Balaca kişilər -İlqar FƏHMİ - Günün şeiri - İlqar FƏHMİ

İlqar FƏHMİ

Dedilər "Cırlaşıb gedib bu millət,

Hamı xırdalaşıb, hamı kiçilib".

Dedilər, "Şücaət bir şüşə şərab,

artıq dibinəcən çoxdan içilib...".

 

Dedilər "Zəmanə dəyişib daha,

Vətənçün öldürüb ölmür oğullar.

Daha sinəsini verib qabağa

Düşmənin üstünə gəlmir oğullar".

 

Dedilər "Kişilər əvvəlki deyil,

Oğullar Ayfonçün zülümə gedir.

Oğullar üç otaq təmirli evçün

Təzə Mersedesçün ölümə gedir...".

 

Dedilər, "Kişilik, hünər cəsarət

Daha gözə dəymir, keçmişdə qalıb.

"Vətənə canım da qurbandı" demək

Yalnız dildə qalıb, vərdişdə qalıb...".

 

Dedilər "Budurmu igid cavanlar?"

Dedilər "Budurmu mərd pəhləvanlar?

Boyları bir tikə, belləri əyri

Telefon xəstəsi bu uşaq-muşaq

Düşmən gülləsinə sinə gərəcək?

Düşmən həmləsinə sipər olacaq?"

 

Bir dayan, de görüm bu cür sözləri

Hansı narkomandı, alkaşdı deyən?

"Kişilər qalmayıb daha" kəlməsin

De, hansı fahişə, oğraşdı deyən?

 

Kişi yetişdirən kafe, bar deyil

Kişi yetişdirən oddu, alovdu...

Bu gün kişi yeri Park-Bulvar deyil

Bu gün kişilərin yeri Murovdu...

 

Burda əcəlin də çörəyi yavan.

"Yağlanıb-piylənən" burda görünmür,

Yağlanıb-piylənən şəhər içində

Tıxacda sürünür, yerdə sürünmür...

 

Yağlanıb-piylənən hardan anlasın

Nədir vətən üçün canını vermək?

Onunçün ən böyük qəhrəmanlıqdı

Trasda maşını yüz əlli sürmək...

 

O, mərmi nə bilir, tank nə anlayır?

Varıdı tank kimi "Qalenvageni"...

Sükan arxasında burnun dik tutub

"İgidliklə" söysün yolu keçəni...

***

O zəif deyilən, cılız deyilən

O xırda uşaqlar əsgərdi bu gün

Geyinib ruhuna mərdlik libasın

Düşmənə gücünü göstərdi bu gün...

 

Əsgər paltarını geyinəndə də

Bilmirdi güllədən köksü deşilər.

Qəfil böyüdülər, tez böyüdülər

Balaca kişilər, cavan kişilər...

 

Səngərin küncündə hücum gözləyən

Bu cılız balalar uşaq oldular.

Torpaqdan güc alıb hücuma qalxıb

Sərt qaya oldular, bir dağ oldular...

 

On səkkiz, on doqquz, iyirmi yaşda

Arzusu ürəkdə, niyyəti başda...

 

Başları üstündə uca Allahı,

Ayaqlar dəmirdi, ürəklər polad...

Dikəlib Səngərdən, açıb silahı

Yüyürüb qaçanda düşmən üstünə,

Gözlərə heç bir şey görünmür daha,

Yol gedir zəfərlə dolu sabaha...

 

Güllələr altında mərmi səsində

Səngərdən dikəlib qalxan saniyə

Əlləri bir dəmir məngənə oldu

Düşmən boğazından yapışsın deyə.

 

Səngərdən dikəlib qalxan saniyə

Ölümün gözünə baxan saniyə

Balaca kişilər yoxa çıxdılar,

Yeri parçalayıb əzəmətiylə

Torpaqdan elə bil divlər qalxdılar.

 

Dünən sevgilərlə dolmuşdu gözü,

Qəzəbli gözündən bu gün qan sızır.

Dünən qızlar üçün "sms" yazan

Bu gün öz qanıyla "şücaət" yazır...

 

Dünən kompüterdə avtomat atıb,

Bu gün mərmi uçur başının üstə...

Səngərdən hücuma qalxan saniyə

Əlli yaş da gəlir yaşının üstə...

 

O başqa "oyun"du, bu başqa oyun,

Orda nə geymisən, burda gəl soyun.

 

Yox, əlli yaş azdı, yüz yaş, beş yüz yaş

Bircə saniyədə qocalır adam.

Səngərdən qalxanda, öz boyundan da

Beş yüz dəfə artıq ucalır adam.

 

Ucalır yüksəlir buludlaracan

Ona güllə çatmır, mərmi yetişmir

Səngərdən hücuma qalxan saniyə

Uşaqlar dəyişir, vətən dəyişmir...

 

Balaca kişilər cavan kişilər,

Dar gündə vətənə həyan kişilər...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!