Böyük qələbəmizin Ali Baş Komandanı - Ramiz DUYĞUN

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevə

Otuz ildir gözləyirdik bu günü,

Ərşə bülənd olmuşdu

məsum şəhid anasının

Fəryadı, ahı, ünü.

Kim kəsdi kəsilməyən

                        bu kor düşmüş düyünü?

Söyləyirəm:

Yaxşı bax, yaxşı gör, yaxşı tanı!

Mənim, sənin və onun Ali Baş Komandanı!

Azərbaycan Ordusunun Ali Baş Komandanı

Qüdrətli əllərilə kəsdi, doğradı, qırdı,

Qat-qarışıq rəngləri  bir-birindən ayırdı.

Hayqırdı təmkin ilə: Budur Həqiqət anı!

Basılmaz dövlətimin,

Minnətdar millətimin

Ali Baş Komandanı.

 

Dünya baş əydi onun

Sarsılmaz inamına.

Həqiqətə tapınan andına, imanına.

Dedi nahaq tökülmür

Torpağa şəhid qanı!

Yenilməyən xalqımın,

Hüququmun, haqqımın

Ali Baş Komandanı!

 

And içdi Vətən, torpaq

Bir vəhdətdir, bir candır.

Damarlarımda axan

Qan yox, Azərbaycandır!

Hər bir azərbaycanlının,

Qarabağdadır canı!

Üçrəngli Bayrağımın,

Əbədi növrağımın

Ali Baş Komandanı!

 

Dedi Zəfər rənglidir

Atdığımız hər mərmi.

Söylədiyim hər bir söz

                        düz hədəfə dəymirmi?

Atdığım hər bir addım həqiqəti demirmi?

Məhv etdi hər sözüylə

                        hər dığanı, hər "yanı",

Hər sözümün, şeirimin Ali Baş Komandanı!

 

Söylədi tarix boyu tarix bizi anacaq,

Bizim Zəfər günəşimiz əbədilik yanacaq.

Son Qələbə, son Zəfər bizim, bizimdir ancaq!

Qarabağda görünür qızaran Zəfər danı!

Şuşa, Laçın həsrətli sevdalı qəlbimizin

Ali Baş Qəhrəmanı!

Böyük Qələbəmizin Ali Baş Komandanı!

 

Bakı, 3 oktyabr 2020

 

Azərbaycan ordusu

 

Süngün yağıların gözünə batır,

Yarandın haqq eşqi, haqq sevdasından.

Sakit qəzəbində şimşəklər yatır,

Yarandın xalq eşqi, xalq sevdasından -

Azərbaycan ordusu.

 

Qızıl bayrağında günəşin odu,

Atandır, anandır bu Odlar yurdu.

Qarşında daşnaklar lal-mat qurudu,

Azərbaycan ordusu.

 

Mərhəmət məsləkin, ədalət andın,

Sən ancaq həqiqət eşqilə yandın.

Yağılar önündə dağtək dayandın,

Azərbaycan Ordusu.

 

Arxanca uzandı dualı qollar,

Qarşında sıldırım çınqıllı yollar.

Sıranda qranit qaya oğullar,

Azərbaycan ordusu.

 

Sənə yol göstərən cəsarətindir,

Arxanda dayanan mətanətindir.

Zəfər dastanları nəqarətindir,

Azərbaycan ordusu.

 

Başının üstündə parlar al danın,

Sınaq məktəbidir döyüş meydanın.

And yeri sən Ali Baş Komandanın,

Azərbaycan ordusu.

 

Bayraqdar hədəfi sərrast tuşlayır,

Yağının səfini əzir, xışlayır.

Qələbə yolların təzə başlayır,

Azərbaycan ordusu.

Önündə titrəyir, əsir dağ-dərə,

Qarşıda Füzuli, Ağdam, Ağdərə.

İmza atmalısan qələbələrə,

Azərbaycan ordusu.

 

Daşnakı sər yerə sən daraq-daraq

Səpələ dağlara onu qıraraq.

Başın üstdə Günəş üçrəngli bayraq,

Azərbaycan ordusu.

 

Susmayıb gurlayır döyüş təbili,

Haqqın dərgahında millətin əli.

Zəfər yollarına güllər səpili,

Azərbaycan ordusu.

 

Dərələrdən yellən, yarğanları aş,

Kirs ilə tən dayan, Murova yaraş.

Dayanma Laçına, Şuşaya birbaş,

Azərbaycan ordusu.

 

Atəşi sönməsin qisas odunun,

Əsr-əsr qalxsın alovu onun.

Qəhrəman ordusu Odlar yurdunun -

Azərbaycan ordusu.

 

Ölümə məhkumsan...

 

Erməni daşnak faşistlərinə

 

Necə yaşamısan min sifət ilə,

Ölümə məhkumsan, məhvə məhkumsan.

Bu təbiət ilə, bu xislət ilə

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Xəyanət, cinayət, satqınlıq, riya...

"Böyük Ermənistan" gördüyün röya.

Məkr ilə tökdüyün qan dərya-dərya...

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Nəfsin qurd nəfsidir, nəfəsin şaxta,

Keçmişin, bu günün, tarixin saxta.

Keçdiyin yollarda qan laxta-laxta,

Ölümə məhkumsan, məhvə məhkumsan.

Yaşayır ruhunda iblis şakəri,

Adın imperiya qulu, nökəri.

Bir gün əzər səni haqqın təkəri -

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Torpaq qəsb etmisən, yurd talamısan,

Talayıb yerində od qalamısan.

Duz-çörək, düz çörək tapdalamısan -

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Dilsiz çağaları tutdun qurşuna,

Atdın gəlinləri od ağuşuna.

Dərin quyu qazdın öz od qonşuna,

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Mən dağam qarşımda təpələnmisən,

Dağılıb, ovulub qəlpələnmisən.

Sən bütün dünyaya səpələnmisən,

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Ləkə "Daşnaksütun", cinayət "Qnçak",

Əməlin bəşərə xəyanət ancaq.

Mum kimi min şəklə düşən oyuncaq,

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Əməlin, taleyin, siyasətin qan

Özgə yuvasına yumurta qoyan

Bir Ququ quşusan... Dünyaya bəyan...

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Qurtara bilməzsən haqq tənəsindən,

Xilas yox məhkumluq məngənəsindən.

Tarix atar səni  öz səhnəsindən,

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Arxalı köpəksən... arxan uçurum,

Yox, yox, uzun sürməz bu qanlı durum!

Sən qondarma dövlət, qondarma qurum,

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Sən ağalı millət... Özün deyilsən,

Əzilən, ovulan, tozlanan gilsən.

Dünyanın üzünə çıxan  ziyilsən -

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Nəfsini boğmağa çatmadı gücün,

Yeridin ağzına qanlı ülgücün...

Özünü satdığa qoyduğun üçün,

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Varlığın, yoxluğun özünə yükmü?

Ölümə məhkumsan... Günahkar türkmü?

Bu fərman mənim yox, tarixin hökmü...

Ölümə məhkumsan, məhvə məhkumsan.

 

Allahsız, tanrısız, dinsiz, imansız,

Adamyeyən qatil, qaniçən qansız!

Bəşərə yaman şiş, dərdsən dərmansız,

Ölümə məhkumsan, məhvə məhkumsan!

 

Sənə and içirik, Şuşa qalası

 

Sənə and içirik, Şuşa qalası,

Daşnakı qanıyla yoğuracağıq.

Güllələr oduyla qovuracağıq,

Külünü başına sovuracağıq.

 

Qoymarıq yaş gələ yaşının üstə,

Şimşək tək çaxarıq başının üstə,

Bir daş qala bilməz daşının üstə,

Sənə and içirik, Şuşa qalası.

 

Sənə and içirik, Şuşa qalası,

Qayaları yaran sel tək gəlirik,

Dəryalar çevirən yel tək gəlirik,

Dağları oynadan sel tək gəlirik.

Gözünə qum töküb qumladacağıq,

Ağzına daş basıb mumladacağıq,

Yurdunu tanklara şumladacağıq -

Sənə and içirik, Şuşa qalası.

 

Sənə and içirik, Şuşa qalası,

Yağı qan sulayır yurd-yuvamız qan...

Körpələr doğrayan dığa daşnakyan,

Ölüncə içəcək tökdüyü qandan.

Murazı gözündə dönəcək külə,

Arsax - qan qusacaq o, ölə-ölə...

Qələbə günündə bəy edəcəyik,

Sarı bülbülünü  "Xarı Bülbülə",

Sənə and içirik, Şuşa qalası.

 

Sənə and içirik, Şuşa qalası,

Qoymarıq bir daşın küsə, küsünə.

Qurban Daşaltına, Cıdır Düzünə!

Tezliklə çıxarıq günəş üzünə.

Göylərin altında büllur çil-çıraq!

Olar zülüm, qada, qan səndən iraq.

Açılar üstündə  Üçrəngli Bayraq!

Sənə and içirik, Şuşa qalası.

 

Sənə and içirik, Şuşa qalası,

Sən şirin keçmişsən, şirin sabahsan,

Ürəklər yandıran yanıqlı ahsan.

Pənahəli xansan, Molla Pənahsan...

Daşını, qayanı gözlərinə sox,

Özünü tox saxla, əzizim, tox, tox!

Bu anddan geriyə bir addım yol yox,

Sənə and içirik, Şuşa qalası.

 

Sənə and içirik, Şuşa qalası,

Dumana bürünə-bürünə gəllik,

Pərişan görünə-görünə gəllik.

Diz üstə sürünə-sürünə gəllik,

Üz üstə sürünə-sürünə gəllik.

Başına dolanar əzizləyərik,

Kədər naxışlayar, qəm üzləyərik.

Səni yağılardan təmizləyərik,

Səni dığalardan təmizləyərik.

Sənə and içirik, Şuşa qalası!

Sənə and içirik, Şuşa qalası!

 

Bakı, 5 oktyabr 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!