Üzündə ay işığı - Nizami MURADOĞLU

Yenə qalxır kürsüyə

Təmkinlə, asta-asta.

Sağ əlini qaldırıb

Beş barmağın göstərir,

Söyləyir mahir usta:

- Dünya beşdən böyükdü.

Biz də varıq dünyada,

Kim bunu qəbul etmir

Özü dünyaya yükdü.

Kainata Günəştək

Doğulma anındayıq!

Zalımın qarşısında,

Məzlumun yanındayıq!

 

Salonlar uğuldayır,

Oturanlar titrəyir,

Biri qaşını dartır,

Biri gözünü əyir.

Özündən müştəbehlər

İçindən kəsilsə də,

Haqq qınından sıyrılır

Dərs olur naqislərə.

Dünyaya hökm edənlər

Haqqın önündə aciz.

"Dünyanın haqq sözünü

Dünyaya deyənik biz", -

Deyir Rəcəb Ərdoğan.

 

Ak dənizdə ruzigar

Əsdikcə acı-acı.

Quzey Kıprıs yavrutək

Bir sevginin möhtacı.

Bol olsa da ruzusu,

Ağzından tikəsini

Almaq istəyən də var.

Şəhidlərin qanıyla

Qazandığı haqqını

Beynəlxalq müstəvidə

Çalmaq istəyən də var.

Siyasi dəllalların,

Bu çinli oğruların

Qarşısında  poladdan

Sipər olub dayanan

Rəcəb Tayyib Ərdoğan!

 

Şahə qalxır fırtına.

Dünyanın dörd yanından

Dəstək gəlir yunana.

Bir fransız gəmisi

Toplu-tüfəngli gəlir.

Makronun boğazında

Xırıldayır cır səsi,

Min cürə şər-şamata,

Min cürə rəngli gəlir.

Ləkə vurmaq istəyir,

Mərd ərənlər yurduna.

Böhtan atmaq istəyir

Ər oğlu Ərdoğana.

Xəbəri yox, nə bilsin,

Türkün gözəl sözü var;

"Meydan hünər meydanı,

Meydan ər meydanıdır".

İndi döyüş məqamı,

İndi zəfər anıdır.

Oyunçu olmaz ondan.

Baxıb gülür Ərdoğan!

 

Ahılla ahıl kimi,

Çocuqla çocuq kimi

Söhbətləşən, dərdləşən,

Qasırğalar önündə

Qaya kimi sərtləşən,

Dağ kimi dimdik duran,

Dağ kimi əzəmətli

Rəcəb Tayyib Ərdoğan!

 

Ürəyində nə vaxtdı

Qarabağ nisgili var.

"Qarabağ şikəstəsi"

Səsləndiyi o anlar

Düşünür dərin-dərin.

Xəyalından keçirib

Bu yurdun sərhədlərin

Deyir gərək tanınsın,

Nə düzdür, nə yalandır.

Qarabağ türk yurdudur,

Şuşa bizim məkandır.

Azərbaycan Türkiyə -

Türkiyə Azərbaycan!

Deyir Rəcəb Ərdoğan!

 

Aydınlıq güzgüsüdür

Bəşərə məhəbbətin.

Simvoluna çevrilib

Mərdliyin, mətanətin.

Azərbaycan sevdalı

Turan vətəndaşıdı.

Ali Baş Komandanım

İlham Heydər oğlunun

Dostudu, qardaşıdı

Rəcəb Tayyib Ərdoğan!

 

İstanbulda bir məkan  -

Məkanın cənnət olsun.

İgid doğan, ər doğan,

Müqəddəs ruhlu ana!

Gözlərin aydın olsun

Bir oğul doğmusan ki,

Ər sultandır Turana!

Üzündə Ay işığı,

Gözlərindən nur yağan

Dünyanın tək lideri

Rəcəb Tayyib Ərdoğan!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!