Vaqif ASLAN - Ali Baş Komandanım.

Bu mübarək yerişin, bu duruşun mübarək,

Bu ləngərin, səngərin, bu vuruşun mübarək,

Ali Baş Komandanım.

Şəhid cənazəsindən könlü açılanları,

Ağzından zəhər damıb əzvay saçılanları,

Əlsizi, ayaqsızı gəmirib yeyənləri,

Qarın doyandan sonra mələyəm deyənləri

Öz qınına qoy indi,

Gözünü qan örtənin gözlərini oy indi.

Xankəndini, Şuşanı göynəyən yarama bas,

Qalx İsa bulağının nəğməsinə qulaq as.

Yollarını gözləyən ellərini salamla,

çəməninə sığal çək, çöllərini salamla,

Çaylarına qoşul ax, göllərini salamla,

Ali Baş Komandanım!

Bu işıqlı dünyaya illər boyu kor baxan,

İnsanlığa xor baxan

İblisləri vur indi,

Xəbisləri, pisləri, ən pisləri vur indi.

Yollarını gözləyən dağın, daşın eşqinə,

Bu qaçılmaz müqəddəs

Haqq savaşın eşqinə

Mayası turşları vur, bətni şoranları vur,

İnsan sümüklərindən ilik soranları vur.

Əmrinə müntəzirdir Azərbaycan Ordusu,

Halal olsun deyirəm Sənə bu torpaq, bu su,

Ananın südü kimi, atanın çörəyitək

Qarabağ üzərində dalğalansın bayrağın.

Ana Azərbaycanın, Ata Azərbaycanın döyünən ürəyitək,

Ali Baş Komandanım,

Qələbən də mübarək, Zəfərin də mübarək!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!