Nuru Paşa... - Musa ƏLƏKBƏRLİ - şeirlər

 

Bu gün yenə səni andım,   

                        Nuru Paşa,

O tarixi ad-sanınla qürurlandım,

                        Nuru Paşa.

Dar günümdə dayağımsan,

                        Nuru Paşa.

Şahə qalxan bayrağımsan,

                        Nuru Paşa.

Hər kəlməmdə adın dinsin,

Vüqarlansın dilim mənim,

                        Nuru Paşa.

Bir əsrdir saf ruhuna

Duaçıdır elim mənim,

                        Nuru Paşa.

Tarix necə təkrar olur,

Sən bu gün də yanımdasan,

                        Nuru Paşa.

Ruhumdasan, canımdasan,

İliyimdə, qanımdasan,

                        Nuru Paşa.

Məhmətciyin bir aslandı - 

Çaqqallara qənim olar,

                        Nuru Paşa.

Yaradanın izni ilə

Haqq qələbə, şah qələbə

Yenə, yenə mənim olar,

                        Nuru Paşa!

Yetmiş sənə ağrı çəkdim

Öz doğmamdan ayrı düşdüm

                        Nuru Paşa!

Ürəyimdən yara aldım

Mən sarğısız sayru* düşdüm,

                        Nuru Paşa

Adın mənə yasaq oldu yetmiş sənə,

                        Nuru Paşa,

Çox şükranam tanrımıza

Yenə əlim yetmiş sənə,

                        Nuru Paşa!

Yetmiş sənə başım üstə

yağı oldu.

"Türkəm" demək ürəyimin

dağı oldu.

O qaniçən Şaumyana,

Heykəl qoyduq,

                        Nuru Paşa.

Bu milləti öz içindən

Çapdıq, soyduq, Nuru Paşa!

...Xoş gəlmisən, bu gəlişin

Məqamında, anındadır,

                        Nuru Paşa,

Halal olsun Ərdoğana,

ağır gündə

Qardaş yenə qardaşının

yanındadır, Nuru Paşa!

Otuz ildir yad əllərdə

əsir qalıb

Qarabağım, Nuru Paşa,

Təkcə elim-obam deyil,

Ruhum olub dağım-dağım,

                        Nuru Paşa!

Çox şükür ki, bitdi möhnət,

                        Nuru Paşa,

"Bir millətik, iki dövlət"

                        Nuru Paşa.

Ürək, könül körpümüzdü

Bakı-Ceyhan, Nuru Paşa.

Eyni qandı qəlbimizdən

axan bu qan, Nuru Paşa!

Bir son, qəti qələbəyə

inamımsan, Nuru Paşa.

Qüdrətimsən, şərəfimsən

ilhamımsan, Nuru Paşa!

Sən güvəncim, sən arxamsan,

Sən yiyəmsən, Nuru Paşa,

İndi ərzin çox yerində

Haqq-ədalət savaşına

arxa duran

Türkiyəmsən, Nuru Paşa!!!

* Sayru - xəstə

General

Torpaqlarımızın müdafiəsində

qəhrəmanlıqla şəhid olan general-mayor Polad Həşimovun xatirəsinə

Nə qədər ağırdır dərdimiz bizim,

Şərin qurbanıdır mərdimiz bizim.

Döyüşdə təzədən vuruldu Həzim,

Getdi bir döyüşkən, qoçaq general.

 

Yayılsın haqq səsim Şimala, Qərbə,

Hərb elan edirəm mən belə hərbə.

Birbaşa kökümə tuşlandı zərbə,

Budandı ən qəlbi budaq, general.

 

Döyüş yerin-göyün tələbi olsa,

Özüntək nə qədər tələbən olsa,

Neçə uğur olsa, qələbə olsa,

Getməz köksümüzdən bu dağ, general!

 

Bu Vətən yanğımız çıxdısa önə,

O çətin səngiyə, o çətin sönə...

Təbəssümlü şəklin nə deyir mənə

Ay cavan, ixtiyar, uşaq general?!

 

Vətən şax dayandı sənin yasında,

Qələbə əzmi var el-obasında...

Adın uğurlandı türk dünyasında

Oldun pir general, ocaq general!

 

Məramın, məsləkin adıntək mətin,

İntiqam andısan sən bu millətin.

Yanından yan ötsək biz bu fürsətin

Bizi bağışlamaz torpaq, general!

 

Vaxtıdır 

Bundan ağır gün olarmı? -

Daş daşı yeyən vaxtıdır.

Dığaların Şuşamızda

Döşünə döyən vaxtıdır.

 

Marş - irəli deyir arxan,

İşə düşsün qılınc, qalxan...

Köhlənlərin şahə qalxan,

Selin kükrəyən vaxtıdır.

 

Sənə güvənc, sənə sirdaş,

Yanındadır doğma qardaş.

Bu inamla - "Dağları aş!"

Hökmünü bəyən, - vaxtıdır.

 

"Qisas" deyir şəhid qanı,

Dost-düşməni yaxşı tanı.

Haqdan dönən bu dünyanın

Haqqı istəyən vaxtıdır.

 

Marıqdadır xain iblis

Neyləyəcək bundan da pis?!

Qələbəyə ən güclü hiss

Ümid bəsləyən vaxtıdır.

 

Çəkdiyimiz sonsuz çaba,

Yazılsın ayrı kitaba.

Xalqımın zülmə, əzaba

Daha son deyən vaxtıdır!

 

Yerdə

Alışan ürəkdir, qovrulan dildir,

Biz mürgü vursaq da oyanan yerdə.

Qarabağ düyünü düz otuz ildir

Açılmır dayanıb dayanan yerdə.

Qisasdır torpağın xilas əlacı,

Bitib-tükənməyir çəkilən acı.

Biz necə ödəyək bu ehtiyacı

Şəhidim qanına boyanan yerdə.

 

Dəli köhlənlərə dərd-qəm suvarsa,

Göz yaşı torpağı belə suvarsa...

Yanğın sönə bilər, əgər su varsa,

Hər şey əlacsızdı, su yanan yerdə!!!

 

Çözmədik ən ümdə sualı, qaldıq,

Dərk etmək çətindi bu halı, qaldıq.

Elə ağzımıza su alıb qaldıq

Köçkün taleyimiz sınanan yerdə.

 

BMT nağılı, ATƏT nağılı

"Bir gün yetişəcək fürsət" nağılı.

Hanı o ilahi qüdrət nağılı

Milli kimliyimiz qınanan yerdə!

 

Üç alma yerinə üç daş düşəydi,

Nağıl başlayanda birbaş düşəydi.

Gərək başımıza o daş düşəydi

Biz bu nağıllara inanan yerdə!

 

Mənim Qarabağdan şeir yazmağım

Bir iynənin ulduzundan keçməkdi,

Ağrıların ağırını seçməkdi,

Diri gözlə cəhənnəmə köçməkdi,

Mənim Qarabağdan şeir yazmağım.

 

Dağ çayını gerisinə üzməkdi,

Yanar qordan sapa təsbeh düzməkdi,

Ən dözülməz işgəncəyə dözməkdi

Mənim Qarabağdan şeir yazmağım.

 

Ucu doğanağa çatmır örkənin,

Axır çatlayacaq qabı sirkənin.

Hücum əmri olsun qoy bu ölkənin,

Mənim Qarabağdan şeir yazmağım.

 

Nəhayət dikəltsin millət qəddini,

Yarsın öz səbrinin bu daş səddini.

Yurdumdan yağının silsin rəddini

Mənim Qarabağdan şeir yazmağım.

 

Allah saxlasın

Bu il yaz bizim olmadı,

Yayınnan Allah saxlasın.

Xəstələnib yoluxanın

Sayından Allah saxlasın.

 

Evə dolduq küy dayandı,

Zurna susdu, züy dayandı.

Aylar ilə toy dayandı,

Vayından Allah saxlasın!

 

Neçə doğru, neçə yalan,

Aşkar sorğu, gizli talan...

Yer üzünü xofa salan

Oyundan Allah saxlasın.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!