O gün yolda bir ağac baltaladı adamı kökündən - Faiq Hüseynbəyli - şeirlər

Karantin eşqi

Uzaqdan-uzağa

hal-əhval tutmaq necədi?

Səni sevə-sevə

unutmaq necədi?

Necədi yolların gözünü çəkmək,

Həsrətini toxum kimi

Ürəyimə əkmək?

Xoşuna gəlirmi bu boşluq?

Hər tərəf divar,

hər addım bir quyudur.

Karantindi, gəlib-getmək olmur,

Səni incitmək olmur.

Məsafələr uzaqlaşır,

münasibətləri soyudur.

Səndən ayrı qalan günlər

Adamı sərxoş şərab kimi uyudur.

Necəsən uzaqdan-uzağa?

Öyrəşdinmi doğma nəfəslərə

bir damın altında?

Yolun da ürəyi çəkilir

bu yalqız adamın altında.

Uzaqdan-uzağa

övladın necədi,

ərin necədi?

Ərafda qalan bəxtəvər,

Göyün necədi, Yerin necədi?

Xoşuna gəlirmi uzaqlıq?

Uçdu getdi ərköyünlük, şıltaqlıq.

Allah qorusun,

övladın özün boydadı,

Qaşı qaşın boyda,

Gözü gözün boydadı.

Çəkdiyin həsrətin ömrü

Sözün boydadı.

Necəsən uzaqdan-uzağa?

Gözün necədi?

Qaşın necədi?

Canın-başın necədi?

Başını nə ilə qatırsan?

Gecələr necə yatırsan?

Şirin olurmu yuxuların?

Belə rahatdımı?

Məni soruşmursan daha,

Ölüm olsun -

Bu həyatdımı?

 

Uğursuzluq

O gün yolda bir ağac

Baltaladı adamı kökündən.

Adam da, sanki qurtuldu

Min illərin yükündən,

Dəydi üzüstə yerə.

 

Çəməndə bir çiçək

Qoxladı qəşəng bir qızı.

Məst oldu ətrindən,

Qız gedə bilmədi ərə.

 

Adamları yedi

quşlar, balıqlar, inəklər, qoyunlar.

Son gün kimi yaşadı hər günü,

Son nəfəs kimiydi adamlar hər dəfə.

 

O gün bir şeir

əlinə qələm alıb,

ölümünəcən yazdı şairi.

O gün bir zaman axdı gələcəyə,

Keçmişinə uduzdu şairi.

 

O gün dəhşət idi,

Adamlar fırlanırdı Yerin başına.

Dağlar, meşələr aşanların

bir qurd çıxırdı qarşısına.

Şeir dərddən danışırdı,

Kül dərdin başına.

Adam qabağına çıxırdı,

Kül qurdun başına.

 

Təbəssüm dodaqlara

Hansı üzlə gəldi?

Adamdı da, bir ürəklə,

iki qaşla, iki gözlə gəldi...

Nə gəldi sözlə gəldi,

Zavallı adımın başına...

Qabağına qurd çıxırdı hər dəfə,

Kül adamın başına.

 

Son mənzildən o yana

Ayaqlarım sözümə baxmır,

Əllərim üzümə.

Günləri ağlatmaq olmur,

Hissləri aldatmaq olmur,

Gəlib hələ çıxa bilməmişəm özümə.

Səpilib qalmışam yollarda,

Hərdən sərt olmuşam,

hərdən yumşalmışam,

Sonuncu zəngi çalmışam yollarda.

Cingildəyib arzularım zəng kimi,

Hər dəfə son mənzil çəkib fikrimi.

Son mənzildən o yana

tənhadı çöllər,

çiçəklər, yamaclar, atlar...

Son mənzildən o yana

qollardan yaranır qanadlar.

Öləziyir yavaş-yavaş

son mənzilin işığı,

bəlkə də sözdü yaraşığı.

 

Ayaqlarım baxmır sözümə,

Əllərim üzümə.

Günəş gecəmə doğur,

Ay çıxır gündüzümə.

Minmişik dünyanın belinə,

Dünya da qocaman bir dəvə.

Əvvəlini görmədik,

Axırına gəlirik hər dəfə.

... axırına gəlirik...

Gündüzlər naxırına gedirik,

Axşamlar axuruna gəlirik.

O qədər dağlar aşırıq,

Sonunda çuxuruna gəlirik.

 

Ayaqlarım sözümə baxmır,

Əllərim üzümə.

Hər səhər düşürəm izimə.

Yeriyir ayaqlarımın altında yollar,

İnsanlığın şifrəsini aça bilmir,

Yüzrəqəmli, minrəqəmli kodlar.

Bədəndi, ruhdu, bir də

quru adlar...

Son mənzildən o yana

qollardan yaranır qanadlar.

***

Ən çox əllərimi sevir oğlum,

ən çox əllərimi -

Onu qucaqlamaq üçün,

bağrıma basmaq üçün.

şəklənir oğlum,

Əllərimə qulaq asmaq üçün.

 

Ən çox əllərimdən tanıyır məni oğlum,

Cadar-cadar, qabar-qabar.

Oğlumun əllərindən öpməsə əllərim,

qanar... qanar...

Oğlumun kəpənək əlləri

əllərimə qonar.

Ən çox əllərimi sevir oğlum,

Əl-ələ tutmaq üçün,

Yaşının az olduğunu

unutmaq üçün.

 

Oğlumun əlləri,

Uçur güldən-gülə.

Ən çox əllərimi sevir oğlum,

Birgə böyüyür əllərim ilə.

 

Əllərim hədiyyədi ona

Ad günündə.

Əllərimi gətirirəm oğluma

Ən şad günündə.

Ən arxayın, ən inamlı

Güvəncidi əllərim.

Onun xoşbəxtliyidir,

Sevincidir əllərim.

Oğlum üçün dünyanın

Ən bəxtəvər küncüdür əllərim.

Ürəyimdən qabaq can atır

birinci... əllərim...

 

Əllərim üzümü ağ edir,

Tanrım, üzümü ağ saxla!

Əgər mən ölsəm,

Əllərimi sağ saxla!

***

Qaçdı şeirlərim,

Qaçdı evdən bayıra,

Tutub saldım qəfəsə.

Qaçdı şeirlərim,

Qaçdı ürəkdən dilə,

Tutub oturtdum sözə, səsə.

Hərdən xoşuma gəlmirəm nəsə,

Başağrı olmasın sizə.

Harda nə gəlir başıma,

Çəkib gətirirəm sözə.

Andıra qalmış şair ömrüdü,

Çevirirəm o üzə, bu üzə...

 

Qaçdı şeirlərim dildən dodağa,

tutub həbs etdim varağa.

Ömürlük cəza kəsdim,

Hərdən incidim, küsdüm,

Hərdən üstündə nanə kimi əsdim.

Oynadı şeirlərim bağrımın başında,

özü də bu cavan yaşımda.

 

Öpüb qoydum gözümün üstünə,

Bir də məndən şeir istəmə,

İstəmə, dostum.

Nimdaş paltar kimidi söz,

Neçə əyinə geyilib,

əzilib, yırtılıb,

min illik əsarətdən qurtulub,

Artıq nöqtəsi qoyulub.

Ən qəddar işgəncəyə məruz qalıb,

gözləri oyulub...

 

Qaçdı içimdən çölə şeirlərim,

Uçdu güldən-gülə şeirlərim.

Gedib qondu bir sevgiyə,

"can" deyə-deyə.

Bir də məndən şeir istəmə,

Aldanma bu nəsnəyə,

Aldanma, dostum.

 

Özümə xitablar

İlbəil qocalır güzgülər,

Dərinləşir üzündəki cizgilər.

İlbəil qocalır yollar,

Enişdən yoxuşa ucalır yollar.

İlbəil quruyur ağaclar,

Qolsuz-budaqsız çürüyür ağaclar.

İlbəil əriyir sular,

Göylərə yeriyir sular.

Səmtini dəyişir çaylar,

Eyni fəslə dönür

Payızlar, qışlar,

Yazlar, yaylar.

İlbəil ayrılır o qız məndən,

Uzaqlaşır Günəş məndən,

Ay məndən, ulduz məndən.

İlbəil böyüyür qayğılar,

Bütün vücudumu bürüyür qayğılar.

İlbəil tanımır məni doğmalar, yadlar,

İlbəil süstləşir inadlar.

İlbəil çoxalır rəqəmlər,

İlbəil ömürdən çıxılır rəqəmlər.

Böyüyür addımlar, izlər,

Sükutun lal diliylə danışır sözlər.

İlbəil kar olur xəbərlər,

İçimdəki müharibəyə

uduzur bütün zəfərlər.

İlbəil uzaqlaşır hər şey adamdan,

Çıxmaq istəmirəm tənha odamdan.

İlbəil illər də azalır,

İlbəil bənizlər sozalır.

İlbəil yandıqca köz olur Faiq,

Hərf-hərf birləşib söz olur Faiq.

***

Sanki "Quran" kimidir hüsnü-camalın,

Ayə-ayə düzülüb söz ilə halın.

 

Daha eşqinlə kül oldu bu qəriban,

Gəl, ey peyğəmbərim, ey mahi-cəlalım.

 

Səni vəsf etmək ilən bu ruh görəvli,

Göstər ol gül üzünü, arzu-xəyalım.

 

Ey sözü pak, söhbəti pak, namı bətül, can

sənə həsrət, sənə aşiq, sənə alim.

 

Sanki "Quran" kimisən, surələrin Eşq,

Səni əzbərləmək olsun da amalım.

***

Qul olan kim, kimdi paşa? -

Sən bilərsən, mən bilmərəm.

Dünya nağıldır, tamaşa? -

Sən bilərsən, mən bilmərəm.

 

Kimin qəmi başdan aşa,

Kimin dərdi qoşa-qoşa.

Haşa, əlahəzrət, haşa -

Sən bilərsən, mən bilmərəm.

 

Can verdin çiçəyə, quşa,

Dil verdin qayaya, daşa.

Kimdi eşqlə dolan yaşa? -

Sən bilərsən, mən bilmərəm.

 

Bu nizamı, bu düzümü,

Gecəsini, gündüzünü,

Dünyamızın o üzünü

Sən bilərsən, mən bilmərəm.

 

Ölən nədir, olan nədir,

Gedən nədir, qalan nədir.

Doğru nədir, yalan nədir,

Sən bilərsən, mən bilmərəm.

 

Mən bilmərəm hüzn nədir,

Suyun nədir, közün nədir.

Demə, Faiq, sözün nədir -

Sən bilərsən, mən bilmərəm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!