Sülh gözlərindədir - Gülsadə İBRAHİMLİ - şeirlər

 

Sülh gözlərindədir

Gecənin ən səssiz küçəsində

addım səsinə ürkən

            bala pişik qorxusudu bu sevgi.

Əl yelləyir pəncərəmə qarşı küçənin ağacları.

Ünvanıma yoxluğunu yazmışam,

qapımı döyən yoxam sanır.

Dejavu düşüncələrin labirint

            qarışıqlığında adınla səslənirəm,

əllərim səmaya toxunacaq gəlsən.

Bir sarılsan susacaq

            içimdəki təkliyin əcinnə çığırtısı.

Hər yer qarmaşa, hər yer xaos.

Bildiyim tək sülh gözlərindədir.

Sən dünyanın keçmişinə bənzəyirsən...

            daha bakir

daha saf.

Azadlıq dadırsan sevgili,

sənə qədər bütün ölümlər müqəddəs.

Dustaq günlüyünə bənzəyir ömrüm...

Sənsizliyimin izahı yoxdur dilimdə,

lüğətlər yoxluğundan xəbərsiz.

Bir məktub yazıram gecənin ən dərinindən,

yuxudasan,

yuxulusan

öpürəm yuxularının "mən" yerindən.

 

Vida

Bəlkə də, əl çəkib həyatdan

səssizcə getmək vaxtıdır.

Qapayıb bütün qapıları,

basdırıb bütün ümidləri...

səni sən edən nə varsa gömüb arxa baxçaya

bir qaranlıq otaqda tətiyi çəkmək vaxtıdır.

Çoxdandır yük oldum özüm özümə,

yorğunam savaşçı gəmisi qədər.

Ən son qatarı yolcu eləyib.

bir zərf salasan poçt qutusuna

yetişə Allaha o səndən öncə.

Ağlayıb doyunca uzun gecəni,

yuyasan ölünü, minnət olmaya.

Üzəsən həyatdan ümidlərini,

gedərkən geridə gözün qalmaya.

Bəlkə də, yetişib vida zamanı,

öpüb körpənin gül tellərindən,

hamıdan xəbərsiz köçmək vaxtıdır.

Əcəl pıçıldayır qulaqlarıma:

"Vida et, çək ipi öz əllərinlə,

zamanı çatıbdır, ölmək vaxtıdır.

Kaş ki

Sən getsən ölmərəm əslində,

Yuxusuzluğum gecə lampamdan asılar,

Sənsizliyim yapışar ayaqlarımdan.

Mətbəxdə çayım soyuyar

Süfrədə yeməyim.

Gülüşlərim əksilər,

Yoxa çıxan corablarımı

            tapa bilmərəm məsələn...

Evim çirklənər hər gün biraz daha.

İy gələr bədənimdən.

Divarlarım susar, qapım susar

Küçəm susar...susar

Ölmərəm səndən sonra ...bəlkə də...

İki nəfərlik təkliyimi çəkərəm üstümə,

Sevmərəm insanları...

Küçə itinə dönər bəxtim,

            gəlməz bir də mənzilinə.

Əllərimi unudaram,

Gözlərimi unudaram,

Unudaram məndə qalan

            sənin olan nə varsa... unudaram.

Utanaram... yoxluğundan.

Asıb özümü

şəkillərdəki qadından məni unudaram.

Sən getsən sən qədər kaşkin olaram

Sənə qədər heç bir kaş ki

            bu qədər sancılı olmamışdı çünki.

 

Edam

Edam var,

sənə aid nə varsa hökm oxunub.

ən ağır ittiham tərk edilənə,

ən təmiz ölüm gedənədi.

rəsmlər... xatirələr...

            başa çıxa bilmədiyim get-gəllər,

səbəbsiz ağlamalar,

axmaqca davranışlar sərgisində qalib sonlar.

ayrılıq bu olsa gərək.

gedişin beynimə sıxılmış ən səssiz mərmi.

bilmədiyim bir yer ağrıyır bədənimdə.

son güldüyümüz selfi

            öldürdüyün qadının cinayət faktı.

3-cü Dünya savaşı... bədənim İsrail,

ruhum Afrika

beynim Amerika - barmaq silkələyir.

gözlərim sahili bölünmüş Xəzər.

Aqressiv ruh halım

şeytana qamçı vuran ədəbsiz tavrlar

səndən sonra pisəm,

pis olacam.

Üfüqümdə temasız bir qaranlıq.

içmək istəyirəm sabahadək

bütün gedişlər sayğısız.

öpüşlərimi qaytar,

əl izlərim "atılmışdı" saçlarında.

üstümə silah çəkir aldanışım,

sən gözlərində intiharı sevdiyim adam,

oyna ən son kozunu, uduzmuşdum ən başdan

sərsəm bir sevdanın sərxoşuydum.

öz seçimimdi sənə yenilmək

səni istəmək.

utandır məni son kəz

bu sevgidən... mənim heçimə dönən,

kül qabımda sönən ən son siqaretimsən.

sabah açılır bir azdan...

       həyasız bir günəş sırtılır pəncərəmdə

və mən gerində qalan tək qurban...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!