Dağlarımız bizi çağırırdı ...

NARGİS

                               ***

Dağlarımız bizi çağırırdı...

Yuxularımızı qarışdırırdı

                        Xarı bülbülün xoş rayihəsi...

Oyadırdı bizi əbədi bədbin yuxudan

                        Qarabağın şikəstəsi!

Su içirdik İsa bulağından qurtum-qurtum...

Dizlərimiz qanasa da, taqətdən düşsək də,

bircə kəlmə kifayət idi,

                        bütün dünyanı unutmağımıza,

Azərbaycan, yurdum, yurdum!

Yol gedirdik yuxularımızda, Şuşaya, Kəlbəcərə,

Xankəndinə, Xocalıya doğru...

Dərs gözləyirdi bizdən, yağı, qorxaq, oğru!

Qan ləkəsi sıçramışdı xarı bülbülün ləçəklərinə...

Gülüşlərimiz qırıq-qırıq,

                        xoşbəxtliyimiz yamaqlı idi.

Titrədirdi səmalarımızı şəhidlərin göz yaşı...

Səsləyirdi bütün, bütöv Azərbaycanı...

Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam,

Cəbrayıl, Zəngilan, Qubadlı!

Səsləyirdi Turan ellərini, türkü!

Vətən hardanmı başlar?

Vətən ruhdan...könüldən!

Xocalıdan, Naxçıvandan, Borçalıdan,

Təbrizdən, Qarabağdan başlar!

İntiqam isə... 613, 63,106, 70-dən,

1991,1992, 1993-dən!

Dəyişdikcə dünyanın ağlasığmaz nizamı,

Sağalırdı xalqın inamı,  poladlaşırdı ürəyi. 

Dolmurdu artıq analarımızın gözləri,

Unudulmurdu işğal tarixi!

Dağlarımız bizi çağırırdı...

Qarabağa "gəl" deyirdi,

Natəvanın, Vaqifin, Zakirin, Bülbülün ruhu...

Çağırırdı bizi nazlı siren ədasıyla

Azərbaycan, yurdum, yurdum!!

Salam, vətən, salam, ana!

Sil gözünün yaşını, vaxt yetişdi!

Qarşıla övladını, gəldik,

Hamımız əsgərik!

Hamımız Qarabağıq,

Qarabağ da, Azərbaycandır!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!