Şəhid - Süleyman ABDULLA

Üzü gecəyədir vaxt çatışmazlığı,

düşmənin cəbhə xəttində qurduğu oyunda üzləşdiyi

seytnotların sonunda bir ümidsizlikmi var,

ya güvənsizlikmi?..

Sizi bilmirəm,

mən bərk xəstələnmişdim döyüşlər başlayanda

sayıqlama kimi anlayırdım cəbhə xəbərlərini...

Gözlərimin qabağından uçuşan

işıldaböcəklər kimiydi yaylım atəşləri,

bədənim od içində olduğundan

hiss etməmişdim hərarətini atəşfəşanlığın.

Olur ki,

mərmi qəhqəhələrinin bəzilərini xatırlayıram,

bəzilərini yox...

Dəm ağıl kimidir xəbərlər, şad da gələr, bəd də

...Amma,

bilirəm, hardasa bir şəhid dəfn olunur,

hardasa bir cüt körpə əllərini uzadır "qayıt" deyə

bir insan selinin bulud-bulud uçurduğu

bir tabutun son yolçuluğuna sarı…

hardasa bir naçar ata üzünü sürtür bayrağa...

Anaların dərdi daha böyük, daha azman...

Həm də Vətən olmaq var analıq ucalığında,

söhbət vətəndən gedirsə, susmaq daha məsləhətdir...

diz çökmək, qan çilənən çiçəkləri öpmək!

Dava torpaq davasıdırsa sevinmək şəhidliyinə

...və sabahı gözləmək!

Biz zamanı öz axarına çevirməliyik,

vaxt çatışmazlığı deyə bir şey yox...

Gecənin tən yarısı üzü sabahlara bir atəş, -

üfüqlərə qan rəngində qələbə həkk edəsi...

Bu sənsənmi, şəhidim, işıq-işıq, al-qırmızı!..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!