Qar

NARGİS

 

Qapıcığın zirvəsində,

 Batabatın sinəsində durduğu kimi,

durmur ovuclarımda ...

Anamın saçlarında... qar...

Yağsınmı istəyirsən?

 Günəşi görürsənmi?

Qürübların rəngini...

Müharibə meydanında  axan qırmızının

ağrısısını duyursanmı?

Hər zaman əsrarəngiz  deyil qırmızı...

Ölüm azadlıq...

Öpüşmək vüsal deyil...

Əcəli tanımayan körpənin baxışı kimi məsum,

vida edən sevgilinin öpüşü kimi, amansızdır gerçəklik...

Gedişlər hər zaman zəfərə aparmır...

3D xoşbəxtliklərin ağuşunada mürgüləyir

Ömür-ömür yol gedib yenə də geriləyir insan...

Karterin ruhu Stiksdən keçə biləcəkmi ?

Cəhənnəm qayıqçısının hıçqırıqları Surun səsini batıracaqmı?

Xəzrinin bıçaq kimi kəsdiyi gecələrdə

Divarların qucağına sığınan, o qadının

körpəsinin əllərini isitmək üçün doğacaqmı təkrar günəşlər?

Tanrı göy qurşağı rəngində bir gələcək hörəcəkmi fələyin kəndirindən...

“Gözəl günlər görəcəyikmi çocuqlar, günəşli günlər” ?

Yağacaqmı Afrikanın səhralarına yağmurlar?

Qulac-qulac saçlarını üzünə tökəcəkmi yamyaşıl söyüdlər...

Süd bəyazı bir qadın öpəcəkmi gecə rəngindəki Adamı?

Cadar-cadar olmuş dodaqlara yaraşacaqmı öpüşlər...

Dünyanın səsindəki yalnızlığı eşidirsənmi?

Hamısı tale, gerisi qədərdir...

İki  susuş arasında məsafə nə qədərdir?

 

 

 

 

 

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!