Ağaclar - Fəxrəddin TEYYUB - şeirlər

 

Bacım, hardasan

Fərqanə Mehdiyevanın əziz xatirəsinə

Sən yoxsan, de görüm, kimə deyim dağ?

Məni ayrılığın neştəri kəsdi.

Necə də uçuldu söykəndiyim dağ,

Mən hələ istiyəm, mən hələ isti.

 

Ürəyim ağrıdı ağrı-acına,

Yıxıldı dostluğun dayağı dedim.

Ağladım, söykənib tut ağacına,

Sənin yoxluğuna bir ağı dedim.

 

Mən özgə əlləri sıxa bilmərəm,

Taleyim qarşıma yetirə kimi.

Nömrən göz dağıdı, yığa bilmərəm,

Qalacaq bir ömür xatirə kimi.

 

Ağaclar

Tutun yarpağından öpüb gedirəm,

Yaşıl xatirədir ömrün hər günü.

Səhər, gözlərimə təpib gedirəm,

Titrəyən yarpağın təbəssümünü.

 

Üstünüz, başınız bəyaz qar kimi,

Gülür gözləriniz sizi öyəndə.

Küçədə döyülən uşaqlar kimi

Gəlməyin üstümə külək döyəndə.

 

Bağımda gəzəndə darıxmıram mən,

Ağaclar dostumdu, var həmsöhbətim.

Hər biri oxuyur məni gözümdən,

Heyva dayan deyir, nar həmsöhbətim.

 

Baxıram, necə də təzə-tərdilər,

Bəhəri sallanan budaq arzudu.

Yoxdu tamahları, bəxtəvərdilər,

Məndən istəkləri varsa da, sudu.

 

Pəncərəmdən baxıram

Sükut içindədir qəmli gecələr,

Nə olsun işıqdan hər tərəf ağdı.

Adama tamarzı, həsrət küçələr,

Elə bil anası ölmüş uşaqdı.

 

Pozulub min sevgi müqaviləsi,

Adamsız solubdur bağçalar, bağlar.

Gözləyir yolunu hər sevən kəsin,

Məhəbbət qoxulu oturacaqlar.

 

Bu qəfil ayrılıq qəddimi əyib,

Necə doğma imiş hər künc-bucağın.

Səhərlər nəfəsin üzümə dəyib,

Səkilər, küçələr ana qucağı.

 

Gözə gətirdilər səni, şəhərim,

Kədərli gözlərin mənə dərd olub.

Xoş xəbər gətirsən, de ki, şəhərim,

Koronovirusdan dünya qurtulub.

 

Gördüm bu günü də, ölmədim, Bakı,

Səninlə görüşmək necə çətindi.

Ovcumda qədrini bilmədim, Bakı,

Sənə pəncərəmdən baxıram indi.

 

Mən göyün üzündə olaydım gərək

Bal dadır anamı gördüyüm yuxu,

Ömrümün ən şirin anıdır mənə.

Sən demə özümü izləyir çoxu,

Məni özgələri tanıdır mənə.

 

Əyriyə, yalana düz demirəm ki,

Ürəyim süfrədi, çöləm, bayıram.

Şeir yazmıram ki, söz demirəm ki,

Torpaq belləyirəm, yer şumlayuram.

 

Demirəm qazancın cəmi mənimdir,

Əlimə keçəni bölüb gedirəm.

Elə bil kədəri, qəmi mənimdir,

Şəhid atasıyla ölüb gedirəm.

 

Mən göyün üzündə olaydım gərək,

Bəzən boğur məni qəhər, yerdəyəm.

Bəlkə təyyarədir sinəmdə ürək,

Gecələr göydəyəm, səhər yerdəyəm.

 

Ağacım, başına  sığal çəkmişəm,

Zəhmətim olmasa, bar vermə mənə.

Özüm öz yaxama qarqış tökmüşəm,

Demişəm, İlahi, var vermə mənə.

 

Tanrının qəlbini oxumaq çətin,

Bilir hansı dağa yağdırır qarı.

Kisəsi boş qalar bir məmləkətin,

Olsa mənim kimi xəzinədarı.

 

Məzuniyyət

Zəng edib kimisə dəng eləmirəm,

Gileyli misrayla doludu masam.

Daha doğmalara zəng eləmirəm,

Məni axtaran kim, mən axtarmasam.

Gərəkli günlərim qaldı arxada,

Sevinci sevincə qatardı hamı.

Olsaydı bir medal, orden yaxada,

Mənim kandarımda yatardı hamı.

 

Dostun dar günündə qəmə batmışam,

Vermişəm ömrümü xoş ünsiyyətə.

Öz öz əmrimə imza atmışam,

Çıxmışam özümdən məzuniyyətə.

 

Dedim qəm eləmə

Dedin ki, ilhamım sözümə baxmır,

Qələmim korşalıb, yaza bilmirəm.

Təbimin göyündə ildırım çaxmır,

Qəzadı, ya da bu cəza, bilmirəm.

 

Quşa göy gərəkdi, qanad çalmağa,

Ağrıdır adamı xəstə yerişi.

Qarışqa vaxt tapmır nəfəs almağa,

Şeirdi böcəyin asta yerişi.

 

Meh nədi, əsəndə əs külək kimi,

Qoşul göydən yağan yağışa, ağla.

Durna qatarından düş lələk kimi,

Duyğular payıza qarışa, ağla.

 

Hardadı ünvanı görən sükutun?

Hər yanan ulduzdan hikmət, sirr soruş.

Yapış yaxasından göydə buludun,

Niyə kölgə salır Aya, bir soruş.

 

Şillədən betərdi sözün hədəsi,

Gördüm ki, tər tökür, boğulur dostum.

Dedim qəm eləmə, çatar vədəsi,

Şeir yazılmır ki, doğulur, dostum.

 

Alver

Hərənin bir yerdən çıxır çörəyi,

Ümidim arzumla yola gedərmi?

Neynirəm sinəmdə köhnə ürəyi?

Hərraca çıxarsam pula gedərmi?

 

Üstündə eybini yazaram, kövrək,

Baxanlar xəyala dalacaq elə.

Axı kimə gərək bu yorğun ürək?

Alan təzəsini alacaq elə.

 

Demirəm bir kimsə oduma düşdü,

Hər kəs öz işində, öz güzarında.

Atamın bir sözü yadıma düşdü,

Adam ucuz olur can bazarında.

 

Sükut

Yola salıb neçə cığır, iz məni,

Təbim qaynar, dəmə çəkib söz məni.

Axtarmayın, aramayın siz məni,

İstəyirəm bir mən olum, bir sükut.

 

Çox almışam salam kimi dərdimi,

Ucaltmışam qalam kimi dərdimi. 

Qarşıladım balam kimi dərdimi,

İstəyirəm bir mən olum, bir sükut.

 

Ömrün, günün hesabı var sükutda,

Neçə vicdan əzabı var sükutda.

Hər sualın cavabı var sükutda,

İstəyirəm bir mən olum, bir sükut.

 

Bəd söz deməz, desə dilim qurusun,

Öz evini Tanrı özü qorusun.

Üzü dönsün bu koronovirusun,

İstəyirəm bir mən olum, bir sükut.

 

Səhvim varsa, desin mənə üç adam,

Doğmasından inciyərmi heç adam?

Mən yol kəsən deyiləm ki, keç, adam,

İstəyirəm bir mən olum, bir sükut.

 

Kimdi səni salan yada, yetmişim,

Qismətə bax, düşdü oda yetmişim.

Axır gəlib çatdı, bu da yetmişim,

İstəyirəm bir mən olum, bir sükut.

 

Bu mən deyiləm

Səhər duran kimi güzgüyə baxdım,

Xoşuma gəlmədim, bu mən deyiləm.

Görmədim çiynimdə qanadlarımı,

Nə vaxtdı qırılıb, həmən deyiləm.

 

Mətləbi qanıram başıma görə,

Necə də dünyanı qarışdırdılar.

Cəzamı almışam yaşıma görə,

Məni taleyimlə barışdırdılar.

 

Göylər ki, səxavət çuvalı deyil,

Payına nə düşüb kimin, bəsidi.

Sinif otağıdı dünya elə bil,

Hamının keçdiyi Tanrı dərsidi.

 

Başımın üstünü alıb duman, çən,

Axı haçanacan evimdə qalım.

Bəlkə şagird kimi əl qaldırım mən?

Koronovirusdan icazə alım.

 

Ünvanlı şeir

Axı saf qəlbimi niyə görmədin?

İşim əzəl gündən çıxıbdır daşdan.

Nə yaxşı zəngimə cavab vermədin,

Qoy bilim işimi elə bu başdan.

 

Yol alıb gedirəm ömrün qışına,

Necə ürəyimin həvəsi olsun?

Nahaq çıxdım bacı axtarışına,

Çətin Fərqanənin əvəzi olsun.

 

Könlümə yatanı gözüm bilirəm,

Duyğusuz, qəlbimə yaman deyəcək.

Mən nəyi qazandım, özüm bilirəm,

Sən nəyi itirdin, zaman deyəcək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!