsə,

dərmanı da bir olmalı...

 

Biz evdə qalmışıq, dünya bayırda,

Yazın tüğyan edir çəmən-çayırda.

Ayır da, yaxşını pisdən, ayır da

Üzünə üz tutub ərk edənləri

Yolunu, izini tərk edənləri

Günah havasına bərk gedənləri

Beləmi sınağa çəkirsən, ey haqq?!

 

Məkkədən, qiblədən sənə sığındıq,

Ruh-ruh, bədən-bədən sənə sığındıq.

Lap elə heç nədən sənə sığındıq.

Niyyət edənləri, etməyənləri,

Camiyə, kilsəyə getməyənləri,

Əli ətəyinə yetməyənləri

Beləmi sınağa çəkirsən, ey haqq?!

 

Çəmbərə saldığın yerüstü nədi,

Şeytanlar varına varisdi nədi,

Bu gözəgörünməz virusdu, nədi? -

Nə sabahı bəlli, nə dünənləri

Görünməz etdinmi görünənləri

Varlıqdan yoxluğa bürünənləri,

Beləmi sınağa çəkirsən, ey haqq?

 

Nə bəlaydı birdən-birə,

bizi saldın ağzıbirə...

Açması insana yasaq

                        bu bir başqa sirr olmalı,

Dərgahında bir yer ayır

özün yaratdığın yerə,

Bu dünyanın dərdi birsə

                        dərmanı da bir olmalı...

 

 

Səksənində nə bu hallar...

 

Səksənində nə bu hallar? -

Dərd sevinci yıxmada.

Ürəyinə düşən xallar

Yanağına çıxmada.

 

Güzdən qışa, qışdan yaza

O çəkilməz acılar.

Qönçələrin dodağında

Çiçək kimi açılar.

 

Bir olsaydı nə vardı ki,

Yarımadın üçündən.

Sevgi adlı toxum əkdin,

Fitnə çıxdı içindən...

 

 

Oğul şəhid olar

vətən yolunda

 

Ölümsüz şəhidlərimizin xatirəsinə

 

Açılan çiçəklər barında ölər,

Hörümçək hördüyü torunda ölər,

Alışan kösövlər qorunda ölər,

Ölsə, bal arısı balında ölər

Pərvanə işığın yolunda ölər, -

Oğul şəhid olar vətən yolunda.

 

Həyatın sonunda bir "və"si varsa,

Əvəz    olunmazın əvəzi varsa,

Və... bəxtin şəhidlik zirvəsi varsa,

Oğul şəhid olar vətən yolunda...

 

Uca zirvə varsa, dağ var deməkdir,

Açılan gül varsa, bağ var deməkdir,

Əgər ölən varsa, sağ var deməkdir...

Oğul şəhid olar vətən yolunda...

Ana elə-belə oğul doğurmaz,

Qəhraman doğurar o, qul doğurmaz!

Övlada ananın bətni vətəndi,

Duyduğu laylanın mətni vətəndi...

Əgər o vətənin düşməni varsa,

Bir mənin yerinə beş məni varsa

Oğul şəhid olar vətən yolunda...

 

 

Özün keçir məmləkətim,

Ad günümü özün keçir

 

Arzularım güz xəzəli solub yerlə bir olursa,

Yerim qürbət,

Yaş da səksən bir olursa,

Biriləri keçirmirsə ad günümü,

Nə qədər ki haqq yanında sözün keçir,

Özün keçir, məmləkətim,

                        ad günümü özün keçir...

 

Nə yaxşı ki,

Qızıl qayan yaranışdan əngəl oldu

                        Qızıl medal həvəsimə.

Gümüş nəmər həsrətimə sipər çəkdi

                        Kəmər qayan...

Ürəyinə qurban olum;

Ürəyimdən nə keçirsə ürəyinə olar əyan.

Nə qədər ki haqq yanında sözün keçir

Ad günümü özün keçir, məmləkətim,

                        özün keçir...

 

Poz oynanan oyunları,

Örüşünə yaxın qoyma ikayaqlı qoyunları...

Bu dünyanın bir ucundan bir ucuna

Cığırını çəkib-çəkib yol eylədim.

Getdim düzlük orucuna,

Haqq sözünü bostan əkib, bol eylədim...

Mən də sənin oğlun idim bir zamanlar,

Mən də sənin oğlun idim

Görən gözün, bəlkə kəsən ağlın idim...

Haqsızların meydanında

Özü, sözü haqlın idim.

Ürəyimin son təsəlli, güman yeri,

Kimim var ki səndən qeyri...

Nə qədər ki, haqq yanında sözün keçir,

Özün keçir, məmləkətim,

                        ad günümü özün keçir...

 

 

Gələ bilmərəm...

 

Gəl deyir həsrətdən yüksələn haray,

Neçə dost-aşina, gələ bilmərəm.

Yüz tanrıtanımaz, yüz qəlbi qara

Fikrindən daşına, gələ bilmərəm.

 

Qürbət yağmurları ölü yağırsa,

Həsrət fikirlərin yolu yağırsa.

Və dolu yağırsa qış buludları

Mən boşu-boşuna gələ bilmərəm.

 

Yaşamaq olurmuş bunun harası? -

İnsan özü boyda dərd füqarası.

Yox daha Adəmlə Həvva arası

Ömür savaşına gələ bilmərəm.

 

Nə göy cazibəsi, nə yer çəkimi,

Kimi qınayasan yad isə, kimi?..

Qəfil fikir kimi, hadisə kimi

Kimsənin başına gələ bilmərəm.

 

Gəzmə, hər kilidə tapılmaz açar,

Ölümdən qaçanlar ölümə qaçar.

Səksənin əlində qaldımsa naçar

Sevənlər yaşına gələ bilmərəm...

 

Əgər açıldısa sevgidə sirr yox,

Bir dəfə açılar, ikidəbir yox,

Hayandan gəlim ki, gəlməyə yer yox,

Mən sənin xoşuna gələ bilmərəm...

 

 

Özün açılasan

özün içindən

 

Bildim dediyindən bilməcə çıxar

Hər günün sonundan bir gecə çıxar; -

Qranit qayadan su necə çıxar;

İşıq necə çıxar gözün içindən.

 

Görünən gerçəklər - görünməz haqdan,

Çıx görüm dünyaya çıxdığın çağdan;

Toxum necə çıxar qara torpaqdan,

Məna necə çıxır sözün içindən?

 

Bu dünya dediyin qaramı, ağmı,

Fikrində tutduğun bir ayrı çağmı?

İçində alışan odun ocaqmı,

Dərddimi küllənən közün içindən?

 

Yenə bu dünyadan əvvəl söz ola,

Kəsən ağıl ola, görən göz ola.

Bir ana, bir ata özbəöz ola

Özün açılasan özün içindən.

 

 

Doxsan yox, səksənə çatmazdı bəlkə

 

Dünən bayatıymış, sabah tapmaca,

Bu gün tərəddüddən çaşıb deyinir.

Gününü gəzməklə keçirir qoca,

Heç özü də bilmir nə gəzdiyini.

 

Bu sirri soruşasan hansı alimdən

Durub deməzmi ki, açılan solar.

Yolunu gözləyən qəfil ölümdən

Qorxmasan nə olar, qorxsan nə olar?

 

Nə deyir ruhuna bu ögey bədən? -

Bacarsan səksəni doxsana yetir.

Dəyib budağından düşən meyvədən

Axtarsan yerin də zəhləsi gedir.

 

Demək ki, bu imiş əvvəlin sonu,

Kiminlə istəsən mərcə gir daha.

Bir vaxt göy çəkərdi təzə ruhunu

Köhnə ətəyindən yer çəkir daha.

 

Dünən bayatıymış, sabah tapmaca,

Bu gün tərəddüddən çaşıb deyinir.

Gününü gəzməklə keçirir qoca,

Heç özü də bilmir nə gəzdiyini.

 

 

Səndən sonra...

 

Sən getdin, gedəli varikən yoxum

Pərişan ömrümdü, qarışan yuxum.

Vücudum torpaqdı, ürəyim toxum

Bəlkə də göyərdi, ək, səndən sonra.

 

Sənsiz sevincim heç, qəmim qəm olmaz,

Qəlbi daş olanın gözü nəm olmaz.

Yığıb toplasam da fikrim cəm olmaz.

Cəmə çevrilərmi tək, səndən sonra?

 

Üç-beş misra imiş ömrün mirası,

Könül fəryadıymış gözün qorası.

Yox ki bu dünyanın səndən sonrası,

Ölüm deyilənlər yey, səndən sonra.

 

Dalana dirənən ömür mənzilim,

Bu bəxti vaxt silsin, yoxsa mən silim?

Adını çəkməyə çəkinən dilim

Bircə söz söyləyər hey, səndən sonra...

 

Bəlkə xeyirdə şər, şərdə xeyirdin,

Hələ yazılmamış sirli şeirdin.

Ağzımı açdımmı sonra deyirdin,

Varmı bir sonrası səksəndən sonra?

 

 

Qocalıq ruhuna çökəndə

 

Qocalıq ruhuna çökəndə,

Fikrin tərpətöyün toxumu kimi dağılanda,

Səksəndən sonra

Sənə ölü namizədi kimi baxılanda

Çay soğulacağına

Dəniz yox olacağına

inanmadığı kimi inanma

Öləcəyinə...

Ulduzlar çoxluğuna,

Varlar varlığına, yoxlar yoxluğuna

                        sığındığı kimi

Sığın gələcəyinə.

Sən elə gələcəksən,

Getsən də gələcəksən.

Allah göydə inanmış,

Sən də yerdə inan buna

Ruhun sonsuzluğuna...

 

 

Bu ocaq...

 

Bu ocaq zamanın gənclik halıydı,

Ömür qatarıydı keçən illəri...

Bu ocaq torpaqdan güc almalıydı,

Göyə çıxmalıydı alov dilləri...

 

Arzusu bir uzaq gələcəkdimi,

Bir içim suydumu ömür deyilən?!

Amansız dövrana boyun əydimi,

Zamana uydumu ömür deyilən?!

 

Ay da göyüzündən əl edən vaxtdı,

Nə var bu üzündə, o bir üzündə?

Gözünə görünən nə var ocaqdı? -

O da bir ocaqdı bu yer üzündə.

 

Nə qalar bir ilə üç aylıq yazdan

Kim yaxın edəcək bu uzaqları?

Qürbət gəmiləri keçir boğazdan

Baxır qərib-qəmgin sahil bağları...

 

Qırılan ümiddi, kəsilən əldi

Dərdimi duydumu ömür deyilən?!

Allahım, nə zaman səksənə gəldi,

Allahım, buydumu ömür deyilən?!

 

Həvəsi tükənib sönən fanardı

Köhnə kül yerinə dönür bu ocaq.

Bu ocaq bir zaman gur-gur yanardı,

İndi korun-korun sönür bu ocaq.

 

 

 

Məchul ölüm,

nə qaldı ki sorası

 

Görünür ölənlər bizimçün ölür,

Kimsə xəbər tutmaz öz ölümündən...

 

Olmadıkı "ol" deyilən "ol"ları

Uzalımı yetim yurdun qolları...

Tikanlımı qərib-qürbət yolları,

Ölüm-zülüm gəlirsənmi, gəlirsən.

 

Bir ömür ki dərdi yüyrək, bəxti ləng,

Yapışmağa nə əl qaldı, nə ətək.

Bir zamanlar mən ocaqdım, sən külək

Söndüyümü bilirsənmi, gəlirsən.

 

Arxan ilə nələr çəkdim, bilirdin,

Sən tək idin, mən də təkdim, bilirdin...

Axır bir gün öləcəkdim, bilirdin,

Öldüyümə ölürsənmi, gəlirsən?!

 

Məchul ölüm, nə qaldı ki sorası,

80-90 qalan ömrün urası...

Hayandasan, nərəsiymiş orası,

Mənmi gəlim, yoxsa sənmi gəlirsən?!.

 

 

Yağış yağır

 

S.Orlov

 

Yağış yağır... göylər duman mələfəsində

Gözdən qaçıb sakit çaylar, qalın meşələr.

Ay altında ömr etsək də Yer kürəsində

Yenə bizə xeyir-bəhər torpaqdan gələr.

 

Nədir yenə varlığımı bürüyən arzu,

Ağacların həsrətində yarpaq yaralı.

Qızıldanmı axıb gedir dərədəki su,

Çəmənlərin birçəyində yazmı saralır?

 

O meşənin arğacıdı gilli yolları

Dizə çıxan sellər, sular səngiyər haçan?

Əsən külək yırğalayar xırda kolları

Dərəllərdə axan çaylar qaralanacan.

 

Belə gündə ötənləri gərək göz görə,

Ağıl kəsə, duyuq düşə ruhundakı səs.

Kimlər ilə dost olmusan lap nahaq yerə,

Kimə isə məhəbbətin əbəsmiş, əbəs.

 

Yağış yağır... son baharın qədəmi sərin,

Kim deyər ki, o payızın qəm yığnağıdır.

Dərk olunan zamanıdı xeyirlə, şərin,

Ürəyin də ayıq düşən, duyan çağıdır...

 

 

Yadı da yaxına

döndərər kədər

 

Başımın üstünü ölüm kəsəndə

Ürəyim köksümə düşəndə halsız...

Xəstə bədənimdən ruhum küsəndə

Beynim dayananda fikir-xəyalsız.

 

Ölüm üzə durar dərddə, qubarda,

Bağlanar sevincin dili, ağızı.

Doluxar anamın şəkli divarda,

Atamın sandıqda qara kağızı...

Evi bürüyəndə ağlaşma səsi,

Qızlarım hönkürüb ağı deyəndə

Xətlərdə kiminsə kövrək nəfəsi

Ölüm xəbərimi verəndə kəndə.

 

Əllərim sinəmin üstündə çarpaz,

Dünyaya yumulu göz qapaqlarım.

Beləcə başımın üstündə pərvaz

Dünənə qədərki ömür çağlarım.

 

Üzümdə titrəyər peyğəmbər nuru,

Alnımın saçları bir az da seyrək...

İmansız mollanın səsi qupquru

Bir şeylər oxuyar höcəliyərək.

 

Cənazəm önündə ruhum kəpənək,

Deyirlər ölünün yükü duz yükü.

Yer altda göynəyər ana döşütək,

Haçansa əkdiyim ağacın kökü.

 

Ölüm yolçusuymuş hər addım atan,

Payız ölümümə yaz qarğış eylər.

Yola qoyularam mən bu dünyadan,

Anam o dünyada yır-yığış eylər.

 

Yadı da doğmaya döndərər kədər,

Fərqinə vardımı dostlar, tanışlar:

Uzaq bir səfərə misram yol gedər,

Şerimin ölümsüz günləri başlar...

 

 

Ayrılıq var sahilində

hər çayın

 

Məmməd İsmayılsan, ya da

Mehmet İsmail...

Yox,

Doğmaca qardaşların kəndirini kəsən

Hazırca Məlik Məmmədsən,

                        Məlik Məmməd...

Haqq yolunda cibi dəlik,

Dəmir Məmməd

Çəlik Məmməd!

Ömrünün cümləsinə

Dərd mübtəda, ələm

xəbərdi

Yaşayırdı ayrılıqlar ölkəsində

Və...

Vətəndən əsən yelləri

Gözlərinə təpərdi...

Düşmüşdü çəmbərinə

Qışın, baharın, yayın

Və... Bir təsəllisi vardı:

Hər dənizin sahilində qürbət var,

Ayrılıq var sahilində hər çayın...

 

 

Çanaqqala

 

Dənizə açılar caddələri,

boğaza can atar sokakları,

İnsanları meydanlarda qarışqa misalı,

Qayırqayır qaynaşar;

İşləri başdan aşar.

Baxsan,

Kasıbın dostu

qışı da yazdı.

Bir tərəfi Qaz dağları, Troya,

O biri tərəfi Asosdu...

Boğazını çəksə də xeyri yox,

Düşmənlərə keçid verməz boğazı

Bir ətəyi Avropa, o biri yaxası Asyada...

Bir az o tərəfində rum başlayır

Uc Rum - ucrumdu,

Qəriblərə uçurumdu...

Yazdan qışa uzandıqca uzanar payızı

Qönçələri gül açar qumru səsinə

Sərgərdən xəyalın ilişib qalar

Əyri yollarının hər köşəsinə

Qışı gəlsə, bir-iki günlüyə gələr

Ocağın əvvəlində.

Ya da şubatın başında...

25 ildir ürəyim əlində...

Dözdü hər şıltağıma

Doğmalığın bir beləsi?

Yaxıb gedən gün kimi

Hər şey qaldı geridə...

Söndürüb işığını

Dəniz fənərləri də...

Payızları rəssamı Allah olan

Gözəlliklər sarayı

Yolunu azıb qalan

Gəmilərin harayı...

Anamı əvəz etdi desəm çıxmaz yalanım

Gül qoxulu baharı,

kömür qoxulu qışı

Çillənin ortasında

Göy gurultulu yağışı

Yadımdan çıxmaz heç vaxt,

Çıxmaz Çanaqqalanın...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!