Ölməz Ruh - Azər Abdulla

Türk və türkçülükdən

söz düşəndə

qolları lələk çıxarıb

uçmaq istəyən

Elman Cıvıroğluna

 

 

 

 

 

Avqust gecəsi,

Avqust gündüzü

yay kimi yığılırdı, gərilirdi

içinə çəkilirdi Türkiyə.

Bir yerində dəli-dolu,

bir yerində lal-dinməz

dostunu, düşmənini araya-araya,

ancaq bir təlaş İçində

axırdı Sakarya...

Topunun, tüfənginin,

tankının, uçağının,

əsgərinin qat-qat

bolluğuna güvənir

dişini qıcırdaraq

- An-ka-ra-ya! - deyə

böyük bir iştahla

bağırırdı yağı.

Ayıldı bir fərmanla Anadolu,

oyandı Türk eli.

O avqust gecəsi mehmetciklərə

toxunmağa başlanan

qotazlı corablara

milyon-milyon ilmələr vuruldu.

Dualar oxuna-oxuna

Anadolu elində

bir gecənin içində

əlvan-əlvan bağıyla

min-min çarıq tikildi.

Bir fərmanla,

insanları bir yana,

Anadolu elində

yabaların, şanaların,

qılıncların, mızraqların,

dəryazların canına ruhlar keçdi,

qoşuldular atlara, öküzlərə, dəvələrə

axdılar Sakarya boyunca.

O avqust gecəsi, avqust gündüzü

yay kimi yığılırdı, gərilirdi,

içinə çəkilirdi Türk eli.

Dostunu, düşmənini, araya-araya

bir yerində dəli-dolu,

bir yerində lal-dinməz,

ancaq bir səksəkə içində

axırdı Sakarya.

Qan tutmuşdu gözlərini yağının,

unudaraq türkün keçmişini

lovğa-lovğa

qıcırdaraq dişini

arxayınca irəliləyirdi Ankaraya.

Görmürdü, görəmmirdi,

bilmirdi, biləmmirdi

oyanıb məzardan qalxdıqlarını

Əfələrin, Zeybəklərin,

                        Akınçıların

Sakarya boyunca

dalğa-dalğa, vüqarla axdıqlarını.

Dolmuş qara-qara buludlardan,

çaxan şimşəklərdən aşağı

Metenin ruhuydu torpağa yaxın,

Gurşadın, Atillanın, 

Çingizin, Çaka bəyin

iffətli, ərdəmli xatunların ruhuydu

üzürdü yurd üzüylə axın-axın.

Bir də, bir də

Saxadan, Qafqazlardan,

Ana Türküstandan,

Uyqurustandan, Böyük Turandan,

burum-burum, bülənt-bülənt,

ucalırdı göylərə

türlü-türlü dualar

- Tanrım, sən Türkü qoru.

Milyon-milyon

səsli, səssiz duaları

gözüyumulu eşidir, duyurdu Allah

sevgi məktublarıtək.

Min-min mehmetciyin səsi

qaynayır, qovuşurdu,

bir səslə hayqırırdı,

dalğa-dalğa səs qalxırdı,

axırdı Sakarya boyunca -

Allahu Əkbər!

                        Allahu Əkbər!

Dirənmişdi bıçaq sümüyə,

Sıxılmışdı, yığılmışdı,

Türkün gücü bir oxun ucundaydı.

Ox çıxmışdı yayından,

deşə-deşə, yara-yara

işləyirdi yağıların bağrına.

 

***

Vətən mehmetciyindən əl istədi,

əlini verdi,

Vətən mehmetcikdən qol istədi,

qolunu verdi,

Vətən mehmetcikdən baş, göz istədi,

"başüstə, gözüstə" dedi,

Vətən mehmetcikdən qan istədi,

uf demədən mehmetcik

keçdi bir qaşıq qanından.

Ancaq, ancaq şəhid mehmetciklərin

ruhu keçdi, canı keçdi

sağ qalan subaylara.

Subaylar, mehmetciklər

Bəylər, bayanlar, əfəndilər

atıldılar savaşa,

gah yumruqla, gah başla,

gah ağacla, gah daşla,

gah dırnaqla, gah dişlə

bir şövqlə, bir həvəslə

necə vuruşurdu, Allah!

Şaha qalxıb sevincindən

Bu səsə, bu haraya

Axmaq istəyirdi dikinə

Sakarya...

 

***

Göyün son qatından

Baxırdı Rəsulullah,

Görürdü, görürdü min illər öncə

Özü Öz əliylə

Türkün qəlbinə qoyduğu əmanət

Canlı, diridi, 

Vətən sevgisidi,

torpaq eşqidi.

Görəndə Türk ruhu Allah ruhudu,

Güldü, gülümsündü

Türkün üzünə Tanrı...

 

***

Əriyirdi, qurtarırdı Eylül günləri,

yenidən doğulmuş

yorğun Türkiyənin yaralı,

fəqət, yenilməz Türkiyənin

sinəsindən sərin-sərin,

nəğməsiylə həzin-həzin,

arxayınca, nazlı-nazlı

axırdı Sakarya...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!